Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-311/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndənn iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Mehram oğlu Kimid və onun ailə üzvləri X5, Mehram oğlu Svetlana Kimit qızına Qazax rayonu, Qiyasbəyli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,63 ha (4292,99 kv.m və 2040,99 kv.m olmaqla) torpaq sahəsi verilmişdir. Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X7 ilə Mehram oğlu Kimit arasında sonuncuya Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon şöbəsi tərəfindən 05 yanvar 1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış 0,63 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ ərizəçi X4 verilmişdir. X3 adına Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,43 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il tarixli, 1530 nömrəli arayışına əsasən xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən Məhrəm oğlu Kimit, X5, X2 ümumi birgə mülkiyyətində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhrəm oğlu Kimit, X5, X6 tərəfindən iddiaçıya Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılmış, bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Qazax rayon notariat ofisində təsdiq edilmişdir. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması və ya dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər görülməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********56 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 2- 42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən başqa şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,429233 ha və 204099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı təkrar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubu ilə əvvəlki imtinasında olan halları təkrar qeyd etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən imtina etmişdir. İddiaçının qeyd edilən tələblə bağlı digər orqanlara göndərilmiş müraciətlərinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində baxılmış, həmin orqan da xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilən halları sadalamışdır. İddiaçı Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-42/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 1722/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı “vurulmuş ziyanın qarşılığında 6.300 manat və 174,75 manat pul kompensasiyasının ödənilməsi” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı ilə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi”ni xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı Qazax rayonu Ağköynək kəndin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdehin Qazax rayon Şöbəsinin müdiri Faiq Binnətova müraciət etmiş, Faiq Binnətov və Qeydiyyat icraçısı imzası və möhürü ilə təsdiqlədiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdutlaşdırılmasına (yüklülüyünə) dair dövlət reysterindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyster nömrəli alqısatqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Həmin F-1 arayışına güvənib, əsaslanıb alqı-satqı müqaviləsi bağlayıb, 3250 manat torpağın dəyərini ödəmiş və 143.75 manatmüqavilənin dəyəri və 31 manat isə F-1 arayışı üçün rəsmi pul ödəmişdir. Ümumilikdə isə, 3424.75 manat pul ödəmişdir. İddiaçıya ödənilməli olan kompensasiya isə təkcə bu deyildir. Belə ki, onun aldığı torpağın dəyəri qalxmaqla bərabər, o, həmin torpaqdan neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun dəyəri hazırda 325 manatdır. Bu isə ümumilikdə 63 sotun qiyməti 20.475 manat təşkil edir. İddiaçının bu gün də çəkdiyi ziyanlığın təqsirkarı cavabdeh orqandır ki, onların verdiyi F-1 arayışına əsasən o, torpağın dəyərini ödəyib, alqı-satqının pulunu ödəyib, ziyan çəkmişdir. Cavabdeh orqan həmin arayışı verdikdə həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu arayışında qeyd etsə idi, iddiaçı nə torpağın dəyərini, nə də müqavilənin pulunu ödəyəcəkdi. Təkcə F-1 arayışının pulunu ödəmiş olacaqdı və başqa torpaq sahəsi alıb, əkib-becərib, fayda götürəcəkdi. O indiyə kimi 3 il ərzində 0.63 ha torpaq sahəsini əkibbecərsəydi 4.000 manat qazanc əldə edəcəkdi və buna görə əldən çıxmış faydaya görə cavabdeh orqanın təqsiri ucbatından 4.000 manat ziyanlıq çəkmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya etdiyi hüquqazidd hərəkətlərinə görə ona 200.000 manat miqdarında mənəvi zərər dəymişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 0,63 ha torpaq sahəsinin alınması üçün 3.250 manat məbləğində pul ödəmiş olsa da, həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş zərər inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Çünki, həmin məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməkdə haqqlı olmamış, ədalətsizliyə yol vermişdir. Məhkəmə iddianı təmin etməsə də, cavabdeh orqanın vəzifəli şəxinin əməlində AR CM-nin 308, 313 314-cü maddələrinin tərkibinin əlamətlərinin olub-olmamasını yoxlamaq üçün xüsusi qərar qəbul etmiş və Qazax rayon Prokurorluğuna göndərilmişdir. Yəni, məhkəmə qərarı ilə müəyyən etmişdir ki, cavabdeh orqanın təqsiri vardır və onların əməlində cinayət tərkibi vardır. Ancaq, məhkəmənin mübahisələndirilən qərarında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş ziyanlıqda və s. cavabdeh orqanın heç bir təqsiri yoxdur. Məhkəmənin eyni zamanda gəldiyi 2 ziddiyyətli qənaəti məhkəmə qərarında tam izah edə bilməmiş və əsaslandıra bilməmişdir. Məhkəmə iddianı rədd edərkən cavabdehin formal mülahizələrinə əsaslanmış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə AR MM-nin 21 və 23-cü maddələrinə əsaslanaraq, iddianı təmin etməmişdir. Məhkəmənin həmin maddə ilə iddia tələbini "yoxlayaraq" belə qənaətə gəlmişdir ki, iddiaçıya zərəri cavabdeh orqan deyil, müqavilə iştirakçısı vurmuşdur. Məhkəmənin bu qənaəti belə başa düşülür ki, Kimit Məhrəm oğlu və digər şəxslər özləri saxta F-1 arayışı hazırlamışlar və saxtakarlıqla iddiaçıya vurulmuş ziyanı və zərəri, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmağını müqavilə istirakçıları etmişlər. Məhkəmə qərarında onların yeganə təqsiri kimi, ancaq, müqavilədə göstərilmiş torpağın dəyərini almasını göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbi təkcə, torpağın dəyərinin ona ödənilməsi olmamışdır. Ümumiyyətlə, qərardan belə görünür ki, məhkəmə işlə tam tanış olmamış və işin mahiyyətindən tam agah olmamışdır. Mübahisələndirilən qərarı qəbul etməklə, məhkəmə işini yekunlaşdırmış hesab etmişdir. Ancaq, məhkəmə bunu edərkən həm ədalətsizliyə yol vermiş, həm də Dövlətin məhkəmənin üzərinə qoyduğu vəzifəsini layiqincə icra etməməsinə yönəlik hərəkətlər (hərəkətsizlik) etmişdir. Cavabdeh orqan digər şəxsin - X1 mülkiyyətində olan 0.63 hektar torpaq sahəsinin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış - xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli) Kimit Məhrəm oğlu və digərlərinin mülkiyyətində olmasına, həbs altında olmadığına, yüklü olmadığına dair F-1 arayışını verməsə idi, iddiaçı nə torpaq almayacaqdı, nə də, pul verməyəcəkdi və iddia tələbində tələb etdiyi ziyanlıqları ziyanı çəkməyəcəkdi. Digər şəxslərin satdığı torpaq sahəsini alacaqdı. Məhkəmənin axtardığı səbəbli əlaqə qeyd etiklərilə tam təsdiq olunur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş edərək əlavə olaraq bildirdilər ki, məhkəmənin qərardadına əsasən iş üzrə alınan mütəxəssis rəyi onlara təqdim edilmiş, rəylə tanış olmuşlar, rəy onları qane edir və rəylə razıdılar. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Məhrəm oğlu Kimit, X5, X6 arasında Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılması barədə notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı daha sonra (iş sənədlərdəki sənədlərdə ancaq 2021-ci ilə dair müraciət etməsi müəyyən olunur) həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə vətəndaşa torpaq sahəsi üzərində artıq başqa şəxsin hüquqlarının dövlət reyestrində qeydə alındığını əsas gətirərək imtina cavabı vermişdir. Bundan sonra iddiaçı cavabdeh qurumun Qazax rayon şöbəsi tərəfindən verilmiş Forma-1 arayışı əsasında vurulmuş maddi ziyanın, daşınmaz əmlakın alqı-satqı üçün ödədiyi, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsini cavabdeh orqandan tələb edir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməyərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin hallarına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçıya dəymiş zərər mövcuddur və iş materialları ilə də müəyyən edilir ki, iddiaçı yaşadığı Qazax rayonu Ağköynək kəndin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqısatqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdeh orqanın Qazax rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh orqanın Qazax rayon Şöbəsi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdutlaşdırılmasına (yüklülüyünə) dair dövlət reysterindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyster nömrəli alqısatqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan cavabdeh orqanın Qazax rayon Şöbəsi təfəindən verilmiş xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdutlaşdırılmasına (yüklülüyünə) dair dövlət reysterindən arayışa etimad göstərərək, Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyster nömrəli alqı-satqı müqaviləsini (AN-i N-0681370) bağlamışdır. İddiaçı isə iddia tələbinin hüquqi əsası kimi cavabdeh qurumun Qazax rayon şöbəsi tərəfindən verilmiş Forma-1 arayışını əsas gətirərək vurulmuş maddi ziyanın, daşınmaz əmlakın alqı-satqı üçün ödədiyi, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsini cavabdeh orqandan tələb edir. Kollegiya hesab edir ki, iddia tələbi qismən yəni, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsi hissəsində əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında da qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Kollegiya tələb olunan məbləğlə bağlı göstərir ki, 3 il ərzində 0.63 ha torpaq sahəsinin əkilib-becərilməsinə görə əldən çıxmış faydaya ilə bağlı iş materiallarında rəy mövcuddur. Qazax Rayon Aqrar İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən (dövlət aktı JN-1298) 0,63 ha torpaq sahəsinə baxış keçirilmiş. Baxış zamanı məlum olmuşdur ki, həmin sahə əkinə yararlıdır, sahəyə yonca bitkisi əkilmişdir. Həmin sahədə və həmin sahəyə yaxın olan ərazilərdə hər biçindən sonra suvarma aparılarsa 1 (bir) ha yonca sahəsindən 600 ədəd ot bağı götürmək mümkün olduğunu nəzərə alınsa, 0,63 ha sahədən bir il ərzində 378 (üç yüz yetmiş səkkiz) ədəd ot bağı götürmək olar. Bir bağın qiymətinin hal-hazırda 5 (beş) manat olduğunu nəzərə alınsa bir il ərzində 0,63 ha yonca sahəsindən 1890 (bir min səkkiz yüz doxsan) manat gəlir əldə etmək olar. Kollegiya qeyd olunan rəyi qanuni və əsaslı hesab edərək göstərir ki, əldən çıxmış faydanın əvəzi kimi 6142,50 (altı min yüz qırx iki manat əlli qəpik) manat miqdarında maddi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa kollegiya iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, ..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, cavabdehdən 300 (üç yüz) manat miqdarında mənəvi ziyan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı ləğv edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən əldən çıxmış faydanın əvəzi kimi 6142,50 (altı min yüz qırx iki manat əlli qəpik) manat miqdarında maddi ziyan, 300 (üç yüz) manat miqdarında mənəvi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-311/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-311/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver