Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-290/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-35/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. TSEK arayışlarından görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.1999-cu il tarixdə 1 il müddətinə, daha sonra xx.xx.2001-ci il tarixdə 1 il müddətinə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar səbəbli əlaqəsi ilə xx.xx.2002-ci il tarixdə 1 il müddətinə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. X9-Sosial Ekspert Komissiyasının SER TSE-01№451191 nömrəli,xx.xx.2008-ci il tarixli müayinə aktı ilə iddiaçıya hərbi əməliyyatlar keçirilən zona ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1695 nömrəli qərarı ilə “odlu mərmi partlamasından sonrakı sol təpə-gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə nahiyyəsində bir ədəd, sağ əl pəncəsinin ovuc səthində, əl daraqlarının distal ucları səviyyəsində köndələn istiqamətdə yerləşmiş bir ədəd, sol əlin 4cü barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 26 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 191 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli k/460 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi təsdiq olunmuşdur.
4. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında iddiaçı “G40 Epilepsiya” diaqnozu ilə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə müalicə almışdır. Həmin xəstəxana tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli göndəriş əsasında iddiaçıya diaqnoz aşağıdakı kimi qoyulmuşdur: Əsas diaqnoz: Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Xəstə Azərbaycan Respublikasının Müdafiəsi zamanı odlu mərmi partlamasından sonrakı sol təpə-gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə nahiyyəsində bir ədəd, sağ əl pəncənin ovuc təthində, əl daraqlarının distal ucları səviyyəsində köndələn istiqar yerləşmiş bir ədəd, sol əlin 4-cü barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin on səthində bir ədəd köhnə çapıq toxumaları müşahidə olunur; Ağırlaşma: S06.2 - Baş beynin diffuz travması, QKBT-nın davamlı qalıq əlamətləri; Ağırlaşma: G40 - Epilepsiya, Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-9 dəfə) Ağırlaşma: M24.5 - Oynaqların kontrakturası, Sağ əl daraqlarının travması nəticəsində barmaqların kontrakturası, sol əlin 4-cü barmağının postravmatik konrakturası. Ağırlaşma: F06.6 - Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Ağırlaşma: G93.1 - Baş beynin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi, Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə; Ağırlaşma S06.0 - Baş beynin silkələnməsi; Yanaşı xəstəliklər: H52.4 – Presbiopiya, OU- Presbiopiya, VOU=0,7 k/etmir; Yanaşı xəstəliklər: J31.0 - Xroniki rinit, Yanaşı xəstəliklər: G90.8 - Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD-qarışıq tipli Yanaşı xəstəliklər: İ25.6 - Miokardın simptomsuz işemiyası, Yanaşı xəstəliklər: K26 - Onikibarmaq bağırsağın xorası Yanaşı xəstəliklər: K29.3 - Xroniki səthi qastrit Yanaşı xəstəliklər: K86.1 - Digər xroniki pankreatitlər, Xr.pankreatit.
5. . xx.xx.2017-ci il tarixli qiymətləndirmə zamanı iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2022ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.
6. DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 49-0131 nömrəli qərarı ilə iddiaçıya ikinci qrup müharibə əlilli kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 143 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Daha sonra həmin təqaüdün məbləği DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin 17 nömrəli sərəncamı ilə 158 manat, 18 saylı regional filialının sərəncamı ilə xx.xx.2019-cu il tarixdə 230 manat, xx.xx.2021-ci il tarixdən 350 manat miqdarında müəyyən edilmişdir.
7. Keçmiş Gəncə-Nizami rayon şöbəsində istifadə olunan FOX PRO proqramındakı məlumata əsasən iddiaçıya İİ dərəcə əlilliyə görə xx.xx.1998-ci ildən xx.xx.2018-ci ilədək əmək pensiyası ödənilmişdir. (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin GəncəDaşkəsən regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-128995/2023 nömrəli arayışına əsasən).
8. DSMF Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17- 1/1-R-53579/2023 nömrəli qərarı ilə iddiaçıya müharibə veteranı kimi xx.xx.2022-ci il tarixdən Prezident təqaüdü təyin edilmişdir.
9. X6 tərəfindən B00070714JİD nömrəli göndərişdə iddiaçının müayinə nəticəsi qeyd edilmişdir: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu - Zahirən narahat və gərgindir. Maraq dairəsi daralıb. Bir yerdə qərar tuta bilmir. Əhval ruhiyyəsi enikdir. Özünə qapanır, tək qalmaq istədiyini bildirir. Suallara əsəbi və qısa cavablar verir. Konfliktlərə meyillidir. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Hər xırda qıcıqlara güclü reaksiyalar verir. Emosional reaksiyaları adekvat deyil. Yuxusu və yaddaşı pozulub. Vaxtını səmərəli keçirmir. Verilən tapşırıqları cətinliklə yerinə yetirir. Olmuş hadisələri xroniki qaydada danışa bilmir. Təfəkkürü ləng tiplidir. Özünə qəsd fikirlərini həyata keçirməyə cəhd edir. Döyüş zonasında aldığı travma ilə əlaqədar olaraq ayda 8-10 dəfə qıcolma tutmaları keçirir. Tutma zamanı gözlərinin işığa reaksiyası itir, huşunu itirir, hara gəldi yıxlır, aşağı ətraflarda tonik-klonik tutmalar baş verir. tumanın gedişi 4-5 dəqiqə çəkir. Tutmadan sonra xəstə halsız və süst qalır. Və bir necə dəfə yerini islatması söylənilir. Şəxsiyyətində dəyişikliklər var. Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəlik kimi G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə).
10. xx.xx.2023-cü il tarixinli qiymətləndirmə ilə 1994-2019-cu illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmadığından natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır (cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-14780/2024 nömrəli məktubuna əsasən).
11. Gəncə şəhər X4 Psixiatr Komissiyasının xx.xx.2025-ci il tarixli, 314/25 nömrəli rəyindən görünür ki, İddiaçı Gəncə şəhər X1 Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxlərin registrinə salınmış və tibbi təy verilmişdir. Diaqnoz “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixində Azərbaycan Respublikası, Xocalı rayonunda anadan olmuşdur. xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətli, xx.xx.2008-ci ildən xx.xx.2017-ci ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2017-ci ildə ona Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə əlillik müddəti bitdikdən sonra pensiyası dayanmışdır. Lakin cavabdehin bu mövqeyi ilə razı deyildir. Belə ki, ona 18 ildən sonra, yəni xx.xx.2017ci ildə müddətsiz əlillik təyini dayandırılmışdır. xx.xx.2008-ci il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmağı belə bərpa edilməmişdir. Hesab edir ki, cavabdeh orqanın ona əlillik təyinini xx.xx.2008-ci il tarixdən bərpa etməməsi əsassız və qanunsuzdur.
14. İddiaçı ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
15. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməsi xahiş edilmişdir. Vətəndaşın Əlillik AS-də forma 88, sms-bildirişi mövcud olmadığından şüphəli əsaslar gətirilərək X5 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 35/2025 saylı qərarı ilə iddianın təmin edilməsi, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz əlillik təyin olunması barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçıya qoyulmuş əsas diaqnoz –– “Üzvi mənşəli şəxsiyyət pozuntusu; - (F07.0 XBT)” Yanaşı xəstəlik isə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, teztez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) G40.3 XTB” olmuşdur. Qeyd edilən XBT F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, kooqnutiv funksiyanın enməsi ilə” diaqnozlu xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4-cü bəndi əlilliyin müddətləri ilə əlaqədar məsələləri tənzimləyir. Həmin bənddə əks edilmiş normalara əsasən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı konkret şərtlər ödənilməlidir. Belə ki, müddətsiz əlillik birmənalı olaraq müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı müəyyən edilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-35/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əlillik o zaman müddətsiz təyin edilir ki, xəstədə olan ağırlaşmalar eyni xəstəlik üzrə ardıcıl 10 il təyinatına əsas verərsə, növbəti qiymətləndirmə zamanı müddətsiz əlillik təyin edilə bilər. İddiaçının isə sonuncu əlillik təyini 5 il müddətinə olmuş, vaxtı bitərkən yeni qiymətləndirmə zamanı isə diaqnoz əlillik təyininə əsas verməmişdir. Əgər inzibati orqan 2017-ci il qiymətləndirməsinə 5 illik təyin edərkən yanlışlığa yol vermişdirsə, belə olan halda həmin müddətdə məhkəmədə mübahisələndirilməli və həmin andan etibarən təyinat dəyişdirilməli idi. Həmçinin məhkəmə şəxsdə sırf xəstəliyin olması səbəbindən əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Əlilliklə əlaqədar vətəndaşın sağlamlıq durumunun qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmçinin məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün səlahiyyəti kimi qiymətləndirə bilməz. Məhkəmə yalnız inzibati orqanın diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixində Azərbaycan Respublikası, Xocalı rayonunda anadan olmuşdur. xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1999-cu ildən xx.xx.2008-ci ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətli, xx.xx.2008-ci ildən xx.xx.2017-ci ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2017-ci ildə ona Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qərarı verilmişdir. xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə əlillik müddəti bitdikdən sonra pensiyası dayanmışdır. Lakin cavabdehin bu mövqeyi ilə razı deyildir. Belə ki, ona 18 ildən sonra, yəni xx.xx.2017-ci ildə müddətsiz əlillik təyini dayandırılmışdır. xx.xx.2008-ci il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmağı belə bərpa edilməmişdir. Hesab edir ki, cavabdeh orqanın ona əlillik təyinini bərpa etməməsi əsassız və qanunsuzdur. Hesab edir ki, onun iddiası əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81- 100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
28. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
33. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
34. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
35. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
36. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
37. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilk dəfə ümumi xəstəlik səbəbi ilə xx.xx.1999-cu il tarixdə 1 il müddətinə, daha sonra xx.xx.2001-ci il tarixdə 1 il müddətinə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar səbəbli əlaqəsi ilə xx.xx.2002-ci il tarixdə 1 il müddətinə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. X9- Sosial Ekspert Komissiyasının SER TSE-01№451191 nömrəli,xx.xx.2008-ci il tarixli müayinə aktı ilə iddiaçıya hərbi əməliyyatlar keçirilən zona ilə əlaqədar səbəbli əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
43. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1695 nömrəli qərarı ilə “odlu mərmi partlamasından sonrakı sol təpə-gicgah nahiyyəsində bir ədəd, başın sağ təpə nahiyyəsində bir ədəd, sağ əl pəncəsinin ovuc səthində, əl daraqlarının distal ucları səviyyəsində köndələn istiqamətdə yerləşmiş bir ədəd, sol əlin 4cü barmağının dırnaq falanqasının ovuc səthində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 26 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 191 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli k/460 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi təsdiq olunmuşdur.
44. xx.xx.2017-ci il tarixli qiymətləndirmə zamanı iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə xx.xx.2022ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.
45. Sonuncu göndəriş əsasında cavabdeh iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və 1994-2019-cu illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmadığından natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır.
46. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixdə X6 tərəfindən verilmiş tibbi göndərişdə olan natamam məlumatların tamamlanmasının təmin olunması və bundan sonra iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə şəxsin əyani müayinəsini keçirərək müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardad əsasında iddiaçı əyani müayinədə olmuş və cavabdeh xx.xx.2024-cü il tarixli qərarla təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya sms bildiriş göndərilərək, xx.xx.2024-cü il tarixli göndərişə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinindən imtina edildiyi bildirilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəlik – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, tez-tez baş verən qıcolma tutulmaları ilə (ayda 8-10).
48. Həmçinin həmin göndərişlə müəyyən olunur ki, İddiaçı xx.xx.1991-xx.xx.1991-ci il tarixlərdə “Kəllədaxili travmaların nəticələri” diaqnozu ilə Gəncə A.Səhhət adına 1 saylı Birləşmiş şəhər xəstəxanasında, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Kəllədaxili travmaların nəticələri” diaqnozu ilə “İstanbul Genetik” Klinikasında, xx.xx.2021-xx.xx.2021ci il tarixlərdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə X3, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “Kəllədaxili travmaların nəticələri” diaqnozu ilə Gəncə A.Səhhət adına 1 saylı Birləşmiş şəhər xəstəxanasında, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri” diaqnozu ilə Gəncə A.Səhhət adına 1 saylı Birləşmiş şəhər xəstəxanasında, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Baş beyinin digər dəqiqləşdirilmiş zədələnmələri” diaqnozu ilə Gəncə A.Səhhət adına 1 saylı Birləşmiş şəhər xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Baş beyinin diffuz travması” diaqnozu ilə Bakı 3 nömrəli şəhər kliniki xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə X3, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə X3 stasionar müalicələrdə olmuşdur.
49. Bundan başqa, məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhər X4 Psixiatr Komissiyasının xx.xx.2025-ci il tarixli, 314/25 nömrəli rəyinə əsasən, İddiaçı Gəncə şəhər X1 Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxlərin registrinə salınmış və tibbi təy verilmişdir. Diaqnoz “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilmişdir.
50. İddiaçıya qoyulmuş diaqnoz, onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.2.2-ci bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 65-80 faiz olmaqla əlilliyin müəyyən edilməsinə əsas verir.
51. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.
52. Belə ki, xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə xx.xx.2023-cü il tarixli həkim müayinələrinin nəticələri kimi qeyd edilmişdir ki, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, zahirən narahat və gərgindir. Maraq dairəsi daralıb. Bir yerdə qərar tuta bilmir. əhval-ruhiyyəsi enikdir. Özünə qapanır, tək qalmaq istədiyini bildirir. Suallara əsəbi və qısa cavabler verir. Konfiliklərə meyillidir. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Hər xırda qıcıqlara güclü reaksiyalar verir. Emosional reaksiyaları adekvat deyildir. Yuxusu və yaddaşı pozulub. Vaxtını səmərəli keçirmir. Verilən tapşırıqları çətinliklə yerinə yetirir. Olmuş hadisələri xroniki qaydada danışa bilmir. Təfəkkürü ləng tiplidir. Özünə qəsd fikirlərini həyata keçirməyə cəhd edir. Döyüş zonasında aldığı travma ilə əlaqədar olaraq ayda 8-10 dəfə qıcolma tutulmaları keçirir. Tutma zamanı gözlərinin işığa reaksiyası itir, huşunu itirir, hara gəldi yıxılır, aşağı ətraflarda tonik-klonik tutulmalar baş verir. Tutmanın gedişi 4-5 dəqiqə çəkir. Tutmadan sonra xəstə halsız və sust qalır və bir neçə dəfə yerini islatması söylənilir. Şəxsiyyətində dəyişikliklər var”.
53. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.6.2-ci bəndində “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” meyarları qeyd edilmişdir.
54. Göründüyü kimi, iddiaçıya əlillik təyin edilməsi ilə bağlı sonuncu göndərişdə göstərilmiş həkim müayinəsinin nəticələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.6.2-ci bəndində göstərilən meyarlarla eynilik təyin edir.
55. Həmçinin göndərişdə xəstəliyin gedişi xroniki, ağırlıq dərəcəsi orta ağır olaraq qiymətləndirilmişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini təmin edilmiş birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edir.
56. Məhkəmə kollegiyası əlilliyin müddəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4-cü bəndi əlilliyin müddətləri ilə əlaqədar məsələləri tənzimləyir. Həmin bənddə əks edilmiş normalara əsasən müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı konkret şərtlər ödənilməlidir. Belə ki, müddətsiz əlillik birmənalı olaraq müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası, iddiaçıya 10 ildən çox müddətinə 61-80 faiz (ikinci dərəcə) orqanizmin funksiyalarının pozulmasına görə əlillik təyin edildiyindən ona müddətsiz əlilliyin təyin edilməli olması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
57. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilmiş inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
58. Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə hüquqi mövqeyi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-35/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.