Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-308/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-82/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında 154 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə (saat 11:00-da baş vermiş hadisə nəticəsində) Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı könüllü döyüşən zaman başından və ayaqlarından çoxsaylı qəlpə yarası, həmçinin qapalı kəllə-beyin travması almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şuşa rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon polis şöbəsinin nəzdində özünümüdafiə batalyonunun tərkibində könüllü kimi erməni işğalçılarına aparılmış döyüşlərdə fəal iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşlərdə bədən və baş nahiyyəsində çox saylı qəlpə yaraları almışdır. Şöbənin nəzdində fəaliyyət göstərən könüllülər ləğv edilən zaman İddiaçı xəstəliklə əlaqədar könüllü olaraq azad edilmişdir. Azərbaycan Respublikası Şuşa Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralanmışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, H/4812 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon Polis Şöbəsinin tərkibində yaradılmış “Şuşa özünü müdafiyə” batalyonunun tərkibində könüllü olaraq erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayon Mehmanə kəndi ərazisində döyüşlər zamanı ağır yaralanmış, qardaşı X1 isə həmin döyüşdə şəhid olmuş və Prezidentin fərmanı ilə igidliyə görə medalı ilə təltif olunmuşdur. Onun İ Qarabağ döyüşlərində Şuşa rayon Polis Şöbəsinin tərkibində döyüşməyini və yaralanmağını təsdiq edən bütün sənədləri var. Həmçinin bu faktı həmin dövrdə Şuşa rayon Polis Şöbəsinin rəhbərliyində təmsil olunmuş hər kəs təsdiq edə bilər. Bunu təsdiq edə biləcək arayışları da illər öncə Şuşa rayon Polis Şöbəsi ona təqdim etmişdir. Ümumiyyətlə dediklərini təsdiq edəcək bütün sənədləri var və həmin sənədlərin surətini ərizəsinə əlavə etmişdir. Arayışda da onun şəxsi işi və hərbi bileti işğal zamanı Şuşa RPŞnin inzibati binasında qalması göstərilmişdir. Şəxsi işi işğal zonasında qaldığı üçün onun cəzalandırılmağı və sanki cəza olaraq “X3” adınının verilməsindən imtina edilməsi ədalətsizlik olardı. Ona müharibə veteranı adının verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmiş, AR SHXÇ üzrə DX-nin Xocalı rayon bölməsi Azərbaycan Respublikası DİN-nə sorğu göndərmiş, lakin sorğuya cavab olaraq onun sənədlərinin DİNin arxivində olmaması bildirilmişdir. Bundan əlavə 5 azyaşlı övladı var. Onlara baxmaqda çətinlik çəkir. Veteran adını almaq üçün müxtəlif dövlət qurumlarına, Azərbaycan Respublikası Prezidentinə, AR DİN-nə və AR SHXÇ üzrə DX-nə müraciət etmiş, hər 3 ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələbinə əsasən ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsini AR SHXÇ üzrə DX verir. AR SHXÇ üzrə DX-i onun sonuncu müraciətinə cavab olaraq bildirmişdir ki, döyüşdüyünü sübut edən sənədləri notarial qaydada təsdiq etdirərək göndərmişdir. O sənədləri notarial qaydada təsdiq edərək göndərməyinə baxmayaraq yenə eyni məzmunda cavab verilmişdir. Döyüş əməliyyatlarında iştirak etməyi barədə Şuşa Rayon Hərbi Komissarlığı ona xx.xx.1999-cu il tarixdə 4/296 nömrəli arayış vermiş, lakin sonuncunun yerinə yaradılmış SHXÇ üzrə DX canı və qanı bahasına qazandığı haqqını özünə vermir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş keçmiş Şuşa rayon hərbi komissarlığının xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışı və Şuşa rayon Polis şöbəsinin xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvəsi müəyyən edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əmaliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-82/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubunda isə təqdim edilmiş siyahının Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edildiyi qeyd edilmişdir. Bu fakt isə həmin siyahının mötəbərliyini öz-özlüyündə şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1992-ci ilin 18 may tarixinədək erməni millətçi dəstələrinə qarşı Xocalı rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini şübhə altına almışdır. Bununla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Xocalı rayon sakinidir. 1990cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon Polis Şöbəsinin tərkibində yaradılmış "Şuşa özünü müdafiyyə" bataliyonunun tərkibində könüllü olaraq erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayon Mehmanə kəndi ərazisində döyüşlər zamanı ağır yaralanmış, qardaşı X1 isə həmin döyüşdə şəhid olub və Prezidentin fərmanı ilə igidliyə görə medalı ilə təltif olunub. İddiaçının 1-ci Qarabağ döyüşlərində Şuşa rayon Polis Şöbəsinin tərkibində döyüşməyini və yaralanmağını təsdiq edən bütün sənədləri var. Həmçinin bu faktı həmin dövrdə Şuşa rayon Polis Şöbəsinin rəhbərliyində təmsil olunmuş hər kəs təsdiq edə bilər. Bundan başqa bunu təsdiq edə biləcək arayışları da illər öncə Şuşa rayon Polis Şöbəsi ona təqdim edib. Ümumiyyətlə dediklərini təsdiq edəcək bütün sənədləri var və həmin sənədlərin surətini Gəncə İnzibati Məhkəməsinə təqdim etmişdir. Arayışda da göstərilib ki, onun şəxsi işi və hərbi bileti işğal zamanı Şuşa RPŞ-nin inzibati binasında qalıb. Şəxsi işinin işğal zonasında qaldığı üçün onun cəzalandırılmağı və ona sanki cəza olaraq "X3" adınının verilməsindən imtina edilməsi ədalətsizlik olardı. İddiaçı müharibə veteranı adının verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlər xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmiş. Müraciəti əsasında AR SHXÇ üzrə DX-nin Xocalı rayon bölməsi Azərbaycan Respublikası DİN-nə sorğu göndərmiş. Lakin, sorğuya cavab olaraq bildirdilmişdir ki, İddiaçının sənədləri DİN arxivində yoxdur. Bundan sonra özü şəxsən AR DİN-nə müraciət etmiş və bütün sənədlərini (xidmət keçməyi barədə Şuşa RPŞ-nin arayışı, yaralanma sənədləri və s.) təqdim etmişdir. Ancaq ona cavab olaraq DİN-yi tərəfindən bildirilmişdir ki, onlar iddiaçıya müharibə veteranı adı vermək səlahiyyətinə malik deyillər. Bu adı oan AR SHXÇ üzrə DX-nin müvafiq komissiyası verməlidir. "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №li qərarı ilə təsqdiq olunmuş Əsasnamənin tələbinə əsasən ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsini AR SHXÇ üzrə DX verir. AR SHXÇ üzrə DX-i onun sonuncu müraciətinə cavab olaraq bildirib ki, döyüşdüyünü sübut edən sənədləri notarial qaydada təsdiq etdirərək göndərsin. Onun, sənədləri notarial qaydada təsdiq edərək göndərməyinə baxmayaraq yenə eyni məzmunda cavab verilmişdir. AR SHXÇ üzrə DX-nin hüquqi varisi olduğu Şuşa rayon Hərbi Komissarlığı həmin arayışı illər öncə ona təqdim edib, onun hərbi xidmətdən azad olunmağının səbəbini də orada qeyd edib və açıq şəkildə göstərib ki, döyüş əməliyyatlarında yaralandığı üçün təxris olunmuşdur. O zaman Xocalı rayon Hərbi Komissarlığı yox idi. Xocalı rayon sakinlərinə də Şuşa rayon Hərbi Komissaarlığı baxırdı. Eyni funksiyanı həyata keçirən yeni yaradılmış dövlət qurumu (AR SHXÇ üzrə DX) əvvəlki qurumun (Şuşa rayon Hərbi Komissarlığı) verdiyi rəsmi dövlət sənədini qəbul etmir və inkar edir. Gəncə İnzibati Məhkəməsi də bütün bu təkzib edilməz sübutları nəzərə almayıb və iddianı təmin etməyib. Tərkibində döyüşdüyü Şuşa rayon Polis Şöbəsinin, yaralı olaraq müalicə aldığım Tərtər rayon xəstəxanasının və onu xidmətdən təxris edən Şuşa rayon Hərbi Komissarlığının verdiyi arayışlar qanuna əsasən möhtəbər subutlar hesab olunmalıdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etiraz iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh öz etirazında da qeyd etmişdir ki, İddiaçı adına tərtib edilmiş keçmiş Şuşa rayon hərbi komissarlığının xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışı və Şuşa rayon Polis şöbəsinin xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvəsi müəyyən edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əmaliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubunda isə təqdim edilmiş siyahının Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edildiyi qeyd edilmişdir. Bu fakt isə həmin siyahının mötəbərliyini öz-özlüyündə şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1992-ci ilin 18 may tarixinədək erməni millətçi dəstələrinə qarşı Xocalı rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini şübhə altına almışdır. Bununla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında 154 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə (saat 11:00-da baş vermiş hadisə nəticəsində) Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı könüllü döyüşən zaman başından və ayaqlarından çoxsaylı qəlpə yarası, həmçinin qapalı kəllə-beyin travması almışdır. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şuşa rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon polis şöbəsinin nəzdində özünümüdafiə batalyonunun tərkibində könüllü kimi erməni işğalçılarına aparılmış döyüşlərdə fəal iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşlərdə bədən və baş nahiyyəsində çox saylı qəlpə yaraları almışdır. Şöbənin nəzdində fəaliyyət göstərən könüllülər ləğv edilən zaman İddiaçı xəstəliklə əlaqədar könüllü olaraq azad edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Şuşa Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralanmışdır. Həmçinin cavabdehin etirazının əsaslarından biri də o olmuşdur ki, Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əmaliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Lakin, Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubundan da müəyyən edilir ki, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edilmiş, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən təsdiq edilmiş "12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Xocalı ərazi dəstələrinin üzvləri"nin adlı siyahısında İddiaçı adı 452-ci sırada qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bununla bağlı kollegiya göstərir ki, qeyd olunan hallar iddiaçını təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə “müharibə veteranı” adı və vəsiqəsi alması ilə bağlı hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Göründüyü kimi İddiaçı 12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak etməsi iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə işdə sübut olduğundan onun iddiası əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-82/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-308/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-308/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver