Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-287/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz ikinci qup əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2015/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyası Gəncə şəhər Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xroniki bronxit, təkrari asmatik sindromla anemiya (sim uşaq 2.1, 3.2 – uşaqlıqdan əlil) diaqnozu qoyulmuşdur.
2. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının xx.xx.2005-ci il tarixli, 4112 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı xəstəlik və ya əliliyinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq, təqdim olunmuş sənədlərə əsasən, atasının Çernobıl AES-də qəzanın ləğvi işlərində radioaktiv şüalanması ilə əlaqədar bronxial astma, qarışıq forma, tez-tez tutmalarla, İİ dərəcəli tənəffüs çatmamazlığı, anemiya diaqnozu qoyulmuşdur.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixli müayinəyə dair məlumatın surətindən görünür ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi səbəbi ilə imtina barədə qərar qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu xx.xx.1996-cı il tarixdə ilkin qiymətləndirilmiş və 16 yaşınadək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonrakı dövrdə İddiaçı xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Akademik Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AAK17 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ixtisaslaşmış müalicə məsləhət görüldüyündən “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrlərdə vətəndaş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında və Agentlikdə ətraflı əyani müayinə olunmuş və hər iki halda “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquq şəxsi 4596 nömrəli, 24 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilən T494/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində adına tərtib edilmiş göndərişdə (088 Forma) qeyd edilən “qarışıq astma, bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, mötədil ventilyasiya pozğunluğu. Ağırlaşma: J96.1-xroniki respirator çatışmazlıq” diaqnozu onun stasionarda müayinə və müalicəsi zamanı anemnestik, kliniki, laborator-instrumental və diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicəsi düzgün aparıldığından xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər kabinetinin 30 dekabr 2015-ci tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarını aid etməyə imkan vermədi.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 317-4/2- 10793/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddəti bitdiyi 17 fevral 2021-ci il tarixindən sonra vətəndaşa dair Akademik Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanası tərəfindən 0495003AAK17 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı Akademik Z.Məmmədov adına Gəncə şəhər Xəstəxanasının 0495003AALEW nömrəli göndərişi və müraciəti əsasənda 03 sentyabr 2021 və 03 mart 2022-ci il tarixlərində Agentliyin Mərkəzi tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklik aşkar olunmadığından Nazirlər kabinetinin 30 dekabr 2015-ci tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. Əlilliyin qiymətləndirilməsi dair məlumatın surətindən görünür ki, İddiaçı 23 fevral 2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş, növbəti qiymətləndirmə tarixi 17 fevral 2021-ci il tarix müəyyən edilmişdir.
8. Apellyasiya icraatı zamanı təqdim edilən T 469/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, birliyə təqdim edilmiş iş materiallarında 0495003AAK17 saylı göndəriş olmadığından qərardadda həmin göndərişlə əlaqədar qoyulmuş sualların həlli mümkün olmadı. Lakin, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0495003AALEW nömrəli göndərişlərində (Forma 88) qeyd edilən “J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4112 nömrəli 24 iyun 2005-ci il tarixli ekspert rəyi ilə təsdiqlənib. Ağırlaşma: J96.1 xroniki respirator çatışmazlıq TÇ 2-ci dərəcə diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar hazırda onun reabilitasiya müalicəyə ehtiyacı yoxdur. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert komissiaysının səlahiyyətinə aiddir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 0495003AALEW nömrəli göndərişində (Forma 88) qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021; xx.xx.2021; xx.xx.2021; xx.xx.2021 tarixlərində müraciəti olmuş XBT10 kodu J45.8 qeyd edilmiş, diaqnoz olaraq qarışıq astma bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan. Mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobil AESdə qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4112 saylı 24 06.2005ci il tarixli ekspert rəyində qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi filialının 06 noyabr 2023-cü il tarixli, 3-17-1/2-261458/2023 nömrəli məktubu ilə təqdim edilmiş məlumatdan görünür ki, İddiaçı uşaqlıqdan əlilliyinə görə 01 sentyabr 2007-ci il tarixdən ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü atası X3 1986-cı ildə Çernobıl AES Qəzasının ləğvi işlərində dərindən iştirak etmişdir və Qəzanın ləğvi işlərində əlil olmuşdur. O, atasının Çernobılda olması ilə əlaqədar 2-ci dərəcə əlilliklə qiymətləndirilmişdir. Uzun illərdir əlillikdən və asma bronxit xəstəliyindən tez-tez tutmalarla əziyyət çəkir. Uzun müddətdir xəstəliyi ilə əlaqədar aldığı təqaüd hesabına daima müalicə olunmuşdur. Atası xx.xx.2006-cı ildə Çernobıl şüasından aldığı xəstəliklərdən uzun illər əziyyət çəkdikdən sonra rəhmətə getmişdir. O, uzun müddətdir təqaüd almağına baxmayaraq 2021-ci ilin fevral ayında Gəncə şəhər 2 saylı ərazi Poliklinikasında yoxlanış təyin edərək əliliyini ləğv etmişlər. Əlilliyin ləğvini onunla əsaslandırmışlar ki, asma-bronxit xəstəliyi ilə əlaqədar Bakı şəhər X2 müayinə olmalıdır. Müayinə olunduqdan sonra sənədləri toplayaraq yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, bütün bunlara baxmayaraq əlilliyi yenidən ləğv edilmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kobud şəkildə onun hüquqlarını pozmuşdur və dəfələrlə həmin orqana və digər səlahiyyətli orqanlara yazılı və şifahi müraciətlərinə baxmayaraq əlilliyin bərpasından müəyyən əsassız bəhanələrlə imtina etmişlər.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1022/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə mövqeyini “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliklərin və əlilliyinin xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 30 noyabr 2005-ci il tarixli 4139 nömrəli rəy verilmişdir. Həmin rəydə “Bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüz çatışmazlığı, anemiya, pielonefrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri nəfəsalmanın çətinləşməsindən, axşam yatanda tənginəfəslikdən, yol yeriyə bilməməkdən ibarətdir. Əyani müayinədə huşu aydın, dərisi təmiz, tənəffüsü sərbəstdir. Auskultasiyada vezikulyar tənəffüs eşidilir. Saturasiyası 96, nəbzi 93 vurğudur. Ürək tonları aydındır. Skleraları normal fiziolojidir. Anamnestik məlumatlara, əyani müayinənin nəticələrinə və ETACXİ-nin 17 iyun 2021-ci il tarixli rəyinə (diaqnoz:bronxial astma qarışıq forma, hissəvi nəzarət olunan mötədil ventilyasiya pozğunluğu) əsasən xəstəliyin ağırlaşması əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına əsasən”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Apellyasiya icraatı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Bundan sonra, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edilərək ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar
25. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər.
26. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.1.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 3.1.10. ağır gedişli bronxial astma (J45-J45.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
27. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
30. İşin hallarından müəyyən olunur ki, İddiaçı atası X3 1986-cı ildə Çernobıl AESdə qəzanın aradan qaldırılmasında iştirak etmiş və bunun nəticəsində şüalanmaya məruz qalmışdır. 1989-cu il təvəllüdlü oğlu-hazırki tələb üzrə İddiaçı bu səbəbdən uşaqlıqdan sağlamlıq imkanları məhdud olmuş və xroniki bronxit, təkrari asmatik sindromla anemiyadan əziyyət çəkmişdir.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyası Gəncə şəhər Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xroniki bronxit, təkrari asmatik sindromla anemiya (sim uşaq 2.1, 3.2 – uşaqlıqdan əlil) diaqnozu qoyulmuşdur.
32. Bundan sonra Əlilliyin qiymətləndirilməsi dair məlumatın surətindən görünür ki, İddiaçı 23 fevral 2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş, növbəti qiymətləndirmə tarixi 17 fevral 2021-ci il müəyyən edilmişdir.
33. Şəxsin əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın surətindən görünür ki, diaqnoz əlillik əlaməti təyin etmədiyi səbəbi ilə imtina barədə qərar qəbul edilmişdir.
34. İnzibati orqanın imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliklərin və əlilliyinin xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 30 noyabr 2005-ci il tarixli 4139 nömrəli rəy verilmiş, həmin rəydə “Bronxial astma, qarışıq forma, tez-tez residiv verən boğulma tutmaları ilə tənəffüz çatışmazlığı, anemiya, pielonefrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar alınmışdır” kimi müəyyənləşdirilmiş, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri nəfəsalmanın çətinləşməsindən, axşam yatanda tənginəfəslikdən, yol yeriyə bilməməkdən ibarət olması, əyani müayinədə huşu aydın, dərisi təmiz, tənəffüsü sərbəst olması, auskultasiyada vezikulyar tənəffüs eşidilməsi, saturasiyası 96, nəbzi 93, ürək tonlarının aydın olması, Skleraları normal fizioloji olması qeyd edilmiş, anamnestik məlumatlara, əyani müayinənin nəticələrinə və ETACXİ-nin 17 iyun 2021-ci il tarixli rəyinə (diaqnoz:bronxial astma qarışıq forma, hissəvi nəzarət olunan mötədil ventilyasiya pozğunluğu) əsasən xəstəliyin ağırlaşması əlillik təyininə əsas vermədiyi bildirilmişdir.
35. Məhkəmə araşdırılmasına təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 0495003AALEW nömrəli göndərişində (Forma 88) qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021; xx.xx.2021; xx.xx.2021; xx.xx.2021 tarixlərində müraciəti olmuş XBT10 kodu J45.8 qeyd edilmiş, diaqnoz olaraq qarışıq astma bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan. Mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobil AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4112 saylı 24 06.2005-ci il tarixli ekspert rəyində qeyd edilmişdir.
36. Apellyasiya icraatı zamanı təqdim edilən T 469/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, birliyə təqdim edilmiş iş materiallarında 0495003AAK17 saylı göndəriş olmadığından qərardadda həmin göndərişlə əlaqədar qoyulmuş sualların həlli mümkün olmadı. Lakin, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 0495003AALEW nömrəli göndərişlərində (Forma 88) qeyd edilən “J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan , mötədil ventilyasiya pozğunluğu. TÇ 2-ci dərəcə, xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır. Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobil AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 4112 nömrəli 24 iyun 2005-ci il tarixli ekspert rəyi ilə təsdiqlənib. Ağırlaşma: J96.1 xroniki respirator çatışmazlıq TÇ 2-ci dərəcə diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı düçar olduğu əsas xəstəlik və onun ağırlaşmaları ilə əlaqədar hazırda onun reabilitasiya müalicəyə ehtiyacı yoxdur. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert komissiaysının səlahiyyətinə aiddir.
37. Göründüyü kimi şəxsin əlilliyinə əsas olmuş xəstəlik J45.8 Qarışıq astma, Beronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan , mötədil ventilyasiya pozğunluğu xəstəlik atasının Çernobi AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanması ilə əlaqədardır və sonradan müalicə və reabilitasiyaya cəlb edilməklə xəstəliyin əlamətləri aradan qalxmır.
38. Qeyd edilən xəstəlik (kod indeks J45) 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.10-cu bəndində qeyd edilmişdir. 39.İddiaçının tələbinin tərkib hissəsi olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına qiymət verərkən kollegiya qeyd edir ki, qeyd olunan Əsasnamənin 4.2-ci bəndində əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
40. Hazırki halda İddiaçı 1996-cı il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmiş, 23 fevral 2016-cı il tarixdə isə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmiş növbəti qiymətləndirlmə tarixi 2021-ci il müəyyən edilmiş, bundan sonra sonuncunun əlilliyi qiymətləndirilərkən əlavə müalicəyə ehtiyacın olunması səbəbindən imtina edilmişdir.
41. Göründüyü kimi iddiaçıya ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 ildən artıq müddətə təyin edilməmiş, bu səbəbdən də tətbiq edilən normanın tələblərinə uyğun olaraq ona müddətsiz əlillik dərəcəsinin təyin edilməsi istisna edilir.
42. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
43. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçıya 03 mart 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2015/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı 03 mart 2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov