Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-282/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: təhsil dövrünün, iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “təhsil dövrünün və iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1436/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır.
2. AN № 058182 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 30 iyun 2000-ci il tarixli qərarı ilə iddiaçıya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
3. AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
4. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü N.Gəncəvi adına X1 əmək fəaliyyəti dövrləri əks olunmuşdur.
5. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, iddiaçıya orqanizm funksiyalarının 90 % pozulması səbəbindən xx.xx.2023-cü il tarixdən müddətsiz 1-ci dərəcə əlillik verilmişdir.
6. İddiaçının pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2024-ci il tarixli, 3-17- 1/2-Ə-183610/2024 nömrəli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 2 il 4 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan 10 ildən (45 yaşınıza uyğun olaraq) azdır. Bu səbəbdən sizə orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2016-cı il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 270,00 manat olmaqla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli, 1232 nömrəli Fərmanına əsasən ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına göra gözdən əlilliyi olan şəxslərə 210 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2023-cü il tarixindən aylıq məbləği 300 (üç yüz) manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2023cü il tarixindən 300 manat məbləğində müvafiq Prezident təqaüdü təyin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar X2 yanında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı qeyd edir ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü N.Gəncəvi adına X1 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar Nuriyev llqar İsmayıl oğlunun yanında işləmişdir. Buna görə, o iş illərini sosialsığorta stajına daxil etdirmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialına müraciət etsə də, cavabdeh orqan ona imtina vermişdir. Həmin imtinada göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 2 il 4 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan 10 ildən ( 45 yaşınıza uyğun olaraq) azdır. Bu səbəbdən iddiaçıya orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 və 2009-cu ilin iyul-dekabr aylarında fərdi sahibkar X2 yanında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 1-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə icraatına qəbul edilmişdir.
10. Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-304550/2024 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin pensiya təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsinde qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 43 il (yaş) – 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 28 il (əmək qabiliyyətli yaş dövrü) 2. 28 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 112 ay 3. 112 ay: 12 ay = 9 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 9 il 4 aydır. Birdiririk ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı ödənilən dövrlər daxil olmaqla xx.xx.2006-cı il tarixədək 1 il 10 ay 15 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009-cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə belə onun qanunvericiliklə tələb olunan 9 il 4 ay sosial sığorta stajı tamamlanmır. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra cavabdeh orqan iddiaya dair xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 26910/2025 nömrəli etiraza əlavə təqdim etmiş və etiraza əlavədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd edək ki, iddiaçıya ilkin əlillik təyin olunduğu xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı: 1. 37 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 22 il (əmək qabiliyyətli yaş dövrü) 2. 22 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 88 ay 3. 88 ay: 12 ay = 7 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının xx.xx.2016-cı il tarixdə pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 7 il 4 ay idi. Birdiririk ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2000-ci iltarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı ödənilən dövrlər daxil olmaqla xx.xx.2006-ci il tarixədək 1 il 10 ay 15 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009-cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, təhsil dövrü iddiaçının sosial sığorta stajına daxil edilsə belə onun xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan 7 il 4 ay sosial sığorta stajı tamamlanmırdı.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda və ona əlavədə qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1436/2025 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 4 il əyani təhsil dövrü və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X1 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 4 il əyani təhsil dövrü və iddiaçının əmək kitabçasında öz əksini tapmış, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X1 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X1 rəis vəzifəsində işlədiyi dövr ümumilikdə mübahisələndirilən sığorta stajı tamamlanması üçün kifayətdir. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının əmək kitabçasında öz əksini tapmışdır, cavabdehin etirazda qeyd etdiyi əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması iddiaçının günahından deyil və iddiaçının işləməməsi anlamına gətirmir və bu hal vətəndaşın Konstitusiya ilə tənzimlənən hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1436/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində etirazda və ona əlavədə qeyd edilən hallar demək olar ki təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala müraciəti zamanı onun tərəfindən Azərbaycan Texnologiya Universitetində 1996-2000-ci illərdə əyani təhsil alması haqqında arayış təqdim edilmədiyi üçün həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edək ki, iddiaçıya təkrar əlillik təyin olunduğu xx.xx.2023-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı: 1. 43 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 28 il (əmək qabiliyyətli yaş dövrü) 2. 28 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 112 ay 3. 112 ay : 12 ay = 9 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 9 il 4 aydır. Həmçinin qeyd edək ki, iddiaçıya ilkin əlillik təyin olunduğu xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı: 1. 37 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 22 il (əmək qabiliyyətli yaş dövrü); 2. 22 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 88 ay; 3. 88 ay : 12 ay = 7 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının xx.xx.2016-cı il tarixdə pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 7 il 4 ay idi. Diqqətinizə çatdırırıq ki, təhsil dövrü iddiaçının sosial sığorta stajına daxil edilsə belə onun xx.xx.2016-cı il tarixdə qanunvericiliklə tələb olunan 7 il 4 ay sosial sığorta stajı tamamlanmırdı. Hesab edirik ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1436/2025 nömrəli qərarı aşağıda qeyd olunar əsaslara görə ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bildirik ki, məhkəmə qərarında iddia tələbindən kənara çıxılmışdır. Belə ki, iddia tələbi dəqiqləşdirilmiş və iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 və 2009-cu ilin iyul dekabr aylarında fərdi sahibkar X2 yanında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 1-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə qərarı ilə İddiaçı Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə 4 il əyani təhsil dövrü və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X1 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-ci ilədək isə N.Gəncəvi adına X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək N.Gəncəvi adına X1 aparıcı konstruktor vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü ilədək isə N.Gəncəvi adına X1 rəis vəzifəsində işlədiyi dövr iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmışdır. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının əmək kitabçasında öz əksinini tapmışdır, cavabdehin etirazda qeyd etdiyi əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması iddiaçının günahından deyil və iddiaçının işləməməsi anlamına gətirmir və bu hal vətəndaşın Konstitusiya ilə tənzimlənən hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Qeyd edək ki, əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə qərarında iddiaçıya hansı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməli olduğu qeyd qeyd edilməmişdir. Həmçinin Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ücün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1436/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Texnologiya İnstitutunda “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 4 il əyani təhsil dövrü və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında tələbini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
24. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. (hazırkı redaksiyada) Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 12.1. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddənin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir.
43. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.
44. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.
45. Göründüyü kimi, bu Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını), həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.
46. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun ümumi sığorta stajının 2 il 4 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan 10 ildən (45 yaşa uyğun olaraq) az olduğunu qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2024-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
47. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür və ona xx.xx.2016-cı il tarixdə ilkin əlillik təyinatı aparılmışdır.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
49. Göründüyü kimi, o şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz pozulması səbəbindən əlilliyə görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş qaydada əlilliyi müəyyən edilmiş olsun; 2. sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olsun. Bu şərtlərdən hər ikisinin mövcud olması, şəxsin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə pensiya hüququnun olması barədə nəticəyə gəlməyə əsas verir.
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
51. İddiaçıya ilk dəfə əlillik təyinati xx.xx.2016-cı il tarixdə aparılmışdır. İddiaçının sosial sığorta satjı kimi müəyyən edilməsini tələb etdiyi stajı onun xx.xx.2016-cı il tarixədək olan dövrdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi məsələsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan şərtləri tətbiq edilməklə öz həllini tapmalıdır.
52. İddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tələb olunan sığorta stajı: 1. 37 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 22 il (əmək qabiliyyətli yaş dövrü); 2. 22 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 88 ay; 3. 88 ay: 12 ay = 7 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının xx.xx.2016-cı il tarixdən əlilliyə görə pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 7 il 4 ay idi.
53. Cavabdeh orqan tərəfindən iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək haqqı ödənilən dövrlər daxil olmaqla xx.xx.2006-ci il tarixədək 1 il 10 ay 15 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən 6 ay (2009cu ilin iyul-dekabr) əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə 2 il 4 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmiş, 2001-2004-cü illərdə əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması səbəbindən sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığı dövrləri mübahisələndirərək həmin müddətləri onun sığorta stajına daxil etməmişdir.
54. Hazırkı tələbində iddiaçı Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 4 il əyani təhsil dövrü və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan mübahisələndirilən dövr sosial sığorta stajı kimi nəzərə alınacağı təqdirdə iddiaçının tələb olunan 7 il 4 ay sığorta stajı yaranır.
55. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının dəlilinə, yəni mübahisələndirilən dövrə aid əmək haqqı cədvəllərində ona əmək haqqı ilə bağlı qeydlərin aparılmaması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
56. İş materillarına əlavə edilmiş əmək kitabçasında iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 müxtəlif vəzifələrdə işlədiyi qeyd edilmişdir.
57. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir.
58. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə, yəni əmək haqqı cədvəllərində müəyyən aylar üzrə ona əmək haqqı ilə bağlı qeydlərin aparılmaması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən aylarda müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən aylarda əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeyd edilən müəssisədə işlədiyi dövrün müəyyən hissəsini sığorta stajına daxil etdiyi halda, hər il üzrə müəyyən ayları mübahisələndirməsi öz-özlüyündə əsaslı sayıla bilməz.
59. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan cavabdehin əmək haqqı hesablanmadığına görə qəbul etmədiyi dövr-N.Gəncəvi adına X1 müxtəlif vəzifələrdə işlədiyi dövr onun sosial sığorta stajına hesablanmalıdır.
61. Bundan əlavə, Azərbaycan Texnologiya Universitetinin xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1996-cı il tarixli əmrlə Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 1-ci kursa əyani şöbəyə qəbul olmuş, kursu tam başa vurduğuna görə xx.xx.2000-ci il tarixli əmrlə bakalavr diplomu verilmişdir. Bakalavr diplomuna əlavədən görünür ki, iddiaçının təhsilinin başa vurduğu tarix kimi xx.xx.2000-ci il qeyd edilmişdir.
62. xx.xx.1992-ci il tarixdə təsdiq edilmiş (xx.xx.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur.
63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddət “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz.
64. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bu səbəbdən də iddiaçının əyani təhsil aldığı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr (3 il 9 ay 14 gün) onun sığorta stajına hesablanmalıdır.
65. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan təhsil müddəti üzrə 3 il 9 ay 14 gün, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövr üzrə əmək haqqının hesablanmadığı müddət və cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən stajı (2 il 4 ay 15 gün) nəzərə alındıqda onun ümümi stajı 7 il 4 aydan çox olur.
66. İddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün 7 il 4 ay ümumi sığorta stajı tələb olunur ki, yuxarıda qeyd olunan müddətlər nəzərə alındıqda onun ümumilikdə 7 il 4 aydan çox sığorta stajı yaranmış olur.
67. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2016-cı il tarixdən əlilliyi müəyyən edildiyindən, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün həmin tarixə 7 il 4 ay sığorta stajı tələb olunduğundan və onun ümumilikdə 7 il 4 aydan çox sığorta stajı olduğundan onun hazırkı tələbi əsaslıdır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən prosessual hüquq normalarının tələbini pozmuş, təhsil dövrünün təmin edilməsinə münasibətdə iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı ilkin tələbində, həmçinin sonradan iddia tələbinin dəqiqləşdirilməsi barəsində ərizəsində təhsil dövrünün sosial sığorta stajına daxil edilməsini tələb etməmiş, məhkəmə bununla bağlı ona hüquqi yardım göstərməmiş, buna baxmayaraq iş üzrə yekun məhkəmə aktı qəbul edərkən təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi qərara alınmışdır.
69. Bundan əlavə birinci instansiya məhkəməsi öz qərarında iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun hansı tarixdən yarandığını müəyyən etməmiş, qərarın nəticəvi hissəsində iddiaçıya pensiyanın təyin edilmə tarixini qeyd etməmişdir.
70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanaraq ödənilən zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
71. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1436/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilsin. İddiaçı Azərbaycan Texnologiya İnstitutunda “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə 3 il 9 ay 14 gün əyani təhsil dövrü və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək N.Gəncəvi adına X1 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.