Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-32/2023 30.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Açar sözlər: Kompensasiya ödənilməsi Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı və cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(114)-48/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-288A KOD50702018 nömrəli şəhadətnaməyə əsasən, Samux rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı 0,08 ha torpaq sahəsi verilmişdir.
2. 12 yanvar 2006-cı il tarixli qeydiyyat vəsiqəsi ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.
3. Samux rayonu, Alıuşağı kənd sakini İddiaçı Samx rayonu, İnstitut qəsəbəsində 13,4 kv.m sahədə olan yaşayış otağının və həmin yaşayış otağının qarşısında 10,0 kv.m həcmində inşa edilmiş çardağın qiymətlədirilməsinə dair müstəqil auditor rəyindən görünür ki, qiymətləndirilən işin 23 dekabr 2010-cu il tarixə uyğun olaraq dəyəri cəmi 30 987 manat 14 qəpik olmuşdur.
4. Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin 13 yanvar 2015-ci il tarixli, 14/4-352-B-188/2 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus tikilinin qanunsuz olaraq uçurulması və maddi ziyan dəyməsi ilə bağlı Kəpəz rayon Polis İdarəsində araşdırılma aparılmaqla cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 13 oktyabr 2015-ci il tarixli arayışının surətindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi 02 nömrə ilə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
6. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 29 sentyabr 2016-cı il tarixli, 1269 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Natəvan (keçmiş Samux rayonu, İnstitut qəsəbəsi) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65,0 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır.
7. Gəncə şəhər Prokurorluğunun 29 iyun 2020-ci il tarixli, 204-xid-20 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı 2014-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə daxil olmuş müraciəti əsasında Təhqiqat Bölməsində araşdırma aparılmış, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək vətəndaşa rəsmi cavab verilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130/Mİ/23 saylı rəydən görünür ki, İddiaçı məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 2014-cü ildə sökülmüş fərdi yaşayış evinin 2014-cü ildə bərpa dəyəri 21 000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkəti nəticəsində vurulan 30.987,14 manat məbləğində kompensasiyanın, cavabdehin qanunsuz hərəkəti nəticəsində mənəvi sarsıntılar, mənəvi iztirablar keçirdiyi üçün ona vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə keçmiş Xanlar rayonunun X5 İcrayyə Komitəsinin mövcud qərarı ilə keçmiş Xanlar rayonun İstitutu qəsəbəsi, indiki Gəncə şəhəri, Nətavan qəsəbəsində 0,08 hektar torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fəmanın və Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarı ilə 0,08 hektar istifadəsində olan həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu hal Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-288 F kod 50702018 saylı şəhadətnaməsi ilə təsdiq olunur. 1992-ci ildə istifadəsində olan 0,08 hektar torpaq sahəsinin plan və ölçüləri gözlənilməklə ümumi sahəsi 19,4 kv/m ibarət bir yaşayış sahəsi və 10 kv/m. çardaqdan ibarət ev inşa etmişdir. İnşa etdiyi yaşayış sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsinin Samux rayon şöbəsində, xx.xx.2006-cı il tarixdə Reysetr kitabının 415 sayına qeydə alınmış Qeydiyyat Vəsiqəsi üzrə ümumi yaşayış sahəsi 19,4 kv/m ibarət bir otaq və 10,0 kv\ m çardaqdan və 0,08 ha torpaq sahəsi, xx.xx.2006-cı il tarixdə reysetr kitabının 415 sayına qeydə alınmışdır. 11 sentyabr 2014-cü il tarixdə heç bir əsas və səbəb olmadan Gəncə şəhəri Kəpəz rayon İHB-nın göstərişi əsasında yaşayış sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsini tam dağıdaraq uçurmuşdur. O, bu hadisə ilə bağlı Kəpəz rayon İHB-na müraciət edərək ona məxsus yaşayış sahəsinin bərpa olunmasını xahiş etmişdir. Kəpəz rayon İHB-sı yaşayış sahəsinin bərpa olunmasına söz versə də bu günə kimi heç bir tədbir görməmişdir. Kəpəz rayon İHB-sı 1992-ci ildən istifadəsində olan qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etdiyi, xususi mülkiyyətində olmuş yaşayış sahəsinə qanunsuz daxil olaraq özbaşına uçurmuş, orada olan tikinti materiallarını mənimsəmişdir. Kəpəz rayon İHB-nın qanunsuz hərəkətlərinin nəticəsi olaraq qanuni mülkiyyətində olan yaşayış sahəsinə müdaxilə edələrək dağıdılmış ona zərər vurulmuşdur. Nəticədə o, qanunla qorunan xüsusi mülkiyyətində olan və dövlət orqanları tərəfındən ona naturada təhvil verilən yaşayış sahəsindən məhrum olmuşdur.
11. Birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışı iclasına cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən və heç bir fəaliyyət göstərməyən obyektin sökülməsi ilə bağlı Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən heç bir tapşırıq verilməmiş və tərəflərindən söküntü işləri aparılmamışdır. Məsələ ilə əlaqədar olaraq araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən tikilinin xx.xx.2014-cü ildə uçurulması ilə əlaqədar olaraq 2016-cı ilin yanvar ayında cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iddia ərizəsi mümkünsüz hesab olunmuşdur. Daha sonra Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev İddiaçı dəfələrlə etdiyi xahişi nəzərə alaraq ona məxsus Natəvan qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin Atabəylər prospektinə baxan tərəfin 65 kv.m boş torpaq sahəsində müvafiq qayda da razılaşdırılmış layihə sənədləri əsasında mağaza tikintisinə icazə verilməsinə dair xx.xx.2016-cı il tarixli, 1269 nömrəli sərəncam verilmişdir. Nümayəndəsi olduğu inzibati orqan tərəfindən iddiaçının qeyd etdiyi tikilinin söküntüsü ilə bağlı heç bir sərəncam, inzibati akt qəbul edilməmiş və heç bir hərəkət həyata keçirilməmişdir.
13. Birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışı iclasına şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudurlar. Belə ki, həmin ərzində onun da tikilisi uçurulmuşdur. Həmin vaxt o işdə olmuş, icra nümayəndəsi onunla telefon əlaqəsi yaradaraq bildirmişdir ki, onlara məxsus tikililəri uçurdurlar. O, ora gedən zaman orada çoxlu polislər olmuşdur. Həmin ərazidəki insanlar isə aparılan uçurtma işlərinə öz etirazlarını bildirirdilər. Orada ona məlum olmuşdur ki, uçurma işləri ilə bağlı göstəriş Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev tərəfindən verilmişdir. İddiaçıya məxsus tikili istifadəyə yararlı idi və mağaza kimi istifadə olunması nəzərdə tutulmuşdur. Elmar Vəliyevin göstəriş verməsinin şəxsən şahidi olmamış, bu barədə ərazidəki şəxslərdən eşitmişdir. Gəncə Şəhər İcra Hakimiyyətində işləyən bir şəxsi tanımışdır, ancaq hazırda həmin şəxsin adını xatırlamır. O, gələndə artıq tikili uçurdulmuşdur. 10 iyun 2020ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasının əridir. İddiaçıya məxsus obyekt sökülən zaman orada idi və aparılan söküntü işlərinin şahidi olmuşdur. Həmçinin foto şəkillər çəkmişdir. Elmar Vəliyevin xidməti avtomobilini görmüş, lakin özünü görməmişdir. Həmin ərazidəki obyektlər Gəncə Şəhər İcra Hakimiyyətinin göstərişi ilə sökülmuş və söküntü təxmini 15-20 dəqiqə davam etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(114)-48/2020 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh tərəf etirazında və məhkəmə iclasında verdiyi ifadələrində tikilinin onun tərəfindən sökülmədiyini, icra hakimiyyəti tərəfindən heç bir göstəriş verilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə əksini sübut edən dəlilləri iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(114)-48/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1991-ci ildə keçmiş Xanlar rayonunun X5 İcrayyə Komitəsinin mövcud qərarı ilə keçmiş Xanlar rayonun İstitutu qəsəbəsi, indiki Gəncə şəhəri, Nətavan qəsəbəsində 0,08 hektar torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fəmanın və Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarı ilə 0,08 hektar istifadəsində olan həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu hal Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-288 F kod 50702018 saylı şəhadətnaməsi ilə təsdiq olunur. 1992-ci ildə istifadəsində olan 0,08 hektar torpaq sahəsinin plan və ölçüləri gözlənilməklə ümumi sahəsi 19,4 kv/m ibarət bir yaşayış sahəsi və 10 kv/m. çardaqdan ibarət ev inşa etmişdir. İnşa etdiyi yaşayış sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsinin Samux rayon şöbəsində, xx.xx.2006-cı il tarixdə Reysetr kitabının 415 sayına qeydə alınmış Qeydiyyat Vəsiqəsi üzrə ümumi yaşayış sahəsi 19,4 kv/m ibarət bir otaq və 10,0 kv\ m çardaqdan və 0,08 ha torpaq sahəsi, xx.xx.2006-cı il tarixdə reysetr kitabının 415 sayına qeydə alınmışdır. 11 sentyabr 2014-cüil tarixdə heç bir əsas və səbəb olmadan Gəncə şəhəri Kəpəz rayon İHB-nın göstərişi əsasında yaşayış sahəsinə qanunsuz daxil olaraq, yaşayış sahəsini tam dağıdaraq uçurmuşdur. O, bu hadisə ilə bağlı Kəpəz rayon İHB-na müraciət edərək ona məxsus yaşayış sahəsinin bərpa olunmasını xahiş etmişdir. Kəpəz rayon İHB-sı yaşayış sahəsinin bərpa olunmasına söz versə də bu günə kimi heç bir tədbir görməmişdir. Kəpəz rayon İHB-sı 1992-ci ildən istifadəsində olan qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etdiyi, xususi mülkiyyətində olmuş yaşayış sahəsinə qanunsuz daxil olaraq özbaşına uçurmuş, orada olan tikinti materiallarını mənimsəmişdir. Kəpəz rayon İHB-nın qanunsuz hərəkətlərinin nəticəsi olaraq qanuni mülkiyyətində olan yaşayış sahəsinə müdaxilə edələrək dağıdılmış ona zərər vurulmuşdur. Nəticədə o, qanunla qorunan xüsusi mülkiyyətində olan və dövlət orqanları tərəfındən ona naturada təhvil verilən yaşayış sahəsindən məhrum olmuşdur. Rəy əsasənda uçurdulmuş çardağın qiyməti 30,987.14 manat qiymətləndirilmişdir. Hadisə yerində yaşayış sahəsi uçurdulandan bir neçə saat sonra Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüş, yaşayış sahəsinin nə səbəbdən uçurulmasını soruşmuşdur. Eyni vaxta müvafiq orqanlara şikayət etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) xx.xx.2021-ci il tarixli, 2-1(104)- 96/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(114)-48/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, 30.987 manat maddi ziyan, 500 manat mənəvi ziyan, cəmi 31.487 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.
19. Qərardan narazı qalan cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-537/2022 saylı qərarı ilə (hakimlər K.Bədəlov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-96/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti sonuncunun hüquq varisi olan Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Belə ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 04 mart tarixli 492-VİQ nömrəli Qanunun “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 01 aprel 2022-ci il tarixli 1641 nömrəli Fərmanının 1.2.1. bəndinə əsasən “Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli yeni redaksiyada verilmişdir. Həmin Fərmanın 1.2.2-ci bəndinə əsasən “Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli ləğv edilmişdir.
b).Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. apellyasiya icraatı zamanı apellyasiya şikayətinə cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
25. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
30. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşaiyət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
33. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ona məxsus Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən 19.4 kv.m. yaşayış sahəsi və 10 kv.m. çardağın Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə qanunsuz olaraq dağıdılması nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, ilk əvvəl iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin və onun qarşısında inşa edilmiş çardağın ona məxsus olub-olmaması araşdırılmalıdır.
35. İşə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarı ilə iddiaçıya 0.08 ha torpaq sahəsi verilmişdir. 12 yanvar 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi 13.4 kv.m-dən ibarət bir otaq olmaqla iddiaçının adına qeydiyyata alınmışdır. Yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması tərəflər arasında mübahisələndirilmir. Lakin iş materiallarında iddiaçının adına olan qeydiyyat vəsiqəsində yaşayış otağının sahəsi 13.4 kv.m göstərilmiş, çardaq haqqında məlumat əks etdirilməmişdir. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş yaşayış evinin texniki pasportunda yaşayış evinin ümumi sahəsi 13.4 kv.m. göstərilmiş, həmçinin texniki pasportda yaşayış evinin qarşısında 10 kv.m.-lik çardaq da təsvir olunmuşdur. Bununla yanaşı, texniki pasportun tikinti və qurğuların xarakteristikası adlı bölməsində yaşayış evinin sahəsi 40 kv.m. göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 23 may 2010-cu il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditor rəyində də yaşayış otağının sahəsi 13.4 kv.m göstərilmiş, bununla yanaşı, rəydə 10 kv.m. çardaqla bağlı da qiymətləndirilmə aparılmışdır. İddiaçı iddia ərizəsində isə 19.4 kv.m yaşayış sahəsi və 10 kv.m. çardaqla bağlı kompensasiya tələb edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi müəyyən edir ki, 13.4 kv.m yaşayış sahəsi və 10 kv.m. çardaq iddiaçının qanuni mülkiyyətində olmuşdur.
36. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının mülkiyyətində 13.4 kv. m yaşayış sahəsi və həmin yaşayış sahəsini qarşısında 10 kv.m. çardaq olmuşdur. İddiaçının iddia etdiyi digər tikinti sahəsinin isə söküntüyə qədər mövcud olması təsdiq olunmur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun yaşayış sahəsi sökülmüşdür. Yaşayış sahəsinin sökülməsi, yəni hal-hazırda mövcud olmaması tərəflər arasında mübahisələndirilmir. Tərəflər arasında mübahisələndirilən yeganə hal söküntünün cavabdeh tərəfindən aparılması ilə bağlıdır.
38. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindilirmiş şəxslərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, şahid kimi iştirak edən X4 iddiaçının fərdi yaşayış evinin yerləşdiyi eyni ərazidə ona məxsus tikili olduğunu və həmin tikililərin cavabdeh tərəfindən söküldüyünü bildirmişdir. Eyni iclasda iştirak edən X6 iddiaçının fərdi yaşayış evinin söküntüsü zamanı orada olduğunu və söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini bildirmişdir.
39. Daha sonra iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 160/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı eyni tələblə daha əvvəl Gəncə İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, sonradan ərizə ilə müraciət edərək iddianın və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin işin materaillarında olan cavabdeh inzibati orqanın iddia tələbinə etirazından görünür ki, etirazda iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsinin cavabdeh tərəfindən aparılması sonuncu tərəfindən mübahisələndirilməmiş, yalnız iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir.
40. Həmçinin, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi V.Səmədov tərəfindən iddiaçının Gəncə Şəhər İcra Hakimiyyətinə 13 iyun 2016-ci il tarixli müraciətinə dair tərtib edilmiş arayışda qeyd edilmişdir ki, müraciətdə vətəndaş Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsinin söküldüyünü bildirərək vurulan ziyanın ödənilməsini və ya bərpasına köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən tikilinin xx.xx.2014-cü ildə uçurulması ilə əlaqədar olaraq, cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş mənəvi və maddi ziyana görə pul tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddiaçı cavabdeh tərəflə razılığa gəlmək məqsədilə məhkəməyə ərizə ilə müraciət etmişdir. O, ərizəsində qeyd olunan ünvanda mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin Kəpəz rayonu Atabəylər prospektinə tərəf olan çıxışının qeyri-yaşayış sahəsinə dəyişdirilməsini istədiyini və buna icazə veriləcəyi müqabilində iddia ərizəsinin geri götürüləcəyini qeyd etmişdir. Məhkəmə onun ərizəsini qəbul edərək prosesi xx.xx.2016-cı il tarixə kimi təxirə salmışdır.
41. İş materiallarında olan Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 29 sentyabr 2016-cı il tarixli, 1269 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Natəvan (keçmiş Samux rayonu, İnstitut qəsəbəsi) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65.0 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır.
42. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 101 nömrəli, 23 sentyabr 2016-cı il tarixli məktubu ilə Natəvan (keçmiş Samux rayonu, İnstitut) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65.0 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağaza tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edilmişdir.
43. Eyni zamanda, hazırkı iş üzrə Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya hər hansı kompensasiya ödənilməmiş, sadəcə müraciəti əsasında mağaza tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəni geri götürməsinin səbəbi cavabdehlə qarşılıqlı razılığa gəlmə mərhələsində olması olmuşdur.
44. Digər tərəfdən iş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da mübahisəli tikilinin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq məqsədi ilə söküldüyü göstərilmişdir.
45. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə iddiaçıya məxsus mübahisələndirilən tikilinin cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası tərəfindən sökülmüş tikilinin bərpa dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, lakin Mərkəzin eksperti tədqiqat obyektinin yerində olmadığından ona baxış keçirilməsinin mümkün olmadığını əsas gətirərək ekspertizanın aparılmasından imtina etmişdir. Buna görə də iş üzrə əmlakın qiymətləndirilməsi haqqında qərardad qəbul edilərək icrası "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130/Mİ/23 saylı rəy ilə sökülmüş tikilinin 2014-cü ilə bərpa dəyəri 21 000 manat müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası iddiaçının qeydiyyat vəsiqəsində göstərilən ünvanla (Samux rayonu, İnstitut qəsəbəsi) iddia ərizəsində göstərdiyi ünvan (Kəpəz rayon, Natəvan qəsəbəsi) fərqli olmasına münasibətdə qeyd edir ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 03/706 nömrəli və Natəvan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktublara əsasən həmin ünvanlar eynidir.
47. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında qanunvericiliyin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
48. Həmin Qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
49. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz müdaxiləsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hərəkətlərdir və onun sarsıntı və iztirab keçirməsi ağlabatandır.
50. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
51. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdehin hərəkətlərinin iddiaçının şüurunda mənfi psixoloji nəticələrə səbəb olması şübhəsizdir və bu vəziyyət hazırkı vaxta qədər fasiləsiz olaraq davam etmişdir. Odur ki, kollegiya mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi ağlabatan və məqsədəmüvafiq hesab edir.
52. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir.
53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2-1(114)-48/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan 13.4 kv.m yaşayış sahəsinin və 10 kv.m çardağın sökülməsi nəticəsində vurulmuş maddi zərərə görə 21000 (iyirmi bir min) manat və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiya cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Əmlakın qiymətləndirilməsinə sərf olunmuş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Abşeron Filialındakı VÖEN:**********, M/h:AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ******************** hesabına köçürülsün. Qərar nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti verilməzsə və ya proses iştirakçıları tərəfindən kassasiya şikayəti geri götürülərsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.