Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-295/2025 08.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1788/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı əlillik vəziyyəti L00203598KİM nömrəli göndərişə əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) keçirilmiş sağ incik sinirinin posttravmatik nevropatiyasının sağ pəncənin plegiyası şəkilində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020) hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və baldır nahiyəsinin orta 1/3 -nin yumşaq toxumasında 4 ədəd metal qəlpə. Posttravmatik stress pozuntusu. Qarışıq dissosiativ [konversion] pozuntular” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı diaqnoz “Partlayış travması (xx.xx.2020), keçirilmiş sağ incik sinirinin posttravmatik neyropatiyasının sağ pəncənin plegiyası şəklində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə, Partlayış travması (xx.xx.2020), hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və orta 1/3-nin baldır nahiyəsinin yad cisimləri (metal qəlpələr). Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu’ “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ;İV (dördüncü) dərəcəli alimentarkonstitusional piylənmə BÇİ-41,6".“Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” ;"lnusilindən asılı olmayan şəkərli diabet, tip-2, yüngül dərəcə, kompensasiya mərhələsində Qastroezofageal reflüks xəstəliyi. Xroniki antral qastrit. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativ-konversion pozuntu anamnezində funksional tutmalarla" “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması.Sağ budun çox saylı kor sağ baldırın orta 1\3-nin dəlib keçən qəlpə yaralanması. Yumsaq toxumaların yad cismi. Partlayış travması nəticəsində sol incik sinirinin postravmatik nevropativası.” xəsarətini almışdır: döyüş tapşırığını yerinə yetirərkən. X4 Nevrologiya şöbəsinin stasionar xəstənin tibbi kartasından çıxarışda tam diaqnoz: Partlayış travması (xx.xx.2020-ci il) nəticəsində keçirilmiş sağ incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması ( xx.xx.2020-ci il) Hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları və sağ baldır nahiyəsinin yad cisimləri (metal qəlpələr) kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1 müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1, Dissoxsiativ konversion pozuntu F44.8 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı diaqnozu XBT-10 üzrə kod F 43.1, əsas xəstəlik: Posstravmatik stress pozğunluğu, yanaşı xəstəlik F44.7 Qarışıq dissosiativ (konversion) pozğunluqlar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı diaqnozu XBT-10 üzrə kod F 07.0, əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, yanaşı xəstəlik F43.1 Posttravmatik stess pozğunluğu, yanaşı xəstəlik F44.7 Qarışıq dissosiativ (konversion) pozğunluqlar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 3-28-26/2-42/2024 saylı sorğuya cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, intihar cəhdləri ilə F 62.0” diaqnozu ilə PSM-də müayinə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin aprel ayında SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 04 may 2020-ci il tarixdən hərbi xidmət keçməyə başlamışdır. Hərbi xidmətini əvvəlcə Ağcabədi rayonu N saylı hərbi hissədə keçib, sonra N saylı hərbi hissəyə keçirilmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə düşmən tərəfin minaatıcılardan açdığı çoxsaylı minaların partlaması nəticəsində yaranalanaraq partlayış travması və qəlpə yaraları almış, əməliyyat olunmuşdur. Ona “Partlayış travması.Sağ budun çoxsaylı kor, sağ baldırın orta 1/3 dəlib keçən qəlpə yaralanmasına görə aparılmış birincili-cərrahi işlənməsi, əməliyyatdan sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların yad cismi. Partlayış travması nəticəsində keçirilmiş sol incik sinirinin posttravmatik neyropatiyasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Qeyd edilən yaralanma ilə bağlı o, 6 aya yaxın müddət müalicələr almışdır. Müalicələrdən sonra, 18.07. 2021-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən tərxis olunub evə qayıtdıqdan sonra təxminən 10 gün keçmişdir ki, onun səhhətində ağırlaşmalar baş verdi. Belə ki, onun başında kəskin ağrılar yarandı, ayaqlarını hiss etməyərək yıxılırdı, huşu itirdi, beynində müxtəlif səslər güyültü yaranırdı. Buna görə xx.xx.2021-ci il tarixdə o, X5 müraciət etmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək orada müalicə almışdır. Bundan sonra vəziyyətində yaxşılaşma olmadığından xx.xx.2021-ci il tarixdə X2 müraciət etmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin xəstəxanada müalicə almışdır. Həmin vaxtdan onu Psixiatriya Xəstəxanasında qeydiyyata aldılar və hər ay ona psixi dərmanlar verilir. xx.xx.2022-ci il tarixdə o, Akademik Mirqasımov adına Respublika klinik xəstəxanasına göndərilmiş, orada müayinə olunduqdan sonra o, “Psixi Sağlamlıq Mərkəzi”-nə göndırilmiş və xx.xx.2022-ci il tarixdə professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Həmin vaxt ona “Posttravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1” diaqnozu qoyulmuşdur. Yenidən tutmaları olduğuna görə xx.xx.2022-ci ildə o, Gəncə Psixo-nevroloji dispanserə müraciət etmiş, orada bildirilmişdir ki, o, xəstəxanada yatmalıdır. Buna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək o, yenidən Gəncə Psixo-Nevroloji dispanserdə müalicə almışdır. Həmin vaxt ona “Posttravmatik stress pozuntusu F43.1, ifadə olunmuş dissosiativ əlamətlərlə F44.8, Tez-tez baş verən funksional tutmalar anamnezində F44.5” diaqnozu qoyuldu. xx.xx.2022-ci il tarixdə o, yenidən professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, orada onun əvvəlki diaqnozu “Posttravmatik stress pozuntusu F43.1. Dissosiativ-konversion pozuntu F44.8” təsdiqlənmişdir.xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Abbas Səhhət adına X1 müalicə almış, bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yenidən Gəncə Psixiatrik xəstəxanasında müalicə almışdır. xx.xx.2024-cü il tarixdə onun sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, lakin Agentlikdən ona sənədləri tam olmadığına görə imtina cavabı verilmişdir . Bundan sonra onun sənədləri hazırlanıb yenidən cavabdeh orqana göndərildi. Lakin cavabdeh orqan yenidən ona imtina cavabı vermişdir. Cavabdehin imtinası tamamilə əsassızdır və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edilir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1788/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Məhkəməyə təqdim edilmiş ekpert rəyi ilə də müəyyən olunmuşdur ki, iddiaçıda Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatında 10-cu baxışında kodu F07.0 və F43.1), həmçinin müayinə zamanı şəxsdə yuxarıda göstərilən (F07.0) kodlu diaqnozlu psixi pozuntu ilə yanaşı onda həmçinin “Posttravmatik stress pozuntusu” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının diaqnozu “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” kimi müəyyən olunmuşdur. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1–ci bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1788/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmamış, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti müəyyən etməməsi İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
7. Psixi və davranış pozuntuları 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu – F43.1 Qiymətləndirmə: 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti L00203598KİM nömrəli göndərişə əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) keçirilmiş sağ incik sinirinin posttravmatik nevropatiyasının sağ pəncənin plegiyası şəkilində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020) hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və baldır nahiyəsinin orta 1/3-nin yumşaq toxumasında 4 ədəd metal qəlpə.Posttravmatik stress pozuntusu.Qarışıq dissosiativ [konversion] pozuntular” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2023-ci il tarixli 1081 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı diaqnoz “Partlayış travması (xx.xx.2020), keçirilmiş sağ incik sinirinin posttravmatik neyropatiyasının sağ pəncənin plegiyası şəklində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə, Partlayış travması (xx.xx.2020), hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və orta 1/3-nin baldır nahiyəsinin yad cisimləri (metal qəlpələr). Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” İV (dördüncü) dərəcəli alimentarkonstitusional piylənmə BÇİ-41,6".“Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uqrunda gedən döyüşlərdə “Partlayış travması.Sağ budun cox saylı kor sağ baldırın orta 1\3-nin dəlib keçən qəlpə yaralanması. Yumsaq toxumaların yad cismi. Partlayış travması nəticəsindəsol incik sinirinin postravmatik nevropativası.” xəsarətini almışdır:döyüş tapşırığını yerinə yetirərkən. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1 müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı xx.xx.2022-ci il tarixində müayinə olunduğu, diaqnoz Posstravmatik stress pozuntusu ifadə olunmuş dissosiativ əlamətlərlə F43.1, Dissoxsiativ konversion pozuntu F44.8 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı diaqnozu XBT-10 üzrə kod F 43.1, əsas xəstəlik: Posstravmatik stress pozğunluğu, yanaşı xəstəlik F44.7 Qarışıq dissosiativ (konversion) pozğunluqlar kimi müəyyən edilmişdir. İş materialında olan forma 88 haqqında məlumat qrafikində qeyd olunmuş xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsindən də görünür ki, F43.1 Posttravmatik stress pozuntusu, F43.1-F44.7 Posttravmatik stress pozuntusu. Qarışıq dissosiativ (konversion) pozuntular. AR Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 151 saylı rəyində qeyd edilir ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatında 10-cu baxışında kodu F07.0 və F43.1) müəyyən edilir. Qeyd edilməlidir ki, müayinə zamanı yoxlanılan şəxsdə yuxarıda göstərilən (F07.0) kodlu diaqnozlu psixi pozuntu ilə yanaşı onda həmçinin “Posttravmatik stress pozuntusu” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F43.1) müəyyən edilir. Bundan əlavə iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixli imtina qərarında da iddiaçının diaqnozu “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) keçirilmiş sağ incik sinirinin posttravmatik nevropatiyasının sağ pəncənin plegiyası şəklində qalıq əlamətləri, ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020) hər iki aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları, sağ bud və baldır nahiyəsinin orta 1/3-nin yumşaq toxumasında 4 ədəd metal qəlpə. Posttravmatik stress pozuntusu. Qarışıq dissosiativ (konversion) pozuntular” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.5.1. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “posttravmatik stres pozuntusu” XBT-10 kodu “F43.1” kimi təsbit olunmuş və həmin Əlavənin 7.5.1. bəndin 7.5.1.1. yarımbəndinə əsasən “2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” ilə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarından və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-ci il tarixli 1081 nömrəli qərarına əsasən xəstəliyin yaranması səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmasının qanunsuz və əsassız sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1788/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.