Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-295/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-461/2023 saylı qərarından İddiaçı Kamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdehin xx.xx.2022-ci il tarixli **********4223 nömrəli qərarına əsasən iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov 119Q ünvanda yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Yoxlama KY221748433 nömrəsi ilə vahid məlumat reyestrindən qeydiyyatdan keçmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********4235 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin tarixdə alınan izahatında iddiaçı bildirmişdir ki, satış etdiyi köhnə avtomobil hissələri həmin mağazadadır. Vergi müfəttişlərinə həmin yeri iddiaçı göstərmiş, baxdılar və qeydiyyat apardılar. İddiaçının satış məqsədi üçün aldığı köhnə avtomobillər ehtiyat hissələri olduğu üçün vətəndaşlar iddiaçıya heç bir sənəd təqdim edə bilmirlər. O baxımdan iddiaçıda köhnə avtomobiç hissələrinə heç bir sənəd yoxdur ki, iddiaçı o sənədləri vergi müfəttişlərinə təqdim etsin. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarına əsasən OVN tədbiri zamanı malların alış və satış qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün X4 "xxxx" MMC-dən ekspert dəvət edilmişdir. İddiaçı həmin tarixdə qərarla tanış olmuşdur. "xxxx" MMC xx.xx.2022-ci il tarixli, MB 15-0695 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus obyektdə cəmi 230.144 manat dəyərində mal aşkar edilmişdir. Cavabdeh qurumun əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əsasən iddiaçıya məxsus obyektdə 18.313,04 manat dəyərində ticarət avadanlıqları (soyuducular), avtomobil ehtiyyat hissələri mağazasında 144.099 manat dəyərində mallar, anbarda isə 86.045 manat dəyərində mal, ümumilikdə 248.457,04 manat dəyərində alışını təsdiq edən rəsmi sənəd olmayan mal aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunan DVX seriyalı 007057 nömrəli “Operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktda xx.xx.2022-ci il tarixdə, saat 17:15-də keçirilən OVN zamanı xx.xx.2022-ci il tarixli **********6594 nömrəli ekspertizanın təyin olunması haqqında qərara əsasən verilmiş xx.xx.2022-ci il tarixli, MB15-0695 nömrəli ekspert rəyinə əsasında obyektdə 144.099 manat dəyərində malların olması və onların alışını təsdiq edən heç bir rəsmi sənədin olmaması halının müəyyən edilməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə iddiaçı Vergi Məcəlləsinin 58.832-cü maddəsinə əsasən 14.409,90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Kamil oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinin yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama həyata keçirilmişdir. Həmin yoxlama nəticələri haqqında xx.xx.2022- ci il tarixli, 007057 №-li aktı tərtib olunmuş və həmin aktın əsasında da xx.xx.2022-ci il tarixli, **********77207 №-li qərar qəbul olunaraq 14409,90 manat məbləğində cərimə olunmuşdur. Aşağıda göstəriləcək faktlardan da görüləcəyi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti çərçivəsində ciddi hüquqi pozuntularına yol verilmişdir və bu səbəbdən sözügedən xx.xx.2022-ci il tarixli, **********772077 №-li qərar qanunsuz hesab edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-461/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4824 qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 12.314,45 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana daxil olmaqla müəyyən edilmiş qaydada yoxlamanı həyata keçirmiş, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Bu zaman İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan vergi məsuliyyətinə cəlbetmə haqda qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, bununla da, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı Kamil oğlu qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-461/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4223 nömrəli qərarına əsasən iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov 119Q ünvanda yerləşən obyektdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli "Vergi dəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarla ilə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 14.409,90 manat məbləğində vergi məsuliyyətinə çəlb edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab etdiyindən, qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-461/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiası təmin edilməmişdir. Hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-461/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı əsassız olduğundan ləğv edilməli, yeni məhkəmə qərarı çıxarılmalı və cavabdehin xx.xx.2022-ci il tarixli, **********7207 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilməlidir. Belə ki, cavabdehin qərarında qeyd olunur ki, obyektdə müəyyən edilmiş mallara dair sənədlər mövcud olmamışdır. Halbu ki, qeyd olunan mallar vergi orqanında uçotda olmayan şəxslərdən pərakəndə alındığından kağız daşıyıcıda alış aktları mövcud olmuş. Bu aktlar cavabdehin əməkdaşlarına təqdim edilsə də, onlar qəbul etməkdən imtina etmişlər. Qanunvericilik kağız daşıyıcıda alış aktlarının tərtib edilməsini nəzərdə tutmuş və yalnız 5 gün sonra elektron alış aktının tərtib edilməsi vəzifəsini müəyyən etmişdir. Nədənsə məhkəmə bu faktı araşdırmamış, mallara dair alış aktlarının olub-olmamasını və hansı səbəbdən elektron alış aktlarının tərtib edilməməsini araşdırmamışdır. Halbu ki, malların bir çox hissəsi yoxlama günündən 1 - 2 gün əvvəl alınmış, buna dair vergi orqanının əməkdaşlarına alış aktları təqdim edilsə də, sonuncular tərəfindən qəbul edilməmiş və yalnız elektron qaydada tərtib edilməli olduğu bildirilmişdir. Bununla yanaşı, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********594 nömrəli Qərarı əsasında "ekspert" adlandırılan şəxs tərəfindən mağazada və anbarda yerləşən mallara baxış keçirilmiş və "rəy" (qiymətləndirmə aktı) tərtib edilmiş və həmin "rəy" əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, zəruri hallarda səyyar vergi yoxlamasına EKSPERT cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Təqdim olunmuş Qərarlardan və "ekspert" rəyindən görünür ki, ekspertizanın keçirilməsi əmlak və biznesin qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış qiymətləndirici X3 həvalə edilmişdir. Göründüyü kimi vergi orqanı Məcəllənin 44-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert dəvət etməli olduğu halda, bunu etməmiş, ekspert əvəzinə "mütəxəssis" dəvət etmişdir. Bununla yanaşı X1 hər-hansı xüsusi mütəxəssis biliyinə malik olması barədə heç bir sübut təqdim edilməmişdir. Əksinə "ekspert" rəyinə X5 adlı şəxsin sertifikatı əlavə edilmiş və "rəy" sonuncu tərəfindən imzalanmışdır. Göründüyü kimi: - ekspertiza ekspert olmayan şəxs tərəfindən keçirilmişdir; - "ekspert rəyi" baxışda iştirak etməyən və adı qərarda qeyd olunmayan şəxs tərəfindən tərtib edilmiş və imzalanmışdır. Qeyd edilir ki, ekspertizanın nəticələrinə dair "qiymətləndirmə aktı" deyil "rəy" tərtib olunmalı idi. Hazırkı halda isə rəy tərtib edilməmişdir. Qeyd olunan hal isə məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla yanaşı, təqdim olunmuş "ekspert rəyi"ndən (qiymətləndirmə aktından) baxış zamanı müəyyən edilmiş malların ümumi alış dəyəri qat-qat şişirdilmişdir. Belə ki, tədqiq olunmuş mallar ikinci əl, yəni işlənmiş mallardır və əhalinin gəliri az olan təbəqəsinə ucuz qiymətə satılması üçün nəzərdə tutulmuşdur. "Ekspert" isə malların dəyərini nəin ki yeni malın dəyəri ilə eyniləşdirmişdir. Bununla yanaşı malların sayı da artıq göstərilmişdir. Əlavə olaraq 1(bir) ədəd disk əlavə olunur. Qeyd olunan malların "rəy"də göstərilən qiymətlərdən qat-qat aşağı qiymətə alınıbsatılmasını görmək üçün İnternet vasitəsi ilə axtarış vermək kifayət edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəm-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduqda isə, həmin rəyin sanki vergi orqanı tərəfindən təyin edilmiş ekspertiza zamanı akt tərtib etmiş şəxs tərəfindən tərtib olunması təsuratı yaranmışdır. Belə ki, Məhkəmə ekspertiza mərkəzinin eksperti özünü cüzi belə əziyyətə verməyərək nəyin ki, rəqəmləri, heç söz və hərfləri belə dəyişməyə lüzum görməmiş, aktdakı yalnış məlumatları "copy-paste" edərək öz rəyinə əlavə etmişdir. Nədənsə məhkəmə buna da heç bir qiymət verməmiş, eynisi ilə həmin məlumatları və Vergi məcəlləsinin maddələrini öz qərarına əlavə etmişdir. Sıravi Notarius bundan çox iş görür. Beləliklə hesab edirəm ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-461/2023 nömrəli xx.xx.2023cü il tarixli Qərarı çıxarılarkən məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamış. bununla da səhf nəticəyə gəlmişdir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə dair etiraz təqdim edərərək apellyasiya şikayətinin təmin edilməməsini və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7207 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar İnzibati Prosessual Məcəllənin 2..2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmişdir. Sözügedən qərarla 14409.90 manat məbləğində maliyyə sanksiyası olmaqla İddiaçı Kamil oğlu vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********4223 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir. **********4223 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221748433 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı Kamil oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında (Obyektin kodu:**********-23002) operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operaiv vergi nəzarəti tədbiri bilavasitə İddiaçı Kamil oğlunun iştirakı ilə aparılmışdır. Həyata keçirilmiş yoxlama nəticəsində 144099 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədləri olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün İddiaçı Kamil oğlu barəsində 14409.90 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007057 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. Baş İdarənin (cavabdeh inzibati orqanın) xx.xx.2022-ci il tarixli **********6594 nömrəli "Ekspertizanın təyin edillməsi haqqında" qərar əsasında VM-nin 23 və 44-cü maddələrinin tələblərinə əsasən ekspertiza təyin edilmişdir. xx.xx.2022-ci il tarixli DVX seriyalı 000037 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma protokolu"ndan görünür ki, iddiaçı bilavasitə ekspertizanın keçirilməsi ilə tanış edilmiş və həmin protokol onun tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli MB 15-0695 nömrəli "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin verdiyi ekspert rəyinə əsasən İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən obyektdə (obyektin kodu:**********-23002) 144099 manat məbləğində alışı vergi qanunvericiliyi ilə tənzimlənən sənədlərlə təsdiqlənməyən 144099 manat məbləğində mal qalığı müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərar xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23:28:47-də qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan Hüseynzadə X7 Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə, həmin qərarın təqdim olunma tarixi xx.xx.2022-ci il tarixi olmuşdur (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat əlavə olunur). Elecədə mübahisələndirilən qərar poçt vasitəsi ilə də iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən həmin qərardan yuxarı vergi orqanına şikayət verilməmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli **********7207 nömrəli qərarın ləğvi ilə bağlı iddia tələbi mübahisələndirmə iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. İddiaçı apellyasiya şikayətində "guya malların sənədlərinin olduğunu, həmin sənədlərin cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən nəzərə alınmadığını, malların vergi orqanında uçotda olmayan şəxslərdən pərakəndə alındığından kağız daşıyıcıda alış aktlarının mövcud olduğunu" bildirmişdir. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi" Qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Qeyd edilir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər ancaq onun vergi öhdəliyindən azad edilməsi üçün irəli sürdüyü fikirlərdir. Sözügedən dəlilin əsassız olması ilə bağlı xüsusilə vurğulanır ki, operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda İddiaçı tərəfindən hər hansı alış aktı vergi orqanının əməkdaşına təqdim edilməyib. Ümumiyyətlə, həmin sənədlər sonradan birinci instansiyası məhkəməsinə də təqdim edilməmişdir. Həmçinin VM-nin 71-2.1-ci maddəsinin tələblərinə əməl olunmadığı da açıq-aydın görsənir. Belə ki, iddiaçı həqiqətən alış aktlarına malik idisə, sonradan malların alışı tarixindən 5 gün müddətində "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi" Qaydalarına əsasən elektron alış aktı tərtib etməli idi. Lakin vergi orqanlarında olan uçot baza məlumatlarına əsasən iddiaçı malların alışı ilə bağlı hər hansı elektron alış aktı tərtib etməmişdir. Apellyasiya şikayətində "xxxx" MMC tərəfindən malların ümumi alış dəyərinin artıq yazıldığı, VM-nin 44-cü maddəsinin tələblərinə uyğun olaraq ekspert dəvət edilməli olduğu halda vergi orqanı yoxlama prosesinə mütəxəssis dəvət etdiyi, habelə X1 əmlak və biznesin qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış qiymətləndirici olduğu" qeyd olunmuşdur. Bununla bağlı bildirilir ki, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********6594 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərarı ilə "xxxx" MMC-nin eksperti X4 ekspert kimi operativ vergi nəzarəti zamanı malların alış və satış qiymətinin müəyyənləşdirilməsi üçün dəvət edilmişdir. Sözügedən qərarla ekspert qarşısında İddiaçı Kamil oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində ovn zamanı malların alış və satış qiymətinin müəyyən edilməsi sualı qoyulmuşdur. xx.xx.2022-ci il tarixli **********6594 nömrəli qərarla iddiaçı həmin qərarla tanış edilmişdir. xx.xx.2022-ci il tarixli 000037 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olmanın protokol"undan görünür ki, qərarla tanış olma hərəkətləri xx.xx.2022-ci il tarixdə saat 16:30-dan başlamış və 16:40-da başa çatmışdır. Bundan sonra ekspert tərəfindən bilavasitə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə malların qiymətləndirilməsi üzrə hərəkətlər yerinə yetirilmişdir. Həmçinin ekspertizanın aparılması şəxsən İddiaçı Kamil oğlunun iştirakı ilə aparılmışdır. Bununla bağlı protokolda İddiaçı imzası mövcuddur. xx.xx.2022-ci il tarixli MB 15-0695 nömrəli "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin verdiyi ekspert rəyinə əsasən İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən obyektdə (obyektin kodu: **********-23002) 144099 manat məbləğində alışı vergi qanunvericiliyi ilə tənzimlənən sənədlərlə təsdiqlənməyən 144099 manat məbləğində mal qalığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən (44 və 45-ci maddələr) vergi orqanlarının fəaliyyət dairəsinə aid olamayan sahələr üzrə xüsusi bilik, təcrübə, habelə yoxlama zamanı meydana gələn məsələlərin izah edilməsi üçün səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi orqanı ekspert və ya mütəxəssis cəlb etməyə hüququ vardır. Yəni qanunverici ekspert və mütəxəssisin dəvət edilməsi ilə bağlı hər hansı fərqli hüquqi tənzimləmə müəyyən etməmişdir. Eləcə də **********6594 nömrəli qərara nəzər yetirdikdə görmək olur ki, M.İbrahimli ekspert kimi yoxlama prosesinə cəlb olunmuşdur. İddiaçının özünün də qeyd etdiyi kimi, M.İbrahimli əmlakın qiymətləndirilməsi üzrə peşəkar bilgilərə malik şəxs kimi onun sahibiliyində olan malların dəyərini qiymətləndirmişdir. O da vurğulanmalıdır ki, hazırkı işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin rəyində və 12 saylı ƏVBİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş siyahıda qeyd olunmuş malların xx.xx.2022-ci il tarixə real bazar qiymətinin müəyyən edilməsi sualı ekspert qarşısında qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4309 nömrəli ekspert rəyində həmin Mərkəzin eksperi E.Qəhrəmanov "xxxx" MMC-nin rəyində və 12 saylı ƏVBİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş siyahıda qeyd olunmuş malların bazar qiymətini təsdiqləmişdir. Beləliklə "xxxx" MMC-nin rəyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə təsdiq edildiyindən İddiaçının xx.xx.2022-ci il tarixli rəyin əsassız olması ilə bağlı dəlili məhkəmə kollegiyası tərəfindən qəbul edilməməlidir. İddiaçı xx.xx.2023-cü il tarixli 9/4309 nömrəli ekspert rəyinin sübut kimi qəbul edilməməsi üçün malik olduğu məlumatları, sübutları və dəlilləri məhkəməyə təqdim etməmişdir. Hesab edilir ki, sonradan onun apellyasiya şikayətində xx.xx.2023-cü il tarixli rəyin də düzgün tərtib edilməməsi ilə əlaqədar ifadə etdiyi mövqe qanunla müəyyən edilmiş vergi öhdəliyindən yayınma məqsədini ehtiva edir. Vergi Məcəlləsinin 53.1-ci maddəsinin 2-ci hissəsinə görə vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. İddia ərizəsinə, apellyasiya şikayətinə nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasımı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların ,nirəlşi) xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların ,nirəlşi) xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların ,nirəlşi) xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; Həmin Məcəllənin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 71-2.2-ci maddəsinə əsasən Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilən nəzarət tədbiri zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə nöqsan aşkar edilərək, nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007057 nömrəli aktla rəsmiləşdirilmişdir. Bundan başqa akta əlavə edilmiş siyahıda Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi olmadan alınmış sənədlərin siyahısı əlavə edilmiş və həmin siyahı vergi ödəyicisinin özü tərəfindən təsdiqlənmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7207 qərar qəbul edilmişdir. Qeyd olunan qərar əsasında iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 14.409,90 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana daxil olmaqla müəyyən edilmiş qaydada yoxlamanı həyata keçirmiş, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib etmişlər. Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində də cavabdeh qurumun təqdim edildiyi məbləğlər öz təsdiqini tapmışdır. Kolegiya hesab edir ki, cavabdeh inzibati orqanın vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən hər hansı bir hərəkətin və yaxud da aktın tərtib edilməsi halı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq onun barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsinə tələb etsə də, qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu təkzib edəcək sübutu təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-461/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-295/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-295/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver