Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-288/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “adının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2823/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-25-22/2-G-1084-23/24 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə’’ 28 dekabr 2011 -ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 15 noyabr 1476 nömrəli Fərmanının 4-cü maddəsinin 3-2.3-cü bəndində məhkumluğun olduğu müddət, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Toplanmış sənədlərə əlavə edilmiş hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqəsindən onun, 10.01,2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müddətli həqiqi hərbi xidmət; xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək; xx.xx.2013-xx.xx.2021 - ci il tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçməyi müəyyən olunmuş və Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddətinin təqvim ili ilə ümumi 20 (iyirmi ) il 06 (altı) ay 19 (on doqquz) gün təşkil edir. Həmçinin onun, Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 -ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Beləliklə Azərbaycan Ordusu sıralarında təqvim ili ilə ümumi 20 (iyirmi) il 06 (altı) ay 19 (on doqquz) gün hərbi xidmət müddətinizdən, məhkumluq müddətini 02 (iki) il 05 (beş) ay çıxdıqda təqvimlə qüsursuz hərbi xidmət müddətiniz 18 (on səkkiz) il 01 (bir) ay 19 (on doqquz) gün təşkil edir. Bu səbəbdən adınızın mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi sözügedən Fərmanın tələblərinə uyğun deyil.
İşdə olan sənədlər:
2. Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 1(095)-180/2013 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2013-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri öz qüvvəsində saxlanılması hökm edilmişdir.
3. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1-1(095)-180/2013 nömrəli hökmündən apellyasiya protesti verilməmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Qüsursuz Xidmətə görə” 3cü dərəcəli medal ilə təltif olunmuşdur.
5. 11 may 2019-cu il tarixində baş gizir Günəşov X1 bölmələri ilə keçirilən Dağ hazırlığı üzrə toplanış müddətində xidmətdə fərqləndiyinə görə təltif olunmuşdur.
6. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2019-ci il tarixli əmri ilə “Qüsursuz Xidmətə görə” 2ci dərəcəli medal ilə təltif olunmuşdur.
7. 26 iyun 2019-cu il tarixində baş gizir İddiaçı “26 iyun Silahlı Qüvvələr Günü” münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında ələdə etdiyi nəaliyyətlərə görə təltif olunmuşdur.
8. 16 noyabr 2019-cu il tarixində gizir İddiaçı Hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nəaliyyətlərə görə təltif olunmuşdur.
9. 31 dekabr 2019-cu il tarixində baş gizir İddiaçı “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı” münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur.
10. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışməlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə, baş gizir rütbəsində, təminat taqımının komandiri vəzifəsində xidmət keçmiş, xx.xx.2002-ci il tarixli, 197 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş və xx.xx.2021-ci il tarixli, N nömrəli əmrlə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, 281 nömrəli əmrlə N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0100 nömrəli əmri ilə düşmənin təxribatkəşfiyyat qruplarının törədə biləcəyi fəaliyyətlərinin qarşısının alınması məqsədi ilə döyüş tapşırıqlarını yerinə yetirmiş, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü, Kəlbəcər rayonu (Murovdağ silsiləsi) uğrunda yüks. 3172.7 (6083), yüks 3043.2 (2985), yüks. 2513.2 (6292), yüks. 3125.0 (6295) mövqelərində döyüş əməliyyatlarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təminat işləri ilə əlaqədar olaraq döyüş tapşırığının icrasında bilavasitə iştirak edib, Kəlbəcər rayonu Murovdağ silsiləsi ərazisinə ezamiyyət vərəqəsi əsasında ezam olunub, xəsarət almayıb, xx.xx.2021-ci il tarixli, 317 nömrəli əmrlə ehtiyyata buraxılıb və Şabran rayonu SHXÇDX bölməsinə göndərilib.
11. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 15 noyabr 1476 nömrəli Fərmanının 4-cü maddəsinin 3-2.3-cü bəndində məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. İddiaçı Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, **********924 nömrəli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.2000-xx.xx.2001; xx.xx.2002-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir, rütbəsi baş gizir olmuş, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.
13. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, **********924 nömrəli Vətəndaşın hərbi qeydiyyatda olmasına dair elektron arayışa əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsində hərbi qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun adının dövlət vəsaiti hesabıına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 177, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2002-ci ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə baş gizir rütbəsində xidmət etmiş və Silahlı Qüvvələrdən xidmət müddətim başa çatdığına görə ehtiyata buraxılaraq hərbi qulluqçu kimi pensiyaya çıxmışdır. Vətən Müharibəsində N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayon Murovdağ istiqamətində döyüşlərdə iştirak etmiş, xidmət müddətində bir çox orden və fərxri fərmanlarla təltif edilmişdir. N nömrəli hərbi hissədə xidmətdə olarkən Gəncə Hərbi Məhkəməsinin 1(095)-180/2013 nömrəli xx.xx.2013-cü il tarixli hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sonra xidmətini xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə davam etdirmişdir. Bir çox tarixlərdə Müdafiə Nazirliyinə hərbi qulluqçuların dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməyi üçün müraciət etmiş, onun xidmət illəri hesablanan zaman xidmət müddəti az olmuşdur. Lakin Müdafiə Nazirliyinin bu qaydada xidmət illərinin hesablanması ilə razı deyildir, belə ki, onun xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 177, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti 1 il, 6 ay, 18 gün və xx.xx.2002-ci ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə xidmət müddəti N il, 9 ay etmişdir ki, cəmi 21 il, 3 ay, 18 gün etmişdir. 21 il, 3 ay, 18 gün il hərbi xidmət müddətindən 8 ay, 20 gün hərbi xidmətdə olmamağı, yəni 5 ay cəza müddəti çıxıldıqdan sonra digər 20 ildən çox xidmət müddəti nəzərə alınmaqla onun adının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi məqsədə uyğun hesab edilməli idi. Lakin onun müraciətinə müsbət cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
16. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli etirazın məzmunu xx.xx.2024-cü il tarixli, 3-25-22/2-G-1084-23/24 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2823/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Şəxsin hərbi xidmət dövründə cinayət törətməsi və həmin cinayət əməlinə görə məhkum olunması, sonradan məhkumluğun ödənilməsi iddiaçının qüsursuz xidmət etməsi kimi qiymətləndirilə bilməz. Məhkumluğun ödənilməsi, məhkumluqla bağlı hüquqi nəticələri ləğv etsə də, həmin dövrün, Fərmanın 3-2.3.-ci bəndinə əsasən şəxsin qüsursuz hərbi xidmət dövrünə aid edilməməsi konkret olaraq tənzimlənmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2823/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 20 ildən artıq xidmət müddəti vardır və qüsursuz xidmətə görə müxtəlif medallarla təltif olunmuşdur. Buna baxmayaraq inzibati orqan heç bir əsas olmadan tələbini təmin etməkdən imtina etmişdir.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyası:
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. 338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir):
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ümumilikdə 20 ildən artıq qüsursuz hərbi xidmətdə olduğunu bildirərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədilə mənzil növbəsinə alınmasını tələb etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
30. Cavabdeh orqanın imtina dəlilləri ondan ibarətdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddətinin təqvim ili ilə ümumi 20 (iyirmi ) il 06 (altı) ay 19 (on doqquz) gün təşkil edir. Həmçinin onun, Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Beləliklə Azərbaycan Ordusu sıralarında təqvim ili ilə ümumi 20 (iyirmi) il 06 (altı) ay 19 (on doqquz) gün hərbi xidmət müddətindən, məhkumluq müddətini 02 (iki) il 05 (beş) ay çıxdıqda təqvimlə qüsursuz hərbi xidmət müddəti 18 (on səkkiz) il 01 (bir) ay 19 (on doqquz) gün təşkil edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün 3 şərt - 1) Azərbaycan Ordusunda xidmət etməsi; 2) 20 təqvim ili və daha çox xidmət etməsi; 3) qüsursuz xidmət etməsi nəzərdə tutulmuşdur.
32. İddiaçının Azərbaycan Ordusunda xidmət etməsi işin mübahisəsiz halıdır. İnzibati orqan tərəfindən digər, iddiaçının xidmət illəri və qüsursuz xidmət etməsi mübahisələndirilmişdir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi bilet və digər sənədlər ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək və xx.xx.2013-xx.xx.2021-ci il tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçmiş, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmış və hərbi uçota durmaq üçün xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə göndərilmişdir. Belə olan halda, iddiaçının xidmət illəri (xx.xx.2000-xx.xx.2001, xx.xx.2002-xx.xx.2013 və xx.xx.2013-xx.xx.2021-ci il) ümumilikdə 20 il 6 ay 19 gün təşkil etmişdir.
34. Məhkəmə kollegiyası xidmət illərinin qüsursuz olması ilə bağlı qeyd edir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir. Həmin əlavələrə əsasən, aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: - hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; - məhkumluğun olduğu müddət.
35. Hazırki iş üzrə iddiaçı məhz hərbi xidmətlə bağlı məhkum olunduğundan həmin müddət qüsursuz xidmət illərinə daxil edilə bilməz. “Qüsursuz xidmət müddəti” anlayışı 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.
36. Məhkəmə kollegiysıa hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.
37. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.
38. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3- 2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir.
39. İş materiallarına əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 1(095)-180/2013 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2013-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri öz qüvvəsində saxlanılması hökm edilmişdir. Hökm qüvvəyə minmiş, iddiaçı tərəfindən cəza çəkilmiş, məhkumluq ödənilmişdir.
40. Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 1(095)-180/2013 nömrəli hökmü ilə iddiaçıya təyin edilmiş 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 mart 2013-cü il tarixdən hesablanmış, təyin edilmiş cəza 05 avqust 2013-cü il tarixində çəkilib qurtarmış, məhkumluq isə 05 avqust 2015-ci il tarixində ödənilmişdir.
41. İddiaçının hökmlə törətməsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
42. Beləliklə iddiaçının məhkumluq müddəti 2 il 5 ay olmuş, ümumi hərbi xidmət müddətindən məhkumluq müddəti çıxıldıqda “qüsursuz xidmət” müddəti 20 təqvim ilindən az təşkil etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2823/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov