Məhkəmə qərarları › İş №2-1(104)-30/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-30/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-30/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 və üçüncü şəxs X5, onun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh2nə (üçüncü şəxslər X15 və X14) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1911/2021 nömrəli qərarından üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair cavabdeh təşkilat tərəfindən X6 adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1377/2020 nömrəli qərardadı ilə (hakim A.İsgəndərova) İddiaçı Cavabdeh2nə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1377/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(104)-266/2021 nömrəli qərardadı ilə (hakimlər R.Mamedov-sədrlik edən və məruzəçi, A.Bayramov və Ə.Abdullayev) apellyasiya şikayəti təmin edilərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1377/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1911/2021 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddianın təmin edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. Üçüncü şəxs X14 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(104)-153/2022 saylı qərardadı ilə (hakimlər R.Mamedov, Ə.Abdullayev və A.Bayramov) Gəncə İnzibati Məhkəməsinin xx.xx.20121-ci il tarixli, 2-1(114)-1911/2021 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını, yaxud işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2215/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(104)-153/2022 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 2007-ci ildə öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və hazırda həmin evdə yaşayır. Yaşadığı evi sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qanunsuz yolla X7 adına sənədləşdirilmişdir. Halbuki, mübahisə olunan torpaq sahəsi heç vaxt X7 istifadəsində olmamış, sənədləşmə formal olaraq tərtib olunmuşdur. Əgər torpağın mülkiyyətçisi Qızbəs Veyisova olsaydı həmin torpaq sahəsində 2007-ci ildən inşa edilmiş evin inşa olunmasına imkan verməzdi. Torpağın sənədləri sonradan saxta yolarla tərtib olunmuş və bundan sonra həmin torpağa çıxarış əldə olunmuşdur. Çıxarışa qədər müvafiq hüquqverici sənədlərdə tarixlər əvvəlki tarix kimi qeyd olunsa da, son günlərdə tərtib olunmuşdur. İlkin sənədlərlə bağlı müvafiq orqanda qeydiyyat aparılmamışdır. Mübahisə olunan torpağa dair sənədlər əldə edə bilmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X14 iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı heç bir hüquqi əsası olmadan mübahisəli torpaq sahəsində guya şəxsi vəsaiti ilə 2007-ci ildə onun razılığı ilə yaşadığı fərdi yaşayış evini inşa etdirməsini göstərmiş, əslində isə həmin torpaq sahəsini o, Qızbəs Veyisovadan 2010-cu ildə aralarında olan şifahi razılaşma əsasında torpağın dəyərini hissə ilə ona ödəməklə sahibliyinə götürmüş və üzərindəki evi isə oğlunun Rusiyadan göndərdiyi pullarla inşa etdirmişdir. İddiaçı uşaqları ilə birlikdə qaynanası tərəfindən ər evindən çıxarılıb kirayələrdə qalmasına görə onun razılığı ilə 2011-ci ildən həmin evdə yaşamasına icazə vermişdir. AR DT və XK-nin X27 Kitabında xx.xx.2009-cu il tarixli 1201 nömrə ilə uçota alınmış X28 və Ölçüsü sənədində Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 saylı qərarı ilə 599,92 kv.m həyətyanı torpaq sahəsinin X6 adına verilməsi qeyd olunmuşdur. Həmin torpaq sahəsinə X7 mülkiyyət hüququ DƏDRX-də xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışla qeydə alınmışdır. 0,06 ha həyətyanı torpaq sahəsinin 3-cü şəxs Qızbəs Veyisovaya verilməsini müəyyən edən hüquqmüəyyənedici sənədlərin tərtibi zamanı iddiaçının heç bir hüququ pozulmamış, bu səbəbdən də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Həmin inzibati iş üzrə 3-cü şəxs olmaqla mübahisəli torpaq sahəsinin ilkin mülkiyyətçisi olan Qızbəs Veyisovadan notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə satın alaraq mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaqla müvafiq çıxarış almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək, cavabdehin əsl Cavabdeh2 ilə əvəz olunmasını və Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il t arixli qərarının etibarsız hesab edilməsinə dair iddia qaldırmaqla faktiki olaraq həmin qərarı mübahisələndirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiasını inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. İddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli qərarın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişdir. Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra 24 ildən artıq müddətdə (1998-2021-ci illər) mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Eyni zamanda, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Odur ki, iddianı təmin etməklə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdehin nümayəndəsi, habelə üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 və onun nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1911/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, baxılan mübahisə Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-in 2.2.5-ci maddəsinin ikinci yarımcümləsinə (inzibati aktın etibarsız sayılmasına dair iddialar) görə müəyyən etmə və ya tanınma haqqında iddiadır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddia İPM-in 36-cı maddəsində öz əksini tapmışdır. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.1-ci maddə). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (İPM-nin 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsinə kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (İPM-nin 36.3-cü maddəsi). İddia tələbi cavabdehin qərarının etibarsızlığının tanınması barədə olan iddiadır İş materiallarında olan Azərbaycan Respublikası X26 filialının xx.xx.2020-ci il tarixli 142 nömrəli Arxiv arayışlarından görünür ki, X31 filialında mühafizə olunan “N.Nərimanov” adına sovxozun xx.xx.1987-ci il tarixli 73 nömrəli əmrilə X7 adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Əsas: K-1-142 (i.v.25). İş materiallarında olan Şəmkir rayon N.Nərimanov sovxozu üzrə xx.xx.1992-ci il tarixli 53 nömrəli əmrdən çıxarışdan görünür ki, Şəmkir rayon X25 Rəyasət Heyyətinin xx.xx.1992-ci il tarixli iclasının qərarına əsasən fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin əmrdə adlar qeyd olunmamışdır (i.v.103). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin X27 kitabında xx.xx.2009-cu il tarixdə, 1201 nömrə ilə uçota alınmış X28 və ölçüsü sənədindən məlum olur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 113 nömrəli qərarı ilə 599.92 kv.m həyətyanı torpaq sahəsi X7 adına işlənmişdir (i.v.76-79). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli X28 və ölçüsü sənədindən məlum olur ki, Şəmkir şəhəri ərazisində yaşayış məntəqələrinin torpaqlarına aid olan sənəd üzrə 0,06 ha, faktiki 0.0494 ha torpaq sahəsi X26 filialı tərəfindən verilmiş K-1-142, xx.xx.2020-ci il tarixli arayışa əsasən X7 adına işlənmişdir (i.v.70). İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Şəmkir şəhəri ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır (i.v.69). İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.0494 ha olan torpaq sahəsini 4900 manata X1 (i.v.67). İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli, **********74 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Şəmkir şəhəri ünvanında yerləşən 0.0494 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır (i.v.66). İş materiallarında olan Azərbaycan Respublikası X26 filialının xx.xx.2021-ci il tarixli k- 3-76, xx.xx.2021-ci il tarixlli k-3-86 və xx.xx.2020-ci il tarixli k-3-64 nömrəli Arxiv Arayışından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının arxiv sənədləri X26 filialına təhvil verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********41 nömrəli arayışında göstərilmişdir ki, X26 filialının k-1-142 saylı, xx.xx.2020-ci il tarixli arayışı, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı və ləğv edilmiş DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən tərtib edilmiş seriya A, 171491 saylı “X28 və ölçüsü” sənədi əsasında Şəmkir şəhərində yerləşən 0.0494 ha həyətyanı torpaq sahəsinə dair X7 adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu, 1 saylı notariat ofisinin 4Ə-872 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adında özgəninkiləşdirilmiş və sonuncuya ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Reyestrdən çıxarışda küçə adı və nömrəsi qeyd edilmədiyindən sorğuda göstərilən ünvanla eyniliyi müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********74 saylı məktubda göstərilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin arxivində aparılan araşdırma nəticəsində Şəmkir şəhəri üzrə mülkiyyəıtinə həyətyanı torpaq sahəsi verilən vətəndaşların siyahısında X7 adı aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədin qanunvericiliyə uyğun surətdə təsdiq edilmiş surəti təqdim edilir (i.v.117). Qeyd edilən məktuba əlavə edilmiş Şəmkir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid tarixsiz Cədvəldən görünür ki, xəritədə nömrəsi 2291 olmaqla X6 qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin 0,06 ha olduğu qeyd edilmiş, həmin siyahının “X32 Komissiyasının sədri” ifadəsinin üzərindən xətt çəkilərək “Şəmkir Bələdiyyəsinin sədri” ilə razılaşdırıldığı göstərilmişdir (i.v.118). İş materiallarında olan Şəmkir Bələdiyyəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair xx.xx.2016-cı il tarixli 899 nömrəli, “Azəriqaz” X20 X29 İdarəsinin xx.xx.2020-ci il tarixli 1566 nömrəli arayışından görünür ki, İddiaçı Şəmkir Xidmət Sahəsi üzrə abonent kimi qeydiyyatdadır və təbii qaza görə borcu yoxdur. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/3770 nömrəti rəyindən göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalkın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədov tərəfindən elektron bazasında araşdırılmış və tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-40/2-3822/2023 nömrəli mütəxəssis mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X8 məxsus Şəmkir şəhərində yerləşən 0.494 ha torpaq sahəsinin hüdudları daxilində İddiaçı məxsus tikili vardır. - Həmçinin İddiaçı faktiki istifadəsində olan Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 159-da yerləşən 166,52 kv.m fərdi yaşayış evi bütünlüklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X8 məxsus Şəmkir şəhərində yerləşən 0, 494 ha torpaq sahəsinin üzərinə düşür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmalkın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Şəmkir şəhəri, Şəmkir şəhərində yerləşən 0.0494 ha həyətyanı torpaq sahəsinə dair X7 adına tam mülkiyyət hüququ ilə 12 may 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli, 113 nömrəli qərarı ilə tərtib olunmuş 25 may 2009-cu il tarixli, seriya A, 171491 nömrəli “X28 və ölçüsü” sənədi və X26 filialının 16 mart 2020-ci il tarixli, k-1-142 nömrəli arxiv arayışı. Qeyd edilən torpaq sahəsi Şəmkir rayonu 1 saylı notariat ofisinin 05 iyun 2020-ci il tarixli, 4Ə-872 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 11 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X6 adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında torpaq sahəsi verilməmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və “X28 və ölçüsü” sənədlərinin verilməsinə əsas olmuş sənədlər 11 saylı Şəmkir Ərazi İdarəsinin arxivində mövcud deyil. Məhkəmə kollegiyasının sorğusuna əsasən Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezİdentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanının 7-ci maddəsinə əsasən “X30 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və Azərbaycan Respublikası X30 Komissiyası haqqında Əsasnamənin təsdiq ediiməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Bununla da Azərbaycan Respublikası ərazisində X3i fəaliyyəti dayandırılmışdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı X10 Şəmkir şəhəri ərazisində 0.06 ha torpaq sahəsinin hansı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmasına dair məlumat, eləcə də məhkəmə sorğusunda qeyd olunan Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli Qərarı aşkar edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nazirlikdə Dövlət Aqrar İslahat Komissiyasının 1995-2002-ci illər üzrə sənədləri mühafizə olunur. Bu səbəbdən də müraciətdə qeyd edilən dövr üzrə tələb olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan X7 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli plan və ölçü sənədində mübahisələndirilən torpaq sahəsinin Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə X7 adına qeyd edildiyi göstərilsə də, məhkəmə tərəfindən Şəmkir rayon Dövlət arxivə verilmiş sorğuya cavab məktublarında sözügedən qərarın arxivə təhvil verilmədiyi göstərilmiş, işdə olan tarixsiz və nömrəsiz Şəmkir rayon Aqrar İslahat Komissiyasının sədri N.V.Vəliyev tərəfindən təsdiq edilmiş Şəmkir rayonunun Şəmkir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə X11 0.06 ha həyatyanı torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 2007-ci ildə öz şəxsi vəsaiti hesabına inşa etdirmiş və hazırda həmin evdə yaşayır. Yaşadığı evi 2020-ci ildə sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi qanunsuz yolla iş üzrə üçüncü şəxs X7 adına sənədləşdirilmiş, daha sonra isə həmin torpaq sahəsi ilə bağlı digər üçüncü şəxs X14 ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, X7 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli plan və ölçü sənədində mübahisələndirilən torpaq sahəsinin Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə X7 adına qeyd edildiyi göstərilsə də, məhkəmə tərəfindən arxivə və digər səlahiyyətli orqanlara verilmiş sorğulara cavab məktublarında sözügedən qərarın arxivə təhvil verilmədiyi, X10 Şəmkir şəhəri ərazisində 0.06 ha torpaq sahəsinin hansı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmasına dair məlumatın olmadığı göstərilmiş, işdə olan tarixsiz və nömrəsiz Şəmkir rayon Aqrar İslahat Komissiyasının sədri N.V.Vəliyev tərəfindən təsdiq edilmiş Şəmkir rayonunun Şəmkir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə isə X11 0.06 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Şəmkir rayonu N.Nərimanov sovxozunun fəhlə və qulluqçulara 0.06 ha həyətyanı torpaq sahəsi verilməsi barədə xx.xx.1992-ci il tarixli 53 nömrəli əmrinə gəlincə, kollegiya qeyd edir ki, həmin əmrdən çıxarışda hər hansı bir ad qeyd olunmamış, Şəmkir rayon Dövlət Arxivindən tələb edilərək işə əlavə edilmiş Şəmkir rayon N.Nərimanov sovxozunun xx.xx.1992-ci il tarixli 53 nömrəli əmrinin təsdiqlənmiş surətinə əlavə olunmuş siyahıda X7 adının olmadığı müəyyən edilmişdir. Kollegiya həm də nəzərə alır ki, mübahisə olunan torpaq sahəsi heç vaxt X7 istifadəsində olmamış, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikası ərazisində X3i fəaliyyəti dayandırıldığı halda X11 Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008ci il tarixli, 113 nömrəli qərarı ilə 599.92 kv.m həyətyanı torpaq sahəsinin verildiyinə dair xx.xx.2009-cu il tarixli “X28 və ölçüsü” sənədi verilmişdir. X18 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə ləğv edildiyi halda üçüncü şəxs X11 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununun 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər Həmin Məcəllənin 65-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı hallarda etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X18 aparır. Beləliklə kollegiya hesab edir ki, hazırki halda X18 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə ləğv edildiyindən üçüncü şəxs X11 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 15 may 2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması qanunvericiliyə zidd olduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin iddia müddətinin keçməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, həmçinin iddiaçının izahatından göründüyü kimi 2007-ci ildən həmin torpaq sahəsi istifadəsində olmaqla orada fərdi yaşayış evi inşa edərək mübahisəsiz qaydada 2020-ci ilədək istifadə etmiş, yalnız 2020-ci ildə həmin evi sənədləşdirmək istəyərkən ona məlum olmuşdur ki, evin yerləşdiyi torpaq sahəsinə başqa şəxsin adına qərar və sənədlər vardır. Hazırkı iddiaya əvvəlki qanunun müddətlə bağlı tələbi o halda tətbiq oluna bilərdi ki, müddətin axımı məhz həmin qanunun qüvvədə olduğu vaxtda başlanmış və həmin müddət bu şərti aradan qaldıran (bu məzmunda iddianın verilməsi üçün müddət müəyyən etməyən) yeni qanunun qüvvəyə mindiyi vaxtadək başa çatmış, bununla da, bu məzmunda iddianın verilməsi imkanı aradan qalxmış olsun. Hazırkı halda, bunun baş verdiyini məhkəmə müəyyən etmədiyindən, müddətlə bağlı şərt iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1911/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci üçüncü şəxs X8 aid edilməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1911/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul üçüncü şəxs X4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X13, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar