Məhkəmə qərarları › İş №2-1(104)-284/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-284/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-284/2025 18.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-764/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun ikinci qrup əlilliyinin yenidən bərpa edilərək ona ikinci qrup əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur, hal-hazırda Şəmkir rayon yeni həyat kəndində çətin məşəqqətli bir vəziyyət yaşayır. 2 az yaşlı övladı var. 2015 ci ildə ağır inslut keçirdib və ona 2016 cı ildə dəqiqləşdirilməmiş beyin infarktı KBQDP cox ocaqlı işemik insult kobud kavrdonator pozğunluq total afoziya ilə hipertoniya xəstəliyi İİ-İİİ mərhələləri ilə Epilepsiya ilə qazanılma afaziya (Landau-Klefner) diaqnozu ilə ona 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. O, özəl tibb mərkəzlərində müalicə almışdır. Amma heç bir nəticəsi olmamışdır. 2021 ci ildə onun əlilliyi dayandırılmışdır. Hal hazırda onun sağ tərəfi işləmir, sağ böyrəyi də əməliyyat olunaraq çıxarılıbdır. Sol böyrəyidə yaxşı işləmir iş qüvvəsidə yoxdur, heç bir yerdən gəlir qazancı yoxdur çətin və məşəqqətli bir vəziyyət yaşayır. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-764/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı dair tibbi göndərişdə yanaşı xəstəlik və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.3.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının müddətsiz 50 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, iddiaçıda əsas diaqnoz İ69.3, ağırlaşmalar isə G93.4,G81.0 və R 26 diaqnozunun iddiaçıda hansı dərəcədə olmasını tibbi sənədlərlə müəyyən etmək mümkün olmasa da ona yanaşı xəstəlik olan diaqnoz Z90.5 böyrəyin qazanılma olmaması,sağ tərəfli neftrektomiyadan sonrakı vəziyyət ilə əlillik dərəcəsinin təyin olunmasına maneə deyildir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.3.1-ci bəndində əsasən əlillik təyinatına əsas verir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-764/2025 saylı qərarının ləğv edilməsini və yeni qərar qəbul edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin olunmamasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi ilə iddiaçıya qoyulmuş əsas diaqnoz və ağırlaşmaların iddiaçıda hansı dərəcədə olmasının tibbi sənədlərlə müəyyən etməyin mümkün olmamasına əsaslanaraq iddia tələbini həmin göndəriş əsasında iddiaçıda olan yanaşı xəstəliyə görə təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarında olan forma 88 haqqında məlumatdan görünür ki, TSEK-ə göndəriş zamanı iddiaçıya qoyulan diaqnozlar: Əsas diaqnoz - İ69.3 Beyin infarktının nəticələri, Keçirilmiş insult xəstəliyinin qalıq əlamətləri; Ağırlaşma - G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Hipertoniya xəstəliyi İİ dərəcə; Ağırlaşma - G81.0 Sust hemiplegiya, Sağ tərəfəli dərin hemiparez; Ağırlaşma - R26 Hərəkətin və yerişin pozulmaları, Yeriş funksiyasının paralitik tipli pozulması. Beyin ataksiyası, dizartriya; Yanaşı xəstəliklər - Z90.5 Böyrəyin qazanılma olmaması, Sağ tərəfli nefrektomiyadan sonrakı vəziyyət (xx.xx.2023). kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” Qan dövranı sisteminin xəstəlikləri adlı 2-ci bölməsinin 2.1-ci bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “Serebrovaskulyar xəstəliklər” XBT-10 kodu “İ60-İ69” kimi təsbit olunmuş və həmin Əlavənin 2.1.3-cü yarımbəndinə əsasən “arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə” orqanizminin funksiyalarının pozulması faizi 85-100% müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə, iş materialları araşdırıldıqda və iddiaçıya qoyulmuş əsas diaqnoz, ağırlaşmalar və yanaşı xəstəliklər birlikdə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.1.3-cü yarımbəndi ilə müqayisə edildikdə, açıq-aşkar görünür ki, iddiaçıya qoyulmuş diaqnozlar məhz həmin yarımbənddə nəzərdə tutulan hallara tam şəkildə uyğundur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin yalnız iddiaçıda olan yanaşı xəstəliyə əsaslanmaqla ona əlilliyin təyin edilməli olması ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2016-ci il tarixdə 5 il müddətinə, ikinci dərəcə əlillik təyin deyin edilmiş, xəstəliyin beynəlxalq təsnifatı (XBT kodu) kimi “İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.9” qeyd olunmuş və diaqnozun mətni: “Dəqiqləşdirilməmiş beyin infarktı, KBQDP. Çox ocaqlı işemik insult, kobud kavrdonator pozğunluq, total afoziya ilə. Hipertoniya xəstəliyi İİ-İİİ mərhələləri ilə. Epilepsiya ilə qazanılma afaziya [Landau-Klefner].” kimi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən “onun ikinci dərəcə əlilliyinin yenidən bərpa edilib ona ikinci dərəcə əlillik təyin edilməsini xahiş etmişdir. Bundan da görünür ki, iddiaçının ilkin olaraq hüquqi marağı ona əvvəl, xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlilliyin təyin olunmasına əsas olmuş xəstəliyinə əsasən yenidən müvafiq əlilliyin təyin olunmasına nail olmaqdan ibarət olmuşdur. Lakin daha sonra iddia tələbi dəqiqləşdirilmiş və “cavabdehin onun barəsində xx.xx.2023-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə müddətsiz əlillik təyin olunması öhdəliyinin cabadehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu səbəbdən də kollegiya hesab edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım göstərilməli və bu əsasda işin bütün halları tam və hərtərəfli araşdırılmalıdır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçının hüquqi maraqlarına tam uyğun olmamış, nəticədə onun Konstitusiyanın 38-ci maddəsi ilə təminat altına alınmış sosial təminat hüququnun tam həcmdə həyata keçirilməsinə mane olmuşdur. İnzibati Prosessual Məcəllə: 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-764/2025 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar