Məhkəmə qərarları › İş №2-1(104)-308/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-308/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-308/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Hüseynov Salman Bilal oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X14, X15, X6 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1950-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Kirovabad Şəhər İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16602 nömrəli qərarına əsasən iddiaçı və onun ailə üzvləri – X16, X8, X4 istifadəsinə ünvan 1 ünvanda yerləşən əmlak verilmiş, bu barədə xx.xx.1987-ci il tarixli 59 nömrəli order tərtib edilmişdir. Həmin mənzil özəlləşdirilərkən X17, X9, X8, X16, X10 notariat qaydada təsdiq edilmiş razılıq ərizələri vermişlər. Hazırda ünvan 1 ünvanda yerləşən **********74-05101-093048 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-74/2019 nömrəli qətnaməsinə əsasən X10 ilə X9 arasında olan xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 694 nömrə ilə qeydiyyata alınmış nikah qeydi pozulmuş, birgə nikahdan 05 noyabr 2005-ci il tarixdə anadan olmuş X11 və 17 iyul 2009cu il tarixdə anadan olmuş X6 X5 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra X10 ilə X5 nikahının pozulması akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 77 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Arayışa əsasən xx.xx.1980-ci il təvəllüdlü X9, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X2 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışına əsasən X14, X15, X2 şəhəri, Gülüstan yaşayış massivi, bina 9, mənzil 1 ünvanda yaşayırlar. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-57/2-D-26314/11/24 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon ünvanda yerləşən 6 nömrəli binada yaşayan qonşular tərəfindən tərtib edilmiş akta əsasən X15, X13, X3 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanda yaşamırlar. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 2030 nömrəli arayışına əsasən 1980-ci il təvəllüdlü X14, 2005-ci il təvəllüdlü X15, 2009-cu il təvəllüdlü X2 şəhəri, 4-cü mikrorayon, ev 6, mənzil 39 ünvanda qeydiyyatda olsalar da, hazırda həmin ünvanda yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə X14, X15 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən əmlak 14 may 1987-ci il tarixli 59 saylı order əsasında iddiaçıya məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mülkə dair ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli çıxarış alınmışdır. Üçüncü şəxslər X9 iddiaçının keçmiş gəlini, X15 və X13 onun uşaqları iddiaçı məxsus evdə formal olaraq qeydiyyatdadırlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-74/19 saylı qətnaməsinə əsasən X9 ilə iddiaçının oğlu X10 arasında bağlanmış nikah pozulmuş, X15 və X1 Ramilə Rəhman qızının himayəsində saxlanılmışlar və həmin vaxtdan artıq 5 ildir ki, bugünədək həmin şəxslər iddiaçıya məxsus evdə yaşamırlar, onlara aid əşyalar belə iddiaçının evində yoxdur. Bu barədə qonşular tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Üçüncü şəxs cəmi 1 il iddiaçıya məxsus evdə yaşamış, daimi olaraq iddiaçının oğlu ilə birlikdə ünvan 5 yaşamışlar. Artıq 6 ildir ki, ünvan 5 yaşayırlar. Artıq iddiaçının oğlu ikinci dəfədir ailə qurmuş və öz ailəsi ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaları iddiaçının hüquqlarını məhdudlaşdırır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Üçüncü şəxslərin hazırda iddiaçıya məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxsin hazırda iddiaçıya məxsus evə dair hər hansı əmlak hüququ, ailə bağları və istifadə hüququ yoxdur, faktiki olaraq iddiaçıya məxsus evdə yaşamırlar. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3897/2024 nömrəli qərardadı ilə X14, X15, X6 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, məhdud fəaliyyət qabiliyyətli X6 valideyni – X14 ilə təmsil olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X6 qanuni nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Hal-hazırda üçüncü şəxs və övladları həmin ünvanda yaşamır. Bunun səbəbi odur ki, iddiaçı onlara həmin mənzildə yaşamağa imkan vermir və faktiki olaraq mənzildən istifadələrinə mane olur. Lakin bu hal onların həmin mənzildən istifadə hüququnun mövcudluğunu aradan qaldırmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Üçüncü şəxslər, mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək uzun müddət orada yaşamış və qeydiyyatda olmuşlar. Üçüncü şəxs 2004-ci ildə nikaha daxil olduqdan sonra iddiaçının şifahi razılığı ilə ünvan 1 ünvanına gəlin kimi köçmüşdür. İddiaçının razılığı əsasında üçüncü şəxslər həmin ünvanda qeydiyyata alınmışlar. Mülkiyyətçinin bu razılığı onların həmin mənzildə istifadə hüququnun əsasını təşkil edir. İddiaçı iddia ərizəsini Gəncə İnzibati Məhkəməsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, inzibati məhkəmələr dövlət orqanlarının (vəzifəli şəxslərin) qanunsuz hərəkət və qərarlarından irəli gələn mübahisələrə baxırlar. Mənzil münasibətlərindən irəli gələn mübahisələr isə mülki xarakter daşıyır və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, ümumi məhkəmələrin (rayon məhkəmələrinin) yurisdiksiyasına aiddir. Buna görə də, iddiaçı iddia ərizəsini Gəncə Şəhər Məhkəməsinə təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 29 dekabr tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu baxımdan, üçüncü şəxslərin başqa yaşayış yeri və maddi imkanı olmadığı üçün, həmin mənzildən istifadə hüququnun məhkəmə tərəfindən müəyyən müddətə saxlanılması zəruridir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında bildirilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında yaranan mübahisələrdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Qərarda həmçinin vurğulanır ki, mülkiyyət hüququ ilə mənzil hüququ arasında ədalətli balans təmin edilməlidir və keçmiş ailə üzvünün mənzil ehtiyacları nəzərə alınmalıdır. Göstərilən qanunvericiliyin tələbləri və Konstitusiya Məhkəməsinin qərarları nəzərə alınaraq, iddiaçının tələbləri əsassızdır. Üçüncü şəxslərin həmin mənzildə istifadə hüquqları mövcuddur və maddi vəziyyəti mənzil ehtiyacını başqa yerdə təmin etməyə imkan vermir. Buna görə də, iddiaçı tərəfindən irəli sürülən qeydiyyatdan çıxarılma tələbi hüquqa və ədalət prinsiplərinə ziddir. Odur ki, iddia ərizəsinin rədd olunmasını xahiş edir. Üçüncü şəxs daha sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, əlavə olaraq iddiaçı üçüncü şəxsi həmin ünvana könüllü şəkildə qeydiyyata salmış və şifahi razılıq əsasında onun orada yaşamaq hüququnu tanımışdır. Lakin hazırda o, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün mənzilə daxil olmasına və yaşamasına icazə vermir. Halbuki, üçüncü şəxs və övladları həmin evdə istifadə hüququ mövcuddur. Eyni zamanda, iddiaçı məhkəməyə müraciət edərkən prosessual qaydaları pozmuşdur. Belə ki, Gəncə İnzibati Məhkəməsinə deyil, birinci instansiya məhkəməsi olan Gəncə Şəhər Məhkəməsinə müraciət etməlidir. Qanunvericiliyə zidd olaraq iddia İnzibati Məhkəməyə təqdim edilmişdir. Xüsusilə vurğulamaq istəyir ki, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olmağı yalnız formal xarakter daşımır. Çünki istifadə hüququ hələ də qüvvədədir və ona xitam verilməmişdir. Əgər istifadə hüququ ləğv edilərsə və onlara kompensasiya ödənilərsə, yalnız bundan sonra qeydiyyat məsələsi müzakirəyə çıxarıla bilər. Konstitusiya Məhkəməsinin Qərarının Tətbiqi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2015-ci il 29 dekabr tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında yaranan mübahisələrdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Bu qərarda həmçinin vurğulanır ki, mülkiyyət hüququ ilə mənzil hüququ arasında ədalətli balans təmin edilməli və keçmiş ailə üzvünün mənzil ehtiyacları nəzərə alınmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilən qanunvericilik tələbləri və Konstitusiya Məhkəməsinin qərarları nəzərə alınaraq, iddiaçının tələbləri əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 saylı qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1934/2023 saylı qərarı). Odur ki, məhkəmə bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə ilə bağlı qeyd olunan maddi hüquq normanı tətbiq etsə də həmin normanın tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan arayışlardan, aktdan və üçüncü şəxslərin etiraflarından görünür ki, üçüncü şəxslər X14, X15, X2 şəhəri, Gülüstan yaşayış massivi, bina 9, mənzil 1 ünvanda yaşayırlar. Üçüncü şəxslər iddiaçının oğlu ilə ailə münasibətlərinə xitam verildiyi 2018-ci ildən daimi əsasla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 9, mənzil 1 ünvana köçmüşlər və həmin vaxtdan orada yaşamağa başlamışlar. 6 ildən çoxdur ki, üçüncü şəxslər qeydiyyatda olduğu evdə yaşamırlar. Bu da onların qeydiyyatda olduqları mənzilin qeydiyyatından çıxarılması üçün əsasdır. Məhkəmə sadalanan prosessual hüquq normalarını pozaraq hesab etmişdir ki, iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Halbuki, işin baxılması başqa məhkəmədə baxılmaldırsa hakim iş üzrə əsaslandırılmış qərardad qəbul edir. Lakin hazırki mübahisə ilə bağlı hakim işin başqa məhkəmədə baxılması ilə bağlı fikir bildirməklə işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmişdir. Həmçinin məhkəmə bildirmişdir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Belə olan halda iddiaçı mülki qaydada ümumi məhkəməyə müraciət edib və onun iddiası təmin olunduğu halda gələcəkdə onun eyni əsasla Gəncə İnzibati Məhkəməyə müraciət hüququ hazırki qararla məhdudlaşacaqdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Üçüncü şəxs X14 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 saylı qərarının qüvvədə qalmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs X15 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınan ünvan 1 ünvanından üçüncü şəxslər X14, X15 və X6 pasport qeydiyyatında çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli, 3-13-57/2-D-26314/11/24 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, Kirovabad şəhər X21 İcrayə Komitəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 59 nömrəli order əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 6 ünvanda yerləşən 39 nömrəli mənzil sahibləri və istifadəçiləri iddiaçı və onun 3 nəfər ailə üzvünə məxsus olmuşdur. Həmin şəxslərdən biri olan X10 ilə Nağıyeva (Daşdəmirova) Ramilə Rəhman qızı arasında nikah xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 694 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. X9 xx.xx.2005-ci il tarixdən mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır. Onların birgə nikahından 05 noyabr 2005-ci il tarixdə X11 və 17 iyul 2009-cu il tarixdə X13 doğulmuşdur. 2011-ci ildə Kirovabad şəhər X21 İcrayə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli 59 nömrəli orderdə adları qeyd olunmuş şəxslərin (gözlənilən mülkiyyət hüququ olan şəxslərin) razılığına, həmçinin həmin zaman iddiaçının gəlini X5 da ərizəsinə əsasən mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üçüncü şəxs X5 X10 ilə nikahı 2019-cu ildə pozulmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli arayışına və qonşular tərəfindən imzalanmış Akta əsasən üçüncü şəxslər hazırda mübahisəli ünvanda yaşamırlar. Məhkəmə kollegiyası göstərir ki, hazırki halda üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələbinə əsasən mümkün deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmışdır. Lakin üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə üçüncü şəxslər yaxın qohum olmaqla ailə üzvü olmuşlar. Buna münasibətdə də birinci instnasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur. Bu səbəbdən də üçüncü şəxslərin istifadə hüququnun mövcud olub-olmaması qiymətləndirilməli, bu məsələlərin həll edilməsi isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilmədiyini nəzərə alaraq birinci instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş üçüncü şəxslərin qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1322/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar