Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-294/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4015/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük vətən müharibəsi dövründə Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar və ambulator müalicə almış, həmin müddət əlillik dərəcəsi təyin edilməmiş, yalnız xx.xx.2021-ci il tarixdən ona üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə ödənilməmiş sosial müavinət ona ödənilməlidir. Bu məqsədlə iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4015/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, iddiaçı X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə İİİ qrup əlilliyə görə sosial müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunu, “Sosial müavinətlər haqqında” Qanunu və “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanı ilə əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı qeyd olunan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4015/2023 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 05 dekabr 2023cü il tarixli 2- 1(114)-4015/2023 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4015/2023 nömrəli məhkəmə qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə üçüncü dərəcə əlillik təyin edilmiş, həmin tarixdən etibarən << Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar >> ona İİİ qrup əlilliyə görə müavinət təyin edilmiş, daha sonra iddiaçı əmək pensiyası hüququ qazandığından müavinət dayandırılmışdır. Hazırki tələblə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ona ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, aylıq müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının tələb etdiyi müddət üzrə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlilliyə görə sosial müavinət hesablanaraq ona ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 35-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni iddiaçı hüququ yarandığı tarixdə yox, daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə iddiaçı R.Hüseynova xx.xx.2021-ci il tarixdən yəni, əlilliyin müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilmişdir. Qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddiaçı R.Hüseynova xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən müavinətin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından ziddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materialları araşdırılan zaman müəyyən edilir ki, X4 xx.xx.2023-cü il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında qərar ilə hüququ yarandığı xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı məhkməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin ona ödənilməsini tələb etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Göründüyü kimi, X2 əmək pensiyası hüququ yarandığından ona əlilliyə görə sosial müavinət yox, məhz əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublilkasının Əmək pensiyaları haqqında qanununda əmək pensiyasının əvvəlki müddət üçün ödənilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Odur ki, X4 əlilliyə görə sosial müavinət deyil, əmək pensiyası təyin edildiyindən həmin pensiyanın əvvəlki müddət üçün ödənilməsi də nəzərdə tutulmadığından onun ödənilməsi mümkün deyil. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından da göründüyü kimi iddiaçı inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qərarın ləğvi üçün əsas olan pozuntulara yol verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4015/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əlilliyə görə müavinətin əvvəlki müddət üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-294/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-294/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver