Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-28/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-3602/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət icrasından xx.xx.2023-cü il tarixli, 4/3-5229 nömrəli məktubla imtina edilmiş, onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
2. İddiaçı məxsus AO ******* nömrəli hərbi biletdəki qeydlərə əsasən, o, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində N nömrəli hərbi hissə Qərargah rəisi S.Hüseynov tərəfindən qeyd aparılmışdır ki, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmamışdır. Daha sonra hərbi biletin 21-ci səhifəsində “Xüsusi qeydlər” bölməsində qeyd edilmişdir ki, “hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndində aparılan qeydlər səhv aparılmışdır. xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüşlərdə iştirak edib”.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 3372 nömrəli, xx.xx.2024-cü il tarixli, 1083 nömrəli və xx.xx.2024-cü il tarixli, 1345 nömrəli məktublarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı 08 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr 2020-ci il tarixde həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dilağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatları bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyət daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verilmiş və 15 noyabr 2020-ci il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Bununla da vətəndaş İddiaçı (şəxsi heyətin siyahısına daxil olması, çıxması, hərbi hissəni özbaşına tərk etməsi və qayıtması və səhhəti ilə əlaqədar tibb müəssisəsinə qəbul olunması barədə əmrdən çıxarışlardan başqa) döyüş əməliyyatlarına cəlb olunmadığı üçün onun barəsində müvafiq arayışın və əmrdən çıxarışın verilməsi mümkün olmamışdır.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 39 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xx.xx.2020-ci il tarixli, 42 nömrəli əmrdən çıxarışa əsasən N nömrəli hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə, N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmişdir.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 302 nömrəli əmrindən çıxarışa əsasən döyüş itkilərinin bərpası üçün N nömrəli hərbi hissədən qəbul olunmuş İddiaçı motoatıcı bölüyün (MT-LB) 1-ci taqım 2-ci manqasının qumbaraatan vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixli, 352 nömrəli əmrə əsasən, səfərbərlik üzrə hərbi xidmətdən tərxis edildiyi üçün xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2020-ci il tarixdən isə pul təminatından çıxarılmışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli, 3-25-170/2-266/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı 08 noyabr 2020-cı il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-cı Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Füzuli rayonu Dılağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatları bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verimiş və 15 noyabr 2020-cı il tarixdə daimi dislokasıya məntəqəsinə qayıtmışdır. Vətəndaş İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin xüsusi qeydlər üçün ayrılmış bölməsində aparılmış (hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndində aparılan qeydlərdə səhvən xx.xx.2020-xx.xx.2020-cı il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüşlərdə iştirak etməsi qeyd edilmişdir) qeydə olan məlumat səhvən yazılmışdır. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixden xx.xx.2020-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hər hansı növ təminat (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) tapşırığın yerinə yetirilməsində iştirak etməmişdir. Vətəndaş İddiaçı adı N nömrəli hərbi hissə komandirinin 2020-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxıl olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştrakı öz əksini tapmadığı üçün müharibə iştirakçılarına nəzərdə tutulmuş “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi məqsədəuyğun hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə torpaqlarımızın azadlığı uğrundan gedən 44 günlük İİ Qarabağ müharibəsi başlananda müharibəyə yollanmışdır. Ona çağırış vəsiqəsi verilmiş və xx.xx.2020-ci il tarixində N saylı hərbi hissəyə, xx.xx.2020-ci il tarixində isə N saylı hərbi hissəyə göndərilmişdir. Qumbaratan vəzifəsinə təyin edilmişdir. Həmin hərbi hissədə xx.xx.2020-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə - Füzuli və Xocavənd rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Həmin bu fakt N saylı hərbi hissənin qərargah rəisi tərəfindən hərbi biletində xüsusi qeydlər hissəsində aparılan qeyddə də öz təsdiqini tapmışdır. Bu iddiaçının vətən uğrunda gedən döyüşlərdə iştirak etməsinin bariz nümunəsidir. Bütün bunlara baxmayaraq o hazırki günə kimi İİ Qarabağ döyüşlərinin iştirakçısı olmağısını təsdiqlədə bilməmiş və ona müharibə veteranı statusu verilməmişdir. O, Qarabağ müharibəsi zamanı torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsinə görə zəruri olan sənədlərlə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi Kadrlar idarəsinin Hərbi rütbələr və təltiflər şöbəsi tərəfindən imtina edilmişdir.
9. Cavabdeh inzibati orqan məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3- 25-4/2-5588/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığı və qeyd edilən ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-3602/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı əvvəl xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmayan N nömrəli hərbi hissədə xidmət etmiş, daha sonra döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hissəyə göndərilsə də, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamış, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə ümumqoşun ehtiyatını təşkil etmişdir. Hərbi biletin 21-ci səhifəsində N nömrəli hərbi hissə qərargah rəisi tərəfindən aparılmış qeydlərə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin qeydlər hərbi hissənin qərargah rəisinin imzası və möhürü ilə təsdiqlənsə də, arxiv sənədləri ilə öz təsqini tapmamış, həmçinin yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin sərəncamında olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-3602/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
15. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
20. “Hərbi qulluqçuların statusu haqqında” Qanun:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ona “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 4/3-5229 nömrəli məktubla bildirilmişdir ki, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
24. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlilləri ilə razılaşaraq iddiaçının iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul etmiş, hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, imtina dəlilinə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
25. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
26. Göründüyü kimi “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün başlıca şərt iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməsi, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması tələb olunur ki, iş materiallarında buna dair hər hansı bir sübut mövcud deyildir.
27. İş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmayan N nömrəli hərbi hissədə xidmət etmiş, daha sonra döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hissəyə göndərilsə də, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamış, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə ümumqoşun ehtiyatını təşkil etmişdir.
28. İddiaçının tələbini əsaslandırdığı və hazırki halda apellyasiya şikayətinin dəlilini təşkil edən “hərbi biletin 21-ci səhifəsində N nömrəli hərbi hissə qərargah rəisi tərəfindən aparılmış qeydlər” ilə bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, həmin qeydlər arxiv sənədləri ilə öz təsqini tapmır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin sərəncamında olmuşdur və həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında yoxdur.
29. Müdafiə Nazirliyininin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli, 3-25- 170/2-266/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən çağırılmış vətəndaş İddiaçı 08 noyabr 2020ci il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş və həmin gün axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-cı Tamamlama mərkəzindən Füzuli rayonunun Qacar kəndinə göndərilmişdir. 08 noyabr 2020-ci il tarixdə həmin kənddə qalmış, ona heç bir silah sursat və hər hansı növ təchizat təhkim edilməmiş və hər hansı tapşırığa və döyüş əməliyyatına cəlb olunmamışdır. 10 noyabr 2020-ci il tarixdə Fuzuli rayonu Dılağarda kəndində N nömrəli hərbi hissənin döyüş itkilərinin bərpası üçün komplektləşdirilməsi başlayarkən döyüş əməliyyatarı bitmişdir. 14 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyəti daimi dislokasiya məntəqəsinə (Şəmkir rayonu Seyfəli təlim mərkəzi) qayıtmaları barədə sərəncam verimiş və 15 noyabr 2020-cı il tarixdə daimi dislokasiya məntəqəsinə qayıtmışdır. Vətəndaş İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin xüsusi qeydlər üçün ayrılmış bölməsində aparılmış (hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndində aparılan qeydlərdə səhvən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüşlərdə iştirak etməsi qeyd edilmişdir) qeyddə olan məlumat səhvən yazılmışdır. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində hər hansı növ təminat (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) tapşırığın yerinə yetirilməsində iştirak etməmişdir. Vətəndaş İddiaçı adı N nömrəli hərbi hissə komandirinin 2020-ci ilin nizami hissə üzrə əmrlərində (şəxsi heyətin siyahısına daxil olması və çıxmasından başqa) döyüş əməliyyatlarında iştrakı öz əksini tapmadığı üçün müharibə iştirakçılarına nəzərdə tutulmuş “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi məqsədəuyğun hesab edilməmişdir.
30. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilməsini arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etmiş, belə şərtlərin mövcudluğunu sübut edə bilmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsi).
31. Hazırki qərarın 19-cu bənində qeyd olunan Əsasnamənin müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-3602/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov