Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-316/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-53/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletdəki qeydlərə əsasən İddiaçı xx.xx.N-cü ildən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində olmuş, xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.1997-ci il tarixli, 302 nömrəli əmri ilə siyahıdan çıxarılmışdır.
2. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-8346 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrilə (əsas: səh-29, §-2, sıra-103) sıravi hərbi rütbəsində baş atıcı vəzifəsinə təyin olunmuş və Tərtər rayonu Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaralanmış efreytor-döyüş maşını komandiri İddiaçı komandirinin xx.xx.1994-cü il tarixli 106 nömrəli əmrilə (əsas: səh-40, §-7, sıra-23) qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin fevral N və N nömrəli hərbi hissə komandirinin iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və aprel 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. 3.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-2880 nömrəli məktubu ilə İddiaçı müraciətinə «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2017-ci il tarixli iclasında qəbul edilmiş 414 saylı protokolu ilə müsbət qərar qəbul edilmədiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat: 4.İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Goranboy royonunun Qaramusalı kəndində anadan olmuş, hal-hazırda Goranboy rayonunun Qaramusalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayıram. O, xx.xx.N-cü il tarixdə Goranboy rayon hərbi komissarlığından toplanışla bağlı həqiqi hərbi xidmətə çağırılaraq bildirişə imza etdirilib, xx.xx.N-cü ildə N saylı hərbi hissəyə hərbi xidmətə yollanmışdır. İ Vətən Müraribəsində iştirak edərək Murovdağ uğrunda,Tər-tər, Goranboy, Kəlbəcər, Ağdərə, Suqovuşan, Gödəkburun, Karyer, Talış, Tərtərin Çaylı kəndi uğrunda gedən qanlı döyüşlərindsə fəal iştirak etmişdir. 12 aprel 1994-cü ildə Suqovuşan-Madagiz uğrunda döyüşlərdə sol qolumdan qəlpə yarası alaraq xx.xx.1994-cü ildən, 10 may 1994cü il tarixə kimi 251 nömrəli hərbi hospitalda müalicə olunmuş, müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirib xx.xx.1997-ci ildə ordudan tərxis olunmuşdur. Göstərdikləri hərbi bileti, arxiv arayışı, xəstələlik vərəqələri və arayışlardan tam təsdiq olunur. Onunla döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün vetaran olsalar da, iddiaçıya veteranlıq verilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Bildirir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edib Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini nəzərə alıb müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan xx.xx.2022-ci il tarixli, 4/3 2880 saylı məktubla bundan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. 6.Cavabdeh xx.xx.2022-ci il tarixli, 11/1812 nömrəli etiraz ərizəsində iddianın təmin edilməsini istisna edən hüquqi və faktiki əsasları sadalamışdır. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsas kimi qeyd etmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd olunur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İnzibati iş materiallarında olan Mərkəzi Arxivin 17 avqust 2016-ci il tarixli 9/2-8346 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və aprel 1997-ci il tarıxli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. 7.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-53/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir. 8.Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, arxivdə iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyindən və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından qanunvericiliklə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi istisna olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri 9.Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-53/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə işə baxan zaman iddiaçı kimi işə əlavə etdiyi sübutlara düzgün yanaşmamış, müharibədə iştirak etməklə döyüşlər zamanı yaralanaraq stasionar mülacə olunduğuna, onun xeyrinə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdehin subyektiv fikirlərinə əsaslanaraq əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. 13.İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 14.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. 15.25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
16.23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun:
1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
14. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
18.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 19.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 20.İddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.1997-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir və tələbinin əsası kimi ona məxsus olan hərbi biletdəki qeydləri və yaralanmasına dair sənədləri təqdim edir. 21.İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməməsi ilə bağlı cavabdehin dəlili isə ondan ibarətdir ki, iddiaçının qanuni əsasla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. 22.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. 23.Məhkəmə tərkibi hesab edir ki, bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır. 24.İş materiallarında olan hərbi biletdəki qeydlərə əsasən iddiaçı xx.xx.N-cü ildən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində olmuş, xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.1997-ci il tarixli, 302 nömrəli əmri ilə siyahıdan çıxarılmış olsa da, müvafiq əmrlərin çıxarışlarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə hərbi hissəyə gəlmiş hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 9 nömrəli əmri ilə ərzaq təminatı ilə təmin edilmiş, xx.xx.1994-cü il tarixli, 63 nömrəli əmrlə baş atıcı vəzifəsinə təyin edilmiş, 16 aprel 1994-cü il tarixli, 106 nömrəl əmrlə Tərtər rayonu Ağdərə istiqamətində gedən döyüşlərdə yaralandığı üçün qazan təminatından çıxarılmış, 24 iyul 1994-cü il tarixli 205 nömrəli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaralanmış və üç aydan çox stasionar müalicə olunan hərbi qulluqçular – o cümlədən, xx.xx.1994-cü ildə yaralamış iddiaçı tutduqları vəzifədən azad edilmişdir. 25.Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında isə iddiaçının Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 09 nömrəli əmrinə (hansı ki, həmin əmr hərbi hissəni özbaşına tərk etmiş şəxslərin siyahıdan çıxarılması və hərbi biletlərin alınması barədədir) əsasən N nömrəli hərbi hissənin xx.xx.1996-cı il tarixli, 46 nömrəli əmri ilə tərxis edilməsi qeyd olunmuşdur. 26.Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-8346 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrilə (əsas: səh-29, §-2, sıra-103) sıravi hərbi rütbəsində baş atıcı vəzifəsinə təyin olunmuş və Tərtər rayonu Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaralanmış efreytor-döyüş maşını komandiri İddiaçı komandirinin xx.xx.1994-cü il tarixli 106 nömrəli əmrilə (əsas: səh-40, §-7, sıra-23) qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin fevral N və N nömrəli hərbi hissə komandirinin iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və aprel 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. 27.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. müdafiə. Orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. 29.İddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir. 30.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. 31.“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir. 32.Odur ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-53/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova,hakimlər Azər Bayramova,Rəşad Mamedov