Məhkəmə qərarları › İş №2-1(104)-286/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-286/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-286/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2786/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı postmiokarditik kardioskleroz, ürək keçiriciliyinin hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli davamlı pozulması: Xəstəlikdir – “Hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAU91 nömrəli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm, qeyrid-aktiv faza. Postrevmokarditik kardioskleroz. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ dərəcə, İ45.0 His dəstəsinin sağ ayaqcığının blokadası Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası, İ34.1 Mitral qapağın (prolapsı) düşməsi və yanaşı xəstəlik Qastrit və duodenit Xroniki qastrit, Q30.3 Burun çəpərinin anadan gəlmə perforasiyası Burunçəpərinin əyriliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 2 dəfə (xx.xx.2019-cu ildə, 0232003AAMHU nömrəli, xx.xx.2020-ci ildə 0232003AANVQ nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən "əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. İddiaçı oğlunun əlillik vəziyyəti sonuncu dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAU91 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixindən "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 0232003AAU91 nömrəli göndərişə əsasən 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə hərbi xidmət keçmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2018-ci ildə ürək nahiyyəsində olan ağır xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, həmin tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2019-cu və xx.xx.2021-ci illərdə ona “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilməsi məqsədi ilə göndərilən tibbi göndərişə cavabdeh tərəfindən hər iki dəfə əsassız otaraq imtina edilmişdir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur. Səhhətində olan ağır ürək və digər xəstəlilərlə bağlı ona ilkin əlillik təyin edilməsi üçün xx.xx.2021-cı ildə tibb müəssiəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh tərəfindən əlillik təyin etməkdən imtina edilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 0232003AAU91 nömrəli göndərişinə əsasən ona əlillik təyinatı aparılmalıdır. Belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilməlidir. Qeyd etmək istəyir ki, əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, əvvəl qiymətləndirilmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2786/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2016-cı il tarixdən təyin edilmiş 1-ci dərəcə əlillik qrupunun səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması və ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz əlilliyin təyin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübaisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Təlimata görə (Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat) hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İş materiallarından da göründüyü kimi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinə əsasən iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.1.1ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatı” və 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə” ilə əsaslandırmışdır. Daha sonra Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2786/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(114)- 2786/2022 saylı qərarının nəticə hissəsinin 2-ci abzasının “İddiaçı 0232003AAU91 nömrəli göndərişə əsasən 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” kimi oxunması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, iddiaçının əlillik vəziyyətində Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 – Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm, qeyrid-aktiv faza. Postrevmokarditik kardioskleroz. Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İl dərəcə His dəstəsinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası Qastrit və duodenit, Xroniki qastrit; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür" səbəbi ilə imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 100-102 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.2 - Kəskin revmatik miokardit; Diaqnozun mətni: İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm ,qeyrid-aktiv faza. Postrevmokarditik kardioskleroz; Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicəni davam etmək məsləhət görülür" səbəbi ilə imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.9 - Ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstə…; Diaqnozun mətni: İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm, qeyrid-aktiv faza. Postrevmokarditik kardioskleroz. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İl dərəcə Ağırlaşma İ45.0 His dəstesinin sağ ayağcığının blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası Ağırlaşma İ34.1 Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Xroniki qastrit Yanaşı xəstəliklər Q30.3 Burun çəpərinin anadangəlmə perforasiyası, Burunçəpərinin əyriliyi; Məzkəzə göndərilmənin / lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Bərdə rayon sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyətinin göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 2047 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Postmiokarditik kardioskleroz, ürək keçiciliyinin Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli davamlı pozulması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri təngənəfəslikdən, ürək döyüntüsünün artmasından, gözünün qaralmasından ibarətdir. Obyektiv müayinədə astenik bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Tənəffüsü sərbəstdir. Nəbzi ritmik, eyni dolğunluqdadır. Ürək tonları aydındır. Dili təmiz, qarnı yumuşaq, palpasiyada ağrısızdır. ETKİ-dən 19.01.22-ci il tarixində verilən rəy və exokardioqrafiyaya müayinəsinin nəticələrinə əsaslı sübhələr yaranmışdır. ETKİ dəqiqləşdirilmişdir, məlum olmuşdurki EF atim fraksiyası 66% əvəzinə 35 % kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, tibbi sənədlərə əyanı müayinən nəticələrinə əsasən xəstəliyin ağırlaşması əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qəran lə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barəda qərar qəbul edilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(114)-2786/2022 saylı qərarı ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə hərbi xidmət keçmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2018-ci ildə ürək nahiyyəsində olan ağır xəstəliklə bağlı hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, həmin tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. xx.xx.2019-cu və xx.xx.2021-ci illərdə ona “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilməsi məqsədi ilə göndərilən tibbi göndərişə cavabdeh tərəfindən hər iki dəfə əsassız otaraq imtina edilmişdir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur. Səhhətində olan ağır ürək və digər xəstəlilərlə bağlı ona ilkin əlillik təyin edilməsi üçün xx.xx.2021-cı ildə tibb müəssiəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh tərəfindən əlillik təyin etməkdən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 0232003AAU91 nömrəli göndərişinə əsasən ona əlillik təyinatı aparılmalıdır. Belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlillik təyin edilməlidir. Qeyd etmək istəyir ki, onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin məhkəmə qaydasında həll edilməsi məqsədi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2786/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə haqlı iddia tələbi təmin edildi. Lakin cavabdeh bu qərardan əsassız apellyasiya şikayəti vermişdir. Hesab edir ki, həqiqi hərbi xidmətdən xəstəliyə görə vaxtından əvvəl ehtiyyata buraxılmağına, uzun müddət tibb müəssiələrində müayinə və müalicələrdə olmağına, səhətində olan 0232003AAU91 nömrəli göndərişdə qeyd edilən xəstəliklərə və Ali Məhkəmənin bir çox analoji qərarlarına əsassən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2786/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı qüvvədə saxlanılmalı və cavabdehin əsassız apellyasiya şikayəti ləğv edilməlidir. İddiaçı məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. - 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: - 2.4.1-ci bəndinə görə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) halında; -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndinə görə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: - 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; - 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı postmiokarditik kardioskleroz, ürək keçiriciliyinin hiss dəstəsinin sağ ayaqcığının tam blokadası tipli davamlı pozulması: Xəstəlikdir – “Hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur. İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsinə əsasən iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAU91 nömrəli Forma-88 göndərişindən görünür ki, iddiaçının xəstəliyi İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm, qeyrid-aktiv faza. Postrevmokarditik kardioskleroz. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı Qan dövranı çatmamazlığı İİ dərəcə, İ45.0 His dəstəsinin sağ ayaqcığının blokadası Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası, İ34.1 Mitral qapağın (prolapsı) düşməsi və yanaşı xəstəlik Qastrit və duodenit Xroniki qastrit, Q30.3 Burun çəpərinin anadan gəlmə perforasiyası Burunçəpərinin əyriliyi – İ01, İ50.0, İ45.0, İ34.1, Q30.3 indeksləri ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 2 dəfə (xx.xx.2019-cu ildə, 0232003AAMHU nömrəli, xx.xx.2020-ci ildə 0232003AANVQ nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən "əlavə müalicəyə ehtiyacın olması" barədə qərar qəbul edilmişdir. İddiaçı oğlunun əlillik vəziyyəti sonuncu dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAU91 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixindən "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Kollegiya hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən müddətsiz əlilliyin təyin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsi ilə iddiaçının əlilliyini səbəbi “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 2047 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməsində iddiaçının diaqnozu - “Xəstəlikdir – Hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xəstəliyi İ01-ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma, revmatizm qeyri-aktiv faza, postrevmokarditik kardioskleroz. Ağırlaşma: İ50.0durğunluq, ürək çatmazlığı, qan dövranı çatışmazlığı İİ d., İ45.0-hiss dəstəsinin sağ ayaqcığının blokadası, hiss dəstəsinin sağ ayaqcığının tam blokadası, İ34.1-mitral qapağın (prolapsı) düşməsi, mitral qapağın prolapsı kimi qiymətləndirilmişdir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.4.1-ci bəndinə görə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); hallarında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Göründüyü kimi Əsasnamənin 2.4.1-ci bəndində tələb olunan indekslərlə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ01 və İ50.0) üst-üstə düşür. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli, T 619/2023 saylı ekspert rəyindən müəyyən olunur ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib son Forma 088 göndərişində qeyd edilmiş "İ01-ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma, revmatizm qeyri-aktiv faza, postrevmokarditik kardioskleroz. Ağırlaşma: İ50.0-durğunluq, ürək çatmazlığı, qan dövranı çatışmazlığı İİ d., İ45.0-hiss dəstəsinin sağ ayaqcığının blokadası, hiss dəstəsinin sağ ayaqcığının tam blokadası, İ34.1-mitral qapağın (prolapsı) düşməsi, mitral qapağın prolapsı. Yanaşı xəstəliklər: K29-qastrit və duodenit, xroniki qastrit, Q30.3-burun çəpərinin anadangəlmə perforasiyası, burun çəpərinin əyriliyi" diaqnoz onun hazırkı sağlamlıq vəziyyətinin göstəricisidir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (ixtisaslaşmış müalicəyə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. - Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına 0232003AAU91 nömrəli göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının insulindən asılı şəkərli diabet xəstəsi olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.4.1-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (İ01, İ50.0) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2786/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar