Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-277/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “adın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4323/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. xx.xx.1984-cü il tarixli, 01 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1984-cü il tarixdə Goranboy rayonu, Xınalı kəndində anadan olmuşdur.
2. AO № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, X7 (İddiaçı) xx.xx.2022ci il tarixdə hərbi xidmətdə olmuşdur.
3. “Adın, ata adının və soyadın dəyişdirilməsi” haqqında xx.xx.2017-ci il tarixli AZ-İ 018942 nömrəli şəhadətnaməsindən, xx.xx.2017-ci il tarixli, AZ-İ 018942 nömrəli akt qeyd kitabından görünür ki, X7 öz istəyi ilə soyadın, adın və ata adını xx.xx.2017-ci il tarixdə dəyişdirilərək “İddiaçı” kimi qeyd edilmişdir.
4. Nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli, AZ-İ 404271 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 və X2 nikahı Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra Azərbaycan Respublikası Cavabdeh İddiaçı adı ilə şəhadətnamə verilmişdir.
5. Nikahın pozulması haqqında xx.xx.2020-ci il tarixli, AZ-İ 341939 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi İddiaçı şəhadətnaməsi verilmişdir.
6. xx.xx.2017-ci tarixli, AZ-İİİ 985770 nömrəli şəhadətnamədən görünür ki, X4 adı və soyadı öz istəyi ilə xx.xx.2017-ci il tarixdə dəyişdirilərək İddiaçı qeyd edilmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15635/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq olunmuş "Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda verilir. Odur ki, tələbi qeydiyyat orqanının səlahiyyətlərinə aid olmadığına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edə bilər.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edəərk, adının İxdiyardan Sadiq adına dəyişdirilməsinin təmin olunması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixdə Goranboy rayonu Xınalı kəndində anadan olmuşdur. Hazırda Goranboy Rayonu Xınalı kəndində yaşayır. Əvvələr soyadı Məsimov adı Sadiq olmuşdur. Ata babasının adı Qədir olduğu üçün soyadını Qədirli, adını isə ulu babalarının adı olan İxtiyar olmasını arzuladığı üçün İxtiyar adını üzərinə götürmüşdür. Adı doğum şəhadətnaməsində İxtiyar kimi qeyd olunsa da həmişə onu hər kəs Sadiq kimi çağırır. Buna görədə adının dəyişdirib doğum aktında Sadiq kimi qeyd olunması üçün Goranboy Rayon VVAQ şöbəsinə müraciət etmişdir. Lakin VVAQ şöbəsi tərəfindən ona məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Lakin onun yenidən əvvəlki ad və soyadına qayıtmağı üçün qanunvericilkdə müəyyən olunmuş əsasların olmaması səbəbindən Cavabdeh tərəfindən xahişinin təmin edilməsi imkan xaricindədir. Buna görə də adının soyadının dəyişdirilməsi üçün öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4323/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adının növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu maneəsiz reallaşdırmışdı.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
16. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları stisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından görünür ki, Cavabdehndə xx.xx.2017-ci il tarixdə iddiaçının öz istəyi əsasında onun ad və soyadı X3 İddiaçı dəyişdirilmiş, bu barədə akt qeydi tərtib edilmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, adının növbəti dəfə dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının adının dəyişdirilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apelyasiya şikayətində göstərilmiş dəlilləri əsaslı hesab etmir.
24. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı yuxarıda istinad olunan normalar qanuni maraq olduğu təqdirdə hər kəsin prinsip olaraq bu hüquqa malik olduğunu təsbit edir. Buna görə, müvafiq qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsini (o cümlədən növbəti dəfə) tələb edə bilər. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları bunu istisna edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
25. Məhkəmə kollegiyası qeyd edir ki, adın və soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir.
26. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı olaraq aşağıdakılar nəzərə alınmalıdır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur.
27. Sözügedən Qaydalarda ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyinə istinadla iddiaçının tələbi təmin olunmamışdır.
28. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır.
29. Hazırki halda iddiaçı adının onun üçün hüquq və azadlıqların həyata keçirilməsi baxımından real olaraq hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini, yəni konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutları təqdim edə bilməmişdir.
30. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4323/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4323/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov