Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-3/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2-1(83)-1249/2018 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 yanvar 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış və Torpaq sahəsinin 05 yanvar 2016-cı il tarixli A seriyalı 038141 nömrəli planı və ölçüsünün surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 yanvar 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış və Torpaq sahəsinin 29 dekabr 2015-ci il tarixli A seriyalı 038086 nömrəli planı və ölçüsünün surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,10 ha ehtiyyat fondu torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(044)- 919/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı özgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmağına və zərərin ödənilməsinə dair iddiası təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2015-ci il tarixli 2(104)-1096/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(044)-919/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2016cı il tarixli 2(102)-1764/2016 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2015-ci il tarixli 2(104)-1096/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 09 mart 2017-ci il tarixli rəyindən görünür ki, hər iki tərəfin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş və aparılmış tədqiqatın nəticəsi olaraq Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (0,10 ha) və 05 yanvar 2016-cı il tarixli **********83 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü (0,66 ha) əsasında İddiaçı mülkiyyətində olan 0,76 ha torpaq sahəsi üzərində başqa vətəndaşların yaşayış evləri inşa edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2018-ci il tarixli 4906 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,66 ha kənd təssərüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahəsinin 0,167 ha hissəsinin yollara (küçələrə) qatıldığı, yollara qatılmayan 0,593 ha hissəsinin müxtəlif şəxslər tərəfindən daş hasarla hasarlandığı və fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən həmin ərazidə inşa edilmiş evlərə aid heç bir hüquqi sənəd olmadığı müəyyən olunmuş; Gəncə şəhəri Nizami rayonundan yerləşən 0,66 ha kənd təssərüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahəsinin yollara qatılmayan 0,593 ha hissəsində müxtəlif şəxslər tərəfindən tikilmiş fərdi yaşayış evlərinin inşasına dair müvafiq icazə verici sənədlər olmadığından tikililərin şəhərsalma və tikinti normalarına əməl olunmadan inşa edildiyi müəyyən edilmiş; İddiaçıya məxsus 0,66 ha kənd təssərüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahəsinin koordinatları yerində müəyyən edilməklə həmin ərazi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsi birinci sualın cavabında öz əksini tapmışdır. Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(114)-02/2022 nömrəli qərardadından görünür ki, İddiaçı ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5, X6, X3, X8, X11, X9, X10, X7, X2 və X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdeh orqanın payladığı 0,76 ha torpaq sahəsinin real dəyəri olan 760000 manatın alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Gəncə şəhəri Nizami rayonunda yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahələri olmuşdur. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti şəhərdə abadlıq işləri apararkən genişləndirilmə ilə əlaqədar həmin torpaq sahələrini iddiaçıdan soruşmadan və dövlət ehtiyacları üçün alınması proseduruna əməl etmədən, yeni salınmış və rekonstruksiya edilmiş küçələrin ərazisinə qatmışdır. Torpaqların dövlət ehtiyacları üçün alınması dövlət tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməli olduğu halda, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən tələblərə riayət edilməmiş və mərzlər dağıdıldığı üçün torpaq sahələrinin haradan başlanmasının harada qurtarmasını müəyyən etmək mümkün deyil. Cavabdeh onun mülkiyyətində olmuş 0,76 ha torpaq sahəsinin hər sotunun minimum dəyəri 10000 manat təşkil etməklə 760000 manat zərər vurmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2017-ci il tarixli 2-1(83)-160/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 03 may 2017-ci il tarixli 2-1(83)-160/2017 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2018ci il tarixli 2-1(104)-23/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 may 2017-ci il tarixli 2- 1(83)-160/2017 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2-1(83)- 1249/2018 nömrəli (hakim K.Rzayev) qərarı ilə İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı 0,76 ha torpaq sahəsinin real dəyəri olan 760000 (yeddi yüz altmış min) manatın alınıb ona verilməsi barədə iddia tələbinin təmin edilməməsi; İddiaçı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətinə olan Gəncə şəhəri Nizami rayon ərazisində yerləşən 0,76 ha torpaq sahəsinin Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən dağıdılaraq küçələrə paylanmasını iddiaçı əsaslandıra bilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin real dəyərinin məhz 760000 manat olmasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2-1(83)-1249/2018 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qərar çıxarmışdır. Birinci instansiya məhkəməsinin 20 noyabr 2018-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında Gəncə şəhəri Nizami rayon ərazisində yerləşən mübahisəli torpaq sahəsinin onun adına rəsmiləşdirildiyini, lakin 4 ildir mülkiyyətində olan torpaq sahəsində tanımadığı bir neçə şəxsin ev inşa etməsini və Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi buna sərəncam verdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə cavabdehin nümayəndəsi Elnur Rəhimovun yalan izahatını əsas tutmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2018-ci il tarixli 4906 nömrəli ekspert rəyini nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022ci il 04 mart tarixli 492-VİQ nömrəli Qanunun “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012ci il 06 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilmişdir.əsi haqqında 01 aprel 2022-ci il tarixli 1641 nömrəli Fərmanının 1.2.1. bəndinə əsasən “Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli aşağıdakı redaksiyada verilmiş, 1.2.2. bəndinə görə isə “Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli ləğv edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2- 1(104)-03/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə cavabdeh əsl cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş, sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə məlumat verilsədə, nümayəndə iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq olunan hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix;
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
5. Alına bilən torpaqlar: 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar;
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: 7.Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlamılmalıdır. Beləki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhərində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Buna dair iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 yanvar 2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 08 yanvar 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar tərtib olunmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsini onun xəbəri olmadan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alındığını və bunun müqabilində kompensasiyanın ödənilməsinə əsaslananmışdır. Nəticədə hüquqlarının Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən pozulduğunu və torpaq sahəsindən məhrum olduğunu qeyd etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmamışdır. Belə ki, ilk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2018-ci il tarixli 4906 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonundan yerləşən 0,66 ha kənd təssərüfatı təyinatlı və 0,10 ha ehtiyyat fondu torpaq sahəsinin 0,167 ha hissəsinin yollara (küçələrə) qatıldığı, yollara qatılmayan 0,593 ha hissəsinin müxtəlif şəxslər tərəfindən daş hasarla hasarlandığı və fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən edilmişdir. Həmin ekspert rəyindən də göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi müxtəlif şəxslərin sahibliyində və istifadəsindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsinə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında keçməsini qeyd etmişdir. Ona görədə İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5, X6, X3, X8, X11, X9, X10, X7, X2 və X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərəncamların ləğv edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonradan iddiaçı ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Gəncə İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(114)-02/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X5, X6, X3, X8, X11, X9, X10, X7, X2 və X4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmnışdır. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2(044)-919/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı özgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmağına və zərərin ödənilməsinə dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsədə, təmin olunmamış və dəyişdirilmədən saxlanılmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilərək istifadə olunmasını əsas gətirərək Gəncə şəhər İcra Hakimiyyətindən kompensasiya tələb etsədə, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2-1(83)- 1249/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.