Məhkəmə qərarları › İş №2-1(104)-292/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-292/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-292/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-154/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0818 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsininn 58.7.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********69224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********69208 nömrəli qərarların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və pivə barı kimi fəaliyyət göstərməsi nəzərədə tutulan obyektin açılışı iyun ayının 11-nə təyin edilmişdi. Açılış gününə az müddət qalmış iddiaçı oranı səliqəyə saldırıb, hazır vəziyyətə gətirərək bütün stolları demək olar ki, artıq düzdürmüş, eyni zamanda bir necə gün əvvəl kassa aparatı qoydurmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında iddiaçı obyetdə qeyd edilən işlərlə məşğul olan zaman içəri bir neçə şəxs daxil olmuşdur. İddiaçı onlara hələ təyinatı üzrə fəaliyyət göstərmədiklərini bildirmiş, sonuncular isə müştəri deyil, vergi işçiləri olduqlarını bildirmişdir. İddiaçının əsas fəaliyyəti pivə satışı olduğu halda həmin vaxt pivə aparatlırı hələ qoşdurmamışdır. İddiaçı həmin vaxtlar restoranda işləmək üçün işçi axtarırmış. Vergi işçiləri obyektə gəlməmişdən təxminən yarım saat əvvəl obyektdə işə girmək üçün biri qadın, biri kişi olmaqla 2 nəfər gəlmiş və iddiaçı həmin vaxt onlarla iş rejimi barədə söhbət edirmiş. İddiaçı bunları özlərini yoxlama kimi təqdim edən şəxslərə izah etsə də, onlar akt yazdılar ki, guya o, əmək müqaviləsi olmadan işçi işlədir. Həmin aktla sonradan tanış olarkən iddiaçıya məlum olmuşdur ki, onlar aktda iddiaçının adından yazıblar ki, guya həmin şəxsləri sınaq müddəti ilə işə götürməyini bildirmişdir. Lakin bu yalandır və iddiaçı həmin şəxslərlə əgər iş şərtləri ilə razılaşsalar onlarla müqavilə bağlayacağını bildirmişdir. Amma vergi işçiləri buna baxmayaraq akt tərtib etmişlər. Bundan sonra onlardan biri kassa aparatının arxasına keçib, aparata baxıb nəyə görə kassa aparatı ilə çek vurduğunu soruşmuşdur. Halbuki onlar kassa aparatının başında özləri çek vuraraq bir akt da bununla bağlı tərtib etmişdir. Sözügedən obyektdə video kamera quraşdırılıb və bütün bunlar həmin çəkilişdə əks olunmuşdur. Həmçinin aktdan görsəndiyi kimi yoxlama orda olan şəxslərin birini kassir birini isə ofisant kimi qeyd etmişdir. Belə olan halda ortaya sual çıxır, necə ola bilər ki, əgər obyekt işləyirsə, obyektdə aşbaz, barmen, qab yuyan və sair bu cürə işləri görən işçilər olmasın. Axı 2 nəfər şəxsin bu obyekti işlətməsi ən azından mümkün deyil. Beləiklə iddiaçı 20 iyul 2022-ci il tarixli **********69224 nömrəli qərara görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, həmçinin 20 iyul 2022- ci il tarixli **********69208 nömrəli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydlarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, hər iki 20 iyul 2022-ci il tarixli **********69224 nömrəli və 20 iyul 2022-ci il tarixli **********69208 nömrəli qərarlar əsasız olduğundan ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 iyul 2022ci il tarixli, **********9224 nömrəli və 20 iyul 2022-ci il tarixli, **********9208 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-154/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş yoxlama aparıldığı dövrə aid videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, vergi orqanının əməkdaşı kassa aparatını əlində saxlayaraq aparatın düymələrini işə salır. Vergi orqanının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, vergi əməkdaşı müştəriyə çek verilmədiyinə görə bərpa çeki vurmuşdur. Eyni zamanda, videogörüntülərdən görünür ki, yoxlama zamanı obyektdə ümumiyyətlə müştəri olmamışdır. Bununla yanaşı vergi orqanı konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyini (mal satıldığını) təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yoxlama zamanı obyektdə 2 nəfər (1 qadın və 1 kişi) olmuş, iddiaçı həmin şəxslərin sonradan işə qəbul etdiyi Azər Verdiyev və Leyla Məmmədova olduğunu və onların işə qəbul olunmaq üçün obyektə gəldiklərini bildirmişdir. Görüntülərdə həmin şəxslərin işçi kimi fəaliyyət (xidmət) göstərdikləri görünmür, yalnız vergi əməkdaşları ilə söhbət etdiyi görsənir. Vergi orqanı isə həmin şəxslərin obyektdə işçi kimi fəaliyyət göstərməsini təsdiq edən sübut təqdim etməmişdir. Eyni zamanda, görüntülərdə obyektdə müştəri olması da öz təsdiqini tapmır. Bundan əlavə tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 2 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu səbəbdən də məhkəmə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərarları əsassız hesab edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd etdiklərini əsaslı saymış, qərarının əsaslandırma hissəsində vergi ödəyicisi tərəfindən məhkəməyə təqdim olunmuş video görüntünü mötəbər hesab etmiş, lakin vergi orqanı tərəfindən təqdim olunmuş fotoşəkillərə qiymət verməmişdir. Həmçinin onu da nəzərə almamışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmasına baxmayaraq, nəzarət-kassa aparatına nəzarət tədbiri keçirilən dövrə qədər hər hansı məbləğ daxil etməmiş, eləcə də nəzarət tədbirindən sonra da, hansı ki, özü də iddia ərizəsində fəaliyyətə xx.xx.2022-ci il tarixdə başladığını qeyd edir, nəzarət-kassa aparatına günlər ötürməklə məbləğlər daxil etmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Bu maddənin məzmununda da göründüyü kimi vergi ödəyicisi faktiki olaraq fəaliyyət göstərmirsə, bu barədə vergi orqanına arayış təqdim etməli idi. Bu arayış vergi orqanına təqdim olunmursa, həmin sahibkarın faktiki olaraq fəaliyyət göstərməməsi nəticəsinə heç bir halda gəlinə bilməz. İddiaçı qeyd etdiyi kimi fəaliyyətinə xx.xx.2022-ci il tarixdə başlayacağı halda, sahibkarlıq fəaliyyətini həmin tarixə qədər dayandırmalı idi. Vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, iddiaçıya məxsus obyekt işlək vəziyyətdədir (məsələn: stəkanlar yuyularaq, aidiyyəti rəflərə qoyulmuş, pivə aparatı cərəyan mənbəyinə qoşulmuşdur və s.). Təbii ki, bunları da iddiaçı özü işçi cəlb etmədən edə bilməzdi, üstəlik iddia etdiyi tarixdən 1 həftə əvvəl obyektin o vəziyyətə gətirilməsi ağılabatan deyil. Lakin Məhkəmə qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməmiş, vergi qanunvericiliyində nəzərdə tutulmuş pozuntu halının baş verdiyini dəqiq müəyyən etməsinə baxmayaraq, vergi orqanının qərarını ləğv etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0818 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “İstixanada” keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 012744 və 004655 nömrəli aktlar tərtib edilmiş və sözügedən aktlara əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli qərarı ilə 4000 manat, ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərar ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı qeyd olunan qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Belə ki, iddia tələbini əsaslandırmaq üçün birinci instansiya məhkəməsi gpstərmişdir ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş yoxlama aparıldığı dövrə aid videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, vergi orqanının əməkdaşı kassa aparatını əlində saxlayaraq aparatın düymələrini işə salır. Vergi orqanının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, vergi əməkdaşı müştəriyə çek verilmədiyinə görə bərpa çeki vurmuşdur. Eyni zamanda, videogörüntülərdən görünür ki, yoxlama zamanı obyektdə ümumiyyətlə müştəri olmamışdır. Bununla yanaşı vergi orqanı konkret hansı müştəriyə hansı məbləğdə xidmət göstərildiyini (mal satıldığını) təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yoxlama zamanı obyektdə 2 nəfər (1 qadın və 1 kişi) olmuş, iddiaçı həmin şəxslərin sonradan işə qəbul etdiyi Azər Verdiyev və Leyla Məmmədova olduğunu və onların işə qəbul olunmaq üçün obyektə gəldiklərini bildirmişdir. Görüntülərdə həmin şəxslərin işçi kimi fəaliyyət (xidmət) göstərdikləri görünmür, yalnız vergi əməkdaşları ilə söhbət etdiyi görsənir. Vergi orqanı isə həmin şəxslərin obyektdə işçi kimi fəaliyyət göstərməsini təsdiq edən sübut təqdim etməmişdir. Eyni zamanda, görüntülərdə obyektdə müştəri olması da öz təsdiqini tapmır. Bundan əlavə tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə olması və işləməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Ona görə də hazırki halda cavabdeh orqan iddiaçının əmək müqaviləsi olmadan 2 nəfər şəxsin işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmuşdur. Yuxarıda göstərilən normaların tələblərini önə çəkən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus olduğu iddia olunan “İstixanada” keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2022-ci il tarixli 012744 və 004655 nömrəli aktlar tərtib edilmiş və sözügedən aktlara əsasında İddiaçı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9224 nömrəli qərarı ilə 4000 manat, ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9208 nömrəli qərar ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Beləliklə də, qərar qəbul olunan zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-154/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar