Məhkəmə qərarları › İş №2-1(104)-293/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-293/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-293/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1507/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0327003AAG1J nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F20 - Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru; Ağırlaşma – Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan.

2. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0327003AAG1J nömrəli göndərişindəki diaqnoz üzrə DTSERA İddiaçı əlillik vəziyyətini xx.xx.2021-ci il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

3. İddiaçı TSEK-in xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 1227 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı olan “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir.

5. İddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixdə 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.

6. xx.xx.2009-cu il tarixdə “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir.

7. Əlillik dərəcəsinin gücləndirilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş üzrə xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək, “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-5248/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakım dövrdə əlillik dərəcəsinin gücləndirilməsi məqsədi ilə vətəndaşa dair Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0327003AAF0A nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti xx.xx.2020-ci il tarixli tarixdə qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə müraciəti əsasında İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0327003AAG1J nömrəli göndərişi ilə xx.xx.2022ci il tarixdə Agentlikdə əyani müayinə yolu ile qiymətləndirilmişdir. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin ve sağlamlıq imkanlarının məhdudluğunun müəyyen olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli maqnit rezonans görüntüləmə müayinəsinin protokolunun nəticəsində İddiaçı təyin edilmiş diaqnoz “Hər iki beyin hemisferi alın pay subkortikal, periventrikulyar dərin ağ maddədə bir neçə sayda T2, FLAİR hiperintens mikroangiopatik qlioz ocaqlar. Sol tərəfli xroniki etmoidit” kimi qeyd edilmişdir.

10. Gəncə şəhər X2 kitabçadan (xəstəlik tarixindən) xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020- ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli çıxarışlarından görünür ki, İddiaçı “Şizofreniya paranoid forma fasiləsiz gedişli” diaqnozu üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ciil tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur.

11. Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, T241/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda "F20.0-Şizofreniya paranoid forma fasiləsiz gedişli" xəstəliyindən əziyyət çəkir. Qeyd edilən diaqnoz onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdəki diaqnozla eynilik təşkil edir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən diaqnozla əlaqədar yaşayış yeri üzrə psixatrda qeydiyyatdadır, mütəmadi müayinə olunur, xəstəliyi kəskinləşərsə xəstəxanada müalicəyə cəlb olunur.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-31818/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının 0327003AAG1J nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

13. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-57313/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 660859 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb.

Birinci instansiya məhkəməsində birinci icraat:

14. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə anadan olmuş, 18 oktyabr 2003-cü ildə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə başlamışdır. Hərbi xidmət dövründə olarkən psixikasında dəyişikliklər baş vermiş, müayinə və müalicə olunmaq üçün N saylı hərbi hissəyə göndərilmişdir. Daha sonra MN MHKH-da müalicə olunmuş və ona HHK-nın qərarı ilə “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu və “xəstəlik hərbi xidmət dövründə alınmışdır” xəstəliyin səbəb əlaqəsi qoyulmuşdur. Bundan sonra ona müddətsiz İİ dərəcəli hərbi xidmət dövrü əlilliyi təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Göygöl Zona Tibbi Sosial Ekspert Komissiyasının 1031 saylı xx.xx.2009-cu il tarixli müayinə aktı ilə üçüncü dərəcəli müddətsiz əlil hesab edilmişdir. Təxminən 2020-ci ildə o, əlillik dərəcəsinin dəyişdirilməsi üçün müraciət etmiş və onun əlilliyi tamamilə ləğv edilmişdir. O, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020- xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il və sair tarixlərdə müalicə və müayinə olunmuşdur. 28 avqust 2020-ci il tarixdə yenidən heç bir əsaslı səbəb göstərilmədən onun əlilliyi ləğv edilmiş və bəhanə kimi “əlavə müalicəyə ehtiyacının olması müalicə günlərinin sayının yetərli olmaması” göstərilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik əlaməti təyin edilməməsi səbəbindən imtina edilmişdir. O, hesab edir ki, bütün sənədlərinə yenidən qiymət verilərək ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilməli və cavabdehin qanunsuz hərəkətləri nəticəsində təyin edilməmiş müddətdə də ona İİl dərəcə əlillik dərəcəsinə görə pensiya ödənilməlidir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi «İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dəyişdirilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-51/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

18. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə “Paranoid şizofreniya. Şizofreniya paranoid forma dəyişməsi ilə (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20 – Şizofreniya – F20.0 – Paranoid şizofreniya)” diaqnozu və xx.xx.2021-ci il tarixdə “ Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru. (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F40-F48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar – F48 – Digər nevrotik pozğunluqlar – F48.0 Nevrasteniya)” diaqnozu hər müayinə nəticəsində söz ifadəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur.

19. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-51/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-587/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-51/2024 nömrəli qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır.

21. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı isə məhkəməyə məcburetmə haqqında iddia növü ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddia müddətinə iddiaçı tərəfindən əməl olunub-olunmadığını birinci instansiya məhkəməsi araşdırmamışdır.

Birinci instansiya məhkəməsində ikinci icraat:

22. İddiaçının nümaynədəsi və vəkilinin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

23. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etirazda qeyd olunmuşdur ki, Göygöl rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı 2009-cu ildən “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu əsasında üçüncü dərəcə müddətsiz əlilliyi olan şəxsdir. Əlillik dərəcəsinin yenidən baxılması üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, H.Abdulayevə Azərbaycan Respublikası X4 Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 1227 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ünsiyyətə formal, alçaq səs tonu ilə qoşulmuş, qarabasmalarından, qorxduğundan, kiminsə onu güdməsindən danışmışdır. Baxış zamanı sol əlin birinci barmağı səviyyəsində —3 sm ölçüdə təzə kəsik izləri, əllərinin iç səthində fiziki işə məxsus qabarlar izlənmişdir. Anamnezində 2004-cü ildən xəstə olduğu bildirilsə də, 2019-cu ilə qədər stasionar müalicə sənədləri təqdim edilmərmiş, qəbul etdiyi dərmanlar haqqında məlumat verə bilməmiş, pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində adı qeyd olunmamış, 2019-cu ildən BC kateqoriyası üzrə aktiv sürücülük vəsiqəsinin olması məlum olmuşdur. Qardaşı qarabasmalarının olmasını təsdiqləməmişdir. AR SN Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli 726/21 nömrəli Tibbi Rəyində diaqnoz “ Şizofreniya paranoid forma, fasiləsiz proqrediyent tip gedişli paranoid sindrom" kimi qeyd olunsa da, əyani müayinə zamnı psixoproduktiv əlamətlər izlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” bərədə qərar qəbul edilmişdir.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1507/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

25. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, göndərişdəki əsas diaqnoz – “F20 - Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəlik iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, məhkəmə sırf şəxsdə xəstəliyin olması səbəbindən ona əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmiş, həmçinin əlilliklə əlaqədar vətəndaşın sağlamlıq durumunun qiymətləndirilməsi cavabdehin səlahiyyətlərinə aid olmasına baxmayaraq, onun diskression səlahiyyətlərinə müdaxilə edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

30. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, inzibati işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.3.1. Şizofreniya (formadan asılı olmadan) – F20 Qiymətləndirmə 7.3.1.1. şizofreniya, natamam remissiya, epizodik gediş sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması – 35-60% - 2 il.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə, xx.xx.2009-cu il tarixdə isə “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmiş, əlillik dərəcəsinin gücləndirilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0327003AAG1J nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə təyin edilmiş diaqnozlar “Əsas diaqnoz – F20 - Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru; Ağırlaşma – Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan” kimi olmuş və göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2020-ci il tarixdə qiymətləndirərək əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək "xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmiş, birinci instansiya məhkəməsi tərərfindən tələbi təmin edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0327003AAG1J nömrəli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz – “F20 - Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru” diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 7.3.1. Şizofreniya (formadan asılı olmadan) – F20 Qiymətləndirmə 7.3.1.1. şizofreniya, natamam remissiya, epizodik gediş sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması – 35-60% - 2 il.

40. Həmçinin, Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, T241/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda “F20.0-Şizofreniya paranoid forma fasiləsiz gedişli" xəstəliyindən əziyyət çəkir. Qeyd edilən diaqnoz onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdəki diaqnozla eynilik təşkil edir. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən diaqnozla əlaqədar yaşayış yeri üzrə psixatrda qeydiyyatdadır, mütəmadi müayinə olunur, xəstəliyi kəskinləşərsə xəstəxanada müalicəyə cəlb olunur.

41. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 1227 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı olan “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

45. Digər tərəfdən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının yenidən əyani müayinədən keçirilməsi qərara alınmış və həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-31818/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının 0327003AAG1J nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

46. Göründüyü kimi, Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0327003AAG1J nömrəli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz – “F20 - Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru” diaqnozunun iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verməsinə baxmayaraq, cavabdeh inzibati orqan ona əlillik dərəcəsinin təyin edilməməsində israrlı olmuşdur.

47. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

48. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

49. Bundan başqa apellyasiya şikayətinin dəlillərində iddiaçıya sürücülük vəsiqəsi verilməsi halı da mübahisələndirilmişdir.

50. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-4121/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə RQİ və TBŞsi tərəfindən İddiaçı ilkin AB 220 850 saylı -BC- kateqoriyalı sürücülük vəsiqəsi 10 il müddətinə - xx.xx.2019-cu il tarixədək verilmişdir.

51. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-57313/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 660859 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb.

52. Məhkəmə kollegiyası göstərilən dəlilə münasibətdə qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi sürücülk vəsiqəsi ilə təmin etməsi, müvafiq olaraq yoxlamaları aparması həmin orqanın səlahiyyətinə aiddir və həmin hallar araşdırılmamaqla əlilliyi olan şəxsə sürücülük vəsiqəsi verilməsi, xəstəliyi işdə olan sənədlərlə təsdiq edilən şəxsin sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Başqa sözlə səlahiyyətli inzibati orqanın kifayət qədər araşıdırma aparmadan şəxsi sürücülük vəsiqəsi ilə təmin etməsi iddiaçının xəstəliyini istisna etmir.

53. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə:

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1507/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar