Məhkəmə qərarları › İş №2-1(104)-322/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-322/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-322/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qeydin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2582/2022 nömrəli qərardadından İddiaçı1 vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində 382 ha torpaq sahəsi üzərində Maraqlı şəxs1 icarə hüququ ilə bağlı aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs3 ilə üçüncü şəxs Maraqlı şəxs1 arasında xx.xx.2000-ci il tarixli, 101 saylı icarə müqaviləsi bağlanmışdır, həmin müqaviləya görə xx.xx.2002-ci il tarixə öhdəsində olan (1 nəfər) 595 bağ xırda buynuzlu mal-qaranı saxlamaq üçün Ceyrançöl otlağında 36 saylı sahədən 382 ha örüş sahəsini 99 il müddətinə Maraqlı şəxs1 icarəsinə verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(83)-131/2016 saylı qərarı ilə 382 ha otlaq sahəsinə və yatağa dair hüquqlarının Maraqlı şəxs1 adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 05 may 2016-cı il tarixli, 2-1(104)- 175/2016 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmiş, Şemkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində yerləşən 382 ha. torpaq sahəsinə dair hüququ və həmin sahədə yerləşən “A" literli olan 26,8 kv.m çöban olacağından, "B" literli olan 24,8 kv.m çoban olacağından, "C" literli 166,5 kv.m tövlədən, "D" literli olan 70,9 kv.m tövlədən ve "E" literli 83,7 kv.m tövlədən ibarət yatağa mülkiyyət hüquqlarının Maraqlı şəxs1 adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Qeyd olunan qərar qismən icra olunmuş, Maraqlı şəxs1 həmin daşınmaz əmlakı xx.xx.2017-ci ildə Şəmkir rayonu 1 saylı notariat kontorunda bağlanılmış AN-l seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən 40000 manata İddiaçı1 satmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı müvafiq çıxarış verilmişdir. Məhkəmə aktlarında icarə müqaviləsinin vaxtı xx.xx.2002-ci il, icarə müddəti isə 15 il, yəni xx.xx.2007-ci ildə bitməsinə baxmayaraq, cavabdeh inzibati orqan üçüncü şəxsin adına 382 ha torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ilde daşınmaz əmlakın dövlət reyestrində 328 nomrəli reyestr kitabının 17 saylı vərəqində ********** nomrə ilə qeydiyyat apararaq, bu barədə çıxarış vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2582/2022 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilmədiyinə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi ilə bağlı ilkin olaraq cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə bilərlər. İddiaçı1 nümayəndəsi və vəkili qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfi məhkəmə iclasına dəvət etmədən iş üzrə nəticəyə gəlmişdir. Belə ki, hazırki tələb üzrə cavabdeh inzibati orqana müraciət olunmuş, yalnız şifahi məhkəmə baxış iclasında məhkəməyə təqdim ediləcəyi gözlənilmişdir. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki tələb iki hissədən- daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 17 saylı vərəqində ********** nömrəsi ilə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsindən ibarətdir və birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi xüsusi mümkünlük şərti- cavabdeh inzibati orqana müraciət edilməməsi səbəbindən mümkün sayılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyünü iddiaçıların məhkəməyə müraciət etdiyi iddia tələbi ilə cavabdehə ilkin müraciətinin olmaması ilə əsaslandırmışdır. Yəni iddiaçılar tələblə bağlı öncədən cavabdeh inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və aşağıdakıları göstərir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli müraciətdən məlum olur ki, İddiaçı1 nümayəndəsi və vəkili tərəfindən cavabdeh inzibati orqana rəsmi müracət olunaraq Şəmkir rayonu, Ceyrançöl massivi 36,37 saylı qış otlaq sahəsində yerləşən 382 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə aparılmış qeydiyyatda düzəliş edilərək, icarə müddətinin düzgün göstərilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən məlum olur ki, SS806972638AZ göndəriş nömrəli məktub 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlayarkən tərəfə müvafiq yardım edilməsini, tərəfin dinlənilməsini təmin etməlidir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Belə olan halda İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1900/2023 nömrəli qərardadı ləğv edilməli, iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə İPM-in 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin ilkin müraciətə və hüquqi marağına uyğun dəqiqləşdirilməsi ilə bağlı yardım etməli, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəfin bildirməsindən asılı olmayaraq araşdırmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2582/2022 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar