Məhkəmə qərarları › İş №2-1(104)-279/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-279/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-279/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, «Mülkiyyət hüququnun qeydiyyata alınması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-115/2022 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: JN-060F (KOD 50805028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Göygöl (Xanlar) rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Üç Bulaq kəndi ərazisindən 0,07 ha torpaq sahəsi İddiaçı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi Göygöl rayonu, Üçbulaq kəndi ərazisində yerləşən torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini, aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olması ilə əsaslandırmışdır. "xxxx" MMC 3 saylı Gəncə LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışı zamanı, İddiaçı iddia edərək naturada təqdim etdiyi mübahisəli torpaq sahəsi faktiki olaraq 1080,36 kv.m təşkil edir. Lakin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnamayə əsasən İddiaçı mülkiyyətində 700,0 kv.m torpaq sahəsi vardır. İddiaçının naturada mübahisələndirdiyi torpaq sahəsindən, faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. İddiaçı Olirza oğlunun iddia edərək naturada təqdim etdiyi mübahisəli 1080,36 kv.m torpaq sahəsinin 700,0 kv.m hissəsi, elektron baza məlumatlarında öz əksini tapmış ərazinin kompleks yerquruluşu layihəsinə və adlı siyahıya istinadən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı öz mülkiyyəti, 121,95 kv.m hissəsi həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyəti, 194,88 kv.m hissəsi JN-037F nömrəli Şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin ümumi mülkiyyəti və 63,53 kv.m hissəsi isə kəndarası yol kimi istifadə olunan bələdiyyə mülkiyyətidir. 2-ci sualın cavabında qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin müəyyən hissələri bələdiyyə və digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Sözügedən torpaq sahəsi, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində 0,07 ha torpaq sahəsi verimiş və bu barədə JN-069F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu müəyyən edildiyindən bundan imtina etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-115/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnamayə əsasən verilmiş Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə ərizəsi daxil olmuşdur. Aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Həmçinin, sənəd üzrə olan JN-060F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin aid olduğu hissədən digər şəxsin istifadə etdiyi müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinə dair sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan imtina edilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qəradadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair inzibati iş üzrə Göygöl rayonu Aşıqlı kənd bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya verilmişdir. İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq vardır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC 3 saylı Gəncə LayihəTədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışı zamanı, İddiaçı iddia edərək naturada təqdim etdiyi mübahisəli torpaq sahəsi faktiki olaraq 1080,36 kv.m təşkil edir. Lakin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnamayə əsasən İddiaçı mülkiyyətində 700,0 kv.m torpaq sahəsi vardır. İddiaçının naturada mübahisələndirdiyi torpaq sahəsindən, faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. İddiaçı iddia edərək naturada təqdim etdiyi mübahisəli 1080,36 kv.m torpaq sahəsinin 700,0 kv.m hissəsi, elektron baza məlumatlarında öz əksini tapmış ərazinin kompleks yerquruluşu layihəsinə və adlı siyahıya istinadən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı öz mülkiyyəti, 121,95 kv.m hissəsi həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyəti, 194,88 kv.m hissəsi JN-037F nömrəli Şəhadətnaməyə əsasən X6 və ailə üzvlərinin ümumi mülkiyyəti və 63,53 kv.m hissəsi isə kəndarası yol kimi istifadə olunan bələdiyyə mülkiyyətidir. 2-ci sualın cavabında qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin müəyyən hissələri bələdiyyə və digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, həmin qanunun 8.0.5-ci maddəsində, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-115/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar