Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-315/2025 23.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 40% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1082/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 87 nömrəli qərarına əsasən, Göygöl RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, N94-cü ildə fərarilik etmiş, xx.xx.N98-ci il ildə amnitsiya qərarına əsasən, uçota götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N92-ci ildə aldığı və xx.xx.N92-ci ildən xx.xx.N93-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol diz oynağının dəlib keçən odlu silahla güllə yaralanması. Hemartroz. Yara infeksiyası” (Göygöl RHK-nın xx.xx.2012-ci il tarixli, 94 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli, 26 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.N93-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”
2. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət. Diz oynağında hərəkət məhdudluğu. Onikibarmaq bağırsağın xorası. ÜİX.Gərginlik” diaqnozu ilə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir.
3. 24.03.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Diz oynağının əzilməsi. Odlu silah yaralanması. Sol diz oynağının dəlib keçən güllə yaralanması. Oynaq nahiyəsinin posttravmatik kobud çapıq toxuması” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diz oynağının əzilməsi, Odlu silah yaralanması. Sol diz oynağını dəlib keçən güllə yaralanması” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
5. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
6. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Göygöl Rayon Mərkəzi Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2023 -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2023 -G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi müraciət tarixi xx.xx.2024 -G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi müraciət tarixi xx.xx.2024 -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2024 -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: ETTOİ № ********** – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr ETTOİ № 9303/2023 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr X6 – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr X6 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr ETTOİ № 10161/2024 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Həkim müayinəsinin nəticələri: -Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol dizin İİİ dərəcəli qanartrozu. Sol dizin oynağı kontrakturası açma 170 dərəcə, bükmə 130 dərəcə. Sol topuq nahiyyəsi qəlpə yaralanmasından sonrakı vəziyyət. Meduil topuğun bitişmiş sınığı. Posttravmatik çapıqları. (müayinə tarixi xx.xx.2024) -G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sol plevral sinirin posttravmatik neyropatiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyası pozulması (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Ağırlaşma M17.0, Birincili ikitərəfli qonartroz, Sol dizin İİ dərəcəli qonartrozu.
7. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 dər., bükmə 130 dər). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
8. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi.
9. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024-cü il tarixdə “İddiaçı üçün verilmiş 18.09.24-cü il tarixli göndərişə Diaqnoz əlillik əlamətin təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3589 nömrəli məktubuna əlavə edilmiş T518/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Ağırlaşma: G83.1 Aşağı ətrafın monoplegiyası, Sol aşağı ətrafın parezi. S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sol dizin oynağı kontrakturası açma 170°, bükmə 130°. Sol topuq nahiyyəsi qəlpə yaralanmasından sonrakı vəziyyət. W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sol plevral sinirin postravmatik neyropatiyası. W32 Əl odlu silahından atəş, Sol dizin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. L91.0 Hipertrofık çapıq, Postravmatik çapıqları. M17.0 Birincili ikitərəfli qonartroz, Sol dizin İİİ dərəcəli qanartrozu. R26 hərəkətin və yerişin pozulmaları, Hərəkət və yerişin funksiyası pozulması. M24.5 Oynaqların kontrakturası. M21.3 Əlin və ya pəncənin sallanması (qazanılma), Medium topuğun bitişmiş sınığı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin İddiaçı nəticələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinəsində əlillik təyinatına əsas verən funksional pozuntu aşkarlanmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini aid etmək mümkün olmadı.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, ********** nömrəli arayışından görünür ki, İddiaçı həmin müəssisədə müayinədə olmuş və ona “Odlu silahla yaralanmadan sonra sol diz oynağının ön, sol aşıq baldır oynağının ön-iç səthlərində çapıq toxumaları, sol diz oynağının postravmatik İİİ dərəcə osteoartrozu, açıcı kontrakturası (bükmə 1100), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 1100, bükmə 1000), daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, əmək qabiliyyətinin itirilməsi, sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət, diz oynağında hərəkət məhdudluğu, onikibarmaq bağırsağın xorası ÜİX.Gərginlik stenokardiyası xəstəsi olduğuna görə əlilliyinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.N74-cı ildə Daşkəsən rayonu, Şahvələd kəndində anadan olmuşdur. N92-ci ildə Azərbaycan Respublikası Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə cəlb olunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, Gədəbəy rayonu, Başkənd kəndinin erməni işğalçılarından təmizlənməsində iştirak etmişdir. Daha sonra düşmən Şınıx kəndinə hücum edəndə kəndin müdafiəsi zamanı sol ayağının diz nahiyəsindən gülləyarası, topuq nahiyəsindən isə qəlpə yarası alaraq yaralanmışdır. Sağaldıqdan sonra yenidən Azərbaycan Respublikasının MN-nin nəzdində olan hərbi hissələrdə xidmət apararaq, N96-cı ildə hərbidən xəsarətə görə ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx004 nömrəli rəyinə əsasən, 3-cü dərəcəli əlilik, Azərbaycan Pespublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik, əmək qabiliyyətinin itirilməsi 0%, sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət, diz oynağında hərəkət məhdudluğu onikibarmaq bağırsağının xorası, ÜİX.Gərginlik stenokardiyasıyiın qənaətinə gəlinmişdir. Həmin vaxtdan bununla əlaqədar pensiya almışdır. Eyni vaxtda daimi olaraq müayinə və müalicələr almışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında, Tibbi-Sosial Ekspert Komisiyasının xx.xx.2024-cü il tarixli rəyində əlilik verilməsindən imtina edilmişdir.
14. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş “Odlu silah yaralanması. Sol dizin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 der., bükme 130 der). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması”. Bundan irəli gələrək, anammestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş sınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 dər., bükmə 130 dər). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal şinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz alillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1082/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 40% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1082/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Malik Məcid oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
18. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iş materialları ilə iddiaçıya 2016-cı ildə eyni xəstəliklə əlillik təyin edildiyi müəyyən olunur. İddiaçının qanunverilikdə nəzərdə tutulan qaydada stasionar və ambulator müalicələr almasına baxmayaraq onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 87 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 40% pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
N. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1082/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinədə olmuş, ona qoyulmuş “Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldıı oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 der., bükme 130 der). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması.” diaqnozda, anammestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş sınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 dər., bükmə 130 dər). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal şinirin zədələnməsi Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz alillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş edilir. Məhkəmənin əsaslandırması qəbul edilməyərək bildirilir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskresion səlahiyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir. Belə olan halda da, birinci instansiya məhkəməsi iddianı təmin edə bilməzdi. Eyni zamanda iddiaçıya müddətsiz əlillik o halda təyin edilə bilərdi ki, müddətsiz əlilliyə əsas verən xəstəlik təyinat dövründə də əlilliyə əsas versin. Sözügedən iddiaçının əlilliyi isə əlillik təyinatına əsas vermədiyindən geri qaytarılmışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1082/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. N90-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 13.4. Qonartroz (diz oynağının artrozu). M17 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 50 faiz olmaqla, 1 il müddətinə əlillik dərəcəsi təyin edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
42. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
43. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik verilməsindən imtina edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: 1) Əsas diaqnoz -“Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması”. 2) Ağırlaşma – “M17.0-Birincili ikitərəfli qonartroz, Sol dizin İİİ dərəcəli qonartrozu”, “M21.3- Əlin və pəncənin sallanması (qazanılma), Mediul topuğun bitişmiş sınığı” və.s
45. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı “XBT kodu- Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması” diaqnozu ilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə ETTOİN-də, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşdur.
46. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, ********** nömrəli arayışından da görünür ki, İddiaçı həmin müəssisədə müayinədə olmuş və ona “Odlu silahla yaralanmadan sonra sol diz oynağının ön, sol aşıq baldır oynağının ön-iç səthlərində çapıq toxumaları, sol diz oynağının postravmatik İİİ dərəcə osteoartrozu, açıcı kontrakturası (bükmə 1100), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 1100, bükmə 1000), daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdur.
47. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.
48. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 40% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.41-ci bəndində hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 50 faiz olmaqla, 1 il müddətinə əlillik dərəcəsi təyin edilir
50. İddiaçı barəsində tərtib edilmiş Forma 88 arayışında Diz oynağı rentgenoqrafiyasında “Hər iki dizin 2 pr R-rı. Nəticə: Bilateral osteoartroz solda İİİ, sağda İİ dərəcə patellalarda osteofitlər. null” qeyd edilmiş, həmçinin həkim müayinəsi nəticəsində (müayinə tarixi xx.xx.2024) onda “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol dizin İİİ dərəcəli qanartrozu. Sol dizin oynağı kontrakturası açma 170 dərəcə, bükmə 130 dərəcə. Sol topuq nahiyyəsi qəlpə yaralanmasından sonrakı vəziyyət. Meduil topuğun bitişmiş sınığı. Posttravmatik çapıqları” müəyyən edilmişdir.
51. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 87 nömrəli qərarı ilə İddiaçı aldığı travmanın (“Sol diz oynağının dəlib keçən odlu silahla güllə yaralanması. Hemartroz. Yara infeksiyası”) səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
52. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.41-ci bəndində qeyd edilmiş qiymətləndirmə əlamətlərinin iddiaçıda mövcud olduğu müəyyən olunur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlillik meyarlarının, eləcə də əlillik müddətinin müəyyən edilməsində düzgün nəticəyə gəlməmişdir. İşin faktiki halları onu deməyə əsas verir ki, hazırda iddiaçıda olan xəstəlik (qonartroz) birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə qeyd edilmiş meyarlarla (diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu) deyil, 13.4.41-ci bəndində qeyd edilmiş meyarlarla (hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) uyğunluq təşkil edir.
54. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçıya qoyulan “əsas diaqnoz” “Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması” olmuş, “ağırlaşma” kimi isə – “M17.0-Birincili ikitərəfli qonartroz, Sol dizin İİİ dərəcəli qonartrozu” və.s diaqnozlar qeyd edilmiş, iddiaçı həmin xəstəliklərlə bağlı müayinə və müalicələrdə olmuş və sonuncu dəfə barəsində rəsmiləşdirilmiş göndərişdə də həmin diaqnozlar qeyd edilmişdir, bununla belə həmin diaqnozların sırasında “diz oynağının ankilozu” müəyyən edilməmişdir.
55. Göründüyü kimi iddiaçıya qoyulmuş “Qonartroz (diz oynağının artrozu) - M17.0” diaqnozu istinad olunan Meyarların 13.4-cü bəndində qeyd edilmişdir və həmin xəstəliyin iddiaçıda olan əlamətləri 13.4.41-ci bənddə qeyd edilmiş meyarlara uyğun ona əlillik təyinatına əsas verir.
56. Bu baxımdan da məhkəmə kollegiyası iddia tələbinin qismən təmin olunmasına münasibətdə qeyd edir ki, iddiaçı hazırki tələblə ona “müddətsiz” əlillik təyin edilməsini xahiş etsə də, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən onda olan “M17-Qonartroz (diz oynağının artrozu).=> hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) (13.4.41-ci bənd)” diaqnozlu xəstəlik üzrə qiymətləndirmədə orqanizmin 50 faiz aralığında pozulmasına görə 1 il müddətinə əlillik təyinini nəzərdə tutulmuşdur, habelə iddiaçının əvvəlki illər üzrə cəmi 5 il müddətinə (2016-2021) 3-cü qrup əlilliyi müəyyən edilmiş, başqa sözlə onun həmin qrup üzrə, eləcə də fərqli qruplar üzrə ardıcıl olaraq 15 il müddətində əlilliyi olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçıya münasibətdə “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.41-ci bəndinə uyğun, yəni orqanizmin funksiyalarının 50 faiz aralığında pozulmasına görə 1 il müddətinə əlillik dərəcəsi təyin edilməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
58. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
59. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.41-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 50 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə əlillik təyin olunmasına əsas verir.
60. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.
62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1082/2025 nömrəli qərarı qismən, yəni “İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.