Məhkəmə qərarları › İş №2-1(104)-276/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-276/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-276/2025 20.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X5 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi, X7) qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-372/2025 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi İddiaçı satılmışdır. xx.xx.2011-ci il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi üzərində hüququnun qeydə alınmışdır. X5 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsinə dair AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə X6 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi 11 iyun 2008-ci il tarixdə X10 kitabında 545 nömrəsi ilə uçota alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeydin, həmin qeydə dair MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, onun adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin, keçmiş DT və XK-nın Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Daşkəsən rayonu, Xoşbulaq Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin sərhədləri bələdiyyənin sədri və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra DT və XK) Daşkəsən rayon şöbəsinin müdiri tərəfindən ona göstərilmiş və onların iştirakları ilə (bütün tərəflər üzrə qonşular göstərilməklə döngə nöqtələri işarələnmiş, həmin orqanlar tərəfindən möhürlə təsdiq edilmiş Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış adlı sənəd də təqdim edilmişdir. Həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq bələdiyyəyə ödənilmiş, torpaq sahəsinə faktiki sahiblik etmiş,sonra isə orada fərdi yaşayış evi tikməyə başlamışdır. Göründüyü kimi o, torpaq sahəsini tam qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə əsasən həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınır. Fərdi yaşayış evi torpaq sahəsinin alındığı illərdən mövcuddur. X7 da iddia edir ki, torpaq sahəsi ona 2007-ci il tarixdə Xoşbulaq Bələdiyyəsi tərəfindən ayrılmışdır. 1990-cı il təvəllüdlü X7 2007-ci il tarixdə yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan şəxsin isə bir başa valideynlərinin iştirakı olmadan əqdlər bağlamaq səlahiyyətini qanunvericilik qadağan edir. Bundan başqa ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış 2011- ci ildə verilməsinə baxmayaraq indiyədək o bizimlə torpaq sahəsini mübahisələndirməmiş və ona məxsus olan torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir ifadə işlətməmişdir. X1 ona bələdiyyə tərəfindən ayrılmış və faktiki olaraq təhvil verilmiş başqa torpaq sahəsi olmuşdur və hazırda da həmin torpaq sahəsi onun sahibliyindədir. Onun faktiki sahibliyində olan torpaq sahəsini indiyədək mübahisələndirməməsi də ona bələdiyyə tərəfindən ayrılmış və təhvil verilmiş torpaq sahəsinə ayrıldığı vaxtdan indiyədək sahiblik etdiyini göstərir. Mustafa Əlizadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı müraciət edərkən ona verilmiş torpaq sahəsinin plan ölçü sənədində və DTXK-nin Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 545 saylı, 11,06.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində ona məlum olmayan səbəbdən ona məxsus olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Həmin sənəd tərtib edilərkən nə bələdiyənin və DT və XK Daşkəsən rayon şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Göstərilən torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olmasını həmin dövrdə Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin sədri işləmiş Rasim Allahverdiyev və DT və XK-nın Dşakəsən Rayon Şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev də notarial qaydada təsdiq etdikləri ərizələri ilə təsdiq edirlər, (həmin ərizələrin surəti ərizəyə əlavə edilir).Bu hallara əsasən hesab edir ki, X5 adına verilmiş çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədləri ləğv edilməli və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan ölçü sənədi verilməlidir. O, yuxarıda qeyd edinlərlə bağlı cavabdeh inzibati orqana 06 oktyabr 2023-cü il tarixdə etdiyi müraciətə 20 noyabr 2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində vətəndaş X5 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin icra edilməsi mümkün olmamışdır. İddiaçının vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-372/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, X7 adına AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi barədə A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin mütəxəssis rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. X6 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. İşə baxan məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq nəzərə almamışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 2-ci bəndinin tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Məhkəmənin istinad etdiyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş, Xoşbulaq bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Daşkəsən Rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışın mötəbərliyinə şübhələr var. Həmin yerquruluşu planından çıxarış adlandırılan sənəddə miqyas, ərazinin baş planı, ayrılmış torpaq sahəsinin ölçüsü və digər məlumatlar tam əksini tapmamışdır. Təqdim olunmuş digər Daşkəsən Rayonu Xoşbulaq kəndinin yerquruluşu planından çıxarışda isə torpaq sahəsinin yerləşmə yeri, sərhədləri, ölçüsü qeyd edilmədiyindən ərazini müəyyən etmək mümkün deyil. Bələdiyyənin yerquruluşu planın təsdiqləmək sələhiyyətlərinin olub olmaması məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə ekpertizaya təqdim edilmiş, mübahisə predmeti olan torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsinə dair Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin yerquruluşu planından çıxarışın, hansıki həmin çıxarışda miqyas, torpağın pölçüsü, hər hansı bir istinad nöqtəsi qeyd olunmamış sənədin həqiqiliyini, mötəbərliyini araşdırmadan Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı ilə ləğv edilmiş DT və XK-nin Daşkəsən Rayon şöbəsi tərəfindən, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş A № 046466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və həmin sənəd əsasında verilmiş xx.xx.2011-ci il tarixli, AA 008518 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv ediməsi barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsinə əsasən qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə dair etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, həmin qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli ekspert rəyinə və digər araşdırılmış sübutlara əsaslanmaqla məhkəmə tam haqlı olaraq o qənaətə gəlmişdir ki, X7 adına AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi barədə A № 046466 "Torpaq sahəsinin Planı və ölçüsü" sənədi tərtib edilmişdir. Lakin mütəxəssis rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində (AN 046466) qeyd olunan koordinatlara əsasən həmin 'Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı füktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. X6 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2-1(114)-372/2025 saylı qərarından verdiyi apellyasiya şikayətinin əsasları 5 bənddən ibarətdir. Cavabdeh inzibati orqan həmin 5 bənd əsaslarını "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında əsasnamə"nin 2-ci, 7-ci, 18-ci, 19-cu bəndlərinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi" haqqında Qanunun 8.0.1-8.0.6-cı maddələrinə, Torpaq Məcəlləsinin 4-cü maddəsinə, "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Qanunun 23-cü, 10-cu maddələrinə, iPM- in 28.2, 14.3, 68.1, 69-cu, MPM-in 14.1, 217, 103.1-ci maddələrinə əsaslanmışdır. Lakin qeyd edilən qanun normaları ilə şikayətin həmin 5 əsasını məntiqi baxımdan əlaqələndirmək mümkün deyil. Apellyasiya şikayətinin həmin 5 əsasını aşağıdakı ardıcıllıqla sıralamaq olar. a) Torpaq sahəsinin yerini müəyyən etmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. b) Xoşbulaq Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin yerquruluşu planından çıxarışın mötəbərliyinə şübhələr var. Həmin yerquruluşu planından çıxarış adlandırılan sənəddə miqyas, ərazinin baş planı, ayrılmış torpaq sahəsinin ölçüsü və digər məlumatlar tam əksini tapmamışdır. Təqdim edilmiş digər Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda isə torpaq sahəsinin yerləşmə yeri, sərhədləri, ölçüsü qeyd edilmədiyindən ərazini müəyyən etmək mümkün deyil. c) Bələdiyyənin yerquruluşu planını təsdiqləmək səlahiyyətlərinin olub olmaması məhkəmə tərəfindən araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. d) Daşkəsən Rayon Xoşbulaq Bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə prosesində iştirakı təmin olunmamışdır. e) Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışın, hansıkı həmin çıxarışda miqyas, torpağın ölçüsü, hər hansı bir istinad qeyd olunmamış, sənədin həqiqiliyi və mötəbərliliyi araşdırılmadan iddia tələbində qeyd edilən plan ölçü sənədləri ləğv edilmişdir. Birinci əsasla bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan həmin əsasda qeyd etdiyi "həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır." İfadəsinin hansı qanunverciliyik aktında qeyd edildiyini şikayətdə yazmamışdır. Şikayətində həmin əsası əsaslandırarkən qeyd etdiyi qanun normasında göstərilən ifadə keçmir və o cür bir qayda müəyyən edilmir. İkinci əsasla bağlı bildirilir ki, inzibati orqan hesab edilən bələdiyyə tərəfindən möhürlə təsdiq edilmiş sənədin mötəbərliliyi və həqiliyi şübhə doğura bilməz. O halda qeyd edilən sənədin mötəbərliliyi şübhə doğura bilər ki, həmin sənəddə saxtalaşdırma əlamətləri olsun. yaxud sənəd möhürlə təsdiq edilməmiş olsun və s. Lakin qeyd edilən halların heç birinin olmaması qeyd edilən yerquruluşu planından çıxarışların tam mötəbər sənəd olduğunu tam sübut edir. Üçüncü əsasla bağlı qeyd edilir ki, inzibati orqan bələdiyyənin yerquruluşu planından çıxarışı təsdiqləmək səlahiyyətini mübahisələndirsə də, həmin sənədin hansı qurum tərəfindən təsdiqlənməli olduğunu, bələdiyyənin hansı qanun normasına əsasən belə bir səlahiyyətinin olmamasını açıqlamamışdır. Xüsusilə qeyd edilir ki, cavabdeh inzibati orqan üçüncü şəxs X5 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alarkən bələdiyyənin yerquruluşu planından çıxarışa istinad etmişdir (həmin yerquruluşu planından çıxarış 1500 metrdən çox uzaq bir yeri göstərdiyi halda). X5 hüquqlarını qeydə alarkən bələdiyyənin yerquruluşu planından çıxarışı təsdiq etmək səlahiyyəti var idi, İddiaçı gəldikdə bələdiyyənin səlahiyyəti olmadı? Bundan başqa ümumiyyətlə Bələdiyyələr tərəfindən ayrılmış bütün torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınarkən bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışlara istinad edilir. Bələdiyyə tərəfindən təsdiq edilməmiş yerquruluşu planından çıxarışın verilməsi hüquqların qeydə alınmasından imtina üçün əsas olur. Lakin nədənsə cavabdeh inzibati orqan İddiaçı məxsus olan yerquruluşu planından çıxarışa gəldikdə onun bələdiyyə tərəfindən təsdiqlənməsini bələdiyyənin səlahiyyətindən kənar hesab edir. Bu isə inzibati hüquq münasibətlərində əsas prinsip olan "bərabərlik" prinsipinin birmənalı və kobud şəkildə pozulması deməkdir. Bələdiyyə qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olmuşdur və elə torpağın ayrılması, torpağın üzərində sərəncam verilməsi hüququ da müstəsna olaraq bələdiyyənin hüququ olmuşdur. 4-cü əsasla bağlı isə bildirilir ki, əgər cavabdeh inzibati orqan bütün məhkəmə iclaslarında iştirak etsəydi görərdi ki, xx.xx.2024-cü il tarixli qərardadla Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Beşinci əsasla bağlı bildirilir ki, əvvəlki əsaslara münasibətdə ətraflı məlumat verməklə yanaşı əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliliyi şübhə doğura bilməz və həmin ekspertiza müasir metodlarla keçirilmiş və qəti əsaslandırılmış fikirlər ifadə edilmişdir. Göründüyü kimi qeyd edilən əsasların hər biri formal, işin faktiki hallarına, qanunvericiliyin tələbinə uyğun gəlməyən əksinə İddiaçı hüquqlarının pozulmasına, onun hüquqlarını vaxtında bərpa edilməsinin yubadılmasına xidmət edən əsaslardır. Hesab edilir ki, İddiaçı Xoşbulaq kəndində torpaq sahəsi ayrılması barədə inzibati aktın qəbul edilməsi və digər sənədlərin tərtib edilməsi proseduru tam qanuni həyata keçirilməsi qətiyyən şübhə doğurmur. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(104)-276/2025 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1500/2024 saylı qərardadı ləğv edilmiş, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(104)-276/2025 saylı qərardadı ilə inzibati iş üzrə Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsini qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə X6 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra DTXK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, 545 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Hazırda iddiaçı məhkəmə müraciət edərək həmin torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsini tələb edir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli 11 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi olan İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışların (yerquruluşu planından çıxarış və İddiaçı adı qeyd olunmuş sxematik plan) bir sənəd hesab olunduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda əks olunan torpaq sahəsinin (planlı yerləşməsinin, konfiqurasiya və.s parametrlər) İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. X6 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin yerini 11 iyun 2008-ci il tarixli, 545 saylı torpaq sahəsinin plan ölçü sənədinin (A46466) verilməsinə əsas olan ilkin torpaqayırma sənədi olan X5 adına verilmiş Xoşbulaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin ölçüləri istinad nöqtələrindən məsafələri göstərilməmişdir. X2 adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin (planda qeyd olunan məlumatlara-məktəb, tib məntəqəsi, mağaza və.s əsasən) İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. X6 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, 11,06.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi, X5 adına verilmiş torpaq planı və ölçüsü sənədləri (545 və AA 008518) ərazi baxımından ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən sahəyə uyğun gəlmir. X5 adına verilmiş xx.xx.2008-ci il tarixli 545 nömrəli (A46466) və AA 008518 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ekspert rəyinə əsasən ilkin torpaq ayırma sənədinə uyğun şəkildə tərtib olunmamış, torpaq sahəsinin yerləşmə yeri təxminən 1500-1600 metr məsafə fərqlə dəyişdirilmiş və həmin sənədlərdə göstərilən ərazi 30 noyabr 2007-ci il tarixli, 11 saylı bələdiyyə qərarı ilə satılmış, faktiki olaraq İddiaçı istifadəsində olan və fərdi yaşayış evi tikilmiş torpaq sahəsinə uyğun gəlmişdir. Həmçinin İddiaçı Xoşbulaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0,06 ha torpaq sahəsinə dair plan-ölçü sənədlərində göstərilən ərazi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tam uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, X5 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədləri, onların əsaslandığı bələdiyyə qərarı ilə uyğun gəlmədiyindən və iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib olunduğundan iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-372/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar