Məhkəmə qərarları › İş №2-1(104)-295/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-295/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-295/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olmuş məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1469/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cavabdeh başçısının Daşbulaq kənd İƏD üzrə nümayəndəliyinin 04 dekabr 2020-ci il tarixli, 172 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonunun işğalı zamanı Daşbulaq kəndindən məcburi köçkün düşmüş və müvəqqəti olaraq Göygöl rayonu, Balçılı kəndində məskunlaşmışdır. Daşbulaq kənd İƏD üzrə nümayəndəliyinin 03 saylı təsərrüfatbaşına kitabının 96-cı səhifəsinin 215 saylı şəxsi hesabda Daşbulaq kəndində daimi qeydiyyatda olması və hər ay 60 manat müavinət alması qeyd edilmişdir. Cavabdeh başçısının Daşbulaq kənd İƏD üzrə nümayəndəliyinin 19 may 2022-ci il tarixli, 107 nömrəli arayışından görünür ki, X2 Kəlbəcər RİHB-nın Daşbulaq kənd İƏD üzrə nümayəndəliyinin Günəşqaya kəndində daimi qeydiyyatdadır, məcburi köçkündür və Göygöl rayonu, Xəqani kəndində SUM-33 ünvanda müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayon Polis şöbəsinin 31 may 2022-ci il tarixli, 4635H-3222 nömrəli arayışından görünür ki, İddiaçı 1991-1995-ci illəri əhatə edən 02 saylı təsərrüfatbaşına kitabda 116 saylı şəxsi hesab nömrəsində ailə başçısının atası X3 ailə tərkibində 6-cı sütunda məcburi köçkün kimi daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli, 01/4398 saylı məktubda məcburi köçkün düşmələri ilə bağlı arayışın verilməsi üçün Cavabdehnə hər hansı göstəriş vermək Komitənin səlahiyyətində olmadığından təkrar aidiyyəti orqana müraciət etməli olduğu və sənədlər təqdim edildikdən sonra onun övladına məcburi köçkün statusunun veriləcəyi bildirilmişdir. Cavabdeh başçısının aparatının 21 iyul 2022-ci il tarixli, H-24-073 nömrəli məktubunda qeyd edilmişdir ki, Kəlbəcər rayonu üzrə 01 yanvar 2006-cı il tarixdə əhalinin adlı siyahısında iddiaçının adı aşkar edilməmiş, 1993-cü və 2006-cı illəri əhatə edən dövr ərzində Kəlbəcər rayonunda daimi pasport qeydiyyatında olmaqları ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsindən arayış təqdim etməsi tövsiyyə olunmuşdur. İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları üzrə sektoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh ona məcburi köçkün vəsiqəsinin verilməsi üçün zəruri olan məktubu verməməsi və ya vaxtında verməməsi səbəbindən onun xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən AzərTürk Bank-dan 3000 (üç min) manat kredit götürərək, 491,03 (dörd yüz doxsan bir manat 03 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat kredit borcu ödəməli olmasına səbəb olduğuna görə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat maddi və 7000 (yeddi min) manat mənəvi zərərə görə təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh məsul şəxsləri tərəfindən süründürməçilik yaradılaraq onun 2021-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli H-24-073 nömrəli məktubla verilmiş cavabın məqsədyönlü şəkildə gecikdirilərək avqust ayının sonunda ona təqdim edildiyi üçün cavabdehin barəsində xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, ona müvafiq məcburi köçkün vəsiqəsi verilmişdir. X4 ali məktəbə qəbul olmasından sonra təhsil haqqından azad olunması üçün ona məcburi köçkün vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmək üçün Cavabdehnə müvafiq olaraq onun məcburi köçkün olmasına dair məktubunun verilməsi üçün müraciət etmiş, ancaq sonuncu heç bir əsas olmadan xx.xx.2022-ci il tarixli, H-24- 073 nömrəli məktub təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1469/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Jalə Hüseynovna xx.xx.2004-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmışdır. Bu səbəbdən o, tam fəaliyyət qabiliyyətli sayılmaqla, inzibati məhkəmə icraatında prosessual hərəkətləri öz adından çıxış etmək hüququna malikdir. İddiaçı övladı Jalə Hüseynovnaya məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddianın ikinci hissəsi olan maddi və mənəvi zərər tələbi birinci tələbdən asılı olan fakültativ tələb olduğundan, cavabdeh orqanın Jalə Hüseynovnaya məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsindən imtinası əsassız sayılacağı halda cari tələbin irəli sürülməsi mümkün ola bilər. İnzibati prosessual qanunvericilikdə xüsusi qərardad çıxarılması barədə qayda nəzərdə tutulmadığından bu tələbə münasibətdə mülki prosessual qanunvericiliyin müddəaları tətbiq olunacaqdır. Hazırkı iş materiallarında isə cavabdeh orqanın əməllərində cinayət əlamətləri aşkar edilməmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, onun məcburi köçkün vəsiqəsi olsa da cavabdeh ona məcburi köçkün olmasına dair arayışın verilməsindən imtina edir. Başqa sözlə onun hazırki iddia tələbi üzrə hüquqi marağı məhz özünün məcburi köçkün olmasına dair arayışın verilməsidir. Lakin məhkəmə iddia tələbinə düzgün qiymət verməmiş, əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Cavabdeh və üçüncü şəxs hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndələri iştirak etməmişlər. Məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan Cavabdeh başçısının aparatının 21 iyul 2022-ci il tarixli, H-24- 073 nömrəli məktubunda qeyd edilmişdir ki, Kəlbəcər rayonu üzrə 01 yanvar 2006-cı il tarixdə əhalinin adlı siyahısında iddiaçının adı aşkar edilməmiş, 1993-cü və 2006-cı illəri əhatə edən dövr ərzində Kəlbəcər rayonunda daimi pasport qeydiyyatında olmaqları ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsindən arayış təqdim etməsi tövsiyyə olunmuşdur. İddia ərizəsindən məlum olur ki, iddiaçı məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını, etdiyi müraciətə xx.xx.2022-ci il tarixli məktubla verilmiş cavabın gecikdirildiyindən xüsusi qərardadın çıxarılmasını, maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasına dair hüquqi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının övladı artıq yetkinlik yaşında olan şəxs olduğundan məhkəməyə müraciət etmək və hüquqlarını müdafiə etməyi bilavasitə özü həyata keçirməlidir. Göründüyü kimi məhkəmə iddiaçının məhz yetkinlik yaşına çatmış qızı üçün arayışın verilməsinə dair iddia tələbinin irəli sürülməsinə dair nəticəyə gəlmiş, lakin İPM-in 12-ci maddəsinə əsasən heç bir araşdırma aparmamış, iddiaçının hüquqi marağının müəyyən edilməsi ilə bağlı yardım etməmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş imtina məktubundan, iddiaçının izahatından məlum olur ki, iddiaçının hüquqi marağı özünun məcburi köçkün olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Başqa sözlə, hazırki tələbin əsası iddiaçının övladı J.Hüseynovaya məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması deyil, bununla bağlı zəruri sənəd olan və iddiaçının özünə təqdim edilməli olan məktubun verilməsidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun: 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Beləliklə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının hüquqi marağının dəqiq müəyyən edilməsi ilə bağlı yardım edilməli, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tərəfin bildirməsindən asılı olmayaraq araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1469/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar