Məhkəmə qərarları › İş №2-1(104)-278/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-278/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-278/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçılar İddiaçı, X4 və X1, İddiaçı Hüseynqulu oğlunun vəkili X15, cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7, üçüncü şəxs X8 və vəkili X14 iştirakları ilə, “qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-502/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046F, KOD 50800048 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il, 08 saylı qərarı ilə Xanlar rayonu Tulallar kənd sakini X16 və ailə üzvlərinə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046F, KOD 50800048 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il, 08 saylı qərarı ilə Xanlar rayonu Tulallar kənd sakini X16 və ailə üzvlərinə 0,04 ha əyətyanı torpaq sahəsi ayrılmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Tulallar kəndində 0,07 ha torpaq sahəsi X8 adına rəsmiləşdirilmişdir.

4. AZ-İİ 224722 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 29 may 1997-ci ildə vəfat etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinin 07 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, X9 miras qalmış Göygöl rayonu, Tulallar kəndində yerləşən əmlaka dair heç bir vərəsəlik işi açılmamışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1970/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddiası Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(066)-281/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. 7.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1970/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlıakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 28 mart 2023-cü il tarixli, 3-21-3-60/2-640/2023 nömrəli məktubu ilə təqdim edilmiş cədvəldən görünür ki, Xanlar rayonu Tulallar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıda X8 və ailə üzvlərinin adı qeyd edilmiş, onlara 0,07 ha torpaq sahəsinin verilməsi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçılar İddiaçı, X10 və X3 cavabdeh Göygöl rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Keçmiş Xanlar rayon X13 02 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən üçüncü şəxs X8 mülkiyyətinə verilmiş və mərhum anaları X12 evinin həyətyanı torpaq sahəsinə dair verilmiş JN-046B saylı və JN046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan keçmiş Xanlar rayon X13 02 iyul 1997-ci il tarixli 08 saylı qərarının hissəvi ləğv edilməsi və JN- 046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum anası X9 Göygöl rayonu Tulallar kəndində qalan evi və həyatyanı torpaq sahəsini hal-hazırda İddiaçı Hüseynqulu oğlu qəbul etmiş və ondan qalan mirası bütövlükdə o, idarə etmiş və sahiblik etmişdir. İddiaçıların anası X19 xx.xx.1997-ci il tarixdə, ataları X6 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir. İddiaçı vərəsəliklə bağlı Gəncə “Asan Xidmət” Mərkəzinin notariat ofisinə rəsmi qaydada müraciət etsə də imtina cavabı almışdır. Halbuki iddiaçı qanun üzrə vərəsədir və həmin miras əmlaklara sahiblik etmişdir. Lakin məsələ bundan ibarətdir ki, iddiaçı mirası tam şəkildə sənəd üzrə qəbul edə bilmir və bu barədə mübahisə qaldıra bilmir. Belə ki, anasının adına olan Göygöl rayonu Tullar kəndində yerləşən evin altındakı və həyətyanı torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 saylı qərarı ilə JN-046B saylı və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X8 adına işlənmişdir. Hansı ki, həmin şəhadətnamə həmin şəxsin adına deyil mərhum X12 adına işlənməli idi. Bununla da iddiaçı mirasın qəbulu ilə bağlı nə vərəsəlik hüqüquna dair şəhadətnamə ala bilmir və ya məhkəmədə əsaslı iddia qaldıra bilmir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-502/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Göygöl rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 nömrəli qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-502/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti və iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, şəhadətnamələr üzrə qeydə alınan 0,07 ha torpaq sahəsi üzərində anası Əsli Məmmədovaya məxsus fərdi yaşayış evi yerləşir və həmin yaşayış evi onların ata evləridir. Bu səbəbdən də üçüncü şəxsin adın şəhadətnamə əsassız olaraq verilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X22, digər iddiaçılar X10 və X3 da İddiaçıla eyni məzmunlu izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X17 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

19. Üçüncü şəxs X16 apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, o, qanuni əsaslarla sənəd əldə etmişdir və həmin yaşayış evində də illərdir o və ailə üzvləri yaşayır. İddiaçılar fərdi yaşayış evinin analarının adına olmasını bildirsələrdə heç vaxt orada yaşamamış və vərəsəliyi qəbul etməmişlər.

20. Üçüncü şəxsin vəkili X21 üçüncü şəxslə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1970/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddiası Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(066)-281/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1970/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni iddiaçıların torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur və mirası faktiki olaraq üçüncü şəxs qəbul etmişdir.

Tətbiq edilən hüquq:

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü.

22. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

25. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçıların subyektiv hüquqa malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

26. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

29. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar analarının adına olan Göygöl rayonu Tulallar kəndində yerləşən evin yerləşdiyi həyətyanı torpaq sahəsinin texniki cəhətdən səhv olaraq aidiyyəti olmayan şəxsin, yəni üçüncü şəxsin adına işləndiyini mübahisələndirmiş, Göygöl rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli 08 nömrəli qərarı ilə ayrı-ayrılıqda 0.03 ha və 0.04 ha torpaq sahəsinin X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsini, həmin torpaq sahələri ilə bağlı sonuncuların adına JN-046F və JN-046B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin isə etibarsız hesab edilməsini xahiş etmişlər.

30. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən mübahisələndirilən aktın qəbulundan 20 ildən artıq müddət keçdiyini və iddiaçıların məhkəmədə mübahisələndirmə mexanizminə dair hüquqlarını itirməsini qeyd etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə mümkünlük şərtlərinin yoxlanılması baxımından məhkəmə tərəfindən ilkin olaraq iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının mövcudluğu müəyyən edilməlidir.

32. İddiaçıların subyektiv hüququnun mövcudluğu ilə bağlı mümkünlük şərtinin yoxlanılması zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)1970/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi nəzərə alınmalıdır. Həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl Notariat ofisinə, X5 və X2 qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

33. Eyni zamanda həmin qətnamə ilə İddiaçı mərhum anası X12 əmlakına münasibətdə mirası qəbul etmədiyi, digər iddiaçılar X4 və X1 notariat ofisində yazılmış ərizələrinə əsasən analarının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün miras əmlakdan onlara çatası payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmələri də müəyyən olunmuşdur.

34. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 35.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarında qeyd edilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. İş materiallarından məlum olur ki, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmiş və Göygöl rayonu, Tulallar kəndində 0,07 ha torpaq sahəsi X8 adına rəsmiləşdirilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış).

37. Mübahisələndirilən şəhadətnamələrə dair baza məlumatları araşdırılmış və məlum olmuşdur ki, üçüncü şəxs Rauf Haqverdiyev və ailə üzvlərinin adları aqrar islahat həyata keçirilərkən şamil olunan subyektlərin siyahısında mövcud olmuşdur ("xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məuktubu)

38. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl rayon Notariat ofisinin 07 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, mərhum X9 miras qalmış Göygöl rayonu, Tulallar kəndində yerləşən əmlaka dair heç bir vərəsəli işi açılmamışdır. Habelə, iş materiallarına əlavə edilmiş hər üç instansiya məhkəməsində baxılmış iddia tələbinə dair qərarlardan görünür ki, iddiaçının miras pay kütləsinin qəbul edilməsi dair tələbi təmin edilməmişdir.

39. Beləliklə iddiaçılar mübahisələndirdikləri inzibati aktın onların subyektiv hüquqlarına toxunması halını sübut edə bilməmiş, mərhum Əsli Məmmədovadan miras qalmış kütlənin qəbuluna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

40. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddiaçıların hazırki iddia tələbi üzrə subyektiv hüquqlarının olması müəyyən edilməmişdir bu isə iddia tələbinin mümkün sayılmaması üçün hüquqi əsas təşkil edir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-502/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X16) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar