Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-291/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Şakir qızının iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4641/2023 saylı qərarından cavabdeh Təhsildə X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 000686 nömrəli, xx.xx.2022-ci il tarixli diplomdan görünür ki, X3 Tədris Univerisiteti MMC-nin Səhiyyə Fakültəsi şurasının xx.xx.2022-ci il tarixli, 02 saylı ilə İddiaçı diplomlu stomatoloq akademik dərəcəsi ilə təltif edilmişdir. Surəti işə əlavə edilmiş 000686 nömrəli diploma əlavədən görünür ki, 360 kreditlik tibb təhsili üzrə İddiaçı təhsil kreditinin sayı 303 olmuşdur. Təhsildə X2nin xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasına görə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Təhsildə X2n xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarın ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölk ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X2nin 02 oktyabr 2023-cü tarixli NA00017630 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi haqqında qərar”-ı ilə xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması barədə ərizəsinin mümkün hesab edilməməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, cavabdehin sözügedən qərarı ləğv edilməli və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin Agentliyin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Belə ki, Agentliyin 02 oktyabr 2023-cü tarixli NA00017630 nömrəli qərarından görünür ki, cavabdeh təşkilat imtinasının hüquqi əsası kimi onun ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq olunmuş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bölməsinə, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasiyalarının tanınması Qaydaları”nın 3.10.1 və 4.1.4- cü bəndlərinə istinad edərək göstərmişdir ki, aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunan qərarın məzmunundan görünür ki, Agentlik sözügedən normativ aktların müddəalarına istinad etməklə ümumi mülahizələr əsasında nəticəyə gəlmişdir. Eyni zamanda cavabdeh təşkilat imtinanın səbəbini sərhəd xidmətinin məlumatı əsasında təhsil aldığı X5 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunu göstərmişdir. Cavabdeh Agentlik imtinanın səbəbi kimi əsaslandığı bu halın hüquqi əsasını qərarında göstərməmişdir. Agentliyin qərarının məzmununda göstərdiyi normativ hüquqi aktlarda təhsil müəsissəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığının həmin ölkədə olma müddəti ilə müəyyən edən norma əks olunmamışdır. Agentiliyə edilmiş ərizəyə təhsil aldığı X5 Universitetinin tədris normativlərini yerinə yetirdiyini təsdiq edən müvafiq sənədlər də əlavə olunmuşdur. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan normativ aktların tələblərindən görünür ki, cavabdeh Agentlik tərəfindən xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması barədə ərizəsi üzrə qəbul olunmuş 02 oktyabr 2023- cü tarixli NA00017630 nömrəli qərar əsassızdır. Odur ki, həmin qərarı inzibati icraat qaydasında məhkəmədə mübahisələndirməkdə haqlıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X2 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu (2017/2018-ci tədris ili üzrə - 6 ay 12 gün, 2018/2019-cu tədris ili üzrə - 5 ay 13 gün, 2019/2020-ci tədris ili üzrə 3 ay 6 gün (pandemiya dövrünə təsadüf edən tədris ili), 2020-2021-ci tədris ili üzrə 2 ay 15 gün (pandemiya dövrünə təsadüf edən tədris ili), 2021-2022-ci tədris ili üzrə - 2 ay 8 gün (pandemiya dövrünə təsadüf edən tədris ili) müəyyən etmişdir. Lakin sözügedən müddətin ilk 2 (iki) tədris ili ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4641/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilması, Təhsildə X2nin xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli qərarının ləğv edilməsi və İddiaçı X3 Tədris Univerisiteti MMC tərəfindən verilmiş 000686 nömrəli, xx.xx.2022-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə X2nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Qeyd olunur ki, iddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Həmçinin diploma əlavə edilmiş əlavədən görünür ki, müəssisədə 303 tədris krediti üzrə təhsil almışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmış "Təhsildə X2nin Nizamnaməsi"nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasıyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqaməti, Nizamnamənin 3.1.4-cü yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək isə Agentliyin vəzifəsi olaraq müəyyən edilmişdir. İddiaçıra X4 Universiteti tərəfindən təqdim olunar diplom əlavəsinin 4.1-ci bəndindən müəyyən edilir ki, o, əyani formada (tədrisə tam cəlb olunma fulltime) təhsil almışdır. İşin mübahisəsiz hallarındandır ki, ərizəçiyə X4 Universiteti tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim olunmuş THTU № 000686 nömrəli diplom əlavəsinin 3.2-ci bəndincə əks olunmuş məlumata əsasən müəyyən olunur ki, ərizəçinin tədris aldığı təhsil proqramı üzrə tədris yükü 300 AKTTS (Avropa Kredit Transferi və Toplanması Sistemi) kreditindən, 5 (beş) il 10 (0n) semestr ibarət olmuşdur. Sözügedən sənədə əsasən ərizəçinin təhsil müddətinin 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris illərini əhatə etməsi müəyyən edilir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış ekspertiza zamanı iddiaçının təhsil aldığı ölkədə olması müddətləri aşağıdakı kimi müəyyən edilmişdir: 2017/2018-ci tədris ili üzrə - 6 ay 12 gün, 2018/2019-cu tədris ili üzrə - 5 ay 13 gün, 2019/2020-ci tədris ili üzrə - 3 ay 6 gün (pandemiya dövrünə təsadüfedən tədris ili), 2020/2021-ci tədris ili üzrə - 2 ay 15 gün (pandemiya dövrünə təsadüfedən tədris ili), 2021/2022-ci tədris ili üzrə - 2 ay 8 gün (pandemiya dövrünə təsadüf edən tədris ili). Eyni zamanda birinci instansiya məhkəməsi nədənsə yanlışlıqla öz qərarının əsaslandırılmasında həm inzibati orqan tərəfindən aparılan icraat zamanı, həm də inzibati məhkəmə icraatı dövründə bütövlükdə qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kapinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydalarına istinad etmişdir ki, bununla bağlı qeyd etmək yerinə düşər ki, İddiaçı xx.xx.2023-cü il tarixində saat 23:15-də elektron ərizə sistemi vasitəsi ilə xaricdə əldə etdiyi kvalifikasiyanın tanınması üçün Agentliyə rəsmi müraciəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarının 4-cü bəndinə görə məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin qərarı ləğv edilmiş, 6-cı bəndinə əsasən isə yeni qərarın xx.xx.2023-cü il tarixdər qüvvəyə minməsi birbaşa göstərilmişdir. Yuxarıda sadalanan bütün bu hallar məhkəmə tərəfindən işin tam, hərtərəfli, obyektiv araşdırılması üçün kifayət qədər və mötəbər sübutların toplanmadığını, tədqiq edilmiş sübutların işin faktiki hallarına uyğun gəlməməsi, tətbiq edilməli olmayan normativ-hüquqi aktın tətbiq edilməsi və digər əhəmiyyətli pozuntular məhkəmənin yanlış yekun nəticəyə gəlməsinə səbəb olmuşdur ki, bütün bunlar qərarının qanunsuz və əsassız hesab edilməsi deməkdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”
4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime);
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı əyani təhsilalma formasında xaricdə “stomatoloq” ixtisası üzrə aldığı təhsilə görə X3 Tədris Univerisiteti MMC tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması əsas gətirərək iddiaçının tələbini icrasında imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi inzibati icraatın aparıldığı zaman qüvvədə olan yox məhz qüvvədən düşmüş Qaydalara istinad etmişdir. Məhkəmə kollegiyası tətbiq ediləcək hüquqla bağlı məsələyə aid olduğu üçün ilk növbədə həmin dəlilə münasibət bildirilməsini zəruri hesab edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları uzun müddət qüvvədə olmuş, daha sonra isə Nazirlər Kabineti tərəfindən 03 fevral 2023cü il tarixdə qəbul edilmiş 34 nömrəli qərarla yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” və bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı zaman məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları qüvvədə olmuşdur. Ona görə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi hazırkı işin həllinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının normaları tətbiq olunmalıdır. İddiaçının təhsil aldığı vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Eyni ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2023-cü il 1 mart tarixdən qüvvəyə minmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. Normaların məzmunundan da göründüyü kimi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş hər hansı sənəd, diplom, yaxud başqa bir şəhadətnamə şəxsin ali təhsil proqramının uğurla bitirdiyini təsdiq edir. Hazırkı halda da, iddiaçıya onun təhsil aldığı xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş diplom iddiaçının həmin ölkədə olduğu yetərli müddət ərzində ali təhsil proqramını uğurla bitirdiyini təsdiq edir. Bundan başqa kollegiya qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi hallarına münasibətdə sözügedən ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma, tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması 1 saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X3rşı [BP], № 44774/98, AİHM 2005-Xİ, § 154). Həmçinin məhkəmə kollegiyası hazırkı işin xüsusi hallarından birində ondan ibarətdir ki, iddiaçının təhsil aldığı dövlərdə (2020-2022-ci illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Gürcüstan, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş və fərqli üsullarla tədrisin tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Gürcüstan və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla həmin dövrlərə təsadüf edən tədrisin nəticələrini tanımış və verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4641/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.