Məhkəmə qərarları › İş №2-1(104)-311/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-311/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-311/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2686/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçının əlillik vəziyyətinə Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il göndərişinə əsasən “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İİİ. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinat əsasında verilmiş xx.xx.2016-cı il tarixli göndərişə əsasən “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik səbəbi ilə 5 il müdddətinə təyin edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 -Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantın olması, Tac damarın 1 stenti (2014)..; Meyar: İmtina edilir. İmitinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var) səbəbi ilə imtina edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə..; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir) səbəbi ilə imtina edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il göndərişinə əsasən “X1 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var) səbəbi ilə imtina edilmişdir. Forma 88 saylı göndərişdən müəyyən edilir ki, İddiaçı stenokardiyanın digər formaları (XBT kodu – İ20.8) diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdə X5 İnstitutunda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMXda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2022-ci il tarixdə X5 İnstitutunda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göygöl RMXda stasionar müalicə və müayinələrdə olmuşdur. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü; Yanaşı xəstəliklər – E78 – Lipoprotein mübadiləsinin pozğunluqları və digər lipidemiyalar, Dislipidemiya; Yanaşı xəstəliklər – İ11.0 – (Durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Hipertoniya xəstəliyi 3-cü dərəcə, Risk 3-cü; Yanaşı xəstəliklər – İ25 – Ürəyin xroniki işemik xəstəliyi; Yanaşı xəstəliklər – İ25.1 – Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz; Ağırlaşma – İ25.2 – Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı (2019) aterosklerotik və kardioskleroz; Ağırlaşma - İ50 - Durğunluq ürək çatışmazlığı, qan dövranı çatmamazlığı 2-ci dərəcə; Yanaşı xəstəliklər – İ70 – Ateroskleroz, Aorta və koronar damarların aterosklerozu; Yanaşı xəstəliklər – Z95.1 – Aorta koronar şuntlu transplantatın olması, Tac damarın 1 stenti (2014); Yanaşı xəstəliklər – Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, AKŞ (2019); Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T571/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma № 088 saylı göndərişlərdə şəxsin səhhətini əks etdirən “Diaqnozun mətni: 120.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası İİİ f. s” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, əməliyyatdan sonra onu əməliyyat etmiş həkim tərəfindən təyin edilmiş müvafiq dərman preparatlarını şəxs mütəmadi qəbul edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək, ona xəstəliyilə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Hal-hazırda Göygöl rayonunun Bəhrəmbəy kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. O, 2014-cü ilin mart ayında ürək xəstəliyindən infarkt keçirmişdir. Onu ağır vəziyyətdə X8 şöbəsinə aparmışlar və o bir müddət orada damar tutulması ilə bağlı müalicə olunmuşdur. Xəstəxanada onu anju etmişlər, lakin damarlar açılmamışdır. Ona görə də 02 avqust 2014-cü il tarixdə Gürcüstan respublikasında ürəkdən cərrahiyyə olunmuşdur. Ürəyinə gedən damarların birinə stent qoymuşlar. 2015-ci ilin may ayının 6-dan TSEK ona 2-ci qrup əlillik dərəcəsi təyin etmişdir. Hər il xəstəxanada stasionar müalicə olunurdu. 20 iyun 2019-cu il tarixdə X2 açıq ürək əməlyyatı olunmuşdur. Axırıcı dəfə 06 may 2016-cı il tarixdə TSEK ona 5 il müddətinə 2-ci qrup əlillik təyin etmişdir. 2021-ci ilə kimi hər il ürəkdən stasionar müalicə olunmuşdur. 06 may 2016- cı il tarixdə ona təyin edilmiş 5 illik əlillik müddəti 06 may 2021ci il tarixdə başa çatdıqda əlilliyi dayandırılmışdır. 31 avqust 2022-ci il tarixdə ona axırıncı dəfə imtina cavabı gəlmişdir ki, əlavə müalicəyə ehtiyac var. xx.xx.2022-ci il tarixdə göndərişlə X7 növbəti müayinədən keçsə də əlilliyi bərpa edilməmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir. İmtina cavabında əlavə müalicəyə ehtiyacın olması, xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacın olması, “120.8 stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü” diaqnozu qeyd edilmişdir. Onun diaqnozu və bununla bağlı imtina məktubunda qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, o, axırıncı dəfə açıq ürək əməliyyatı olunmaqla, səhhətin həddindən artıq ağır olduğu halda, cavabdeh orqan onun səhhətinin real vəziyyətini bilərəkdən gizlədir, diaqnozu isə özləri bildikləri kimi qeyd edirlər. Bununla bağlı etirazlarını isə deməyə yer tapa bilmirlər. Dövlət orqanları cavabdehi müdafiə edir. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, imtina cavabı ilə onun konstitusiyada nəzərdə tutulmuş pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyi ilə bağlı İİ qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir. İddia ərizəsinə əlavə etdiyi stasionar müalicə barədə tibbi sənədlərdən, ürəyinə stent qoyulması və Gürcüstan Respublikasında ürəkdən cərrahiyyə olunduğu haqqında sənədlərin surətindən görünür ki, o, həqiqətən də ağır ürək xəstəsi olmaqla əlildir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2686/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik müddəti bitdikdən sonra elə ilk göndərişdə qiymətləndirildiyi zaman artıq stasionar müayinə və müalicəsi mövcud olmuşdur. Lakin iddiçaı həmin göndərişlər əsasında cavabdeh orqanın imtina qərarlarını mübahisələndirmədiyi üçün hazırkı araşdırma zamanı yalnız sonuncu xx.xx.2022-ci il tarixli göndərişə verilmiş imtinanın əsaslılığı yoxlanılır. Bu zaman da müəyyən edilir ki, sonuncu göndəriş üzrə imtina da xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var əsası ilə verilmiş, yəni cavabdeh orqan öz imtinasında iddiaçının xəstəliyini inkar etməmiş, yalnız müalicə olunmalı olmasını göstərmişdir ki, Forma 88 saylı göndərişlə (hansı ki, cavabdeh orqan iddiaçının əlillik vəziyyətini məhz həmin sənəd əsasında qiymətləndirir) müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli göndərişə imtina verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X5 İnstitutunda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göygöl RMX-da stasionar müalicə və müayinələrdə olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xəstəliyi olan İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü onun qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. İddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində məhkəmə diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə, həmçinin birinci instansiya məhkəməsində vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.[3] 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 2.2.2. bəndinə əsasən, ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 65-80 faiz olmaqla 2 il müddətədir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ÜİX:Gərginlik stenokardiyası fs.İİİ. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər diaqnozuna əsasən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə “ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər” diaqnozuna əsasən 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra X4 xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında müayinəyə göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixli müayinə zamanı diaqnozu : “İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü” olmuş və müayinə nəticəsində əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasını əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı sonuncu müayinəsi zamanı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə xəstəliyinin əsas diaqnozu - “Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə.” olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 2.2.2. bəndinə əsasən ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs) 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı sonuncu imtina tarixindən, yəni xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 2.2.2. bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2686/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar