Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-317/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-744/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Ambulator, stasionar xəstənin tibbi kartasından xx.xx.2022-ci il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “Barotravma. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə). Koqnitiv funksiyaların pozulması. Kəllədaxili hipertenziya. Kəskin asteno nevrotik sindrom” kimi qeyd edilmişdir.
2. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 936 nömrəli rəyində İddiaçı təyin edilmiş diaqnoz “Üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla F06.3” kimi qeyd edilmişdir.
3. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “F06.3 Üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla” kimi qeyd edilmişdir.
4. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi qeyd edilmişdir.
5. Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” və yanaşı xəstəlik “F.07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
6. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “F06.3 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlarla” kimi qeyd edilmişdir.
7. 2 nömrəli X1 Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı təyin edilmiş diaqnoz “F07.0, F.07.8, F06.3, F06.7 Baş beynin üzvi xəstəliyi nəticəsində (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) yaranan şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, depressiv daxilolmalarla koqnitiv funksiyaların zəifləməsi ilə MMSE-24” kimi qeyd edilmişdir.
8. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının İddiaçı barəsində Beyin MRT-nin nəticəsi “Hər iki periventikulyar nahiyədə, hər iki sentrum semiovalidə, hər iki periartrial nahiyədə və hər iki yan mədəciyin ön buynuz qonşuluğunda 3-4 mm ölçülü, T2/FLAİR hiperintens çoxsaylı işemik-qliotik ocaqlar” kimi qeyd edilmişdir.
9. İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016- cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında əlilliyi qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
10. İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması” səbəbindən, xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
11. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə qoyulmuş Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri; Ağırlaşma - F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – E10 – İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet orta-ağır forma, İİ tip. İnsulinə ehtiyacı olan; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilmiş ensefalopatiya, Ensefalopatiya İİ dərəcə.
12. xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
13. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 11908 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdə “Respublika Psixiastriya Xəstəxanası” publik hüquqi şəxsin gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir.
14. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı qoyulmuş diaqnoz “F06.5 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu, funksional paraksizmlərlə” kimi qeyd edilmişdir.
15. Respublika Psixiatriya Xəstəxanasının Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı qoyulmuş diaqnoz “F06.5 Üzvi dissosiativ pozğunluq” kimi qeyd edilmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3626 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu, anamnezində funksional qıcolma tutmaları ilə” (F06.5) aşkar olunur.
Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən etibarən 2-ci qrup əlilliyinin dayandrılması barədə qərarın ləğv edilərək həmin tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi əməliyyatların gedişatı zamanı xəstələndiyinə görə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə müalicə olunmuşdur. Keçirdiyi xəstəliklə bağlı ona "Yayılmış streptodermiya" diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixdə döyüş zamanı aldığı travmalara görə xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixədək M.Nağıyev adına TTYX-da müayinə zamanı ona "Barotravma", yəni “Baş beyinin yüngül dərəcədə əzilməsi" və "Eşitmə sinirinin nevriti, yəni eşitmə zəifliyi" diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu zaman ona "Qapalı kəllə beyin travması" "Orta dərəcəli baş beyin silkələnməsi", "Astenonevrotik hal" diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd etdikləri ilə bağlı (Azərbaycan Respublikası SHXÇDX-nin Şəmkir Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1266 nömrəli göndərişi, N nömrəli hərbi hissədən verilmiş çıxarış epikrizi və xəstəlik tarixlərindən çıxarışlar, M.Nağıyev adına TTYX-dan verilmiş xx.xx.1994-сü il tarixli çıxarış epikrizi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi həkim komissiyasının rəyi ilə təsdiq edilməsinə dair sənədləri ərizəmə əlavə edir). Bundan başqa o, Hərbidə aldığı xəsarətlərlə bağlı keçirdiyi xəstəliklərə görə 2020-ci il tarixdə şəkər diabeti xəstəliyinə tutulmuşdur. Şəkəri yüksək olduğuna görə hal-hazırda dövlət tərəfindən verilmiş insulin iynəsini qəbul edir. Hərbidə aldığı xəsarətlərlə bağlı, ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, 2007-ci il tarixdən 2021-ci ilin iyul ayınadək pensiya almışdır. 2021-ci ilin iyul ayında ona verilən pensiya dayandırılmışdır. Bundan sonra o, pensiyasının bərpa edilməsi üçün xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Gəncə şəhəri, Abbas Səhət adına xəstəxanda yenidən müayinə olunmuşdur. Ona orada "Barotravma. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin əzilməsinin davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 8-10 dəfə). Koqnitiv funksiyaların pozulması. Kəllədaxili hipertenziya. Kəskin asteno nevrotik sindrom diaqnozu qoyulmuşdur. "Akademik M.Ə.Mirqasımov adına Respublika Xəstaxanası” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən yuxarıda qeyd etdiyi xəstəliyi təsdiq olunmuşdur. Bundan sonra o, keçdiyi müayinələrdən sonra əlilliyinin və pensiyasının bərpa olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ona "Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı-kəllə-beyin travmasının və yüngül beyin əziyinin qalıq əlamətləri” diaqnozu qoyularaq əlilliyinin bərpa edilməsinə dair imtina edilmişdir. 2024-cü ildə ona aydın olmuşdur ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun iştirakı olmadan keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair qərar vermişdir. Həmin vaxtdan bu günə kimi ona pensiya ödənilmir. Əlilliyimin təyinatı "Əlillik"altsistemində etibarsız hesab edilmişdir. Onun kimi 1500 xəstədən yalnız bir neçəsinin qrupu dəyişdirilmişdir. O, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Belə ki, əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə 17 May 2022-ci il tarixli j Nazirlər Kabinetinin 187 №li qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən "Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalıkəllə-beyin travmasının və yüngül beyin əziyinin qalıq əlamətləri” əsas götürülmüşdür. Belə ki, İ, İİ və İİİ dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Beləliklə, onun əlilliyi yeni meyarla müəyyən edilməli, onun 2-ci qrup əlilliyi bərpa edilməlidir.
19. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhər mərkəzi xəstəxanasının xx.xx.2023-cı il tarixli göndərişi əsasında baxılmış, "diaqnoz əlillik təyinatına əsas vermir" barədə imtina qərarı verilmişdir. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur, Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023- cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə “xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-744/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişində əks olunmuş əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Belə ki, iddiaçının əsas diaqnozu (başından aldığı travma) onda beynin təzahür edən və psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərlə, habelə məhkəmənin əldə etdiyi ekspert rəyi ilə iddiaçıda qıcolma tutmalarının olması, beyindəişemik-qliotik ocaqların olması, ən əsası psixi pozuntu halı olan Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu” (F06.5) olması öz təsdiqini tapmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.
23. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) tərəflərin izahatları
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
27. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1. Başın travmalarının nəticələri – T90 Qiymətləndirmə 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası – 65-80% - 2 il; 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası – 65-80% - 2 il.
30. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət (indiki Agentlik) tərəfindən aparılır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
35. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında cavabdeh orqan tərəfindən bir neçə dəfə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişindəki “Əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri; Ağırlaşma - F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – E10 – İnsulindən asılı şəkərli diabet, Şəkərli diaqbet orta-ağır forma, İİ tip. İnsulinə ehtiyacı olan; Ağırlaşma - G93.4 – Dəqiqləşdirilmiş ensefalopatiya, Ensefalopatiya İİ dərəcə” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdə qiymətləndirərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.
36. Cavabdeh inzibati orqan təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının diaqnozunun əlilliyin təyini üçün əsas olmaması qeyd edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
38. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş diaqnozlardan əsas diaqnoz – T90.5 – Kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının və yüngül dərəcəli beyin əzniyinin qalıq əlamətləri iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
39. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri əlilliyin qiymətləndirilməsinin inzibati orqanın diskresion səlahiyyətinə aid olması və məhkəmə qərarının buna müdaxiləsi olmasıdır.
40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
45. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
46. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
47. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
48. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə həvalə edilmiş, sonuncu tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3626 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) dissosiativ konversion pozuntu, anamnezində funksional qıcolma tutmaları ilə” (F06.5) aşkar olunur.
49. Göründüyü kimi iddiaçının əsas diaqnozu (başından aldığı travma) onda beyinin təzahür edən və psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, həm cavabdeh orqanın apellyasiya şikayətinin dəlili kimi iş üzrə mühüm əhəmiyyət daşıdığı bildirilən ekspert rəyində, həm də iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərdə iddiaçıda qıcolma tutmalarının olması, beyində işemik-qliotik ocaqların olması öz təsdiqini tapmışdır.
50. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
Nəticəvi hissə:
51. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-744/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov