Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-299/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X3, üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi (arvadı) X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-183/2023 saylı qərardadından İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyəti Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmuş və sökülmüş Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilinin əvəzinə eyni dərəcədə yeni mənzilin və ya vurulmuş zərərin əvəzi olaraq 35000 manat pulun alınaraq İddiaçı BOKT ASC-ə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin mülkiyyətində olmuş və sökülmüş Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilinin əvəzinə eyni dəyərdə yeni mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-183/2023 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyəti qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit X9 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının qeyd olunan mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən çıxarış almalarına etiraz etmirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi (arvadı) X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015ci il tarixli 4 saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Şəmkir şəhərində qəzalı vəziyyətdə olan evlərin sökülərək yenilərinin inşa edilməsi zamanı sökülmüş mülkiyyətində olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilin dəyərinin verilməsi və ya naturada ödənilməsini tələb etmiş, iddiaçının deməsinə görə həmin mənzilin dəyəri ödənilməmiş, nəticədə hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2022- ci il tarixli,185 nömrəli sərəncamın şərh hissəsindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 avqust 2017-ci il tarixli, 3183 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin mərkəzində yerləşən ötən əsrdə inşa edilmiş və qəzalı vəziyyətdə olan ikimərtəbəli 5 yaşayış binasının sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cavabdehnə 3.0 (üç) milyon manat ayrılmışdır. Həmin sərəncama müvafiq olaraq Cavabdeh başçısının 24 oktyabr 2017-ci il tarixli, 176 saylı sərəncamı ilə bina tikintisi üçün Şəmkir şəhəri N.Nərimanov küçəsinin sol tərəfində keçmiş konserv zavodunun alt hissəsində yerləşən, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş, mövcud 36 mənzilli yaşayış binasının qərb hissəsindəki dövlət mülkiyyətinə aid olan istifadəsiz ərazidən torpaq sahəsi ayrılmış və binanın tikintisi tam başa çatdırılmışdır. Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 12 yanvar 2019-cu il tarixli, 12 saylı Sərəncamı ilə sakinlər həmin binada yerləşən mənzillərə köçürülmüşdür. Cavabdeh başçısının 17 fevral 2020-c il tarixli 48 nömrəli Sərəncamı ilə sakinlərlə müqavilə bağlanılması qərara alınmış və Sərəncama əlavə olunmuş siyahıda müqavilə bağlanacaq şəxslərin soyad, ad, mənzilin nömrəsi, sahəsi, yerləşdiyi mərtəbə və otaqların sayı qeyd olunmuşdur. "xxxx" ASC-nin varisi İddiaçı BOKT ASC Cavabdehnə müraciət edərək Şəmkir şəhəri S.Vurğun küçəsi 256 nömərli sökülmüş binada yerləşən 3 nömrəli mənzilin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən **********38-05101- 093002 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyətində olduğu üçün hazırda N.Nərimanov küçəsində yerləşən yeni çoxmənzilli binada müvafiq mənzilin İddiaçı BOKT ASC-nin adına sənədləşməsinə köməklik göstərilməsini xahiş edir. Bundan əlavə sözügedən sərəncamın sərəncam hissəsinin ikinci bəndində isə Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 48 nömrəli sərəncamına əlavə olunmuş siyahının 37-ci sırasında qeyd olunan “Məmmədov Mustafa” sözləri “Para BOKT ASC” sözləri ilə əvəz olunmasının qərar alınması qeyd olunmuşdur. Yuxarıda qeyd olunan sərəncamdan da görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyət hüququ, o cümlədən hər-hansı bir hüququ pozulmamışdır. İddiaçı mülkiyyətində olan sökülmüş mənzilin əvəzinə yeni mənzil ilə təmin edilmiş, lakin iddiaçı həmin mənzildə hazırda mülki mübahisə bağlı olan borclunun yaşamasını əsas gətirərək mənzilin inzibati orqan tərəfindən boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini mümkün hesab etməmişdir. Göründüyü kimi iddiaçının inzibati orqan tərəfindən sökülmüş mənzilin əvəzinə yeni mənzil ilə təmin edilməsi tələbi məhkəməyə qədər təmin edilmiş, iddiaçının mənzilin boşaldılmasına dair tələbi isə İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Yəni, iddiaçı özünün mülkiyyətində olan mənzilin boşaldılması mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisədir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmçinin qərarın 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-183/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-299/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-299/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver