Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-294/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarların ləğv olunması və müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-791/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat vərəqinə əsasən, İddiaçı xx.xx.2009-cu il tarixində aparılmış qiymətləndirmə nəticəsində diaqnoz “12 barmaq bağırsağın xr xora xəstəliyi, tez-tez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xr qastrit. Xr xolesistit (DSMF məlumatlarına əsasən) (XBT: Xİ sinif – Həzm sisteminin xəstəlikləri => K20-K31 – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 – Onikibarmaq bağırsaq xorası)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Milli Onkologiya Mərkəzinin X2 xx.xx.2021-ci il tarixli İddiaçı barəsində böyrək ssintiqrafiyasında nəticə “Normal funksiya göstərən sağ böyrək, Funksiyası azalmış sol böyrək” kimi qeyd edilmişdir.
3. X3 İddiaçı barəsində xx.xx.2022-ci il tarixli Onurğa sütunu döş şöbəsi (torakal) KT vərəqində nəticə “Solda atrofik böyrək. Prostatomegaliya. PSA dəyərləri ilə birgə uroloqun konsultasiyası məsləhətdir” kimi qeyd edilmişdir.
4. Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın Radiologiya şöbəsinin İddiaçı barəsində aşağı ətraf arteriyalarının tripleks müayinəsi nəticəsi “Hər iki aşağı ətrafda arterial qan dövranı cuzi pozulmuşdur. Hər iki ətrafda ateroskleroz US əl-ri” kimi qeyd edilmişdir.
5. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-25546/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
6. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərarı ilə mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından İddiaçı barəsində əlillik təyinatı aparılan “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.
7. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İİ dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, 1993-cü il tarixdən etibarən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşmışdır. 2000-ci ildən etibarən ümumi xəstəlik səbəbilə ona İİ qrup əlil kimi pensiya təyin olunmuş, xx.xx.2009-cu il tarixdən isə ümumi xəstəlik səbəbilə ona müddətsiz İİ dərəcə əlillik təyinatı aparılmış və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" Alt sistemində yerləşdirilmişdir. Lakin 2023-cü ilin oktyabr ayında əsassız olaraq ona heç bir məlumat verilmədən gözlənilmədən pensiya ödənişi dayandırılmışdır. O, bunun səbəbini öyrənmək üçün aidiyyəti üzrə DSMF-nin X5 və yerli TSEK-nə müraciət etmişdir. Hər iki qurumdan ona bildirilmişdir ki, pensiya ödənişinin dayandırılması onlar tərəfindən olmamışdır. Daha sonra o, aidiyyatı orqanlara, yuxarı instansiyalara müraciət etmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda bildirilmişdir ki, ona 2009-cu ildə təyin edilmiş müddətsiz İİ dərəcə əlillik sistemdə mövcuddur, müraciəti ilə bağlı yerli TSEK-na müraciət etməyi məsləhət görülür. TSEK-ə isə dəfələrlə müraciətində mənə bildirilmişdir ki, onun İl dərəcə müddəsiz əlilliyi sistemdə mövcuddur, pensiya ödənişinin nə üçün dayandırılması onlara məlum deyil. Nəticədə ona məlum olmuşdur ki, onun pensiyası əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bundan sonra 2024-cü ilin fevral ayınadak onun pensiyası ödənilməmişdir. Lakin 2024-cü ilin fevral ayının 28-də həmin ay üçün və ödənilməmiş əvvəlki pensiya ödənişləri bərpa olunaraq ona ödənilmişdir. Çünki pensiyasının dayandırılması qanunsuz idi. Hesab edir ki, əlilliyi dayandığı tarixdən bərpa olunmalıdır.
10. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024- cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarının onun barəsində "xx.xx.2024-cü il tarixli, 3-17-4/3- 3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi" hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh orqanın iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən əyani müayinə olunmuş və ona “12 barmaq bağırsağın xroniki xora xəstəliyi, teztez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xroniki qastrit. Xroniki xolesistit.” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və video görüntü əsasında xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Şəxs əyani müainə edilərkən müəyyən edilmişdir ki, (Vediogörüntü və əyani müainə aktı məhkəməyə təqdim edilmişdir) dəri və görünən selikli qişalar təmiz, çəhrayı olmuş, qarnı yumşaq, ağrısız, aşağı ətraflarında əzələ inkişafı paralel izlənilmiş, xəstəliyin dövrü kəskinləşmələrinə aid sənədlər təqdim edilməmiş, boy çəki defisiti müşahidə edilməmiş, yanaşı xəstəliklərinin əlillik təyinatına əsas verən ağırlaşmalarını təsdiq edən sənədlər təqdim edilməmişdir. Vətəndaşın 2009-cü ildən aktiv əlillik təyinatı olsa da, son illərdə müalicə-müainə xəstəxanalarında stasionar-ambulator tibbi yatışları müalicəsinə rast gəlinməmişdir.Həmçinin on iki barmaq bağırsaq xəstəliyindən əziyyət çəkdiyini iddia etsədə əyani müainə zamanı həkim tərəfindən, qarnı yumşaq, ağrısız, aşağı ətraflarında əzələ inkişafı paralel izlənilmişdir. Hesab edirik ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi zəruridir. Belə ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “12 barmaq bağırsağın xroniki xora xəstəliyi, teztez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xroniki qastrit. Xroniki xolesistit.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. İddiaçının müraciəti əsasında qeydiyyatda olan ərazi üzrə xidmət göstərən TSEK əməkdaşları tərəfindən yaşadığı ünvanda əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri toplanmış, video görüntü çəkilmiş, 3-17-4/3-1- 9605/2024 nömrəli akt tərtib edilərək qiymətləndirilməsi üçün DTSERA-ya göndərilmişdir. Akta əsasən, İddiaçı İmran oğlunun epiqastral və göbəkətrafı nahiyədə olan ağrılardan, vaxtaşırı nəcisin qara olmasından şikayətlənmiş, xəstəliyinə aid bəzi müayinə sənədləri təqdim edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və video görüntü əsasında xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları müşahidə edilmədiyindən xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-791/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh orqan iddiaçıya xx.xx.2009-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona 2009-cu ildən müddətsiz əlillik təyin edilmişdir və illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkir. İnzibati orqan heç bir əsas olmadan, onu müayinə etmədən əlilliyinin ləğv edilməsinə dair qərar qəbul etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdətutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “12 barmaq bağırsağın xr xora xəstəliyi, tez-tez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xr qastrit. Xr xolesistit (DSMF məlumatlarına əsasən) (XBT: Xİ sinif – Həzm sisteminin xəstəlikləri => K20-K31 – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 – Onikibarmaq bağırsaq xorası)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
26. Bundan sonra cavabdeh əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçını məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə qiymətləndirmə aparılmış və nəticədə əlilliyin təyininə əsas verən diaqnoz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərar əsasında xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında akt tərtib edilmiş, daha sonra onun yaşadığı ünvanda videoçəkiliş aparılmaqla əyani müayinəsi keçirilmiş, yekunda cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərarına əsasən “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
27. Yuxarıda qeyd edilən normalara əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
28. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2009-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
29. Cavabdeh orqanın qərarlarının məzmunundan müəyyən edilir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmasına baxmayaraq müayinədə iştirak etmədiyi əsas götürülməklə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar (xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar) qəbul etmişdir. Lakin sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı, nədən ibarət olduğu müəyyən edilmir.
30. Cavabdeh inzibati orqan isə iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qəbul etdiyi qərarların əsaslılığına dair hər hansı əsaslandırma təqdim etməmişdir.
31. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-25546/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X4-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir
32. Göründüyü kimi cavabehin məktubunda mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edildiyini göstərilsə də, qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərarın məzmununda iddiaçının əlillik təyinatı barədə qərarı ləğvi barədə hər hansı qeyd aparılmamışdır ki, bu da əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmədən iddiaçının barəsində diaqnozun əlillik əlaməti tapmaması barədə ikinci bir qərarın qəbul edilməsini göstərir.
33. Bu hal, habelə yuxarıda sadalanan hallar cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
35. Başqa sözlə qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
36. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
37. Lakin qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Daha sonra isə iddiaçının narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3929/2024 qərar qəbul edilmişdir. Halbuki, iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərar mövcud deyildir. İddiaçının barəsində qəbul edilmiş qərar xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli olmuş, o da yuxarıda sadalanan hallara və əsaslara görə qanunsuz inzibati akt olmuşdur.
38. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.
39. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
42. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
43. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
44. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin ləğvinə yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıdığından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-791/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov