Məhkəmə qərarları › İş №2-1(104)-277/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-277/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-277/2025 22.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2531/2025 saylı qərardadından iddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi qərar əssında vətəndaş X6 ilə bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində 40.0 kv. torpaq sahəsi sərəncam əsasında İddiaçı məxsusdur.Bundan başqa Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində qeyri-yaşayış obyektinin eskiz-layihəsi Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır.Həmçinin İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində yerləşən qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Tikintidə X1 Agentliyinin layihəyə uyğunluğu barədə texniki rəyidə almışdır. Həmçinin Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində tikinti işləri aparılmış və həmin yerdə qeyri-yaşayış obyekti inşa edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində yerləşən qeyri-yaşayış obyektinə dair vətəndaş X6 ilə 27 fevral 2023-cü il tarixli, 4626 nömrəli icra müqaviləsi bağlamışdır və İddiaçı sərəncam əsasında məxsus torpaq sahəsini başqasının istifadəsinə icarəyə vermişdir. Daha sonra X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində 28 aprel 2023-cü il tarixli, **********09 reyestr nömrəli hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Beləliklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaş X3 icarəyə verilmiş torpaq sahəsinə dair qərar və icarə müqaviləsi etibarsız hesab edilməlidir. 23 noyabr 2024-cü il tarixli, 22/2024 nömrəli vəkil soruğusu ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Lakin hal-hazıra qədər cavadeh tərəf vəkil sorğusuna cavab verməmişdir. Həmçinin vətəndaş İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətini vətəndaş İddiaçı ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 3- 21-3/2-M- 3020-8/2024 nömrəli məktubunda qeyd olunubdur ki, müraciətinizdə göstərilən mübahisəli torpaq sahəsi məhkəmə baxışı predmeti olduğu üçün məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra qaldırdığımız məsələyə həmin qərar uyğun olaraq baxılacağı bildirilmişdir. İddiaçının vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2531/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının vəkili Nümayəndə qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cü il tarixli, 122 nömrəli sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Başqa sözlə, 40.0 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İddiaçının vəkili məhkəmə iclasında qeyri-yaşayış binasının fotoşəkillərini təqdim edərək orada iddiaçı tərəfindən qeyri-yaşayış binasının inşa olunduğunu bildirsədə fotoşəkillərə məhkəmə tərəfindən baxış zamanı məlum olmuşdur ki, həmin qeyri-yaşayış binası yüngül konstruksiya ilə qeyd edilən torpaq sahəsində quraşdırılıb. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cü il tarixli, 122 nömrəli sərəncamı ilə Gəncə şəhəri Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində 40,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş və inşaat pasportunun hazırlanması Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən xahiş edilmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində qeyri-yaşayış obyektinin Eskiz-layihəsi hazırlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxsə münasibətdə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsini tələb edir. Belə ki, iddiaçının bildirdiyin əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində yerləşən qeyriyaşayış obyektinə dair vətəndaş X6 ilə 27 fevral 2023-cü il tarixli, 4626 nömrəli icra müqaviləsi bağlamışdır və İddiaçı sərəncam əsasında məxsus torpaq sahəsini başqasının istifadəsinə icarəyə vermişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz sayan zaman qeyd etmişdir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cü il tarixli, 122 nömrəli sərəncamı mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh tərəfindən üçüncü şəxslə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması barədə xx.xx.2023-cü il tarixli, 42 nömrəli sərəncamın verilməsinə əsas Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 89 saylı sərəncamı olmuşdur. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 89 saylı sərəncamından görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən, “Xan Bağı” ərazisinin şimal hissəsindəki 250,0 kv.m torpaq sahəsində X6 tərəfindən inşa ediləcək iaşə obyektinin yerləşdirilməsinə icazə verilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılmışdır ki, inşaat pasportunun hazırlanması təmin edilsin. İş materiallarında olan cavabdeh və üçüncü şəxs arasında bağlanılmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 4626 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Gəncə şəhəri, Atatürk prospekti, “Xan Bağı” ərazisinin şimalı ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 308.21 kv.m torpaq sahəsi icarəçi tərəfindən müvəqqəti istifadəyə qəbul edilmişdir. Həmin müqavilənin 4.1. bəndinə əsasən həmin müqavilə ilə icarə müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilir. Həmin müqavilənin 4.2. bəndinə əsasən isə müqavilənin müddəti qutardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyə verənin etirazı olmadıqda). İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Atatürk prospekti, İç Qala küçəsi, giriş 3-də yerləşən üzərində 238.80 kv.m ölçüdə tikili inşa edilmiş 0.308 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində üçüncü şəxs X2 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs X6 ilə icarə müqaviləsinin bağlanılması barədə verilmiş xx.xx.2023-cü il tarixli, 42 nömrəli sərəncamın verilməsinə əsas məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 89 saylı sərəncamı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs X6 ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması üçün Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 89 saylı sərəncamı əsas qismində çıxış edirsə, deməli İddiaçı barəsində verilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 122 nömrəli sərəncamı da bu qəbildən olan müqavilənin bağlanılması üçün əsas qismində çıxış edə bilər. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə kollegiyası qeyd olunan normaların təvsirindən çıxış edərək bildirir ki, cavabeh orqan üçüncü şəxsə münasibətdə bu cür praktika sərgiləyirsə o, iddiaçıya münasibətdə də eyni praktika sərgiləməyə borcludur. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 122 nömrəli sərəncamı mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməməsi barədə mövqeyini düzgün hesab etmir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən iaşə obyekti inşa edilmişdir. Həmin iaşə obyekti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 238.80 kv.m ölçüdə inşa edilmiş tikiliyə bitişik vəziyyətdədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2531/2025 saylı qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar