Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-290/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 25/219 saylı məktubundan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kənd sakini İddiaçı həqiqətən 1990cı ilin oktyabr ayından 1991-ci il oktyabr ayının 9-dək Tovuz rayonu Əlibəyli və Hacallı kəndlərində təşkil edilmiş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir (Əsas: Tovuz RİH yanında "müharibə veteranı adının verilməsi məsələləri komissiyası" nın 14 iyun 2001-ci il tarixli qərarı).
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.1991-ci il tarixli 910 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən "Boz Qurd" könüllülər dəstəsində Tovuz rayonunun sərhədini erməni döyüşçülərindən qorumaq üçün gedən döyüşlərdə iştirak etmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, Q/4201 saylı məktubuna əsasən iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsi ilə bağlı müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4802/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildən könüllü olaraq erməni qəsbkarlarına qarşı Tovuz rayon Hacalı və Əlibəyli kəndlərində aparılan döyüşlərdə iştirak etmiş, 1991-ci ildə ali təhsil aldığına görə xidmətdən tərxis edilmiş, lakin bu günədək “müharibə veteranı” adı ala bilməmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə həvalə edilmişdir. 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.1991-ci il tarixli 910 nömrəli arayışı ilə iddiaçının "Boz Qurd" könüllülər dəstəsində Tovuz rayonunun sərhədini erməni döyüşçülərindən qorumaq üçün gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapır. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. 8.Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd olunan qanunvericilik aktında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin adı qeyd olunmamışdır. Yəni, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən səxsə "müharibə veteranı adı və vəsiqəsi" verilməsi onun səlahiyyətləri çərçivəsində deyildir. "İnzibati orqanların təsnifatı"nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli, 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarım bəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. 10.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 11.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qərar ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (qərarın 2.3 və 8.6. bəndiləri). 13.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir. 14.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. 15.Bundan sonra, məhkəmə xx.xx.2022-ci il tarixli, 2-1(104)1043/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi ilə əvəz etmişdir. 16.Sözügedən xx.xx.2022-ci il tarixli qərardadın mətnindən və eyni zamanda həmin tarixə dair iclas protokolundan görünür ki, iddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair şifahi razılıq bildirmişdir. 17.Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 18.Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 19.Göründüyü kimi iş üzrə birinci instansiya məhkəməsi cavabdehin əvəz edilməsinə dair qərardad qəbul edərkən yuxarıda qeyd olunan normanın tələbinə riayət etməmiş, iddiaçının yazılı razılığı iş materiallarına əlavə edilməmişdir. 20.Məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə xx.xx.2022-ci il tarixli qərardadla cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi ilə əvəz edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanunauyğun deyildir və düzgün olmayan cavabdehə qarşı yönələn iddia üzrə yekun nəticəyə gəlinmişdir. 21.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 22.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatın 4.2, 4.3 və 4.5-ci bəndlərində təsbit edilmişdir ki, vəsiqələrin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkili müvafiq olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəislərinə həvalə edilir. Vəsiqə almaq üçün müraciət etmiş şəxslərin ərizələri əsasında onların qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən digər sənədləri toplanır. Adlı siyahılar, ərizə və veteran adı almaq üçün əsas verən sənədlərin təsdiq olunmuş surətləri baxılmasıüçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim edilir. 23.Göründüyü kimi qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. 24.İş materiallarında olan inzibati orqana müraciət məktubundan məlum olur ki, iddiaçı tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmuş, məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli ərizədə də cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunması xahiş edilmişdir. 25.Lakin məhkəmə MPM-in 54.1-ci maddəsinə əsasən iddiaçının yazılı razılığı olmadan və gəldiyi nəticəni əsaslandırmadan cavabdehi düzgün olmayan cavabdehlə əvəz etmişdir. 26.“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 27.Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. 28.Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. 29.Belə ki, apellyasiya icraatı zamanı cavabehin dəyişdirilməsi proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. 30.Hazırki halda cavabdehin əsl cavabdehlə əvəzlənməsi əsl cavabdehin birinci instansiya üzrə məhkəmə müdafiə hüquqnun pozulmasını səbəb olacağından bu cür əvəzlənmənin həyata keçirilməsi qanunamüvafiq hesab edilə bilməz. 31.Odur ki, işə yenidən baxılan zaman qeyd olunan xüsusatlar iddiaçının diqqətinə çatdırılmaqla İPM-in 13-cü maddəsinə əsasən real yardım edilməklə düzgün cavabdehə qarşı işə baxılmaladır. 32.Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1043/2022 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov