Məhkəmə qərarları › İş №2-1(104)-298/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-298/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-298/2025 04.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1406/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır. İddiaçı xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Sol ağ ciyərin kavernoz vərəmi, iltihab, sağ ağciyərdə səpələnmə mərhələsində...” diaqnozu ilə, 1 il müddətinə, “Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə, İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddiaçı 5 il müddətinə, “Hər iki ağ ciyərin kavernoz vərəmi iltihab mər.Xr.12b/b xorası, mədə rezeksiyasından son vəz. TÇ-İİ dər.” Diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş Xəstəxanası Həkim müayinəsinin nəticələri: - A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. (Müayinə tarixi xx.xx.2023) - A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sol ağciyərin fibroz kavernoz vərəmi, iltihab mərhələsində. Tənəffüs çatmamazlığı İİ dərəcə. (Müayinə tarixi xx.xx.2023) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz, A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Ağırlaşma J96 - Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ İİ dərəcə. Yanaşı xəstəliklər J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit. Yanaşı xəstəliklər Q05 Spina bifida [onurğa kanalının tam bağlanmaması), Spina Bifida. Yanaşı xəstəliklər M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, Diskogen (L5-S1) radiokulopatya. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz.” məzmununda SMS göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İİ qrup hərbi əlillik əlamətinin təyin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuşdur. Hal-hazırda Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 16 ünvanında yaşayır. O, 16 iyun 1988-ci il tarixdə SSRİ dönəmində Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, Arxangelsk vilayətində yerləşən N nömrəli hərbi hissədə hərbi xidmətə qulluğa başlamışdır. Həmin hərbi hissədə hərbi qulluğunu davam etdirərkən 19 dekabr 1989-cu il tarixdə “ağciyərlərin sağda BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” xəstəliyinə tutulmuşdur. Həmin dövrdə qulluq etdiyi hərbi hissənin yaxınlığındakı hərbi hospitalda stasionar müalicələrdə olmuşdur. Vərəm xəstəliyinə tutulduğuna görə istər SSRİ dövründə, istərsə də müstəqillik dövründə stasionar və ambulator müalicələrini mütamadi olaraq davam etdirmişdir. 1989-cu ildən hal-hazıra kimi həm stasionar, həm də ambulator müalicələr götürsə də, heç bir müsbət nəticəsi olmamış, əksinə zaman-zaman ayrı-ayrı xəstəliklərə tutulmuşdur. Hərbi vəzifəni yerinə yetirərkən vərəm xəstəliyinə tutulmağı ilə bağlı ona əlillik səbəbi ilə İİ qrup əlillik təyin edilməsindən ötrü o, tibbi-sosial ekspert komissiyasına müraciət etsə də, müayinə zamanı komissiya sədri tərəfindən müayinə edilmiş və ona bildirilmişdir ki, onun xəstəliyi hərbi xidmət zamanı yarandığına görə əvvəlcə Mərkəzi Hərbi Komissiyasında müayinə olunub, bu barədə müvafiq şəhadətnamə aldıqdan sonra TSEK-ə əlilliyi ilə bağlı yenidən müraciət edə bilər. Ona görə də, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi həkim komissiyasına müraciət etmiş, 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” aldıqdan sonra yenidən TSEK-ə müraciət etmişdir. “Xəstəlik haqqında şəhadətnamə" ilə müəyyən olunmuşdur ki, onda ağciyərlərin sağdan vərəmi aşkar edilmişdir. Xəstəlik vərəmli xəstə ilə təmasdan yaranmışdır. İddiaçı həmin vaxtı müalicə üçün N saylı hərbi hissəsinin vərəm şöbəsinə göndərilmiş, burada müayinədən sonra ona yekun diaqnoz kimi Ağciyərlərin sağdan çürümə mərhələsində olan infiltrativ vərəmi, C1, C2, C3, BK+. Aparılan müalicə nəticəsində möhkəmlənib, 9 kq çəkisi artıb, temperaturu normallaşıb, bəlğəmdə BK ifrazı dayanıb, rentgenoloji olaraq infiltrasiyanın və ocaqlı kölgələrin sovrulması qoyulmuşdur. Xüsusi tədqiqatların nəticələri: Ağciyərlərin 24.5.89 və 5.6.89-cu il tarixli rentgenoloji tədqiqatları. Sağdan ağciyərdə C1, C2, C3-də ağciyər toxumasında qeyri-dəqiq konturları olan, ocaqlı, dəqiq olmayan kontur və çürümə bolluğu olan infiltrasiya müəyyən edilir. Bronx-damar cığırı sağ kökə doğru aşkar ifadəlidir. Diaqnoz və komissiyanın xəstəliyinin səbəb əlaqəsi haqqında qətnaməsi: Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi. Xəstəlik, bəli, hərbi xidməti keçməsi zamanı xəstələnmişdir. Hərbi ixtisas üzrə hərbi xidmətə yararlığı haqqında və s. komissiyanın qətnaməsi: Xəstəliklərin və fiziki qüsurların Siyahısının (SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 nömrəli əmri) 22b maddəsinə əsasən: sülh dövründə hərbi xidmət üçün yararsızdır, müharibə dövründə qeyri-sıravi hərbi xidmətə yararlıdır. Möhür Komissiya sədri, f\x polkovniki \imza Yatsenko Katib, SO qulluqçusu: \imza Belyayeva Poçt ünvanı: 163045, h\h 55438, Arxangelsk-45 şəh. Ştatlı hərbi-həkim komissiyasının qərarı, qətnaməsi: Dairə Hərbi Həkim Komissiyası Hərbi-həkim komissiyasının qətnaməsi təsdiq edilir. Komissiya sədri, t'x polkovniki: \imza\xx.xx.1990-cı il Möhür: \möhür var Eytiyyatda olan hərbi mükəlləfiyyətlilərin uçotu və bronu üzrə təlimatçı. SO qulluqçusu: \imza var Əzizov E.A.Möhür: \möhür var 2017-ci ilin aprel ayın 18-də TSEK-in qərarı əsasında sağ ağ ciyəri BK+, C1, C2, C3-də vərəmi diaqnozu ilə hərbi xidmət dövründə alınmış xəstəlik səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2015-cı ilə kimi hər il barəsində olan forma 88 TSEK-ə təqdim olunmuş və bu barədə TSEK-in həkimləri tərəfindən qərarların bir nüxsəsi iddiaçıya verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq olunmuş, “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvəyə mindikdən sonra 2016-ci ildə barəsində növbəti 5 il üçün İİ qrup əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2006-ci il tarixdən, xx.xx.2006-ci il tarixə kimi Daşkəsən rayon mərkəzi xəstəxanasında, xx.xx.2008-ci il tarixdən, xx.xx.2008-ci il tarixə kimi Gəncə şəhər A.Səhhət adına TTY xəstəxanasında, xx.xx.2010-ci il tarixdən, xx.xx.2010-ci il tarixə kimi Gəncə Ağ ciyər xəstəxanasında, xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi Gəncə şəhər A.Səhhət adına xəstəxanada stasionar müalicələr almışdır. Həmin xəstəliyindən əlavə xx.xx.2011-ci il tarixdə mədəsində yazva olduğundan, həmin tarixdə Gəncə şəhər A.Səhhət adına xəstəxanada mədədən cərrahiyyə olunmuş, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bundan əlavə belində yırtıq (qrija) olduğuna görə Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət göstərən Ankara Medikal MMC-də belində və aşağı ətraflarda ağrılar, keyimə hissi, və gücün azalması ilə bağlı xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Müalicə vaxtı mədəsi deşilərək qanaxmaya səbəb olduğundan, həmin xəstəxananın göndərişi əsasında o, M.Topçubaşov adına X10 Qida borusu, Mədə, 12b.b Cərrahiyyəsi şöbəsinə göndərilmişdir. xx.xx.2012-ci il tarixdə cərrahiyyə əməliyyatı olmuş və orada xx.xx.2012-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bundan əlavə iddiaçı xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi Daşkəsən rayon mərkəzi xəstəxanasında, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixə kimi Gəncə Vərəm əleyhinə xəstəxanada, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə Vərəm əleyhinə xəstəxanada yenə də stasionar müalicəsinii davam etdirmişdir. Habelə xx.xx.2021-ci il tarixdə, 30.04 2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi xx.xx.2023-cü il tarixdə X11 Ciyər xəstəlikləri institunda stasionar müalicə olunmuşdur. Habelə o, xx.xx.2023-cü il tarixdən, xx.xx.2023- cü il tarixə kimi Gəncə Birləşmiş xəstəxanasında stasionar müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər A.Səhhət adına Birləşmiş xəstəxanasında Videoezofaqoqastroskopiya müayinəsindən, xx.xx.2023-cü il tarixdə EXOkardioqrafiya müayinəsindən keçmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Z. Məmmədov adına xəstəxananın radologiya şöbəsindən POCUS aşağı ətraf arteriyalarının tripleks müayinəsindən keçmişdir. xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Gəncə şəhər Z. Məmmədov adına xəstəxanada stasionar müalicə olunmuşdur. Habelə Daşkəsən RMXdan Forma AZS-88 yazılaraq verilmişdir. İddiaçı hesab edir ki, Müdafiə Nazirliyininin Mərkəzi Həkim Komissiyasının xx.xx.1989-cu il tarixli, 266 nömrəli Qərarı və iddia ərizəsinə əlavə etdiyi digər tibbi sənədlər onun hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən xəstəliyə düçar olub, bu günə kimi qeyd olunan xəstəliklərdən əziyyət çəkdiyini tam təsdiq edir. Axırıncı dəfə o, xx.xx.2024-cü il tarixdə müayinədən keçirildikdə TSEK-in həkimləri tərəfindən diaqnoz: “Ağ ciyərin tibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L-S1) radiokulapatya” qoyulsa da imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin edilməməsi. Ətraflı “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin müayinə zamanı komissiyanın həkimləri iddiaçıya kifayət qədər xəstəliyinin olduğunu, müayinə zamanı da təsdiq olunduğunu bildirmişlər. İddiaçı 2021-ci ildən hal-hazıra kimi ona əvvəllər təyin olunmuş xəstəliklərdən indi də əziyyət çəkir və hazırda da müalicə olunur. İş qabiliyyəti yoxdur. İddiaçı hesab edir ki, ona əlillik dərəcəsi təyin olunmalıdır. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyası axırıncı dəfə iddiaçıya xx.xx.2024-cü il tarixdə onlayn qaydada yenidən imtina cavabı verərək, 30 gün ərzində müvafiq məhkəməyə müraciət etməsi barədə məlumat verilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, imtina cavabı ilə onun Konstitusiya ilə nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı ümid edir ki, qeyd edilənlərin nəzərə alınıb, cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1406/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixində əyani müayinədə olmuş ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin fibrozkavernoz vərəmi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Mədə rezeksiyasından sonrakı vəziyyət. Anostomozun peptiki xorası öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Diaqnozun mətni: Sağ ağciyərin fibrozkavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1406/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İlham Qərib oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçıya 2007-ci ildən başlayaraq göstərilən xəstəliklə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə təkrar əlillik üçün nəzərdə tutulan son 1 ildə tələb olunan minimal stasionar və ambulator müalicələr almış, lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. İddiaçıda olan xəstəlik onun orqanizminin funksiyalarının 61-80% pozulmasını təşkil edir. Belə ki, iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci yarımbəndinə uyğun gəlir. İddiaçının orqanizminin funksiyalarının pozulması səbəbi ilə bağlı qeyd olunmalıdır ki, 19 dekabr 1989-cu il tarixli, 266 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır. Həmçinin iddiaçıya 2007-ci ildə eyni xəstəliklə təyin edilmiş əlilliyin səbəbi də hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı 2007-ci ildən başlayaraq fasiləsiz olaraq 2021-ci ilə qədər, yəni 14 il müddətində İİ dərəcəli əlil olmuşdur. Ona görə də iddiaçıya müddətsiz əlillik təyin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1406/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspertiza təyin etmədən, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymadan və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul etmədiyi, İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlamətinin təyin edilməsi qənaətinə gəlinmişdir. Bu halları birinci instansiya məhkəməsi nəzərə almamış, bununla da əsassız qərar çıxarmışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1406/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri 1.1. Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri 1.1.6. tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi – A15 Qiymətləndirmə: 1.1.6.2. İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş diaqnoza əsasən ilkin olaraq hər dəfə bir il müddətinə olmaqla xx.xx.2007-ci il, xx.xx.2008ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə ikinci dərəcə əlillik və sonuncu dəfə xx.xx.2016-cı il tarixli qərara əsasən, İddiaçı 5 il müddətinə, “Hər iki ağ ciyərin kavernoz vərəmi iltihab mər.Xr.12b/b xorası, mədə rezeksiyasından son vəz. TÇ-İİ dər.” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, lakin sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında, “Sağ ağciyərin fibroz-kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Xroniki obstruktiv bronxit. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, TÇ İİ dərəcə. Spina Bifida. Diskogen (L5-S1) radiokulopatya” diaqnozu üzrə əlilliyi qiymətləndirilərək “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. İddiaçı barəsində sonuncu verilmiş xx.xx.2024-cü il tarixli tibbi göndəriş-Forma 88 haqqında məlumatdan görünür ki, TSEK-ə göndəriş zamanı ona qoyulan diaqnozlar, “Əsas diaqnoz A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla mühitdə artımla və ya artımsız, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Ağırlaşma J96 - Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. TÇ İİ dərəcə. Yanaşı xəstəliklər J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xroniki obstruktiv bronxit. Yanaşı xəstəliklər Q05 Spina bifida [onurğa kanalının tam bağlanmaması), Spina Bifida. Yanaşı xəstəliklər M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, Diskogen (L5-S1) radiokulopatya” kimi müəyyən edilmişdir. İddiaçı barəsində sonuncu verilmiş xx.xx.2024-cü il tarixli tibbi göndəriş-Forma 88 haqqında məlumatda olan həkim müayinəsinin nəticəsində isə iddiaçıya “A16.0 Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağciyərin fibroz kavernoz vərəmi, sola səpələnmə mərhələsində. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. (Müayinə tarixi xx.xx.2023) - A15.0 Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Sol ağciyərin fibroz kavernoz vərəmi, iltihab mərhələsində. Tənəffüs çatmamazlığı İİ dərəcə. (Müayinə tarixi xx.xx.2023)” diaqnozları qoyulmuşdur. Bundan əlavə məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və onun nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3 İnstitutu” publik hüquqi şəxsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müayinələrdən sonra İddiaçı “Sağ ağciyərin fibrozkavernoz vərəmi, stabilləşmə mərhələsi. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. AXOX, orta ağır gedişli” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 1.1.6. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi” XBT-10 kodu “A15” kimi təsbit olunmuş və həmin Əlavənin 1.1.6. bəndin 1.1.6.2. yarımbəndinə əsasən “İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması)” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Yuxarıda göstərilən hallardan və normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, əlilliyin hansı müddətə təyin edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsaslanmış və iddiaçının 2007-ci ildən başlayaraq fasiləsiz olaraq 2021-ci ilə qədər, yəni 14 il müddətində İİ dərəcəli əlil olduğunu nəzərə alaraq iddiaçıya müddətsiz əlillik təyin edilməli olduğu qənaətinə gəlmişdir. Bundan başqa əlilliyin səbəbinə münasibətdə isə işdə olan xx.xx.1989-cu il tarixli X4 görünür ki, “Ağciyərlərin sağdan BK+, C1, C2, C3-də natamam sovrulma və sıxlaşma mərhələsində olan infiltrativ vərəmi” diaqnozun səbəb əlaqəsi-Hərbi xidmət dövründə alınmışdır kimi müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunmasının qanunsuz və əsassız sayılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.

Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1406/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar