Məhkəmə qərarları › İş №2-1(104)-312/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-312/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-312/2025 22.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-522/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2003-ci il tarixdə təkrarən müddətsiz olaraq səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni “Torakotoabdominal güllə yaralanması. Diafraqma qalığı zədələnməsi.Torokotolaporotamiya yaranın tikilməsi” ilə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin Y00235312LFN nömrəli göndərişinə əsasən “Torakotoabdominal güllə yaralanması. Soltərəfli aşağı lobektomiya, plevroektomiya,laparatomiya,splenektomiya,diaqraqmanın tikilməsi əməliyyatından sonrakı vəziyyət. Xroniki tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1992-ci il tarixli 1077 nömrəli xəstəlik haqqında Şəhadətnaməsinə əsasən İddiaçı aldığı diaqnoz “Odlu silah yaralanması nəticəsində soltərəfli torakoabdominal nahiyədə yaralanma (28.10.92J, soltərəfli diafraqmanın, daladın zədələnməsi və soltərəfli hemopnevmotoraks. Əməliyyatlar (28.10.92): torakosintezdən, soltərəfli plevral boşluqun drenaj olunmasından, laporotomiva və splenektomivadan sonra yaraların birincili cərrah i işlənməsi, soltərəfli daladın tikilməsi, mülayim dərəcədə xarici tənəffüsün pozulması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış əsasən İddiaçı XBT-10 üzrə kod əsas xəstəlik J86.0 Fistula ilə müşayiət olunnan pootoraks, yanaşı xəstəliklər J85.2 Pnevmaniya olmadan ağciyər absesi, yanaşı xəstəliklər Z90 Başqa rybrikalarda təsnif olunmayan orqanların qazanılma olmaması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 25 avqust 1992-ci ildə təyin edilmiş əlilliyinin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 oktyabr 1992-ci il tarixində X2 hərbi əməliyyatlar zamanı düşmən əsgərlərinin gülləsi nəticəsində daxili orqanlarından yaralanmışdır. İlkin olaraq ona 25 avqust 1992-ci ildə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 583036 saylı arayışının surətindən görünür ki, ona xx.xx.2003-cü il tarixindən müddətsiz, ağır dərəcəli 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Buna görə ona aylıq müavinət ödənilirdi və o da həmin pulla dərman ödənişlərini etmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş əlillik vəsiqəsinin surətindən görünür ki, ona müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Həmin ərizəyə əlavə olunmuş Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 05 dekabr 1992-ci il tarixli X1 görünür ki, o, uzun müddətdir ki, “daxilə keçən güllə yarasından daxili orqanların və nəfəs yollarının zədələnməsi” diaqnozu ilə ağır xəstədir. Dəfələrlə xəstəliyi ilə bağlı müxtəlif səhiyyə müəssələrində müalicə olunmuşdur. Ona müddətsiz əlillik dərəcəsi təyin olunmasına baxmayaraq yenidən xx.xx.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunmuşdur və problem olmaması üçün təkrar müayinə üçün Bakı şəhərinə getmişdir. Ancaq təkrar müayinə zamanı güllə yarasından zədələnmiş daxili orqanları yoxlanılmadan, heç bir müayinə keçirilmədən, yalnız üzünə baxmaqla deyilmişdir ki, sağlamdır. Halbuki bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının” tələblərindən göründüyü kimi cavabdeh təşkilat inzibati icraat haqqında qanunun tələblərinə əməl etməmiş, onu heç bir müayinədən keçirməmiş, əlilliyinin ləğv edilməsinin səbəblərini əsaslandırmamışdır. Həmin müayinə zamanı ona nəticəsi barədə məlumat veriləcəyi deyilmişdir. Müayinənin nəticəsi barədə ona məktub göndərilsə də, əlilliyinin ləğv olunmasını təsdiq edən sənəd göndərilməmişdir. Lakin əlilliyə görə ona ödənilən aylıq müavinəti dayandırılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Ağdam rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2003-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Torakotoabdominal güllə yaralanması. Diafraqma qalığı zədələnməsi. Torokotolaporotomiya yaranın tikilməsi” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaş 3-17-4/2-R-26001/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1992-ci il tarixli 1077 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah yaralanması nəticəsində soltərəfli torakoabdominal nahiyədə yaralanma (28.10.92), soltərəfli diafraqmanın, dalağın zədələnməsi və soltərəfli hemopnevmotoraks. Əməliyyatlar (28.10.92): torakosintezdən, soltərəfli plevral boşluqun drenal olunmasından, laporotomiva və splenektomiyadan sonra yaraların birincili cərrahi işlənməsi, soltərəfli daladın tikilməsi, mülayim dərəcədə xarici tənəffüsün pozulması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərəkət zamanı təngnəfəslikdən şikayətlənmişdir. Müayinə zamanı döş qəfəsinin sağ arxa və sol yan səthində çapıqlar, soltərəfli ön və yan torakosintez və total laparotomiya kəsiklərinə məxsus yumşaq toxuma çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı qəsdən səthi nəfəs almış, vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası Sp02 94%, nəbzi 104 vurğu, boyu 173 sm, çəkisi 88 kq, BKİ 29 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 774 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Tənəffüs hərəkətlərini iradi olaraq yerinə yetirmədiyi üçün müayinə etibarsız sayılır” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaşın xx.xx.2023-cü il tarixində keçirilən əyani komissiyanın qərarında nəticəsi səhv qeyd olunduğundan bu qərara yenidən əlavə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilən səbəblərdən iddia tələbinin rədd edilməsi xahiş olunur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-522/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş 2-ci dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqan iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi sənədlər təqdim etməmiş, həmçinin məhkəmə iclası zamanıda qeyd olunan hala dair hər hansı sübutları(sənədlər) məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarlda qeyd olunan müddəalarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-522/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir. Belə olan halda da, birinci instansiya məhkəməsi iddianı təmin edə bilməzdi. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. d) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı xx.xx.2003-ci il tarixdə təkrarən müddətsiz olaraq səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla, diaqnozun mətni “Torakotoabdominal güllə yaralanması. Diafraqma qalığı zədələnməsi. Torokotolaporotamiya yaranın tikilməsi” ilə əlillik təyin edilmişdir. Cavabdeh orqan iddiaçıya bildiriş ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bundan sonra cavabdeh orqan xx.xx.2023-ci ildə iddiaçını əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyi halda mövcud tibbi sənədlərə baxış keçirdərək inzibati akt qəbul ediləcəyi bildirilmiş, İddiaçı əlavə müayinə olunaraq ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2023-cü il tarixli 774 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Tənəffüs hərəkətlərini irad olaraq yerinə yetirmədiyi üçün müavinə etibarsız sayılır” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.Vətəndaşın xx.xx.2023-cü il tarixində keçirilən əyani komissiyanın qərarında nəticəsi səhv qeyd olunduğundan bu qərara yenidən əlavə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etdikdən sonra sonuncu dəfə onun əlillik vəziyyəti tibb müəssisəsinin Y00235312LFN nömrəli göndərişinə əsasən “Torakotoabdominal güllə yaralanması. Soltərəfli aşağı lobektomiya, plevroektomiya, laparatomiya, splenektomiya, diaqraqmanın tikilməsi əməliyyatından sonrakı vəziyyət. Xroniki tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya xx.xx.2003-ci il tarixdən təkrar olaraq, müddətsiz, ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət edərək onu cavabdeh orqana dəvət etmiş, xx.xx.2023-cü il tarixindən iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etdiyindən mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. İş materiallarından da görünür ki, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu təsdiq olunmur və cavabdeh inzibati orqan tərəfindən də həmin sübutların mövcudluğuna dair dəlillər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması yuxarıda qeyd olunmuş hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı. Məhkəmə kollegiyası, eyni zamanda, qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müvafiq bəndində qeyd olunmuş qaydada davranmağa borcludur. Fərqli yanaşma, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-522/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar