Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-285/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh orqanın nümayəndəsi X2 iştirakları ilə, «pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3752/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-76066/2023 saylı qərarın qeyd hissəsinə əsasən vətəndaşın əlilliyi Əlillik altsistemində xx.xx.2015-ci il tarixdə bitdiyi və hal-hazırda pensiyaçı hesab olunmadığı üçün Qanunun 39.1-ci maddəsi tətbiq edilmir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-112059/2023 nömrəli məktubunda qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun «Əlilliyi olan şəxsin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X1 Sisteminin «Əlillik» altsistemində olan məlumatlara əsasən əlliyin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyanızın məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixidəkə artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, hal-hazırda aktiv əmək pensiyaçısı olmadığınız üçün Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 6495,15 manat artıq vermə müəyyən edilmişdir.
4. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 8493,72 manat artıq vermə müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Ürəyində olan gərginlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz, aorta və tac damarların aterosklerozu, qan dövranı çatmamazlığı və s. xəstəliklərdən əziyyət çəkmişdir. Xəstəliyi 2015-ci ildə daha da şiddətləndiyinə görə müalicə üçün Respublikadan kənara getməli olmuş, Belarusiyada,Rusiya Federasiyasında müalicə almışdır, hazırda da xəstədir. TSEK-in səhlənkarlığından təkrar müayinədən keçməsi haqqında məlumatlar əlillik alt sisteminə daxil edilməmişdir. Özündə olan və DSMF-ə təqdim olunan hissələrdə 1-ci qrup müddətsiz əlilliyinin olduğu qeyd olunmuşdur. 2020-ci ilin əvvəllərində əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş vəsaitin geriyə qaytarılması haqqında bildiriş verilmişdir. Əlilliyi dayandığından pensiyanın ödənişi də dayandırılmışdır. İddiaçı Respublikadan kənarda müalicədə olduğu üçün bunları biləndə artıq 5 il müddət ötürülmüşdür. 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytara bilmişdir. Bu yaxınlarda məlumatı olmuşdur ki, artıq ödənilmiş əmək pensiyalarının 3 ildən əvvələ olan dövrü "amnistiya"ya düşür. Belə ki, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən pensiyaçılara artıq ödənmiş vəsait son üç il üçün tutulur. Qanunda edilmiş dəyişiklikdən yararlanmaq məqsədi ilə iddiaçı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi tutulma üçün razılıq verib, məhkəmə iclasında da bunu etiraf etmişdir. Beləliklə məhkəmə işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edib ki, cavabdehin imtinası əsaslı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını və ona ödənilmiş vəsaitin xx.xx.2023-cü il tarixdən geriyə son 3 il müddəti əhatə edən dövr üçün tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaətlə razılaşmır. Belə ki, ödəmə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş 39.1-ci maddəsinə əsasən son 3 il üçün olan dövrü əhatə etməlidir. Bu onun sosial vəziyyətini xeyli yaxşılaşdıra bilər. Hesab edir ki, cavabdeh kimi məhkəmə də onun konstitusion hüquqlarını pozmuşdur. Bu isə Konstitusiyada nəzərdə tutulmuş bərabərlik və sosial ədalət prinsiplərinə ziddir. Vətəndaş kimi müraciəti müsbət həll oluna bilərdi, lakin hər iki halda da xeyrinə qərar verilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər,adiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir. Məhkəmə cavabdehin aktiv pensiyaçı deyil ifadəsini əsas tutaraq, əlavə araşdırma aparmadan hərtərəfli olaraq onların lehinə qətnamə çıxarmışdır. Onda sual oluna bilər-bu vəsait ona nə adla ödənilib? Qərarda göstərilən dəlillərin işin həqiqi hallarına uyğun gəlməməsi adi məntiqə söykənir. Nəcə ola bilər ki, cavabdeh ona heç bir sənəd olmadan bu vəsaiti ödəmişdir. TSEK tərəfindən ona və sosial ödənişi həyata keçirən inzibati orqana (DSMF-ə) müddətsiz sənəd təqdim edilmişdir. Sadəcə TSEK-in səhlənkarlığı ucbatından həmin məlumat sonradan yaradılmış əlillik alt sisteminə işlənməmişdir. Ona artıq kimi ödənilmiş hesab edilən həmin vəsait də həmin əlillik sənədinə görə aparılmış, dolayısı ilə əmək pensiyası kimi ödənilmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırda ondan heç bir tutulma aparılmır və müəyyən dövrlərdə banka ödənişlər etməyə məcbur olmuşdur. Lakin artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilən zaman cavabdeh orqan tərəfindən dəvət edilməmiş və hər hansı bir razılıq ərizəsi təqdim etməmişdir.
12. Cavabdeh orqanın nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən edilmiş və iddiaçıya bu barədə məlumat verilmişdir. İddiaçı qərar qəbul edildikdən sonra 100-200 manat hissə-hissə ödənişlər etmiş, bununla bağlı is materiallarında ödəniş qəbzləri də mövcuddur. Vətəndaşdan artıq ödənilmiş məbləğin tutulması ilə bağlı qərarın qəbul edilməsindən əvvəl yazılı və ya şifahi razılıq alınmamışdır. Sonradan aparılmış ödəmələr razılıq kimi qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 11.1. əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 39.1. əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.4. borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. İşin hallarından məlum olur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 Sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyinin müddəti xx.xx.2015-ci il tarixindən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmiş, nəticədə əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. İddiaçı 2023-cü ilin əvvəlinə kimi artıq ödənilmiş vəsaitin bir qismini geri qaytarmış, sonradan iddiaçı cavabdeh orqana pensiya ödənişində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması ilə bağlı müraciət etmişdir.
18. İddia tələbinin əsaslılığına hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının nümayəndəsi tutulma üçün razılıq verib, məhkəmə iclasında da bunu etiraf etmişdir. İşin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən cavabdehin imtinası əsaslı olmuşdur.
19. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
20. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir.
21. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
22. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
23. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən iddiaçının razılığı alınmamışdır, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının əlilliyə görə təyin edilmiş pensiya müddəti xx.xx.2015-ci il tarixində bitdiyindən artıq ödəmə ilə bağlı qərar qəbul edilmiş və bundan sonra iddiaçı tərəfindən müəyyən ödənişlər aparılmışdır. Belə olan halda iddiaçının razılığının olması ifadə olunur və hazırda iddiaçıdan heç bir tutulma aparılmır.
24. Göründüyü kimi iddiaçıdan hər hansı tutulmanın aparılması mövcud deyildir, lakin iddiaçı iddia ərizəsində yaranmış artıq ödəmənin tutulmasının dayandırılması tələbini irəli sürmüşdür.
25. Belə olan halda məhkəmə tərəfindən İPM-in 12-ci maddəsində nəzərdə tutulan obyektiv və hərtərəfli araşdırmanın aparılması, İPM-in 13-cü maddəsinə əsasən yardım etmək vəzifəsi ilə bağlı tələblər pozulmuşdur.
26. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə obyektiv araşdırma prinsipinin tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmağa və bu məqsədlə müvafiq sübutları öz təşəbbüsü ilə toplamağa borcludur. Bu zaman həmçinin tərəflərin sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. İşə baxan məhkəmə tərəfindən iddiaçının pensiya işi tələb edilməklə tutulan məbləğlə bağlı iki fərqli qərarın (6495,15 və 8,493,72 manat) mövcudluğuna, bundan başqa xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya 39.1-ci maddəsinin təqbiq edilməsinin mümkün olmamasına dair qərara, həmçinin iddiaçının tələbinə və ilkin müraciətində tutulma ilə bağlı 39.1-ci maddəsinin tətbiq edilməsi ilə bağlı olmasına hüquqi qiymət verilməmiş, ümumiyyətlə iddiaçının hüquqi marağı dəqiqləşdirilməklə ona İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilməmişdir.
29. Halbuki Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-76066/2023 saylı qərarın qeyd hissəsinə əsasən vətəndaşın əlilliyi Əlillik altsistemində xx.xx.2015-ci il tarixdə bitdiyi və hal-hazırda pensiyaçı hesab olunmadğı üçün Qanunun 39.1-ci maddəsi tətbiq edilmir.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-112059/2023 nömrəli məktubunda qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun «Əlilliyi olan şəxsin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X1 Sisteminin «Əlillik» altsistemində olan məlumatlara əsasən əlliyin müddəti xx.xx.2015-ci il tarixdən bitdiyinə baxmayaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə əmək pensiyanızın məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixidəkə artıq ödəmə müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, hal-hazırda aktiv əmək pensiyaçısı omadığı üçün Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
31. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 6495,15 manat artıq vermə müəyyən edilmişdir.
32. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-176924/2023 saylı qərarın qeyd hissəsinə əsasən Əlillik AS-da xx.xx.2015-ci il tarixdən əlilliyin müddəti bitdiyi üçün artıq vermə müəyyən edilmişdir. Pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırıldığı üçün artıq vermə xx.xx.2018-ci il tarixdən hesablanmış 8493,72 manat artıq vermə müəyyən edilmişdir.
33. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
34. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
35. Odur ki, işə yenidən baxılan zaman artıq ödənilmiş və tutulması tələb edilən məbləğ və həmin məbləğin hansı qaydada hesablanması dəqiqləşdirilməli, iddiaçıya artıq ödəmə ilə bağlı qərarın ləğv edilməsi və ya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsininə əsasən hesablanmanın həyata keçirilməsini tələb etməsinə dair hüquqi marağı dəqiqləşdirilməklə işə baxılması davam etdirilməlidir.
36. Bundan başqa məhkəmə tərkibi onu da qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, reyestrdə 7E-1800 nömrə ilə qeyd edilmiş etibarnamədə nümayəndənin iddiaçının adından məhkəmədə çıxış etmək səlahiyyəti nəzərdə tutulmadığı halda, şəxsin məhkəmə iclasında nümayəndə qismində iştirak etməsi və tərəfindən verilmiş izahatın sübut kimi qəbulu qanunsuz olmuşdur.
37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
39. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3752/2023 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov