Məhkəmə qərarları › İş №2-1(104)-285/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-285/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-285/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə “iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2659/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İT-İ ******* seriya və nömrəli İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək müxtəlif müəssisələrdə işləmişdir.

2. NZ ******* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. 609128 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 9 nömrəli Kirovabad peşə məktəbində 01 sentyabr 1983-cü ildən 11 iyun 1986-cı ilı kimi təhsil almışdır.

4. Gədəbəy Rayon Dövlət Arxivinin 366 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Muradov X3 Rayon Dövlət Arxivində mühafizə olunan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin aid əmr kitabında o, 27 mart 1991-ci il tarixli, 2 nömrəli əmri ilə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilib, 26 oktyabr 1995-ci il tarixli, 74-S 2 nömrəli əmr ilə ərizəsinə əsasən sürücülükdən azad olunub, 06 fevral 2002-ci ildə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-ə ərizəsinə əsasən fəhlə qəbul olunub və 07 aprel 2002-ci il tarixli 3 nömrəli əmri ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur (xx.xx.1991-ci il tarixli 2 nömrəli əmrdə ata adı Murad, yəni İddiaçı Murad oğlu kimi, xx.xx.1995-ci il tarixli 7A-$ 2 nömrəli əmrdə ata adı Murad yazılsa da üstündən xətt çəkilərək qarşından fərqli qələmlə Mamed kimi, yəni İddiaçı Mamed oğlu kimi və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni İddiaçı Məhərrəm oğlu kimi qeyd olunmuşdur. xx.xx.2002-ci il tarixli 2 nömrəli əmrdə ata adı qaralanmaqla Mamed kimi qeyd olunmuşdur).

5. «Əlilliyin qiymətləndirilməsinə dair məlumat»dan görünür ki, xx.xx.2021-ci il tarixdə 5 il müddətinə İddiaçı ikinci dərəcə əlillik təyin edilmiş, diaqnoz olaraq ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, AXOX EMFİZEMATOR TİP ağır gedişli kəskinləşmə mərhələsi, tez-tez kəskinləşmə, ağ ciyər ürək çatışmazlığı, 3-cü dərəcə tənəffüz çatışmazlığı, 2-ci dərəcə alimentar piylənmə, 3-cü dərəcə asteno nevrotik vəziyyət qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının **********8 nömrəli, 13 dekabr 2021-ci il tarixli “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1 -ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən əmək kitabçasına əsasən ümumi sığorta stajı 16 il 2 ay olmasına baxmayaraq fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 19.106,09 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (23.040,00 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021 -ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd edilmiş Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, Gədəbəy rayon 6 saylı TTTS-nin xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və Gədəbəy rayon 2 saylı ATF xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan əmr kitablarında ata adı səhv qeyd olunduğu və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Gədəbəy rayon Dövlət Arxivinin 15 mart 2023-cü il tarixli, 29 nömrəli məktubunda qeyd olunur ki, Gədəbəy rayonu Dövlət Arxivində mühafizə olunan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmr kitablarında İddiaçı 27 mart 1991-ci il tarixli, 2 nömrəli əmri ilə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilib, 26 oktyabr 1995-ci il tarixli 2 nömrəli əmr ilə ərizəsinə əsasən sürücülükdən azad olunub, 06 fevral 2002-ci ildə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-ə ərizəsinə əsasən fəhlə qəbul olunub, 07 aprel 2002-ci il tarixli, 3 nömrəli əmr ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur. Əlavə olaraq bildirilir ki, xx.xx.1991-ci il tarixli, 2 nömrəli əmrdə ata adı Murad, xx.xx.1995-ci il tarixli 7A2 nömrəli əmrdə ata adı Murad yazılsa da üstündən xətt çəkilərək qarşısından fərqli qələmlə Mamed kimi, yəni İddiaçı Mamed oğlu kimi və xx.xx.2002-ci il tarixli, 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni İddiaçı Məhərrəm oğlu kimi qeyd olunmuşdur. Həmçinin bildirilir ki, Gədəbəy rayonu 6 nömrəli TTTS-in əmək haqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədləri fondunda aşkar edilməmişdir.

8. AZ-İİ 312187 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə kəskin miokard infakt nəticəsində ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illərin sosial sığorta stajına hesablanması və ona xəstəliyə görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə doğulmuşdur. Xəstəliyi ilə əlaqədar pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialına təqdim etmişdir. Lakin işlədiyi illər sığorta stajına hesablanarkən cəmi 19 il hesablanmışdır. Halbuki o xx.xx.1991-ci ildən xx.xx.1995ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işləmiş, amma həmin illər onun sığorta stajına hesablanmamışdır. Buna səbəb onun işə qəbul edilmə və işdən azad olunması barədə əmrlərdə olan ad, soyad və ata adı səhvliklər ilə bağlı olmuşdur. Belə ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu 6 nömrəli TTTS-yə aid əmr kitabında o, 27 mart 1991-ci il tarixli 2 nömrəli əmrlə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilmiş, 26 oktyabr 1995-ci il tarixli 7 A -$ 2 nömrəli əmri ilə ərizəsinə əsasən sürücülükdən azad olunmuş, 06 fevral 2022-ci il tarixdə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-yə ərizəmə əsasən fəhlə qəbul olunmuş və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmr ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur. Bu barədə Gədəbəy rayon Dövlət Arxivindən xx.xx.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışı almışdır. Eyni zamanda vəkil sorğusu vasitəsilə Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 1991-2022-ci illərə dair Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmrlər kitabında onun adı qeyd olunan səhifələrin təsdiqlənmiş surətləri əldə edilmiş və hazırki ərizəsinə əlavə edilmişdir. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışından, eləcə də, 1991-2022-ci illərə dair Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmrlər kitabında adı qeyd olunan səhifələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1991-ci il tarixli 2 nömrəli əmrdə ata adı Murad, yəni "İddiaçı Murad oğlu" kimi, xx.xx.1995- ci il tarixli 7 A 2 nömrəli əmrdə ata adı Murad yazılsa da, üstündən xətt çəkilərək qarşısından fərqli qələmlə Mamed kimi, yəni "İddiaçı Mamed oğlu" kimi və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni "İddiaçı Məhərrəm oğlu" kimi qeyd olunmuşdur. Həmçinin, xx.xx.2002-ci il tarixli 2 nömrəli əmrdə ata adı qaralanmaqla "Mamed" kimi qeyd olunmuşdur. Hazırda şəxsiyyətini təsdiq edən sənədlərdə olan soyadı, adı və ata adı (İddiaçı) ilə qeyd olunan hüquq müəyyənedici sənədlərdə (sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci il tarixli 7 A -$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərində) olan soyadı, adı və ata adı ilə düz gəlmir. Bu isə ona pensiya təyin edilərkən həmin illərin sığorta stajına hesablanması ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneə törədir. Bu səbəbdən hüquq müəyyənedici sənədlər olan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991-ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci il tarixli 7 A-$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərinin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, xüsusi icraat qaydasında mülki işə baxılarkən maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialını ərizəsində qeyd etmiş, lakin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialı məhkəməyə etiraz ərizəsi göndərərək sözügedən hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə etiraz etmişdir. Bu səbəbdən mülki iş üzrə mübahisə yarandığına görə ərizəsi baxılmamış saxlanılmışdır. Belə olan halda hesab edir ki, cavabdeh orqan onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illəri sosial sığorta stajına hesablamalı və ona xəstəliyə görə əmək pensiyası təyin etməlidir.

11. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

12. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Gədəbəy rayon 6 saylı TTTS-nin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və Gədəbəy rayon 2 saylı ATF-nin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmr kitablarında ata adı səhv qeyd olunduğu və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Qanununun 12.1-ci maddəsinə əsasən, İl və İİl dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İl və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən "əmək qabiliyyətli yaş dövrü" ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməsinin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İl dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçı M.İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19106,09 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 23040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2659/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. Hazırki işdə isə iddiaçının stajı tələb olunandan artıq təşkil edir. Pensiya kapitalı isə 23204,60 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23040 manatdan artıqdır (23204,60 > 23040). Göründüyü kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23204,60 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan verir.

15. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri etiraz qeydləri ilə yenilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının prosessual hüquqi varisi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1 Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası). Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etsə də onun iddia tələbi təmin olunmaqla şəxsin pensiya hüququnun reallaşdırmaq üçün iradə ifadəsi sağlığında həyata keçirildiyindən apellyasiya şikayətinə onun hüquqi varisi cəlb edilməklə baxılması qanuni və əsaslıdır.

29. Hazırki tələb üzrə iddiaçı əlil kimi ona pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu şəxsin tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən pensiya təyin edilməsindən imtina etmiş, mövqeyini əmr kitablarında vətəndaşın ata adının səhv qeyd olunması və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvanın məlum olmaması ilə əsaslandırmışdır.

30. Məhkəmə tərkibi qeyd edir ki, şəxsə əlil kimi pensiya təyin edilməsinin ilkin şərti onun qüvvədə olan əlilliyinin qiymətləndirilməsinin mövcud olmasıdır.

31. İşdə olan Əlilliyin qiymətləndirilməsinə dair məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə 5 il müddətinə İddiaçı ikinci dərəcə əlillik təyin edilmiş, diaqnoz olaraq ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, AXOX EMFİZEMATOR TİP ağır gedişli kəskinləşmə mərhələsi, tez-tez kəskinləşmə, ağ ciyər ürək çatışmazlığı, 3cü dərəcə tənəffüz çatışmazlığı, 2-ci dərəcə alimentar piylənmə, 3-cü dərəcə asteno nevrotik vəziyyət qeyd edilmişdir.

32. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdən müvafiq qaydada əlilliyi qiymətləndirilmiş subyekt olmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən şəxsin əmək kitabçasında qeyd edilmiş Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Gedebey rayon 6 sayli TTTS-nin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Gedebey rayon 2 saylı ATF-nin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmr kitablarında ata adının səhv qeyd oİunması və əməkhaqqı kitablarının saxlanıldığı faktiki ünvanın məlum olmaması səbəbindən nəzərə alınmayan dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü hazırki məhkəmə araşdırılmasının predmetidir.

34. Apellyasiya icraatı zamanı təqdim edilən Gədəbəy rayon Dövlət Arxivinin 15 mart 2023-cü il tarixli, 29 nömrəli məktubunda qeyd olunur ki, Gədəbəy rayonu Dövlət Arxivində mühafizə olunan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmr kitablarında İddiaçı 27 mart 1991-ci il tarixli, 2 nömrəli əmri ilə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilib, 26 oktyabr 1995-ci il tarixli 2 nömrəli əmr ilə ərizəsinə əsasən sürücülükdən azad olunub, 06 fevral 2002-ci ildə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-ə ərizəsinə əsasən fəhlə qəbul olunub, 07 aprel 2002-ci il tarixli, 3 nömrəli əmr ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur. Əlavə olaraq bildirilir ki, xx.xx.1991-ci il tarixli, 2 nömrəli əmrdə ata adı Murad, xx.xx.1995-ci il tarixli 7A2 nömrəli əmrdə ata adı Murad yazılsa da üstündən xətt çəkilərək qarşısından fərqli qələmlə mamed kimi, yəni İddiaçı Mamed oğlu kimi və xx.xx.2002-ci il tarixli, 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni İddiaçı Məhərrəm oğlu kimi qeyd olunmuşdur. Həmçinin bildirilir ki, Gədəbəy rayonu 6 nömrəli TTTS-in əmək haqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədləri fondunda aşkar edilməmişdir.

35. Arxiv arayışına əlavə edilmiş əmrlərin surətindən də görünür ki, iddiaçı ilə ad və soyadda eynilik təşkil edən başqa şəxs həmin dövrdə işləməmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, əmək haqqı cədvəlləri də daxil olmaqla işəgötürənin sərəncamında olan hər hansı sənədin arxivə təhvil verilməməsi və ya hər hansı düzəlişlərin edilməsi işçinin məsuliyyət sferasına daxil olmadığından onun ziyanına şərh edilə bilməz.

37. Hazırki halda iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi dövr iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasında, arxivdə saxlanılan əmrlərdə öz təsdiqini tapmışdır və məhkəmə kollegiyası əmək kitabçasını və arxiv məlumatını mötəbər sübut kimi qiymətləndirir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

39. Məhkəmə killegiyası qeyd edir ki, şəxsə əlilliyə görə pensiya təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta staji 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli dövrünün hər tam ili üçün 4 ay sığorta staji olması; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya teminatına imkan veren fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalinin olması.

40. Bu şərtİərdən hər hansı birinin olmaması əliliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudİuğu araşdırılmalıdır.

41. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.

42. Birinci şərtin ödənilməsi üçün iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, onun 13 il 4 ay sığorta stajının mövcud olması tələb olunur: 55 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü); - 40 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay; - 160 ay : 12 ay = 13 il 4 ay.

43. Hazırki halda iddiaçının 16 il 2 ay 7 gün mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur ki, bu da ilkin şərtin ödənilməsinə dəlalət edir.

44. İkinci şərtin ödənilməsi üçün fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur. 45.“Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunur.

46. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192- yə olan nisbəti şəklində müəyyənləşdirilir.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 48.Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir; - SH=PSK/(TxK), burada: - SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; - PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); - T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; - K - sığorta davamiyyəti əmsalıdır.

49. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: - 55 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü); - 40 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay; - 160/200-0,8; - 0,8 x 144 = 115,2; - 115,2 ay x 200 = 23040 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur).

50. Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı 15133,23 manat məbləğində olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır.

51. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlər (təhsil illəri daxil olmaqla) nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: - (10 il faktiki iş stajı x 306 manat) + (306 manat :12 ay x 7 ay) + (306 manat : 365 gün x 03 gün = 3241 manat (2006-cı ilədək iddiaçının 5 il 2 ay 17 gün mübahisələndirilməyən və 5 il 4 ay 16 gün mübahisələndirilən iş statı).

52. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddənin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə (Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarına əsasən orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir: 3241 + 8.3 % + 16.7 % + 20.8 % + 1.5 % + 5.7 % + 7.9 % + 1.1 % + 2.4 % + 1.4 % + 4 % + 12.4 % + 5.7 % + 3 % + 2.6 % + 2.8 % = 8071,37 AZN təşkil edir.

53. Cavabdehin iddia tələbinə dair etirazında qeyd olunduğu kimi, xx.xx.2006-cı ildən sonra iddiaçının kapitalı 15133,23 manat təşkil edir. 15133,23 + 8071,37 = 23204,60 göründüyü kimi iddiaçının pensiya kapitalı 23204,60 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23040 manatdan artıqdır (23204,60 > 23040).

54. Təqdim olunan AZ-İİ 312187 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən iddiaçının xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, mərhum iddiaçı pensiya hüququ yarandığı tarixdən öldüyü tarixə-xx.xx.2023-cü ilə kimi pensiya ödənişinin subyekti olduğundan həmin tarixlər üzrə pensiyanın hesablanaraq ödənilməsi məqsədəmüvafiqdir.

56. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kolelgiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2659/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar