Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-280/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X8) qərarın qismən ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1709/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarına əsasən, Xanlar rayonunda yerləşən 0.78 və 0.15 ha torpaq sahəsi həyətyanı məqsədilə X5 və X6 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-144 KOD 50803018 və JN 104F KOD 50803018 nömrəli şəhadətnamələr tərtib edilmişdir.
2. Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsi ilə X3 və X4 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001ci il tarixli, JN-104F nömrəli şəhadətnamənin X4 adına olan hissədə etibarsız hesab edilməsi və X5 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququnun verilməsi qət edilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən **********92-10301 reyestr nömrəli fərdi yaşayış evi X5 məxsus olmuşdur.
4. Reyestrdə 4Ə-2-670 nömrə ilə qeydiyyata alınmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, X1 rayonu, Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünə məxsus olan 1 mərtəbəli, 2 yaşayış otağı, ümumi sahəsi 44.7 kv.m, yaşayış sahəsi 36.3 kv.m, yardımçı sahəsi 8.4 kv.m, 1 mərtəbəli quşdamı tikilialtı sahə 12.7 kv.m-dən ibarət olan yaşayış evini oğlu İddiaçı bağışlamışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən **********92-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur.
6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1521/2024 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-292/2012 nömrəli qətnaməsinin ləğv edilməsi, işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayonu İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarının qismən, yəni X7 aid hissədə etibarsız hesab edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum anası X9 özünə məxsus ünvan 1i ünvanında 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı, ümumi sahəsi 44,7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş damı tikilialtı sahə 12.7 kvm-dən ibarət yaşayış evini xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı bağılamış, həmin ev Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışa əsasən İddiaçı adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDR-də 16 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 1i ünvanında 0,15 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 yaşayış otağı, ümumi sahəsi 44,7 kvm, yaşayış sahəsi 36.3 kvm, yardımçı sahəsi 8.4 kvm, 1 mərtəbəli tövlə tikilialtı sahə 34.8 kvm, 1 mərtəbəli quş damı tikilialtı sahə 12.7 kvm-dən ibarət yaşayış evini iddiaçının mərhum anası X9 xx.xx.1980-ci il tarixli müqavilə ilə əldə etmişdir. Göygöl rayonuda torpaq islahatı aparılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F saylı şəhadətnamə vermiş, həmin şəhadətnaməyə səhvən mərhumun nəvəsi hazırki iddiaçının qızı X4 adı da mülkiyyətçi kimi yazılmışdır. Halbuki həmin ev mərhuma 1980-ci il müqaviləsi ilə verilmiş, Dürdanə isə 1989-cu il tarixdə dünyaya gəlmişdir. Belə olan halda o, mərhumla eyni hüquqlara necə malik ola bilər? Mərhuma verilmiş evin necə mülkiyyətçisi ola bilər? Təbii ki, bu bir texniki səhv olaraq qeyd edilmişdir. Elə mərhum Sənubər də sağlığında həmin məsələni məhkəmədə mübahisələndirmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012ci il tarixli qətnaməsi ilə X3 və X4 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamə X4 adına olan hissədə etibarsız hesab edilmişdir. Daha sonra mərhum həmin əmlakını oğlu, yəni İddiaçı bağışlamışdır. Sonuncu həmin vaxtdan qeyd olunan evdə ailəsi ilə birgə yaşamışdır. X8 isə 2006-cı ildə ailə həyatı qurub öz əri ilə əri Aftandil Verdiyevə məxsus evdə yaşayır. X2 Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 1521/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir.Nəticədə İddiaçı hüquqları pozulmuş və o, məcbur olub mübahisə ilə bağlı hazırki iddia ilə İnzibati Məhkəməyə müarciət etmişdir.
9. İddiaçının vəkili (nümayəndəsi) tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarının qismən, yəni X7 aid hissədə ləğv edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
10. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2025-ci il tarixdə məhkəməyə müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ilə X3 və X4 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamə X4 adına olan hissədə etibarsız hesab edilmişdir. X2 Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 1521/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1709/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı sözügedən qərarı- inzibati aktı qeyd edilən qanunvericilik aktlarında müddətdə mübahisələndirməmişdir və həmin müddətin buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia və prosessual müddətin bərpasına dair ərizələrin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1521/2024 saylı qərardadı əsasında müəyyən etmişdir ki, məhkəmə aidiyyəti olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxs onun qızıdır və torpaq sahəsinin ona verilməsinə dair şəhadətnamə məhkəmə tərəfindən ləğv edilmişdir. Sonradan həmin qətnamənin ləğv edilsə də o, müddəti ötürməmişdir. Bundan başqa hazırda həmin torpaq sahəsinə dair adına çıxarış verilmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, apellyasiya şikayətində iddiaçı tələb üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini və iddianın mümkün sayılmaqla mahiyyəti üzrə baxılıb təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
27. Hazırki halda iddiaçı Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 saylı qərarının qismən, yəni X7 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, ünvan 1ində 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X9 tərəfindən xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağılanmış, həmin ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışa əsasən onun adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 16 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göygöl rayonuda torpaq islahatı aparılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F saylı şəhadətnamə vermiş, həmin şəhadətnaməyə mərhumun nəvəsi və iddiaçının qızı X4 adı da mülkiyyətçi kimi yazılmışdır.
28. İş materialları ilə müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ilə X3 və X4 adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamə X4 adına olan hissədə etibarsız hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1521/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir.
29. İddiaçı inzibati orqanın- Aqrar İslahat Komissiyasının təxminən 28 il əvvəl qəbul etdiyi qərarın qismən ləğv olunmasını tələb edir və hesab edir ki, məhkəmə qətnaməsi ilə şəhadətnamənin ləğvi sonradan ləğv edildiyindən onun üçün prosessual müddətin axımı məhz həmin qətnamənin ləğvi tarixindən başlayır.
30. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-292/2012 saylı 12 aprel 2012-ci il tarixli qətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2001-ci il tarixli, JN-104F nömrəli şəhadətnamə X4 adına olan hissədə etibarsız hesab edilmiş, ümumiyyətlə hazırda mübahisələndirilən Aqrar islahat komissiyasının qərarı məhkəmə baxışının predmeti olmamış, mərhum X9 tərəfindən yalnız şəhadətnamə mübahisələndirilmişdir. Belə olan halda iddia müddətinin axımı məhz mübahisələndirilən inzibati aktın- qərarın qəbul edildiyi tarix kimi nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçı və mərhum anası S.Verdiyeva öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
32. Göründüyü kimi, tərəf hazırda mübahisələndirilən qərar barəsində torpağın mülkiyyətə verilməsinə dair JN-104F saylı şəhadətnamənin verildiyi xx.xx.2001-ci il tarixində məlumatlı olsa da, məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
33. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
34. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
35. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
36. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1709/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov