Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-324/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1026/2025 nömrəli qərardadından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı (İddiaçı atası) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qasımov X3 nazirinin müavini - X2 xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizə komanda üzrə məruzə edilmiş və onun yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.
İşdə olan sənədlər:
2. Müdafiə nazirinin müavini - X2 xx.xx.2022-ci il tarixli, 0172 nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.7-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq 194-cü əlahiddə rabitə taborunun məxfi hissə rəisi gizir İddiaçı “gizir” hərbi rütbəsindən məhrum edilərək ehtiyata buraxılmışdır.
3. SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərə əsasən, İddiaçı xx.xx.2022-ci ildə Müdafiə nazirinin müavini - X2 xx.xx.2022-ci il tarixli, 0159 nömrəli əmri əsasında ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır.
4. Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-3-26/2-3323 nömrəli məktubla rəsmi məlumat verilmişdir.
5. N saylı hərbi hissə tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci maddəsinə (intizam qaydasında hərbi rütbədən məhrum edilməklə) və İntizam Nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, ehtiyata buraxılmışdır. Göstərilən əmrin ləğv edilməsi N saylı hərbi hissənin səlahiyyətində deyil.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “gizir” hərbi rütbəsindən məhrum edilməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 avqust 2016-cı ildən 2020-ci ilədək N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. 2020-ci ildən xx.xx.2022-ci ilədək isə “gizir” rütbəsində həmin hərbi hissənin məxfi hissə rəisi olmuşdur. Xidmət etdiyi dövrdə nizam-intizamlı hərbi qulluqçu olmuş, barəsində hər-hansı intizam tədbiri olmamış və müxtəlif vaxtlarda fəxri fərmanlarla təltif edilmişdir. Xidmətdə olan zaman ona hərbi qulluqçuların maaşlarının artımı ilə bağlı əmr gəlmişdir. O da həmin əmrin şəkilini çəkərək öz sahəsi üzrə çalışan digər hərbi qulluqçulara, yəni Nurlan Cəfərova, Saqif Qaracayevə və Elnur Cavadova göndərmişdir. Nurlan Cavadov nizami hissə rəisi vəzifəsində, Saqif Qaracayev və Elnur Cavadov isə məxfi hissə rəisi vəzifəsində çalışmışlar. Daha sonra ona məlum olmuşdur ki, 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0.7-ci maddəsinə və İntizam nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Həmçinin onun xidməti qaydaları pozması xüsusatı üzrə Kəlbəcər Hərbi Prokurorluğuna araşdırma aparılması üçün müraciət edilmişdir. Uzun müddət araşdırma aparılmış və nəticədə onun barəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının AR CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi onun əməllərində cinayət tərkibi olmamış, yəni, qeyd olunan əmrlə əsaslandırılmış xüsusatlar əsassız olmuşdur. Belə ki, əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin 10 dekabr 2019-cu il tarixli, 010 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın 587.7-ci yarımbəndini, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 088 nömrəli 09 aprel 2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması” barədə əmrinin və X2 18 avqust 2021-ci il tarixli 03 nömrəli əmrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin 47-ci nüsxəsini “WhatsApp” mobil tətbiqi üzərindən və sosial şəbəkələrdə paylaşmaqla informasiya təhlükəsizliyinin pozmaları faktı üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə o, smartfon tipli mobil telefondan istifadə etməklə həmin gün hərbi hissəyə daxil olan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmrinin foto şəkilini çəkərək “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yuxarıda adları göstərilən hərbi qulluqçulara göndərmiş, nəticədə məxfi qrifli əmr sosial şəbəkələrdə paylaşılmışdır. Qeyd olunan Azərbaycan Respublikası müdafiə nazirinin 12 sentyabr 2022-ci il tarixli, 0126 nömrəli əmri hərbi qulluqçuların müavinətlərinin artırılması ilə bağlı olmuşdur. Göründüyü kimi müavinətlərinin artırılması ilə bağlı əmr dövlət sirrinə və yaxud hərbi sirrə aid edilən məlumatlardan deyildir. Cavabdeh tərəfindən zəruri inzibati icraat aparılmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, İddiaçı hərbi rütbəsindən məhrum edilməklə xidmətdən ehtiyata buraxılmazdan əvvəl onunla söhbətləşmə aparılmamış və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməmiş, prosedurlara əməl edilməmişdir. Həmçinin cinayət işinin rədd olunması barədə qərardan da görünür ki, onun hərəkətlərində hər hansı cinayət tərkibi olmamış və barəsində aparılan araşdırmaya bəratverici əsaslarla xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, şəxsin əməlində əgər qanun pozuntusu yoxdur və qeyd olunan məsələ nə dövlət sirri, nə də hərbi sirr hesab edilmir. Qeyd olunan sənəd maaş artımı ilə bağlı olmuş və bunun digər hərbi qulluqçuya göndərilməsinin hərbi sirrin yayılması kimi qiymətləndirməsi absurddur.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir.
9. İddiaçının vəkili (nümayəndəsi) məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim etmiş, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparılmış və daha sonra cinayət işi rədd edilmişdir. Qeyd olunan qərarı rəsmi qaydada əldə edə bilməmiş, rəsmi qaydada bir neçə dəfə qərarın surətinin verilməsinə dair müraciət ünvanlamışdır. Daha sonra o, işə bərpa olunması ilə bağlı aidiyyəti qurumlara və Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona müsbət cavab verilməmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1026/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı xidmətdən ehtiyata buraxılması barədə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Yenidən xidmətə daxil olması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona barəsində müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Həmçinin iddiaçının barəsində aparılan araşdırma üzrə Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə ona xx.xx.2023- cü il tarixli məktubla rəsmi məlumat verilmişdir. Göründüyü kimi iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin iddia müddətinin ötürməsinin əsası kimi qeyd etdiyi Kəlbəcər hərbi prokrorluğunda aparılan araşdırmanın nəticəsi və yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə göstərilən 30 (otuz) gün müddətdən sonra məhkəməyə müraciət etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının vəkili (nümayəndəsi) qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia və prosessual müddətin bərpasına dair ərizələrin məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
19. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
21. Göründüyü kimi birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddia tələbi mübahisələndirilən aktdan şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi əsası ilə qeyrimümkün sayılmış, apellyasiya şikayətində iddiaçı tərəf tələb üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
25. Hazırki halda iddiaçı tərəf cavabdeh orqanın 24 sentyabr 2022-ci il tarixli, 0172 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və hesab edir ki, iddiaçı barəsində Kəlbəcər Hərbi prokrorluğunda araşdırma aparıldığından və daha sonra cinayət işi rədd edildiyindən, həmin qərarı rəsmi qaydada əldə edə bilmədiyindən iddia ərizəsi ilə müraciət etmək üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür və bu əsasla müddət bərpa edilməlidir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməyərək iddia tələbinin mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt- Müdafiə nazirinin müavini - X2 0172 nömrəli əmri xx.xx.2022-ci il tarixində qəbul edilmiş, iddiaçı həmin əmr əsasında xx.xx.2022-ci il tarixində ehtiyata buraxılmış, lakin məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir.
27. Belə ki, SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərə əsasən, İddiaçı xx.xx.2022-ci ildə Müdafiə nazirinin müavini - X2 xx.xx.2022-ci il tarixli, 0159 nömrəli əmri əsasında ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır.
28. Göründüyü kimi iddiaçının barəsində qəbul edilmiş əmr əsasında ehtiyata buraxılması ona xx.xx.2022-ci il tarixində məlum olmuşdur.
29. İddia ərizəsi, buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı tərəf prosessual müddətin buraxılmasını Kəlbəcər Hərbi prokrorluğunda araşdırmanın aparılması, nəticədə qəbul olunan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın əldə edilə bilməməsi, həmçinin digər dövlət orqanlarına müraciət edilməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Kəlbəcər Hərbi prokrorluğunda araşdırmanın aparılması və nəticədə qəbul olunan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın əldə edilə bilməməsi iddiaçıya hazırki tələblə məhkəməyə müraciət etməkdə maneə ola bilən hal deyildir. İddiaçı mübahisələndirdiyi akt barəsində xx.xx.2022-ci il tarixində məlumatlı olmuşdur və onun üçün prosessual müddətin axımı məhz həmin tarixdən başlayır.
31. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələblə digər dövlət orqanlarına müraciət edərək imtina cavabları almışdır. Belə ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir.
32. Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul edilmiş və bu barədə ona xx.xx.2023-cü il tarixli, 3-3-26/2-3323 nömrəli məktubla rəsmi məlumat verilmişdir.
33. Göründüyü kimi iddiaçı prosessual müddəti buraxmasını cinayət təqibi orqanının qərarını əldə edə bilməməsi ilə əsaslandırsa da, həmin qərar barəsində də əvvəlcədən məlumatlı olmuş, Kəlbəcər hərbi prokrorluğunun xx.xx.2023-cü il tarixli, 3-3- 26/2-3323 nömrəli məktubu ilə ona bu barədə rəsmi məlumat verilmişdir.
34. Beləliklə, iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin iddia müddətinin ötürməsinin əsası kimi qeyd etdiyi Kəlbəcər hərbi prokrorluğunda aparılan araşdırmanın nəticəsi və yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə nəzərdə tutulan 30 (otuz) gün müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.
35. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
36. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
37. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
38. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1026/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov