Məhkəmə qərarları › İş №2-1(104)-315/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-315/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-315/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə dair iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X9, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X10, üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, “ünvan 1 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin İddiaçı ASC-nin mülkiyyətində olan 2 (iki) sot torpaq sahəsinə dair hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3062/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin 08 dekabr 2005-ci il tarixli, 18 saylı əmri ilə təsdiq edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı ASC-nin tikintialtı sahəsi 2467.7 kv.m, ümumi sahəsi 2152 kv.m, əsas sahəsi 1043.6 kv.m, köməkçi sahəsi 1108.4 kv.m-dir.

2. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6, X8, X5 və X3 şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 37.5 kv.m-dən ibarət fərdi yaşayış evini 0.0622 ha torpaq sahəsi ilə birlikdə X1.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 0,0622 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 37.5 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 385 kv.m torpaq sahəsini X2.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,0876 ha torpaq sahəsi və həmin torpaq shaəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. xx.xx.2022-ci il tarixli 24296 nömrəli texniki pasporta və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4381/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4620/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ASC-nin hazırki tələblə bağlı, həmçinin digər hər hansı qeyriyaşayış binası və ya torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti olmamışdır və hər hansı qeyriyaşayış binası və ya torpaq sahəsi üzərində İddiaçı ASC-nin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, Nizami küçəsində yerləşən 118 saylı qeyriyaşayış sahəsi üzərində üçüncü şəxs X4 adına verilmiş DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın İddiaçı ASC-nin mülkiyyətində olan 0,02 ha hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsinin sədrinin 08 dekabr 2005-ci il tarixli 18 saylı əmri ilə təsdiq edilmiş Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasportundan göründüyü kimi, ünvan 2 ünvanda yerləşən İddiaçı ASC-yə məxsus ümumilikdə 20843.7 kv.m torpaq sahəsi vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “X13” xx.xx.2000-ci il tarixli VÖEN ********** saylı qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Bərdə şəhəri Nizami küçəsində yerləşən 118 saylı qeyri-yaşayış sahəsinin nizamnamə kapitalı ona məxsudur. Həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyektindən uzun illərdir ki, istifadə edirlər və onun qanuni sahibliyindədir. Bu günlərdə hazırkı iş üzrə üçüncü şəxs Elnarə İbrahimova Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsini özbaşına zəbt edərək işlər görməyə başlamışdır. Özbaşınalıqlarının dayandırılmasını xahiş və tələb etdikdə isə heç bir əhəmiyyət vermir və qanuni tələblərinə məhəl qoymur və onlara bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 21A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin mülkiyyət hüququ 2007-ci ildə, Elnarə İbrahimovanın mülkiyyət hüququ isə 2022-ci ildə qeydə alınmışdır. Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsinin E.İbrahimova tərəfindən zəbt edilməsi fəaliyyətlərinə mənfi təsir göstərir. Hesab edir ki, Bərdə şəhəri Nizami küçəsində yerləşən 118 saylı qeyriyaşayış sahəsi qanuni əsaslarla İddiaçı ASC-nin mülkiyyətində olduğundan, üçüncü şəxs X4 mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat etibarsız hesab edilməsinə zərurət yaranmışdır.

11. İddiaçının nümayəndəsi X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 10 (on) sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin İddiaçı ASC-nin mülkiyyətində olan 2 (iki) sot torpaq sahəsinə dair hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3062/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3062/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X16 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, 30 ildir İddiaçı ASC-nin direktorudur və həmin ərazi onlara məxsusdur. Hətta oranın hasarı belə vardır. 2015-ci ildə üçüncü şəxs qonşunun evini alıb tikdirmiş, hasar çəkdirmiş və 2022-ci ildə 2 sot sahəyə, yəni fabrikin həyətinə çıxarış almışdır. Həmin ərazi fabrikin ərazisidir və həmin əraziyə dair Texniki pasportda verilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X17 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, X12 xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında fiziki şəxslər olan Mirzəliyevlərdən Bərdə şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 37.5 kv.m-dən ibarət fərdi yaşayış evini 0.0622 ha torpaq sahəsi ilə birlikdə almışdır. Daha sonra üçüncü şəxs evi sökərək yerində yenidən ikimərtəbəli ev inşa etdirmiş və evin qabaq hissəsində olan 385 kv.m torpaq sahəsini də Bərdə bələdiyyəsi ilə bağladığı alğı-satqı müqaviləsi əsasında satın almış, bununla da torpaq sahəsinin ölçüsü 0.10 ha təşkil etmişdir. Həmin torpaq sahəsinin qabaq hissəsi (evə münasibətdə) Təbriz küçəsinə, arxa hissəsi isə Nizami küçəsinə baxır. İddiaçı ASCnin onun mülkiyyətində olduğunu iddia etdiyi 2 sot torpaq sahəsi üçüncü şəxsin fiziki şəxslərdən alqı-satqı yolu ilə satın aldığı 0.0622 ha torpaq sahəsinin içində yerləşir, hansı ki, sözügedən torpaq sahəsi dövlət reyestrindən çıxarış əsasında həmin şəxslərin mülkiyyətində olmuş və üçüncü şəxsə satmışlar. Sadəcə ev sökülüb yerində yenisi inşa olunduğu üçün evin arxa hissəsində olan həmin torpaq hasara alınmamışdır, hazırda da iddiaçı buna maneçilik törədir.

Tətbiq edilən hüquq:

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Hazırki tələb üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən 10 sot torpaq sahəsinin X4 adına qeydə alınmasına dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestr qeydinin 2 sot torpaq sahəsinin İddiaçı ASC-nin mülkiyyətində olmasını irəli sürərək çıxarışın həmin hissədə ləğv olunmasını xahiş etmişdir.

25. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6, X8, X5 və X3 şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 37.5 kv.m-dən ibarət fərdi yaşayış evini 0.0622 ha torpaq sahəsi ilə birlikdə X1.

26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21 ünvanında yerləşən 0,0622 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 37.5 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

27. xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 385 kv.m torpaq sahəsini X2.

28. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,0876 ha torpaq sahəsi və həmin torpaq shaəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

29. xx.xx.2022-ci il tarixli 24296 nömrəli texniki pasporta və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Təbriz küçəsi, 21A ünvanında yerləşən 0,1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 255.2 kv.m olan fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

32. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

35. Göründüyü kimi hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair İddiaçı ASC-nin adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir, Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 003365 saylı Müəssisə və obyektin texniki pasport isə binaya dair texniki göstəriciləri əks etdirən sənəddir.

36. Belə olan halda iddiaçı tərəfindən qeydin mübahisələndirilməsi ilə bağlı hüquqi və faktiki əsas mövcud deyildir, bununla bağlı hər hansı subyektiv hüququ istisna edilmişdir.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

38. Odur ki, apellyasiya şikayəti əmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3062/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar