Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-318/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, «əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-128/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də Müayinə aktından SER-TSE-01№004399 çıxarışa əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixli müayinə nəticəsində «Doğuş zədəsinin davamlı qalıq əlamətləri, yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması» diaqnozu qoyulmuşdur.
2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də Müayinə aktından SER-TSE-01№063286 çıxarışa əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixli müayinə nəticəsində «Doğuş zədəsinin qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin geri qalması» diaqnozu qoyulmuşdur.
3. Tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı qoyulmuş « Doğuş zədəsinin davamlı qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması » diaqnoza əsasən xx.xx.2012-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2017ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
4. Tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan məlum olur ki, xx.xx.2021-ci il tarixli, 09.12. 2021-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinələr nəticəsində İddiaçı “Mərkəzi sinir sisteminin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, yüngül dərəcədə ifadə olunmuş dissosiativ pozuntu, primitiv şəkildə.” diaqnozu qoyulmuş, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin 621/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiyməyləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Perinatal dövrdə meydana çıxan xüsusi hallar => P10-P15 – doğuş travması => P14 – periferik sinir sisteminin doğuş travması =>P14.3 – bazu kələfinin digər doğuş travmaları. Diaqnozun mətni: P14.3 – bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Ağırlaşma: G83.8 – digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi. Yanaşı xəstəliklər: F48.8 – digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar asteno-nevrotik hal, intellektin enməsi. F71.1 – qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-nin orqanik xəstəliyi” diaqnoz şəxsin hazırki səhhətini əks etdirir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli verilmiş imtinanı ləğv edərək onun barəsində Həkim Məsləhət Komissiyasının rəyinə uyğun olaraq əlilliyin bərpa edilərək yenidən pensiya təyin edilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı doğuş travması, ətraf protezi ilə anadan olmuşdur. Sağ yuxarı ətrafında hərəkət məhdudiyyəti vardır, gücü aşağıdır, əl tutumu zəifdir, intellektual cəhətdən geri qalır. Qeyd olunan xəstəliklərlə bağlı iddiaçıya 2010-cu il tarixdən əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə növbəti dəfə 28 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinədən keçərək əlilliyi təsdiq edilmiş, növbəti müayinə xx.xx.2020-ci il tarxə təyin edilmişdir. 2020-ci ilin aprel ayından pensiyası kəsilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestiri"nə daxil edilmişdir. xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi; Əsas diaqnoz və ağırlaşmaların insturimental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tələb olunur. Yenidən xx.xx.2021-ci il tarixdə İddiaçı "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestiri"nə daxil edilmişdir. xx.xx.2021ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi, mütəxəsislərin rəyləri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dədiqləşdirilsin və ətraflı qeyd edilsin. Əsas diaqnoz və ağılaşmaların insturimental müayinə metodları ilə öz təsdiqini tapmır. Əlavə ixtisaslaşmış müayinə tələb olunur. Yenidən iddiaçı səhiyyə müəssisəsinin Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş müvafiq reyestirə daxil edilmişdir. Tibbi-sosial ekspert komissiyasına xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə də imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Kefiyyətsiz doldurulma- müayinələr diaqnozu təsdiqləmir. Yenidən iddiaçı səhiyyə müəssisəsinin Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş müvafiq reyestirə daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yenə imtina cavabı verilərək qeyd olunmuşdur ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən insturimental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti ətaraflı qeyd edilsin. Göründüyü kimi Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş TSEK tərəfindən hər bir halda imtina ilə nəticələnmişdir. Qeyd olunan imtina nə tibbi, nə də ki hüquqi cəhətən əsaslandırılmamış, yalnız iki cümlə ilə tamamlanmışdır.
8. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi dəyişdirilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-128/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iddiaçıya əlillik təyinatı ilə bağlı qoyulmuş diaqnozlarla 2021-2022-ci illərdə təkrar müayinə nəticəsində qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində “Göndərişin natamam doldurulması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Həmçinin istinad olunan göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə hesab edilmişdir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 1 il müddətinə müəyyən edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AASBA nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Göndərişin natamam doldurulması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti ətraflı qeyd edilsin". Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0321003AASBA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Göndərişin natamam doldurulması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (P14.3 bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları, Ağırlaşma G83.8 digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi yanaşı xəstəliklər,F48.8 digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, asten-nevrotik hal, intellektin enməsi. Yanaşı xəstəliklər F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-in orqanik xəstəliyi) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədi ilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməlidir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respbublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin Səlahiyyətlərinə aiddir. İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
17. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15. əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək; 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları: 3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından məlum olur ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi və.s” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2017-ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinələr nəticəsində ona “Mərkəzi sinir sisteminin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Digər dəqiqləşdirilmiş paralitik sindromlar, Sağ yuxarı ətrafın parezi və.s” diaqnozu qoyulsa da, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə ona qoyulmuş müvafiq diaqnoza əssasən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsaslı hesab edilərək təmin olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də Müayinə aktından SER-TSE-01№004399 çıxarışa əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixli müayinə nəticəsində «Doğuş zədəsinin davamlı qalıq əlamətləri, yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması» diaqnozu qoyulmuşdur.
26. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də Müayinə aktından SER-TSE-01№063286 çıxarışa əsasən xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixli müayinə nəticəsində «Doğuş zədəsinin qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin geri qalması» diaqnozu qoyulmuşdur.
27. Tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı qoyulmuş « Doğuş zədəsinin davamlı qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması » diaqnoza əsasən xx.xx.2012-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, eyni diaqnoza əsasən xx.xx.2017-ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
28. İş materiallarında olan ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiyməyləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Perinatal dövrdə meydana çıxan xüsusi hallar => P10-P15 – doğuş travması => P14 – periferik sinir sisteminin doğuş travması =>P14.3 – bazu kələfinin digər doğuş travmaları. Diaqnozun mətni: P14.3 – bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Ağırlaşma: G83.8 – digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi. Yanaşı xəstəliklər: F48.8 – digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar asteno-nevrotik hal, intellektin enməsi. F71.1 – qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-nin orqanik xəstəliyi” diaqnoz şəxsin hazırki səhhətini əks etdirir.
29. Ekspert rəyində iddiaçının bazu kələfinin digər doğuş travmaları, doğuş travmasının qalıqları. Ağırlaşma: digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ yuxarı ətrafın parezi. Yanaşı xəstəliklər: digər dəqiqləşdirilmiş nevrotik pozğunluqlar astenonevrotik hal, intellektin enməsi. -qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, MSS-nin orqanik xəstəliyindən əziyyət çəkdiyi göstərilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının “Doğuş zədəsinin davamlı qalıq əlamətləri, sağ yuxarı ətrafın dərin parezi, intelektin inkişafdan qalması ” diaqnozu üzrə xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır. İddiaçıya əvvəllər də adı çəkilən xəstəlik diaqnozu ilə davamlı olaraq əlillik məhz həmin inzibati orqan tərəfindən təyin edilmişdir.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, forma 88 arayışında göstərilən xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyi ilə də təsdiq olunmuşdur. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır
32. Apellyasiya şikayətində mübahisə edilən məqamlardan biri məhkəmənin inzibati orqanın fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Qeyd edilir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
35. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
36. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
37. Beləliklə, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-128/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov