Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-320/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Ədil İsa oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinin nümayənəsi X6 iştirakları ilə, “Torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun pozulmasına əsas olmuş Göygöl Rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarın qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl (Xanlar) rayon İcra hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə 0.08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bununla yanaşı sonradan ona məlum olmuşdur ki Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyası xx.xx.1997-ciil tarixli 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X2 mülkiyyətinə verilibdir. Torpaq sahəsi 34 ildir onun sahibliyindədir. X1 israr edir ki, sonuncuya məhz bu torpaq sahəsi verilmişdir. Müxtəlif vaxtlarda Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivinə edilmiş sorğulara cavab olaraq verilmiş arayışlarda qeyd olunan Göygöl (Xanlar) rayon İcra hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı qanuni qüvvədə olması, habelə onun əsasında torpaq sahəsinə dair müvafiq sənədləşmənin qeydə alınması təsbit edilmişdir. Bunun əksinə olaraq Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin X3 verilməsi barədə qeydiyyat Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivində mövcud deyildir. Belə olan halda qanuni əsaslarla ona verilmiş torpaq sahəsinə dair qanunsuz verilmiş qərar iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuş və buna görə Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Xanlar rayon Aqrar İslahat Komissiyası xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı qanunsuz inzibati akt sayılaraq ləğv olunmalıdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunması, yəni torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı verilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi öhdəliyinin Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan hüququ əsasında ona məxsus, Gəncə kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsini, yəni Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202 /2023 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı verilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi öhdəliyinin Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Xanlar rayon Şəhriyar sovxozun bələdiyyə mülkiyyətində saxlanılan, kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən ayrılıb Xanlar Rayon İcra Hakimiyyəti başçısının Çiçəkli kəndi üzrə nümayəndəliyinin "Gəncə" və "Zurqes" qəsəbələrində yaşayan vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsinin verilməsi haqqında Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı əsasında 70 nəfərə, o cümlədən İddiaçı Göygöl rayonunun "Zurqes" qəsəbəsi ərazisindən 0.08 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış, İddiaçı adı 70 nəfərlik siyahıda 32-ci sırada və veriləcək torpağın ölçüsü 0.08 ha göstərilmişdir. Sərəncamın icrası ilə bağlı olaraq keçmiş Dövlət Torpaq Komitəsinin rayon torpaq söbəsinə ayrılmış torpaq sahələrinin yerində olçülüb təhvil verilməsi tapsırılmışdır. Eyni zamanda məhkəmə iclasında bildirilmişdir ki, xx.xx.1998-ci il tarixdə rayon Topraq şöbəsinin aparıcı mütəxəssisi X7, Torpaq şöbəsinin mütəxəssisi Rzayev Hicran Camal oğlunun, Şəhriyar adına sovxozun direktoru X8, Çiçəkli kəndi üzrə nümayəndə Hacıyev Rafiqin və Gəncə qəsəbəsi sakini İddiaçı iştirakı ilə akt tərtib edilmiş, rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Gəncə qəsəbə sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Şəhriyar adına sovxozun torpaq sahəsindən 0.08 ha ayrılıb həyətyanı torpaq sahəsi yerində ölçülüb təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Şəhriyar adına sovxozun torpaq sahəsindən 0.08 ha ayrılıb həyətyanı torpaq sahəsi yerində ölçülüb təhvil verilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləvğ edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiya sının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırki iddia tələbindən görünür ki, iddiaçı, Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunması, yəni torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.1998-ci il tarixli aktdan görünür ki, rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Gəncə qəsəbə kənd sakini İddiaçı nümayəndələrin iştirakı ilə müvafiq torpaq sahəsi təhvil verilmişdir. Göründüyü kimi, xx.xx.1998-ci il tarixdə Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Şəhriyar adına sovxozun torpaq sahəsindən 0.08 ha ayrılıb həyətyanı torpaq sahəsi yerində ölçülüb iddiaçıya təhvil verilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerqurluşu, geodeziya, torpaq bazarının təşkili, dövət torpaq reyestrini aparmaq, bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 2-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi mümkünlük şərtinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-320/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-320/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver