Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-280/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3395/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, 1975-ci il tarixdən - 1978-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi C.M.Kirov adına X3 Texnikumunda meyvətərəvəz və üzümçülük ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1980- ci il tarixli 287K nömrəli əmrlə Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 75k nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavodda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. 03 may 1988-ci il tarixli 169 nömrəli əmrlə Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosuna satıcı təyin edilmiş, xx.xx.1988-ci il tarixli 184 nömrəli əmrlə həmin müəssisəsinin satıcı vəzifəsindən tədarükçü vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli 209 nömrəli əmrlə həmin vəzifədən Şamxor rayon mərkəzi kolxoz bazarına tədarükçü vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixli 231 nömrəli əmrlə Şamxor rayon mərkəzi kolxoz bazarından tədarükçü vəzifəsindən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası X7 filialının xx.xx.2020-ci il tarixli K-1-25 nömrəli arxiv arayışlarına əsasən İddiaçı xx.xx.1981-ci il tarixli 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavoda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli, 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 6 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq 13494,16 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 391,60 manat olmaqla, ümumilikdə 13885,75 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi arxiv arayışında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək X6 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Qazax-Tovuz regional filialının X7 filialında xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş X6 əmək fəaliyyəti zamanı əmr kitablarında xx.xx.1989-cu il tarixində işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməyib və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək adına əmək haqqı ödənilmədiyi məlum olmuşdur. Həmçinin 1996-cı il tarixindən sonrakı dövr üçün əmək haqqının hesablanması kitabları Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə iddiaçıya bildirilmişdir ki, ümumi sığorta stajı 1 il 1 ay təşkil edir. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 475,95 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Qeyd olunanlara əsasən bildirilir ki, ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom və hərbi bilet) və ya notariat qaydada təsdiq olunmuş surətini Fondun 2 saylı Qazax-Tovuz regional filialına təqdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980- ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestində maşinist, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi "Əzizbəyov“ adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi həmin zavodda sürücü, 03 may 1988-ci il tarixdən xx.xx.1988- ci il tarixə kimi Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosunda satıcı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci ilə kimi tədarükçü, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Şamxor rayon mərkəzi kolxoz bazarında tədarükçü, xx.xx.1989-cu il tarixdən xx.xx.2004cü il tarixə kimi X6 vaqon bələdçisi işlədiyi illərin ümumi sosial sığorta stajıma daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixli 287K nömrəli əmrlə Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 75k nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli, 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavodda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. 03 may 1988-ci il tarixli 169 nömrəli əmrlə Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosuna satıcı təyin edilmiş, xx.xx.1988-ci il tarixli 184 nömrəli əmrlə həmin müəssisəsinin satıcı vəzifəsindən tədarükçü vəzifəsinə keçirilmiş, xx.xx.1988ci il tarixli 209 nömrəli əmrlə həmin vəzifədən Şamxor rayon mərkəzi kolxoz bazarına tədarükçü vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixli 231 nömrəli əmrlə Şamxor rayon mərkəzi kolxoz bazarından tədarükçü vəzifəsindən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmçinin işlədiyi yerlər barədə X7 Rayon Filialından arxiv arayışları verilmişdir. Əmək kitabçasında işə daxil olmağı və işdən azad edilməyi, həmçinin başqa vəzifələrə keçirilməyi barədə qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq cabadeh orqan Azərbaycan Respublikası Omək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmişdir. Lakin, cavabdeh 28 aprel 2023-cü il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır. Halbuki onun əmək kitabçasında və arxiv arayışında işlədiyi yerlərin hamısı qeyd olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3395/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2004cü il tarixədək X6 vaqon bələdçisi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulmuş zəruri iki şərtin (iddiaçının pensiya yaşına çatması və tələb olunan 25 il sığorta stajına malik olması) ikisi də onda mövcuddur. Cavabdeh inzibati oqran iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddəti əmək kitabçasının doldurulma qaydasının pozulması və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək adına əmək haqqı ödənilməməsi əsası ilə mübahisələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixə kimi X6 vaqon bələdçisi işləməsi qeyd edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının əmək kitabçasında onun işdən çıxma əmri kimi xx.xx.2004-cü il tarixli 34 nömrəli əmr qeyd edilmişdir. Lakin məhkəmə sorğusu əsasında X7 Filialından əldə edilmiş əmrin tarixi isə xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrdir ki, həmin əmrlə zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsinə görə işdən azad edilən işçilərin arasında İddiaçı adı qeyd edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, əmək kitabçasının doldurulması işçi (hazırkı halda iddiaçı) tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirilir və iddiaçının işdən azad olma əmrinin tarixinin və nömrəsinin fərqli qeyd edilməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Baxmayaraq ki, arxivdən əldə edilmiş sənədlərdə iddiaçının xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən çıxması müəyyən edilmişdir, iddiaçı öz tələbində əmək kitabçasında göstərilmiş - xx.xx.2004-cü il tarixədək olan stajının daxil edilməsini tələb etmişdir (yəni, işlədiyindən daha az müddəti). Həm həmin əmrin tarixinin əmək kitabçasında düzgün qeyd edilməməsi, həm də xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək iddiaçının adına əmək haqqı ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və həmin hallar özü-özlüyündə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sosial təminat - pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı R.X4 təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasının və hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 15 il 7 ay 5 gün təşkil edir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq 13494,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 391,60 manat olmaqla, ümumilikdə 13885.75 manat təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bu məbləğ isə pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 6 ay 3 gün təhsil illəri, hərbi biletin surətinə əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 il 8 gün hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən sığorta stajı, ümumilikdə 15 il 7 ay 5 gün mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 vaqon bələdçisi işlədiyi 13 il 6 ay əmək fəaliyyəti dövrləridir. İddiaçı xx.xx.1980-ci il tarixli əmək kitabçasında həmin dövrlərə dair qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Belə ki, Fondun 2 saylı Qazax-Tovuz regional filialının X7 filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmr kitabında İddiaçı X6 xx.xx.1989-cu il tarixdə işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməmişdir. Eyni zamanda, həmin aktla müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iddiaçının adına əməkhaqqı ödənilməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasında xx.xx.2000-ci il tarixli qeyd qaralanmış, 2000-ci il tarixi 2004-cü il tarixi kimi göstərilmişdir. Bundan başqa, xx.xx.1980-ci il tarixli əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən 13 il 6 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Həmçinin, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2023-ci il tarixdən 220 manat məğləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmənin mövqeyinə görə işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1989cu il tarixdən xx.xx.2004-cü il tarixə kimi X6 vaqon bələdçisi işləməsi qeyd edilmişdir və əmək kitabçasının tərtib olunması, orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Belə ki, məhkəmə sorğusu nəticəsində arxivdən əldə edilmiş sənədlərdə iddiaçının xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən çıxması müəyyən edilsə də, əmək kitabçasında xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Məhkəmə buna münasibətdə qeyd etmişdir ki, iddiaçı öz tələbində əmək kitabçasında göstərilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan stajının daxil edilməsini tələb etmişdir (yəni, işlədiyindən daha az müddəti). Hesab edilir ki, məhkəmə sorğusunun, eləcə də məhkəmə araşdırmasının mahiyyəti ziddiyyətli məqamları, işin nəticəsi üçün əhəmiyyətli halları araşdırmaqdan ibarət olmalıdır. Məhkəmə ziddiyyətli halların (xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iddiaçının adına əməkhaqqı ödənilməməsi, əmək kitabçasında 2000-ci il tarixi 2004-cü il tarixi kimi göstərilmək üçün qaralanması) araşdırılması nəticəsində əldə etdiyi materiallarda da uyğunsuzluq olduğunu sübut etdiyi halda, bunu iddiaçının lehinə əsaslandırmışdır. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı X10 ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bunun mümkün hesab edilmədiyi və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. Cavabdehin imtinasına əsas kimi, iddiaçının sığorta stajının tələb olunandan az olması, yəni 15 il 6 ay 24 gün təşkil etməsi və Fondun 2 saylı Qazax-Tovuz regional filialının X7 filialında keçirilən monitorinq nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş X6 əmək fəaliyyəti zamanı əmr kitablarında xx.xx.1989-cu il tarixində işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməməsi və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək iddiaçının adına əmək haqqı ödənilməməsinin müəyyən edilməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1991-xx.xx.2004-cü il illər üzrə X6 işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. Cavabdehin iddiaya dair vermiş olduğu etirazdan da görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 15 il 7 ay 5 gün təşkil edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh tərəfindən X9 əmr kitablarında iddiaçının işdən çıxma əmri qeyd edilməməsi və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi müddətdə onun adına əmək haqqı hesablanmaması əsas gətirilərək mübahisələndirilir. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, iş illərinə dair əmr kitablarında iddiaçının işdən azad olunma əmrinin olmaması və adına əmək haqqının hesablanmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli, 2-1(102)- 2386/2023 nömrəli qərarları). Hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iddiaçının sözügedən müəssisədə iş fəaliyyəti və stajı sübut olunmuşdur. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin arxivdən əldə edilmiş sənədlərdə iddiaçının xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən çıxması müəyyən edilməsi və iddiaçının öz tələbində əmək kitabçasında göstərilmiş - xx.xx.2004cü il tarixədək olan stajının daxil edilməsini tələb etməsi (yəni, işlədiyindən daha az müddəti) ilə bağlı mövqeyini əsaslı hesab edir. Başqa sözlə arxivdən əldə edilmiş sənədlərdə iddiaçının işdən azad olunma əmrinin tarixinin düzgün qeyd edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və bu əsasla iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan - sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3395/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.