Məhkəmə qərarları › İş №2-1(104)-314/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-314/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-314/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-489/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və təyin edilmiş pensiyanın 01 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin ona birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-489/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə onun iddiasının qanuni və əsaslı olmasını qərardadda öz dəlilləri ilə təsdiq etmiş, yəni iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən azı 5(beş) il sigorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Lakin məhkəmə onu nəzərə almamışdır ki, iddia təmin ediləcəyi təqdirdə, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ saylı Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsi tətbiq edilməklə 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin ediləcəyi təqdirdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2017-ci ildən qüvvədə olan 32.1-1 və 37.7-ci maddələri deyil, əksinə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 37.7-ci maddəsi (keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir) tətbiq edilməli idi və bu halda da onun müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3(üç) ilin pensiya məbləğləri deyil, əksinə pensiya təyin ediləcəyi xx.xx.2007-ci il tarixdən hazırki pensiyanın təyin edildiyi xx.xx.2017-ci il tarixədək olan müddət üçün bütün ödənilməmiş pensiya məbləğləri ona verilməli idi. Məhz bu hal göstərir ki, həmin dövrlərin pensiya məbləğləri ona verilməməklə onun ədalətli məhkəmə araşdırması, sosial təminat və mülkiyyət hüquqlarını və qanunla gorunan maraqlarını pozulmuşdur. İddiaçı nümayəndəsi (oğlu) X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə istinad edərək, dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 (beş) il sığorta stajına malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və təyin edilmiş pensiyanın 01 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin ona birdəfəyə ödənilməsini tələb etmişdir. İddia tələbinin mümkünsüz hesab edən birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etməsi nəzərə alındıqda iddiaçıya ən çoxu xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya ödənilməsi nəzərdən keçirilə bilərdi. Lakin işin hallarından göründüyü kimi iddiaçıya 01 iyun 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və əvvəlki 3 il üçün qeyd olunan müddətdə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) o artıq pensiya almışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. Hazırki iş materiallarından da müəyyən edilir ki, iddiaçıya 01 iyun 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və əvvəlki 3 il üçün qeyd olunan müddətdə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) o artıq pensiya almışdır. Göründüyü kimi hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Beləliklə də, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-489/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar