Məhkəmə qərarları › İş №2-1(104)-305/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-305/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-305/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1343/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2016-cı il tarixli, 645 nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağdam rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu “Sol budun qəlpə yarası. Kəllə beyin travması” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 657 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 722 nömrəli arayışı, Ağdam rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Ağdam rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2016-cı il tarixli, 450 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddiaçı həmin tarixdən xx.xx.2021-ci il tarixədək “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri asteno-nevrotik vəziyyət davranış pozuntusu, Sol budun qəlpə yarası ilə.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir.

3. Gəncə şəhər Psixiatriya Xəstəxananın 004471/21 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı xəsətəxanaya xx.xx.2021-ci il tarixdə daxil olmuş, xx.xx.2021-ci il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, asteno-nevrotik vəziyyət, davranış pozuntusu ilə” kimi qeyd edilmişdir.

4. 26.05.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, asteno-nevrotik vəziyyət davranış pozuntusu ilə.” Diaqnozu ilə Göndərişin natamam doldurulması (1992-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Pulsuz dərman alan ruhi əsəb xəstələri-Reyestrdə yoxdur. Müəllim, ümumi təhsil məktəbi-qüvvədədir xx.xx.2022) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.

6. X5 10475308 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı xəstəxanaya xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

7. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 411 nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 799 nömrəli əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən “Respublika Psixiatriya Xəstəxanası” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə- F07” diaqnozu qoyulmuşdur.

8. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Ağdam RƏD Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; - H93.3 eşitmə sinirinin xəstəlikləri. Stasionar müalicə aldığı müəssisələr: Gəncə Pisixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X9 Dispanseri - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Xarici görünüşü səliqəlidir. Huşu aydındır. Bələdliyi məkana və zamana görə pozulub. Zahirən narahatdır. Söhbət əlaqəsinə çətinliklə daxil olur. Verilən suallara ləng əsəbi qısa cavablar verir, söhbət zamanı kövrəlir, səbəbini soruşduqda döyüş vaxtı itirdiyi və yaralanan xidmət dostları yadına düşdüyünü deyir, son vaxtlar qorxu, həyəcan, təşviş müşahidə olunur, konfiliktə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub. Depressivdir, gərgindir. Əhval-ruhiyyəsi dəyişkəndir. İntellekti aşağı səviyyədədir. Baş ağrılarından huşsuzluqdan şikayət edir, Mütəmadi müalicə qəbul edir. (müayinə tarixi xx.xx.2024). TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi.

10. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5052/2024 nömrəli qərarı ilə müəyyən olunur ki, Bərdə rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS:3-17-4/3-1- 18859/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 645 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun qəlpə varası. Kəllə beyin travması” travmanın səbəb-əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı daim nəsə bas verəcəyindən qorxduqunu, sanki basının “axdığını”, sol ayağının yaralandığını, tez-tez keyidiyini bildirmişdir. Baxış zamanı sol budun orta və asadı 1/3-də çapıqlar izlənmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini söyləmişdir. Psixi statusunda suallara adekvat cavablar vermiş, bələdliliyi məkana və zamana görə pozulmamış, ümumi həyəcanlı olmuş, davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan, hərbi travmanın qalıq əlamətlərini təsdiqləyən kranial müavinə (KT, MRT) nəticələri təqdim edilməmişdir.”kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı gecələr qorxuları olduğunu ifadə etmişdir. Övladının vurub qolunu sındırdığı üçün polisə düşdüyünü, lakin müalicəyə yönəldildiyini söyləmişdir. Təqdim edilmiş epikrizlər 2023- 2024-cü illərə aid olmuşdur. Sol budun orta 1/3-də və boyunun arxa səthində çapıqlar izlənilmişdir. Psixi statusu: Ünsiyyətdə çoxsözlü, sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermişdir. Emosional patoloji hal izlənilməmişdir. Təfəkkürü ardıcıl, məntiqi olmuş, mühakimə və analiz qabiliyyəti qorunmuşdur. ƏMAS-da ümumtəhsil məktəbində müəllim kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 411 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə. Təyin edilən diaqnoz 6 av müddətinə qüvvədədir” kimi qeyd olunmuşdur. X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ********* nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

11. X5 12556655 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024cü il tarixli çıxarışından görünür ki, İddiaçı xəsətəxanaya xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

12. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024-cü il tarixdə “İddiaçı üçün verilmiş 31.01.24-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.

13. X9 Dispanserinin 14229039 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, İddiaçı xəstəxanaya xx.xx.2025ci il tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2056 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1) Yoxlanılan şəxs İddiaçı Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə (F07.0) aşkar olunur. 2) İddiaçı aşkar olunan bu diaqnoz onun keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. 3) Yoxlanılan şəxs İddiaçı qeyd edilən Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə (F07.0) diaqnozu hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü il tarixdə Ağdam RHK tərəfindən hərbi xidmətə çağrılmış, hərbi xidmət dövründə yəni xx.xx.1994-cü il tarixdə aldığı xəsarətə görə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Nəticədə ona yaralanma və travma, Sol budun qəlpə yarası, kəllə-beyin travması diaqnozu qoyulmuş və həmin diaqnoz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının qərarı ilə təsdiqlənmiş və “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçı ikinci dərəcəli əlillik dərəcəsi almış, lakin təkrar əlillik dərəcəsinin alınmasında çox çətinliklə üzləşmiş, lazımi xəstəxanalarda stasionar müalicə və müayinə olunsa da, ona heç bir köməklik olunmamışdır. O, hərbi xidmət dövründə, düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşməsi nəticəsində xəsarət almış və mütamadi olaraq səhhəti ilə bağlı müalicə və müayinə olunmuşdur. İddiaçı xəstəlik nəticəsində əmək qabiliyyətini itirmiş, nəticədə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin təkrar müayinə vaxtı əlillik dərəcəsi bərpa olunmamışdır. İddiaçı dəfələrlə Ağdam rayonlararası Əsəb-ruhi xəstəxanasında stasionar və ambulator müalicə və müayinə olunsa da, ona heç bir köməklik olunmur. O, təkrar əlillik dərəcəsinin verilməsi üçün əyani müayinədən keçmiş və dəfələrlə müraciət etməsinə baxmayaraq, rəsmi olaraq ona imtina cavabı verilmişdir. Nəticədə iddiaçı mübahisəyə son qoymaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı uzun müddətdir ki, əsəb xəstəliyindən əzab çəkir. O, əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edir.

17. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə qeyd olunsa da, klinik olaraq (qıcolma, davranış pozuntuları, koqnitiv dəyişikliklər, hərəkət pozuntuları və s.) öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi və qıcolma tutmaları ilə Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1343/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

20. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1343/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Bakir Vəli oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

21. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 645 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1343/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla iki il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Ağdam RƏD Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - H93.3 eşitmə sinirinin xəstəlikləri - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu olduğu görünür. İddiaçıya ilk dəfə 2016-cı ildə 2-ci qrup əlillik təyinatı aparılmışdır. X3 xx.xx.2024-xx.xx.2024-cü il tarixli ********* nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildiririk ki, göndərişdə qeyd olunan sahəyə məhkəmə əsassız müdaxilə edərək orqanın diskresyon səlahiyyətini mənimsəmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

34. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

36. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

37. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

38. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

39. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

40. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

41. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

42. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

45. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.

46. İşin faktiki halları ilə müəyyən edilir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 645 nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağdam rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu “Sol budun qəlpə yarası. Kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddiaçı həmin tarixdən xx.xx.2021-ci il tarixədək “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri asteno-nevrotik vəziyyət davranış pozuntusu, Sol budun qəlpə yarası ilə.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir.

47. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin qərardan şikayət vermiş və onun əyani müayinəsi aparılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5052/2024 nömrəli qərar ilə, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən qiymətləndirilərək qeyd edilmişdir ki, müvafiq xəstəxanalar tərəfindən ona “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu qoyulsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: 1) Əsas diaqnoz “F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu”.

49. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı “XBT kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Gəncə Pisixiatrik xəstəxanasında və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X9 Dispanserində stasionar müalicədə olmuşdur.

50. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 411 nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 799 nömrəli əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən “Respublika Psixiatriya Xəstəxanası” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə- F07” diaqnozu qoyulmuşdur.

51. Həmçinin məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞnin xx.xx.2025-ci il tarixli, 2056 nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə (F07.0) aşkar olunur və onda aşkar olunan bu diaqnoz onun keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur.

52. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, əvvəlik əlillik təyinatı zamanı və və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.

54. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçıda olan xəstəlik birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilmiş meyarlarla deyil, 7.6.2.1-ci bəndində qeyd edilmiş meyarlarla uyğunluq təşkil edir.

55. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci (Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0) bəndinə görə: 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

56. Göründüyü kimi, 7.6.2.2-ci bənddə qeyd olunan əlamətlər 7.6.2.1-ci bənddə nəzərdə tutulan əlamətlərə münasibətdə daha ağırdır. Yəni, orqanizmin funksiyalarının 35- 60 faiz pozulması halında şəxs müvafiq simptomlarla yanaşı bütövlükdə sərbəst yaşamaq bacarığına malik olur və yalnız bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac duyursa, orqanizmin funksiyalarının 65-80 faiz pozulması halında isə şəxsi gigiyenaya qarşı laqeydlik, eləcə də tez-tez kəskinləşən psixotik epizodların və digər simptomların fonunda daimi müşahidə zərurəti mövcuddur.

57. İddiaçı barəsində sonuncu dəfə göndəriş rəsmiləşdirilərkən həkim müayinəsi zamanı müəyyən edilmişdir ki, xarici görünüşü səliqəlidir, huşu aydındır, bələdliyi məkana və zamana görə pozulub. Zahirən narahatdır, söhbət əlaqəsinə çətinliklə daxil olur, verilən suallara ləng əsəbi qısa cavablar verir, söhbət zamanı kövrəlir, səbəbini soruşduqda döyüş vaxtı itirdiyi və yaralanan xidmət dostları yadına düşdüyünü deyir, son vaxtlar qorxu, həyəcan, təşviş müşahidə olunur, konfiliktə meyillidir. Maraq dairəsi məhduddur, emosional labildir, yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub, depressivdir, gərgindir, əhval-ruhiyyəsi dəyişkəndir və intellekti aşağı səviyyədədir.

58. Həmçinin, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən iddiaçı barəsində keçirilən ambulator məhkəmə psixiatrik ekspertizası zamanı onun psixi statusu barədə qeyd edilmişdir ki, zahirən bir qədər gərgin görünür. Özünə, zamana və məkana görə bələdliyi kifayət qədərdir. Ünsiyyətə bir qədər çətin daxil olur. Suallara müəyyən fasilədən sonra cavablar verir. Nitqi tempinə görə ləngdir. Fikrini düzgün ifadə edə bilir. Təfəkkürü torpiddir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, bəzən əhəmiyyətsiz detallar üzərində fiksə olunur. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar edilmir. Əhvaliruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığı yüksəlmişdir. Davranışı üzərində nəzarətinin zəifləməsi qeyd olunur. İntellektual mnestik funksiyaları kobud pozulmasa da, koqnitiv funksiyalarının bir qədər enməsi müəyyən edilir. Söhbət prosesində tez yorulur, astenizasiya əlamətləri qeyd edilir. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi saxlanılıb.

59. Göründüyü kimi iddiaçının müvafiq tibb müəssisələri tərəfindən obyektiv müayinəsi zamanı onda müəyyən edilmiş əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan əlamətlərlə uyğunluq təşkil edir.

60. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, İddiaçı xx.xx.2024cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.

61. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1343/2025 nömrəli qərarı qismən, yəni “əlilliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə təyin edilməsi” hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar