Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-325/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-757/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********439400 nömrəli qərarı ilə İddiaçı (VÖEN **********) tərəfindən əsas vergi borcu üzrə 701,35 manat, faiz üzrə 255,99 manat olmaqla ümumilikdə 957,34 manat ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi, 957,34 manat vergi borcu məbləğin İddiaçı məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından görünür ki, 957,34 manat məbləğində vergi borcu İddiaçı tərəfindən tam şəkildə ödənildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********439400 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********782200 nömrəli vəsatətində qeyd edilmişdir ki, “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********439400 nömrəli qərar üzrə tələb olunan borc məbləği vergi ödəyicisi tərəfindən ödənildiyi üçün Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən iş üzrə başlanılmış icraata xitam verilmişdir, iddiaçının mübahisələndirdiyi qərar üzrə artıq tələb yerinə yetirildiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən mübahisə predmeti mövcud deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ondan əsas vergi üzrə 701,35 manat, faiz üzrə 255,99 manat olmaqla ümumilikdə 957,34 manat vergi borcu məbləğinin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qəbul etdiyi xx.xx.2022-c il tarixli, **********439400 nömrəli qərarının ləğv edilməsinə və barəsində hesablanmış 957,34 manat məbləğində cərimənin Azərbaycan Respublikasının Konstitusiyasının və Vergi qanunvericiliyinin tələbləri baxımından məqsədəuyğun hesab olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2319/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan 11 saylı Ərazi Vergilər baş idarəsi onun barəsində tərtib olunmuş inzibati işin materiallarına xx.xx.2022-ci il tarixdə baxaraq “Vergi borcunun tutulması haqqında” **********439400 nömrəli qərar qəbul etmişdir. Qərarda əsas vergi üzrə 701,35 manat, faiz üzrə 255,99 manat olmaqla, ümumilikdə 957,34 manat vergi borcu məbləğinin ondan məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Barəsində qəbul edilən qərar və hesablanmış vergi borcu məbləği ilə razı deyil, həmin qərarı qanuni və əsaslı hesab etmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-757/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, 957,34 manat məbləğində vergi borcu İddiaçı tərəfindən tam şəkildə ödənildiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin **********439400 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Hazırki iddia tələbi isə xx.xx.2022-ci il tarixli, **********439400 nömrəli qərarının ləğv edilməsi və barəsində hesablanmış 957,34 manat məbləğində cərimənin silinməsi ilə bağlıdır. Hazırda inzibati mübahisə aradan qaldırıldığından iddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamalıdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, vaxtlı-vaxtında rüblük hesabatlarını və sadələşdirilmiş vergi məbləğini ödəyən fərdi sahibkardır, 2017-ci ilin əvvəlindən 2019-cu ilin sonunadək sahibkarlıq fəaliyyəti göstərmişdir. COVİD-19 virusu ilə əlaqədar pandemiya rejiminə keçdikdən sonra sahibkarlıq fəaliyyəti dayandırmışdır. Sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları 19 mart 2020-ci il tarixli, 1950 nömrəli müvafiq sərəncam imzalanmışdır. Sərəncama əsasən pandemiyadan zərəçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 12 adda vergi güzəştləri tətbiq olunmuş, həmçinin bəzi fərdi sahibkarlara, o cümlədən ona maliyyə dəstəyi göstərilmişdir. O, səhhəti ilə əlaqədar birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixinə təyin olunan məhkəmə iclasında iştirak edə bilməmiş, bu barədə məlumatı məhkəməyə elektron məktub vasitəsi ilə göndərmişdir. Məhkəmə elektron məktub barədə qərardadda heç bir qeyd etməmiş, əksinə onun məhkəmə iclasına gəlmədiyini, səbəbləri barədə məlumat vermədiyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə ABB-nın Bərdə filialında fərdi sahibkar fəaliyyəti ilə əlaqədar açdığı bank hesabına köçürülən 4836 manat məbləğində maliyyə vəsaitini nağdlaşdırmaq üçün banka yaxınlaşmış, bank əməkdaşı 957,34 manat vəsaitin 11 saylı Ərazi vergilər baş idarəsinin müvafiq sərəncamı ilə tutularaq başqa hesaba köçürüldüyünü bildirmişdir. İnzibati orqanın nümayəndəsi məhkəmə iclasında hesablanmış 957,34 manat məbləğin guya onun tərəfindən tam ödənildiyini bildirmiş, məhkəmə həmin yalan məlumatı mötəbər sübut hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə 11 aprel 2023-cü il tarixdə məlumat göndərilərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi bildirilmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilməli, iş materialları iddia tələbi üzrə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qeyd etmişdir ki, iddiaçının hal-hazırda dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə borcu qalmamışdır. Odur ki, iddiaçının hazırda cavabdeh orqana qarşı irəli sürdüyü xx.xx.2022-c il tarixli, **********439400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair mübahisə “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********439400 nömrəli qərarla aradan qalxmışdır. Yəni, artıq qeyd edilən iddianın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə iddiaçının hüquqi marağı götürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və əsassız hesab edir. Belə ki, İPM-in 58.8-ci maddəsinin məzmunundan göründüyü kimi, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı (məhz məhkəmənin digər qərarı) inzibati mübahisəyə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi inzibati icraat zamanı qəbul edilən hər hansı qərar məhkəmə icraatı üçün məcburi qüvvə kəsb etmir. Məhkəmə mübahisə olunan qərarın qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, hazırda mübahisələndirilən qərar tələbin icraya yönəldilməsi qərarıdır, bununla bağlı iddiaçıya hüquqi yardım edilməli hüquqi marağı dəqiqlədirilməklə inzibati məsuliyyətə səbəb olan qərarın mübahisələndirilməsi hüququ izah edilməlidir. İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə İPM-in 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin hüquqi marağına uyğun dəqiqləşdirilməsi ilə bağlı yardım etməli, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəfin bildirməsindən asılı olmayaraq araşdırmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-757/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İnzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər: İslam Həsənov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-325/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-325/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver