Məhkəmə qərarları › İş №2-1(104)-282/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-282/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-282/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Şamil oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, torpaq sahəsi üzərində sahibkarlıq, istifadə hüququnun müdafiəsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində özünə X4 500 kv.m torpaq sahəsi alaraq, mənzil təminatını təmin etmək üçün həmin torpaqda fərdi yaşayış evi inşa etdirərək hasara aldırmışdır. Lakin Cavabdeh Memarlıq şöbəsinin rəisi və həmin idarənin hüquqşünasının qanunsuz hərəkətləri nəticəsində inşa edilmiş evinin hasarı heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. Həmin hasarın yerləşdiyi torpaq sahəsi heç bir şəxsə aidiyyəti olmamışdır. İş üzrə üçüncü şəxs X1 iddiaçı ilə həmin küçədə yaşayır. İddiaçının inşa etdirdiyi hasarın üçüncü şəxsə heç bir aidiyyəti olmamasına baxmayaraq, üçüncü şəxs qanunsuz olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə və inşa etdirdiyi hasara baxış keçirilərək həmin hasarın heç kimin hüquqularını pozmadığı, sərhəd daxilində inşa edildiyini müəyyən edərək üçüncü şəxsə məlumat versə də, sonradan yenədə üçüncü şəxsin iştirakı ilə cavabdeh tərəfindən onların birgə hərəkəti nəticəsində iddiaçının inşa etdirdiyi hasar uçurdularaq ona əhəmiyyətli dərəcədə maddi zərər dəymişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 (üç min) manat maddi zərərin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikilinin cavabdeh inzibati orqan tərəfindən sökülməsinə dair hər hansı maddi sübut mövcud olmamış, Cavabdeh söküntü işlərinin aparılması ilə bağlı hər hansı qərarı olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 02 avqsut 2022-ci il tarixli, 2-1(104)66/2022 nömrəli qərarı ilə (sədrlik edən A.Bayramov, hakimlər R.Mamedov, Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli qərarı dəyişdirilmiş, cavabdehdən 2984 manat pul vəsaiti alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)2193/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər K.Bədəlov, N.Rəsulbəyova) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 02 avqsut 2022-ci il tarixli, 2-1(104)66/2022 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Digər tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 2.3-cü bəndi). İddia tələbində İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq hissəsində X4 500 kv metr torpaq sahəsi alaraq fərdi yaşayış evinin tikintisinə başladığını, bundan sonra çəkilmiş hasarın Cavabdeh qanunsuz hərəkətlərindən irəli gələrək söküldüyünü iddia etmiş, 3000 manat maddi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilən Gəncə şəhər Kəpəz rayonu İcra hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 2283 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq hissəsində 500 kv metr torpaq sahəsində X5 fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdeh Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2017-ci il tarixli razılaşdırılmış lahiyyə sənədinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsi lahiyələndirilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AR-İ№6665 nömrəli etibarnamənin surətindən məlum olur ki, X9 (səlahiyyəti ötürülmüş İddiaçı) Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının verdiyi xx.xx.2014-cü il tarixli, 2283 nömrəli sərəncamına əsasən ona ayrılmış Gəncə şəhəri, Kəpəz rayon, 3-cü mikrorayonun şimal-şərq tərəfində yerləşən 500.0 kv.m torpaq sahəsinə və gələcəkdə həmin torpaq sahəsində inşa ediləcək tikililərə dair etibarnamədə qeyd olunan hüquqları və tapşırıqların yerinə yetirlməsi ilə əlaqədər hərəkət etmək səlahiyyəti X3 etibar edilir. Etibarnamə 17 il 10 ay 24 gün müddətinə verilib və xx.xx.2037-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tərkibi qeyd edir ki, normanın məzmunundan göründüyü kimi sahiblik hüququ o halda qorunur ki, həmin sahibliyin əsası bilavasitə Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş olsun. Bununla yanaşı əmlak müstəqilliyinə qeyrimülkiyyətçilər də malik ola bilərlər. Söhbət titul (hüquqi əsası olan) sahibliyindən gedir. Titul sahiblik odur ki, əmlak qanun əsasında mülkiyyətçinin sərəncamından digər (qeyrimülkiyyətçi olan) şəxsin faktiki sahibliyinə keçir. Belə halda titul sahib mülkiyyətçi statusu əldə etmir və əmlakın mülkiyyətçisi kimi yenə də əvvəlki şəxs qalır. Titul sahibliyi müxtəlif əqdlər nəticəsində əmələ gəlir. Hazırkı halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmlaka sahibliyinin (iddiaçının hasarın titul sahibi olması) hüquqi əsası müəyyən edilməmişdir. Belə ki, əmlakın yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evinin lahiyyələndirilməsinə icazə Gəncə şəhər Kəpəz rayonu İcra hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 2283 nömrəli sərəncama əsasən X6 verilmiş, xx.xx.2019-cu il tarixli etibarnamə əsasında təmsilçilik hüququ H.Qasımovaya etibar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1. maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1.maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2. maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Göründüyü kimi mülki hüquqda nümayəndəlik odur ki, bir şəxs (nümayəndə, təmsilçi) başqa şəxsin (təmsil olunanın) adından və həmin şəxsin mənafeyi üçün ona verilmiş səlahiyyət əsasında hüquqi hərəkətlər yerinə yetirir və bunun nəticəsində təmsil olunan şəxs üçün mülki hüquq və vəzifələr əmələ gəlir, dəyişir və ya xitam olunur. Hazırki iş üzrə torpaq sahəsi üzərində tikilinin lahiyədləndirilməsinə F.Qasımova icazə verilmiş, sonuncu həmin torpaq sahəsi və üzərində inşa ediləcək tikililər üzrə adından və onun mənafeyi üçün müəyyən hərəkətlər etməyi iddiaçı və digər şəxsə etibar etmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə və ya əmlaka qanuni sahiblik hüququnu təsdiq edən hər hansı sənəd məhkəmə araşdırmasına təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxılan zaman ilkin olaraq mübahisəli əmlakın (sökülmüş hasarın) kimin qanuni sahibliyində olması müəyyən edilməli, bundan sonra iddiaçının əsl iddiaçı ilə əvəzlənməsinə dair hüquqi yardım göstərilməlidir. İş materiallarına əlavə edilmiş ərizədən İddiaçı Cavabdehnə müraciət edərək hasarın sökülməsindən yaranan ziyanın aradan qaldırılmasını tələb etməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Prezidenti Administransiyasının rəhbərinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış şikayət ərizələrindən şikayət müəllifi Fuad Məmmədovun nümayəndəsi X2 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq hissəsində 5 sot torpaq sahəsinə çəkilmiş hasarının cavabdeh inzibati orqanın hərəkəti nəticəsində sökülməsi qeyd edilmişdir. İnzibati orqanlara ilkin müraciət, yəni pozulmuş hüquqlarının inzibati qaydada bərpasını X5 etibarnamə üzrə nümayəndəsi kimi İddiaçı və Hacıxanım Qasımova tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadında göstərilən xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, İPM-in 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya lazımi hüquqi yardım edilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə tərəfindən sökülməsi qeyd olunan divarın (bilavasitə divarın özünün/konstruktiv elementinin deyil, onun aid olduğu torpaq sahəsinin eninə sərhədi boyunca divarın uzunluğu, eni) müəyyən edilməli, ölçü dəqiqləşdirildikdən sonra vurulmuş ziyanın məbləği müəyyən olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı ləğv ediməli, iş təkrar baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Şamil Rzaquliyev, Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar