Məhkəmə qərarları › İş №2-1(104)-29/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-29/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-29/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2595/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 95.45 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir.

2. A № 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir.

3. A № 339095 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 622.32 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir.

4. Qazax Rayon İcra Hakimiyyəti başçısının 2/25 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" X1 Cəmiyyətin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubda qeyd edilmişdir ki, Qazax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları mövcuddur. Ailə tərkibi 5 (beş) nəfər, qanuni həyətyanı torpaq sahəsi 0.08 hektar kimi qeyd edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022- ci il tarixli, **********54 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********4910301 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.055 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. 12.09.2013-cü il tarixli, 294 nömrəli arxiv arayışdan görünür ki, İddiaçı Qazax rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 13 saylı protokoluna əsasən fərdi yaşayış evi tikdirmək üçün Qazax şəhərinin ərazisində 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir.

9. 13.09.2013-cü il tarixli, 299 nömrəli arxiv arayışdan görünür ki, Qazax rayon X2 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli, 33 saylı protokoluna əsasən Fərrux Qayıbov küçəsi 2 nömrəli evdə yaşayan İddiaçı həyətyanı torpaq sahəsinə bitişik, başqa məqsədlər üçün istifadə edilməsi mümkün olmayan 0.015 bha torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə əlavə edilməklə istifadəsinə verilməsi və həyətyanı torpaq sahəsinə əlavə edilərək istifadəsionə verilməsi və həyətyanı torpaq sahəsinin 0.055 ha ölçüdə qeydə alınması qeyd edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, 2-1(104)-29/2024 nömrəli məhkəmə qərardadı əsasında əldə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3130 nömrəli ekspert rəyində və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-1418/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1). Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə İddiaçınün mülkiyyətinə verilmiş 82.39 kv.m torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədinin xəritədə yerləşdiyi coğrafi mövqeyinə əsasən) onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. İddia olunan və göstərilən 95.45. kv.m torpaq sahəsinə aid hüquqmüəyyənedici sənəd olmadığı üçün sualı cavablandırmaq mümkün olmadı. 2). Qazax şəhəri, F.Qayıbov küçəsində yerləşən İddiaçı istifadəsində olan 82.39 kv.m torpaq sahəsi xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqlarına aiddir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilməmişdir. 95.45 kv.m kimi təqdim olunan və göstərilən torpaq sahəsi isə yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilmişdir. 3). Qazax şəhəri, F.Qayıbov küçəsi 2 saylı ərazidə yerləşən 95.45 kv.m və 82.39 kv.m torpaq sahələrindən qaz, yüksək gərginlikli elektrik və və su xəttləri keçmir. (95.45 kv.m kimi göstərilən torpaq sahəsində su xətti müşahidə olundu. Lakin iddiaçı həmin xəttin ləğv edildiyini bildirdi). İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax şəhəri, F.Qayıbov küçəsində mülkiyyətinə verilmiş 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehə Qazax şəhəri, F.Qayıbov küçəsində mülkiyyətinə verilmiş 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə müraciət etmiş, lakin “sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir” səbəbindən müraciəti təmin edilməmişdir. Halbuki hər iki müraciətə rəsmi sənədlər əlavə edilmişdir. Belə ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı mövcuddur və həmin sərəncam Qazax şəhəri üzrə həyətyanı sahələrin özəlləşdirilməsi barədədir. Sərəncam Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanıların, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının istifadəsindəki bağların torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsaslanır. Sərəncamın 1-ci bəndində qeyd olunur ki, “Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilsin”. Qeyd edilən sərəncamla qanuni istifadəsində olan Qazax şəhəri, F.Qayıbov küçəsində yerləşən 0.0095 ha və 0.0082 ha torpaq sahələri mülkiyyətinə verilmişdir. Hər iki torpaq sahəsinə görə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq Sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq kadastrı kitabında uçota alınmışdır.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ilə əvəz edilmişdir

14. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona Rayon İcra Hakimiyyətinin eyni sərəncamı ilə verilmiş 622.32 kv.m torpaq sahəsi qeydə alınmış, hazırki plan və ölçü də həmin sərəncamın əsasında verilməsinə baxmayaraq imtina edilmişdir. Bundan əlavə cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi ona və ailə üzvlərinə 0.08 ha torpaq sahəsi verilmiş və RİHnin sərəncamı ilə həmin 95.45 kv.m, 82.39 kv.m və 622.32 kv.m sahələrin mülkiyyətə verilməsi qərara alınmışdır. Həmin sahələr bitişikdir və cəmi 0.08 ha-dır. Qazax şəhərində heç bir sakinə torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməmişdir, ona görə də islahat zamanı sakinlərə ayrılmış torpaq payları RİH-nin sərəncamı ilə rəsmiləşdirilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən iddiaya etiraz verilmiş və göstərilmişdir ki, Qazax şəhərində yerləşən 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından, hüquqların dölət reyestrində qeydə alınmasından imtina edilmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin 2001-ci ildən sonra torpaq ayırmaq səlahiyyəti olmamışdır, ona görə də iddiaçının təqdim etdiyi plan və ölçü sənədi hüquqmüəyyənedici sənəd hesab edilməmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2022-ci il tarixli, 2- 1(114)-2595/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 95.45 kv.m və A № 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

18. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçıya dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011- ci il tarixli, 2/25 saylı sərəncamı ilə ayrılmamış, sahə islahatın subyekti kimi ayrılmış, lakin müvafiq şəhadətnamə təqdim edilmədiyindən Qazax Rayon İcra Hakimiyyəti məsələni bütün sakinlərə münasibətdə qeyd olunan sərəncamla tənzimləmişdir

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2595/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən edilmişdir ki, ilkin torpaqayırma sənədləri təqdim edilməmişdir. Torpaq sahəsinin plan və ölçü sənədlərində Qazax rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə torpaq sahəsinin ayrılması qeyd edilməsi nəzərdə tutulsa da, sözügedən sərəncamın özündə torpaq sahəsinin ayrılması nəzərədə tutulamış və eyni zamanda torpaq sahəsinin ayrılması nəzərdə tutulsa belə həmin dövürdə İcra Hakimiyyətinin torpaq sahəsini ayırması səlahiyyəti olmamışdır. Həmçinin inzibati orqan torpaq sahəsinin qeydiyyatın aparılmasından konkret imtina etməmiş, torpaq sahəsinin qeydiyyatın aparılması barədə ilkin torpaqayırma sənədləri təqdim edildikdən sonra dövlət reyestrində qeydiyyatın aparılmasına baxıla bilməsi barədə izah verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, A 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

24. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

Tətbiq edilən hüquq normaları

25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

29. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

33. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

34. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

35. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

36. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

37. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

39. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

43. İş materialları ilə müəyyən olunur ki, cavabdehə Qazax şəhəri, F.Qayıbov küçəsində mülkiyyətinə verilmiş 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavadeh inziabti orqana müraciət etmiş, lakin cavabdeh sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası torpaq sahəsi üzərində icra hakimiyyətinin sərəncam vermək hüququnun olmaması ilə bağlı qeyd edir ki, Qazax Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya yeni torpaq sahəsi deyil, onun və ümumən Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir.

46. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş A 339096 nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi”ndən görünür ki, Qazax şəhəri ərazisində 82.39 kv.m həyətyanı torpaq sahəsi X3 kitabında xx.xx.2011-ci il tarixdə 03/395 nömrə ilə uçota alınaraq İddiaçı istifadəsinə verilmişdir.

47. Məhkəmə kollegiyası cavabdehin mübahisəli torpaq sahəsinin qeydiyyatın aparılmasından imtinasının əsası kimi qeyd etdiyi hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında yer almış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədləri hüquqmüəyyənedici sənədlər olmaqla şəxsin mülkiyyətinin qeydiyyatının aparılmasına hüquq yaradır.

48. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluş haqqında“ Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına həmçinin torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ ilə bağlı məlumatlar daxildir, eləcə də dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

49. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 2-1(104)-29/2024 nömrəli məhkəmə qərardadı əsasında alınmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3130 nömrəli ekspert rəyindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-40/2-1418/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı ilə İddiaçı mülkiyyətinə verilmiş 82.39 kv.m torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədinin xəritədə yerləşdiyi coğrafi mövqeyinə əsasən) onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. İddia olunan və göstərilən 95.45 kv.m torpaq sahəsinə aid hüquqmüəyyənedici sənəd olmadığı üçün sualı cavablandırmaq mümkün olmamışdır. Həmçinin Qazax şəhəri, F.Qayıbov küçəsində yerləşən İddiaçı istifadəsində olan 82.39 kv.m torpaq sahəsi xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqlarına aiddir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilməmişdir. 95.45 kv.m kimi təqdim olunan və göstərilən torpaq sahəsi isə yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilmişdir. Mütəxəssis rəyindən görünür ki, Qazax şəhəri, F.Qayıbov küçəsi 2 saylı ərazidə yerləşən 95.45 kv.m və 82.39 kv.m torpaq sahələrindən qaz, yüksək gərginlikli elektrik, su və s. xətlərinin keçmədiyi müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert və mütəxəssis rəyləri əsasında müəyyən edilmişdir ki, İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iddia etdiyi 82.39 kv m həyətyanı torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmaqla digər şəxslərin hüquqları ilə yüklü edilməmişdir. İddia olunan və göstərilən 95.45 kv.m kimi torpaq sahəsi isə yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilməklə, bu şəxslərə hüquqmüəyyənedici sənədlər verilmişdir.

51. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mübahisələndirdiyi 82.39 kv.m və 95.45 kv.m həyətyanı torpaq sahələrinə çıxarışın verilməsinə dair iddia tələbinin yalnız 82.39 kv.m torpaq sahəsinə aid hissəsində hüquqlarının qeydə alınmasını xahiş edərək, 95.45 kv.m torpaq sahəsi ilə bağlı digər şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərlə bağlı inzibati məhkəmədə müstəqil iddia qaldıracağını bildirmişdir.

52. Məhkəmə kollegiyası iş materiallarında olan ekspert və mütəxəssis rəylərinə hüquqi qiymət verərək, iddiaçının iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, 82.39 kv m torpaq sahəsinə dair hüquqların qeydə alınması hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslıdır.

53. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2595/2022 saylı qərarı qismən, yəni “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 95.45 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2595/2022 saylı qərarı, A № 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar