Məhkəmə qərarları › İş №2-1(104)-297/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-297/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-297/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2257/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişindəki “Üzvi (xx.xx.2023-cü il tarixli antiterror əməliyyatları zamanı keçirilmiş QKBT nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu. Görmə pozğunluğu. Yumşaq toxumalarda qalmış yad metal cisim (qəlpə). Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin itirilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

2. İddiaçı etdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3- 3-8560/2024 nömrəli qərar qəbul edilmişdir.

3. X2 xx.xx.2023-cü il tarixli Stasionar xəstənin tibbi kartasından çıxarışında İddiaçı barəsində diaqnoz “S41 Sol çiyin nahiyəsinin güllə yaralanması, S76 Sol budun odlu silah yaralanması, sol bud sinirinin neyropatiyası” kimi qeyd edilmişdir

4. Daxili İşlər Nazirliyi X3 1290/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizində İddiaçı barəsində diaqnoz “Partlayış və güllə yaralanması (xx.xx.2023) nəticəsində sol çiyin və sol bud nahiyələrinin kor güllə yaralanmasına görə aparılmış yaraların İ cərrahi işlənməsi, yad cismin xaric olunmasından sonrakı vəziyyət. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Kəskin akustik travma mənşəli sensonevral eşitmə azlığı” kimi qeyd edilmişdir.

5. Daxili İşlər Nazirliyi X3 1520/2023 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizində İddiaçı barəsində diaqnoz “Partlayış travması (xx.xx.2023) və güllə yaralanması nəticəsində sol çiyin və sol bud nahiyələrinin kor qəlpə və güllə yaralanmalarına görə yaraların İ cərrahi işlənməsindən sonrakı çapıqlar-yumşaq toxumaların yad cismi (metal qəlpə), keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Akustik mənşəli xroniki sensonevral eşitmə azlığı” kimi qeyd edilmişdir.

6. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında İddiaçı barəsində diaqnoz “Odlu silahla yaralanmasından sonra sol kürək sümüyünün aşağı bucağı nahiyəsində sol bazu oynağının ön, sol budun yuxarı 1/3-nin arxa qasıq nahiyəsinin ön səthlərində çapıq toxumaları, sol budun yuxarı orta 1/3 nahiyəsində yumşaq toxumalarda böyüyü 5 mm ölçülü olan bir neçə metal qəlpəsi, daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir.

7. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X6 şöbəsinin xx.xx.2024-cü il tarixli BERA müayinəsinin nəticəsində İddiaçı barəsində diaqnoz “İki tərəfli xroniki neyrosensor ağıreşitmə, sol İİİ, sağ İİ dərəcəli” kimi qeyd edilmişdir.

8. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3192 nömrəli tibbi rəyində İddiaçı barəsində diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu F43.1. Ağır depressiv epizod və intihar fikirləri ilə” kimi müəyyən edilmişdir.

9. Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2023). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stress pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağıreşitmə, sol qulaq İİİ (üçüncü), sağ qulaq İİ (ikinci) dərəcə. Pıçıltı nitqi: AD/AS=3 m/1 m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı-orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qəlpələr) XBT-10, Y36.2; S06.0; F43.1; F32.2; H90.3; Y36.4; L90.5; M79.5" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Öd kisəsinin polipi (XBT-10, D37.6)” diaqnozlu xəstələyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

10. Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nın xx.xx.2024-cü il tarixli protokolundan 222/24 nömrəli çıxarışında İddiaçı barəsində diaqnoz “F43.1 Posttravmatik stress pozğunluğu. Depressiv epizod, intihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

11. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 373 nömrəli arayışında qeyd edilmişdir ki, MAXE-əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə Lokal antiterror tədbirləri zamanı “Partlayış travması (xx.xx.2023) Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stres pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağıreşitmə, sol qulaq 3-cü, sağ qulaq 2-ci dərəcə. Pıçıltı nitqi: AD/AS=3m/1m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qələpələr)” diaqnozlu travma almışdır.

12. Goranboy rayon 24 nömrəli poliklinikasının xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) 111039 nömrəli çıxarışında İddiaçı barəsində diaqnoz “F06.3 Üzvi (xx.xx.2023-cü il tarixdə antiterror əməliyyatları zamanı keçirilmiş qapalı kəlləbeyin travması nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

13. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı barəsində əsas diaqnoz “F43.1 Posttravmatik stress pozğunluğu”, yanaşı xəstəliklər “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.

14. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs Akademik Z.Məmmədov adına Xəstəxananın Oftalmologiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1137 nömrəli tibbi rəyində İddiaçı barəsində diaqnoz “Hər iki gözdə zəif dərəcəli hipermetropiya. Ambliopiya” kimi qeyd edilmişdir.

15. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli tibbi rəyində İddiaçı barəsində diaqnoz “H52.0-Hipermetropiya; H52.2-Astiqmatizm” kimi müəyyənləşdirilmişdir.

16. 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı barəsində diaqnoz “F06.3 Üzvi (xx.xx.2023-cü il tarixdə Antiterror əməliyyatları zamanı keçirilmiş qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, kobud davranış pozuntuları, ağır dərəcəli depressiv epizod, intihar fikirləri, anamnezində intihar cəhdləri” kimi qeyd edilmişdir

17. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı barəsində əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, yanaşı xəstəliklər “F33.1 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.

18. X4 İddiaçı barəsində aparılmış xx.xx.2024-cü il tarixli Kontrastsız beyin KT müayinəsi nəticəsində “Mikro travma ocaqları KT müayinəsi ilə inkar edilə bilmir” kimi qeyd edilmişdir.

19. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2025-ci il tarixli 3-13-14/2- 549/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli xəstəlik haqqında şəhadətnaməsi hal-hazırda qüvvədədir.

20. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2025-ci il tarixli BERA müayinəsinin nəticəsində İddiaçı barəsində diaqnoz “Sağ qulaqda orta-ağır (İİİ) dərəcəli, Sol qulaqda ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmişdir.

21. Goranboy rayon 24 nömrəli poliklinikasının xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) 126320 nömrəli çıxarışında İddiaçı barəsində diaqnoz “F07.0 Üzvi (xx.xx.2023-cü il tarixdə antiterror əməliyyatları zamanı keçirilmiş qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə, dekompensasiya dövrü” kimi qeyd edilmişdir.

22. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı barəsində əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyər pozğunluğu”, yanaşı xəstəliklər “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

23. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuşdur. O, əliliyin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq imtina etmişdir. Belə ki, onun diaqnozu ona əliliyin təyin edilməsi üçün əsasdır. Bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, onun qanuni olaraq təyin edilmiş əlillik dərəcəsi cavabdeh tərəfindən əsassız olaraq təyin edilmir. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq nəticə olmamışdır. O, hərbi xidmət dövründə xəsarət almışdır və müxtəlif vaxtlarda müxtəlif müalicə müəssisələrində müalicə və müayinə olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

25. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

26. Cavabdeh inzibati orqanın etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar.

27. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2257/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

28. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz – “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra ifadə olunmuş şəxsiyyət dəyişikliyi, anamnezində psixotik epizod və intihar cəhdi” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.

29. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) tərəflərin izahatları

32. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

33. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.5.1. Posttravmatik stres pozuntusu-F43.1 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60; 2 il.

36. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

41. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişindəki “Üzvi (xx.xx.2023-cü il tarixli antiterror əməliyyatları zamanı keçirilmiş QKBT nəticəsində) affektiv pozuntu, ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu. Görmə pozğunluğu. Yumşaq toxumalarda qalmış yad metal cisim (qəlpə). Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin itirilməsi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmiş, sonuncunun etdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8560/2024 nömrəli qərar qəbul edilmişdir.

42. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının diaqnozunun əlilliyin təyini üçün əsas olmaması qeyd edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

44. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz – “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra ifadə olunmuş şəxsiyyət dəyişikliyi, anamnezində psixotik epizod və intihar cəhdi” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

45. Bununla yanaşı iddiaçıya təyin ediləcək əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli qərarında (xəstəlik haqqında şəhadətnamə) qeyd edilmişdir ki, İddiaçı aldığı “Partlayış travması (xx.xx.2023). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Uzunmüddətli posttravmatik stress pozğunluğu. Ağır depressiv epizod və intihar fikirləri ilə. Hava zərbə dalğası nəticəsində ikitərəfli neyrosensor tipli ağıreşitmə, sol qulaq İİİ (üçüncü), sağ qulaq İİ (ikinci) dərəcə. Pıçıltı nitqi: AD/AS=3 m/1 m. Sol çiyin nahiyəsinin odlu silah kor güllə, sol bud və qasıq nahiyələrinin odlu silah kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol çiyin nahiyəsindən güllənin xaric edilməsi (xx.xx.2023), sol bud nahiyəsindən qəlpənin xaric edilməsi (xx.xx.2023) cərrahi əməliyyatlarından sonrakı tam bərkimiş dəri çapıqları. Sol budun yuxarı-orta 1/3-nin yumşaq toxumalarının çıxarılmamış yad cisimləri (metal qəlpələr) XBT-10, Y36.2; S06.0; F43.1; F32.2; H90.3; Y36.4; L90.5; M79.5" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Öd kisəsinin polipi (XBT-10, D37.6)” diaqnozlu xəstələyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

46. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2025ci il tarixli 3-13-14/2-549/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 794 nömrəli xəstəlik haqqında şəhadətnaməsi hal-hazırda qüvvədədir.

47. Bundan başqa, iddiaçının apellyasiya icraatı gedişində sağlamlıq vəziyyətinə dair təqdim etdiyi Respublika Diaqnostika Mərkəzinin xx.xx.2025-ci il tarixli BERA müayinəsinin nəticəsi, Goranboy rayon 24 nömrəli poliklinikasının xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) 126320 nömrəli çıxarış və “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışla da ona təyin edilmiş diaqnozların əlillik səviyyəsində olması təsdiq edilir.

48. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da ona üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

49. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri əlilliyin qiymətləndirilməsinin inzibati orqanın diskresion səlahiyyətinə aid olması və məhkəmə qərarının buna müdaxiləsi olmasıdır.

50. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

51. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

54. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

55. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

56. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

57. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

58. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin təyin edilməsindən imtinaya yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti yaranmamışdır.

59. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

60. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

Nəticəvi hissə:

61. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2257/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar