Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-287/2025 24.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-126/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti 0232003AAYQF nömrəli göndərişə əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr,Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2015-ci il tarixli 919 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı «Sağ tərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi», xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və xəstəlik - diaqnoz: «Qapalı kəllə beyin travması» və xx.xx.1993-cü ildən xx.xx.2023-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: Keçiribmiş kəskin sistitin qalıq əlamətləri» (Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 2126 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 128 nömrəli arayışı, Qədirli adına Hövzə klinik xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xx.xx.2015-ci il tarixli 6616 nömrəli və xx.xx.2015-ci il tarixli 9769 nömrəli arayışdan, hərbi biletdən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir), «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır» kimi müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi (keçmiş Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə Səfərbərliklə əlaqədar ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmış və döyüş əməliyyatlarına bilavasitə iştirak edən hərbi hissə olan Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə göndərilmişdir. Həmin hərbi hissənin hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması səbəbi ilə ağır travma almış, buna görə müxtəlif hospital və tibb müəssisələrində müalicələr alsa da sağlamlıq vəziyyəti ağırlaşdığına görə Bakı şəhərindəki Qədirli adına X2 göndərilmiş, orada xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək “Sağtərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi” diaqnozu ilə stasionar müalicə almış, müalicəsi başa çatandan sonra hərbi hissəyə qayıtmışdır. N №-li hərbi hissənin tərkibində yenidən döyüşlərdə iştirak edərkən bu dəfə xx.xx.1993-cü ildə yenidən mərmi partlamasından aldığı travmalar səbəbli əvvəlcə xx.xx.1993-cü ildən xx.xx.1991-cü il tarixədək (1 ay) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “Qapalı kəllə beyin travması” diaqnozu ilə və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “Keçirilmiş kəskin sistitin qalıq əlamətləri” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Müayinə və müalicələrinə baxmayaraq sağlamlığı bərpa olunmamış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2015-ci il tarixli qərarı ilə yuxarıda göstərilən diaqnozları əsasında barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” nəticəsinə gəlmiş və Bərdə Rayon Xəstəxanasının göndərişi əsasında cavabdehin Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2016-cı il tarixli qərarı ilə ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Komissiyanın həmin qərarı ilə əlilliyi 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək təyin edilmiş və hərbi əlil hesab edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mərmi partlayışından sonra keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalapatiya. Qeyd edilən əlillik müddətinin bitməsindən sonra (xx.xx.2021-ci il tarixdən sonra) Bərdə Rayon Mərkəzi Xəstəxanasının HMK-nın xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli göndərişi əsasında əlillik vəziyyəti cavabdehin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən sənədlər əsasında qiymətləndirilmiş, guya əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi formal olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını və s. məsələləri yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-126/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. İş materialları ilə iddiaçının 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 126/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspertiza təyin etməmiş, işi yetərincə araşdırmayaraq, ümumi normalara istinad etmişdir. Şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Baş beyinin bioelektrik aktivliyinin dezorqanizsiyası, beta ritmin dominantlığı hesabına, desinxron tip EEQ. Funksional sınaqlar zamanı dəyişiklik olmadı. Regional asimmetriya yoxdur. Epileptiform aktivlik aşkar edilmədi" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024cü il tarixli oftalmoloq müayinəsinin nəticəsi "OD-Epiretinal membran OU-Başlanğıc katarakta Zəif dərəcəli qarışıq astigmatizm. VİS OD= 0,08 VİS OS=0,9-1.0" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini zəruri hesab etdiyini bildirmişdir. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə: 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçının tələbi cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr, Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. X3 Məhkəməsinin xx.xx.2024-cü il tarixli aralıq qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 1 ay müddətində qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnozlar: Əsas diaqnoz – Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya; Ağırlaşma – F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Psixopatabənzər davranışlar.; Ağırlaşma – G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom.; Ağırlaşma – G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə); Ağırlaşma – F07.0 - Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu.; Yanaşı xəstəlik – F48 - Digər neqativ pozğunluqlar, Qabarıq asteno nevrotik sindrom.” kimi müəyyən edilmişdir. Belə ki, forma 88-də əsas və ağırlaşmış diaqnozlar sırasında “G40.0 – Fokal başlanğıclı qıcolma tutmaları ilə müşayiət olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə)” göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.11-ci bəndinə əsasən “epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” diaqnozu olduğu hallarda şəxsə ikinci dərəcə əlillik təyin edilir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin müvafiq bəndinə tam uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası iddiaçının xəstəliyinin səbəb əlaqəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2015-ci il tarixli 919 nömrəli qərarından görünür ki, İddiaçı aldığı «Sağ tərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi», xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və xəstəlik - diaqnoz: «Qapalı kəllə beyin travması» və xx.xx.1993-cü ildən xx.xx.2023-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: Keçiribmiş kəskin sistitin qalıq əlamətləri» diaqnozlarının səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilindən biri ondan ibarətdir ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uyğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Odur ki, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcə əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-126/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-287/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-287/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver